Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin mövqelərinin guya Naxçıvan istiqamətindən atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı məlumata münasibət bildirib.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər ki, Ermənistan mətbuatının yaydığı bu xəbər yalandır və həqiqəti tam əks etdirmir.:
“Əksinə, Ermənistan silahlı qüvvələri bölmələri tərəfindən mövqelərimizin atəşə tutulmasına cavab olaraq Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun bölmələri düşmənə qarşı adekvat tədbirlər görüb”.
Category: Ordu
-
Düşmən Naxçıvan istiqamətində atəşkəsi pozdu – RƏSMİ
-
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanla birgə keçirilən hərbi təlimlərdən görüntülər paylaşdı – VİDEO
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanla birgə keçirdiyi “TurAz Qartalı-2020” birgə taktiki-uçuş təlimlərindən görüntülər paylaşıb.
Median.Az xəbər verir ki, görüntülər Nazirliyin rəsmi “YouTube” kanalında yerləşdirilib.Qeyd edək ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir.
Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib.
Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.
-
Bu ilin dövlət büdcəsində dəyişiklik olacaq: Müdafiə və təhlükəsizlik gücləndirilir – RƏSMİ

Maliyyə Nazirliyi 2020-ci il dövlət büdcəsinə yenidən baxılması üzrə təkliflərini Nazirlər Kabinetinə təqdim edib.
Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.Bildirilib ki, büdcə sisteminə uyğun olaraq icmal büdcəyə daxil olan Naxçıvan Muxtar Respublikasının, Dövlət Sosial Müdafiə Fondunun, İşsizlikdən sığorta fondunun və Dövlət Neft Fondunun büdcələrində də müvafiq dəyişikliklər edilib.
Dövlət və icmal büdcələrinin dürüstləşdirilmiş göstəriciləri Azərbaycan Respublikasının Maliyyə Sabitlik Şurasında müzakirə olunaraq bəyənilib.
2020-ci il dövlət və icmal büdcələrində ediləcək dəyişikliklərin əsas məqsədi əlavə müdafiə və təhlükəsizlik tədbirlərinin görülməsi üçün ehtiyatın formalaşdırılmasından ibarətdir.
Habelə COVID-19 pandemiyasının ölkəmizə mənfi təsirinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin, o cümlədən, ölkə əhalisinin sağlamlığının qorunması məqsədilə səhiyyə sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərlə bağlı əlavə ehtiyacların qarşılanması, habelə pandemiyadan zərər çəkən iqtisadi fəaliyyət sektorlarına, sahibkarlıq subyektlərinə və eləcə də əhalinin həssas qruplarına göstərilən dövlət dəstəyinin davam etdirilməsi üçün əlavə maliyyə təminatının yaradılması və eləcə də, sadalanan səbəblərdən ilin ikinci yarısında dövlət büdcəsinin artan xərcləri ilə azalan gəlirləri arasında gözlənilən natarazlığın aradan qaldırılması vəzifələrini təmin etməkdən ibarətdir.
-
Azərbaycan-Türkiyə birgə təlimlərinin birinci mərhələsi keçirilir – VİDEO
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsi keçirilir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Bildirilib ki, plana uyğun olaraq mövcud vəziyyət qiymətləndirilir, döyüş tapşırıqları dəqiqləşdirilir, real şəraitdə ərazinin kəşfi aparılır.
Müvafiq məruzələr dinlənildikdən sonra, təlimə cəlb edilən qoşunların qəbul olunan qərara əsasən tətbiqi üzrə tapşırıqlar ərazidə aydınlaşdırılır.
-
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 42 dəfə pozub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Acarlı, Novruzlu, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin, Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
-
Tovuzda Ermənistana məxsus daha bir PUA vuruldu – FOTO
İyulun 29-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.
-
Əlahiddə Ümumqoşun Orduda gənc zabitlərlə təlim-metodiki toplantı keçirilib – VİDEO
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bu il bitirmiş, hərbi hissələrdə müvafiq vəzifələrə təyin edilərək xidmətini davam etdirən zabitlərlə keçirilən təlim-metodiki toplantıda əsas diqqət zabitlərin taktiki biliklərinin və qərar qəbuletmə bacarıqlarının artırılmasına yönəldilib.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzindəki müxtəlif təlim trenajorlarında şəxsi heyətin sürücülük və atəş bacarıqları praktiki olaraq yoxlanılıb. Toplantıya cəlb edilən zabitlərin virtual təlim meydançasında qazandıqları biliklərin real döyüş şəraitinə yaxın təşkil edilmiş məşğələlərdə daha da təkmilləşdirilməsi məqsədi ilə praktiki atış çalışmaları yerinə yetirilib.
Toplantı çərçivəsində Naxçıvan Muxtar Respublikasının tarixi və mədəni yerlərinə ekskursiyalar təşkil olunub. Həmçinin gənc zabitlər Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində, ön xətdəki mövqelərində şəxsi heyətin sosial-məişət və xidmət şəraiti ilə tanış olublar.
Təlim toplantısı yekun tədbiri ilə başa çatıb. Tədbirdə polkovnik Mənsum Əhmədov məqbullar götürülən zaman gənc zabitlərin yüksək nəticələr göstərdiklərini qeyd edib.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev hərbi hissələrdə müvafiq vəzifələrə təyin edilərək xidmətini davam etdirən zabitlərlə keçirilən toplantının əhəmiyyətindən danışıb və toplantıda nümunəvi iştirak etdiklərinə görə zabitlərin bir qrupuna təşəkkür elan edərək həvəsləndirib.
-
Azərbaycanda əsgər bədbəxt hadisə nəticəsində vəfat etdi – RƏSMİ
Bu gün saat 09:15 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Qaradağ rayonunda yerləşən “N” saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış əsgər Qurbanlı Natiq Elçin oğlu təsərrüfat işlərinin görülməsi zamanı ehtiyatsızlıq səbəbindən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.
Bu barədə DSX-nin Mətbuat Xidməti məlumat yayıb.Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar müvafiq araşdırma aparılır.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.
-
Ermənistanın itkiləri getdikcə üzə çıxır
Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhədin Tovuz istiqamətində törətdiyi təxribat nəticəsində düşmənin daha çox itki verdiyini təsdiqləyən yeni aktlar ortaya çıxıb.
“Report”un xəbərinə görə, sosial şəbəkələrdə ölən erməni əsgərlərindən birinin anasının səs yazısı yayılıb.Səs yazısında qadın Azərbaycan Ordusunun həyata keçirdiyi cəza tədbirləri nəticəsində övladını itirdiyini, ancaq meyitin ona müxtəlif şərtlər əsasında təhvil verildiyini, ölən əsgərlərin adlarının gizlədildiyini bildirir. Bundan başqa, yüksək rütbəli erməni hərbçilərin əsgər anaları ilə qəddar davrandığı qeyd olunub.
Sərhədin Tovuz istiqamətində törətdiyi təxribatdan sonra Ermənistanda yaranan gərgin vəziyyəti şərh edən politoloq İlqar Vəlizadə rəsmi Yerevanın itkilərini gizlətməsinin ənənəvi xarakter daşıdığını bildirib:
“Ermənistan tərəfinin itkilərin gizli saxlaması faktı ilə ilk dəfə rastlaşmamışıq. 2016-cı il Aprel döyüşləri zamanı da erməni tərəfi itkilərlə bağlı dəqiq məlumat verməmişdi. Sadəcə müxalifyönümlü mətbuat və ya qeyri-hökumət təşkilatlarının sayəsində bu məlumatlar cəmiyyətə çatdırılıb. 2018-ci ildəki hakimiyyət dəyişikliyindən sonra Nikol Paşinyan hökuməti Ermənistan ordusunun Aprel döyüşlərindəki itkilərinə dair dəqiq rəqəmləri açıqlamışdı. Yəni ictimaiyyət yalnız iki ildən sonra dəqiq rəqəmləri öyrənə bildi”.
Ekspertin sözlərinə görə, N.Paşinyan hökuməti son təxribat zamanı verdiyi itkilərin dəqiq sayını açıqlasa, bunun çox ciddi siyasi fəsadları ola bilər: “Eyni durum yenidən təkrarlanır. Buna səbəb bu cür faktların cəmiyyət tərəfindən həssas qarşılanmasıdır, üstəlik, bunun siyasi fəsadları da ola bilər. Siyasi fəsadlardan qaçmaq üçün erməni tərəfi itkilərinin dəqiq sayını gizlədir. Düşünürəm ki, tədricən məlumatlar bu və ya başqa şəkildə ictimaiyyətə sızdırılacaq. Bundan başqa, Ermənistanda müxtəlif siyasi qruplar hakimiyyətə can atırlar. Bu məlumatların sızdırılması onların hakimiyyət uğrunda mübarizəsində vacib bir elementlərdən biri ola bilər”.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri oturdulub.Aktiv hərbi toqquşmalar iyulun 16-dək davam edib. Nəticədə düşmənin 100-dən artıq canlı qüvvəsi məhv edilib, xeyli sayda texnikası sıradan çıxarılıb.
Ermənistan hökuməti itkilərinin yalnız bir neçəsini etiraf edib, qalanlarını isə gizlədib.
-
Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya texnikaları Naxçıvana gəlib – VİDEO
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya texnikaları Naxçıvana gəlib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunda təlimlərə cəlb edilmiş heyətin təntənəli qarşılanma mərasimində Türkiyə və Azərbaycan Respublikalarının Dövlət Himnləri səsləndirilib.Yük təyyarələri ilə gətirilmiş Türkiyə Silahlı Qüvvələrinin hərbi daşıma, hücum və döyüş vertolyotları Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunda döyüş atışlı taktiki-uçuş təlimləri üçün hazır vəziyyətə gətirilir.