Category: Ordu

  • Azərbaycan – Ermənistan sərhədində vəziyyət yenidən gərginləşdi: İki erməni hərbçi yaralandı – RƏSMİ

    “Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət stabil gərgin olaraq qalır. Cəbhənin müxtəlif istiqamətlərində düşmən tərəfindən atıcı silahlardan istifadə olunmaqla atəşkəs rejimi pozulur”.

    Bununla bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Median.Az-ın sorğusuna cavab olaraq deyib.

    “Düşmənin ön xətdə fəallığının qarşısı bölmələrimiz tərəfindən alınır. Görülən qabaqlayıcı tədbirlər nəticəsində Ermənistan ordusunun iki hərbi qulluqçusu ağır yaralanıb”.

    Qeyd edilib ki, bu gün gecə saatlarından başlayaraq Ağdam və Tovuz istiqamətlərində düşmənin 2 PUA-sı da məhv edilib.

  • Suriyadan gələn ermənilər də Tovuz döyüşlərinə cəlb olunub – RƏSMİ

    “İyulun 12-də günorta saatlarında Ermənistan silahlı bölmələri Tovuz rayonu istiqamətində yerləşən mövqelərimizi ələ keçirməyə cəhd edib. Ermənistan ilk olaraq iriçaplı silahlardan istifadə edib, sonradan isə artilleriya zərbələrinə keçib”.

    Bunu Ermənistanın Tovuzda törətdiyi təxribatlara həsr olunan mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı bildirib.

    O qeyd edib ki, iyul ayının 12-də komandanlıq tərəfindən düşmən təxribatının qarşısının alınması üçün tapşırıq verilib.

    “Ermənistanın yüzlərlə canlı qüvvəsi, texnikası, dayaq məntəqələri məhv edildi. Ermənistan döyüş itkilərini ictimaiyyətdən gizlədib”, – deyən V.Dərgahlı əlavə edib ki, Ermənistan mütəmadi olaraq bir müddət sonra müxtəlif adlar altında itkiləri üzə çıxaracaq.

    V.Dərgahlı vurğulayıb ki, Ermənistanın itkiləri arasında Suriyadan gələn ermənilərin olması barədə də məlumatlar var.

  • Ermənistana məxsus iki taktiki PUA məhv edildi – RƏSMİ

    İyulun 21-i Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları (PUA) vasitəsilə gecə saat 00.30 radələrində cəbhənin Ağdam rayonu istiqamətində, səhər saat 08.45 radələrində isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən hər iki düşmən PUA-sı dərhal aşkarlanaraq dəqiq atəşlə məhv edilib.

  • Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 62 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Respublikasının Çəmbərək rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Serbiya Tovuz döyüşlərinə görə Ermənistana silah yardımı edib? – Dostluq qrupunun rəhbərindən AÇIQLAMA

    “Tovuzdakı ağır döyüşlər zamanı Serbiyanın Gürcüstan üzərindən Ermənistana minaatan mərmiləri göndərməsi xəbərlərini rəsmi mənbələr təsdiqləməyib”.

    Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Məlahət İbrahimqızı deyib.

    O bildirib ki, rəsmi mənbələr məlumat yaymadığına görə, Serbiyadan terrorçu ermənilərə dəstək verməsinə inanmaq çətindir.

    Deputatın fikrincə, Serbiyanın Ermənistana yardımı barədə mətbuatda məlumatlar gedibsə, müvafiq qurumlar bunu araşdıracaq.

    “Fakt təsdiqlənsə, biz sözümüzü necə lazımdırsa, deyəcəyik. Azərbaycanın Serbiya ilə yüksək səviyyədə münasibətləri var. Bəlkə də, ola bilər ki, Azərbaycanın Serbiya ilə münasibətlərinə xələl gətirmək istəyən qüvvələr bu məlumatı yayımlayıblar, belə həssas məqamlarda diqqətli olmaq lazımdır”, – deyə M.İbrahimqızı əlavə edib.

    Ermənistan ordusunun Azərbaycanla sərhəddə iyulun 12-dən başlamış və dörd gün davam edən xain təcavüz əməlinə əvvəlcədən hazırlıq görüldüyünə dair yeni sensasion faktlar üzə çıxıb.

    Bu barədə Virtualaz.org hərbi mənbələrə istinadən məlumat yayıb.

    Bildirilir ki, həmin təcavüz əməliyyatından bir neçə gün əvvəl Serbiyadan Ermənistana iri partiyada müxtəlif çaplı minaatan mərmiləri çatdırılıb. Həmin sursat quru yolu ilə, Gürcüstan üzərindən Ermənistana keçirilib.

  • MN rəsmisi: “Yaralıların əksəriyyətinin müalicəsi qısa müddətdə başa çatacaq”

    Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ordumuzun generalı, yüksək rütbəli hərbi qulluqçuları düşmən ordusundakından fərqli olaraq əsgərlərimizin önündə gedirdi.

    Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

    Vaqif Dargahlı deyib ki, Azərbaycan Ordusunun hər bir zabiti, giziri, əsgəri öz arxasında Azərbaycan xalqını gördü, dayağını hiss etdi:

    “İyulun 13-dən 17-dək yeddi mindən artıq vətəndaşımız hərbi xidmətə getmək üçün Müdafiə Nazirliyinin rəsmi elektron poçt ünvanına məktub göndərib”.

    Döyüşlər zamanı hərbçilərimiz arasında yaralıların da olduğunu deyən V.Dərgahlı qeyd edib ki, onlar hərbi tibb müəssisələrində müalicə alırlar:

    “Yaralıların əksəriyyətinin müalicəsi qısa müddətdə başa çatacaq. Əminik ki, onlar tez bir zamanda sıralarımıza qayıdacaqlar. Yaralıların müalicəsi həkim nəzarəti altında davam etdirilir. Hərbi həkimlərimizin də fədakarlığını xüsusi vurğulamaq lazımdır”.

  • Könüllü müraciət edənlərin sayı 23 mini ötdü

    Könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciətləri davam edir.

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 23 500-dən çox vətəndaş bu günədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada, həmçinin qurumun qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşlarımıza göstərdikləri yüksək vətənpərvərliyə görə bir daha təşəkkürünü bildirir və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq, insanların sağlamlıq təhlükəsizliyinə və karantin rejiminin tələblərinə riayət etmək məqsədilə müəyyən olunmuş qaydalara əməl olunması üçün vətəndaşlara öz müraciətlərini qeydiyyatda olduqları idarə, şöbə və ya bölməyə gəlmədən www.seferberlik.gov.az saytından “Könüllü olaraq orduda xidmət etmək üçün qeydiyyat” – https://exidmet.seferberlik.gov.az/Volunteer/Service – elektron xidməti vasitəsilə həyata keçirmələrini tövsiyə edir.

  • Müdafiə Nazirliyi: “Yaralıların xeyli hissəsinin müalicəsi yekunlaşıb”

    “Hadisələr vaxtı yaralılarımız da olub”.

    Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

    Onun sözlərinə görə, yaralılar hərbi tibb müəssisələrində müalicə alırlar: “Onların əksəriyyətinin qısa müddətdə müalicəsi yekunlaşıb və sıralarımıza qayıdanlar da var. Digərlərinin isə müalicəsi həkim nəzarəti altında davam etdirilir”.

  • Azərbaycan Ordusu düşmənin hərbi hədəflərinə zərbələr endirib – RƏSMİ

    “Ümumilikdə vəziyyətin gərgin olmasına baxmayaraq, iyulun 17-dən 18-nə keçən gecə Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlik hökm sürüb”.

    Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

    Onun sözlərinə görə, ön xətt mövqelərində ara-sıra atəşkəs rejimi Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən pozulub:

    “Düşmənin aktiv fəaliyyət cəhdinin qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınıb. Təxribat məqsədilə Ermənistan silahlı qüvvələri məqsədyönlü şəkildə atəş nöqtələrini öz mülki obyektlərinin yaxınlığında və ya arxasında gizlədirlər.

    Buna baxmayaraq, Azərbaycan Ordusu tərəfindən düşmənin yalnız hərbi hədəflərinə qarşı zərbələr endirilib. Qəsdən Azərbaycan kəndlərini, mülki insanları və mülki obyektləri hədəfə alan Ermənistan silahlı qüvvələri bölmələrinin atəş nöqtələri bölmələrimizin dəqiq atəşi ilə susdurulub”.

    Bildirilib ki, Azərbaycan Ordusu son döyüş əməliyyatları zamanı sərəncamındakı, müasir informasiya texnologiyalarından istifadə edilməklə yüksək dəqiqliklə idarə olunan və geniş ərazidə dağıdıcı gücə malik silahların yalnız cüzi bir hissəsini istifadə edib:

    “Bu, hələ hamısı deyil. Son döyüşlərdə qoşunlarımızın düşmən mövqelərini, hərbi obyektlərini, döyüş texnikası, canlı qüvvəsi və ehtiyatlarını necə dəqiqliklə məhv etdiyi təqdim edilmiş videomateriallardan da aydın müşahidə edilib. Bu Azərbaycan Ordusunun döyüş imkanlarının, hərbi potensialının və şəxsi heyətin peşəkarlığının göstəricisidir.

    Əminliklə deyirəm ki, Ordumuzun şəxsi heyətinin döyüş ruhunun yüksək olması, sərəncamında olan döyüş əməliyyatlarının aparılması və təhlükəsizliyimiz üçün təyin edilən müasir silah və texnika qələbəmizi tam təmin edəcək”.

  • Nazirlikdən Tovuzda şəhid olan hərbi qulluqçuların ailələri ilə bağlı AÇIQLAMA

    Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərə başlanıb.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai, Sumqayıt, Tovuz, Qazax, Ağstafa, Biləsuvar, Masallı və İsmayıllı şəhər və rayon bölmələrinin rəhbər şəxsləri şəhidlərin ailələri ilə görüşüb, onlara dövlətin daimi dəstəyi ilə əhatə olunacaqları bildirilib.

    Şəhidlərin ailələrinə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdlərinin, həmçinin, pensiya hüququ olmayan ailə üzvlərinə aylıq müavinətlərin, ailə başçısını itirməyə görə müvafiq sosial təminat ödənişlərinin təyinatı istiqamətində işlər görülüb.

    Eyni zamanda, onlara dövlət məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri barədə məlumat verilib. Şəhidlərin ailə üzvlərindən işsiz olan şəxslərin özünüməşğulluq proqramına cəlb edilmək üçün potensialları müəyyən edilib.

    Onların proqram çərçivəsində kiçik ailə təsərrüfatlarını yaratmaları məqsədilə müvafiq işlərə başlanılıb. Həmçinin həmin şəxslərdən bir qismi istəklərinə uyğun olaraq ödənişli ictimai işlərə və digər aktiv məşğulluq tədbirlərinə cəlb edilmələri üçün qeydiyyata götürülüblər.

    Qarşıdakı dövrdə şəhidlərimizin ailələrinin sosial vəziyyəti diqqətdə saxlanılacaq, müvafiq dəstək tədbirləri ilə əhatə olunacaqlar.