Category: Ordu

  • Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 53 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlikdir, yaşayış məntəqələrimiz atəşə tutulmur, amma ümumilikdə gərginlik davam etməkdədir.

    Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

    Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

  • Şəhid ailələrinə yeni mənzillər təqdim olundu – VİDEO

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün Şirvan şəhərində 68 mənzilli yaşayış binası inşa etdirilib və bu gün binadakı mənzillər vətəndaşlara təqdim olunub. Bu mənzillər Şirvan şəhəri, Salyan və Hacıqabul rayonlarından olan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulub.

    Baku TV xəbər verir ki, bu gün keçrilən tədbirdə daha 17 mənzil Hacıqabul rayonundan olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim olunub.

    “Üç il olardı ev növbəsindəydim. Bu il verdilər. Allah köməkləri olsun. Sağ olsunlar. Çağırdılar, dedilər, ev növbəniz çatır. Əvvəlki vəziyyətim pis idi, evim uçuq idi. Çəkib Bakıda göstərdilər, sonra ev verdilər,” – deyə şəhid anası Qızbəs Şahbazova bildirib.

    Müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı binadakı mənzillərdən 16-sı bir otaqlı, 44-ü iki otaqlı, qalanları üç otaqlıdır.

  • Ermənistan Əfqanıstanda vurulmuş ABŞ PUA-sını Azərbaycanınkı kimi təqdim edir – VİDEO

    “Azərbaycan – Ermənistan sərhədində gedən döyüşlərin ikinci günündəcə Ermənistan müdafiə nazirliyinin hazırkı mətbuat katibini praktiki olaraq arxa planda qoyan sabiq mətbuat katibinin reinkarnasiyası, təxmin etdiyimiz kimi, çoxsaylı saxta məlumatlar və dezinformasiyalar yaratmaq məqsədini güdürdü ki, bu baxımdan Yerevanda sabiq mətbuat katibinə bərabər tutulacaq ikinci bir adam yoxdur”.

    Bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

    Onun sözlərinə görə, bu günlər ərzində Ermənistan Müdafiə Nazirliyi onlarla saxta və dezinformasiya xarakterli məlumatlar hazırlayıb:

    “Biz bu dezinformasiyanı operativ şəkildə təkzib edirik. Xüsusilə, bildiyiniz kimi, Ermənistan Müdafiə Nazirliyi, erməni ictimaiyyətini bir növ ilhamlandırmaq üçün guya döyüş zamanı Azərbaycan Ordusunun 13 PUA-sını itirdiyi barədə saxta məlumatlar yaydı. Bəs olmayan bir şeyi necə sübut etmək olar? Axı erməni cəmiyyəti də sübut tələb edir.

    Elə ona görə də Ermənistanın Müdafiə Nazirliyi guya Azərbaycanın vurulmuş PUA-larından birinin olduğu iddia edilən fotoşəkili sosial şəbəkədə yayımladı.

    Lakin erməni mif yaradıcılarını suyun üzünə çıxarmaq elə də çətin olmadı – fotodakı PUA-nın Azərbaycanın deyil, 2014-cü ildə Əfqanıstanda vurulan ABŞ-a məxsus PUA olduğu tez bir zamanda sübut edildi”.

    “Diqqətçəkən məqamlardan biri də o oldu ki, hətta xarici jurnalistlər belə erməni uydurmalarını ifşa etməyə başladılar. Belə ki, Almaniyanın “Bild” nəşrinin hərbi analitiki Julian Repke, Ermənistan Müdafiə Nazirliyinin yaydığı guya Azərbaycana məxsus PUA-nın vurulduğunu əks etdirən videonun həqiqətə uyğun olmadığını qeyd edib. Çünki videoda görüntülənən ikimühərrikli kiçikhəcmli mülki sərnişin təyyarəsidir.

    Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusunun bütün PUA-ları yerindədir və işləkdir. Azərbaycan Müdafiə Nazirliyi itkiləri gizlətmədən sərhəddəki vəziyyətlə bağlı bütün lazımi məlumatları operativ şəkildə verir”, – nazirlik rəsmisi vurğulayıb.

  • Müdafiə Nazirliyi: “Ermənistan döyüşlərdə yüzə yaxın hərbi qulluqçusunu itirib” – VİDEO

    “Kütləvi informasiya vasitələrimizdə Ermənistanın İstintaq Komitəsinə istinadən son döyüşlərdə erməni tərəfinin dörd nəfər hərbi qulluqçusunu ölü və 36 nəfərini isə yaralı olaraq itirməsi barədə məlumat yayılıb. Bildiririk ki, bu xəbər tamamilə yalandır və reallığı əks etdirmir”.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd edilib ki, Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri ölü və yaralı olaraq yüzə yaxın hərbi qulluqçusunu itirib:

    “Həmişə olduğu kimi, Ermənistan öz hərbi itkilərini ictimaiyyətindən gizlətməyə səylə çalışır. Ancaq bir müddət sonra həqiqət üzə çıxacaq və onlar itkiləri etiraf etmək məcburiyyətində qalacaqlar.

    Buna görə də Azərbaycan kütləvi informasiya vasitələrini Ermənistan mətbuatı tərəfindən yayılan yalan məlumatları tirajlamamağa və düşmənin dezinformasiyalarını ifşa etməyə çağırırıq”.

  • Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 97 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlikdir, yaşayış məntəqələrimiz atəşə tutulmur, amma ümumilikdə gərginlik davam etməkdədir.

    Ermənistan Respublikası Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

    Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

  • Düşmənin avtomobil texnikası sərrast atəşlə məhv edildi – VİDEO

    Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı ehtiyat qüvvələrini düşmənin döyüş mövqelərinə çatdıran avtomobil texnikası bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

    Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

  • Düşmənə məxsus kazarma məhv edildi – VİDEO

    Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin sərrast zərbəsi ilə Ermənistan silahlı qüvvələrinə məxsus kazarma məhv edilib.

    Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

  • Azərbaycan daha bir şəhid verdi – RƏSMİ

    İyulun 16-da səhər saat 05.45-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində aktiv döyüş əməliyyatları keçirilir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, hazırkı vaxtadək davam edən döyüşlərdə düşmənin 20-yə yaxın canlı qüvvəsi, bir zirehli texnikası, bir radioelektron mübarizə (REM) vasitəsi, döyüş postları və dayaq məntəqəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

    Döyüşlər zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub.

    Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verir və səbr diləyir.

    Allah rəhmət eləsin!

    Bölmələrimiz düşmənin döyüş aktivliyinin qarşısını almaq məqsədilə cavab tədbirləri görür.

  • Ermənistan ordusuna keçmiş çağırışçıların və əlillərin səfərbərliyi başlayıb – RƏSMİ

    “Bu günlərdə Azərbaycanla sərhəddə apardığı döyüşlərdə erməni ordusunun canlı qüvvədə böyük itkilər verməsi Ermənistan Müdafiə Nazirliyini silahla azacıq da olsa davrana bilən hər kəsi silah altına qoymağa məcbur edir”.

    Bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

    “Əldə olunan məlumata görə, Ermənistan ordusunun rəhbərliyi keçmiş hərbi qulluqçuları, çağırışçıları, o cümlədən ikinci və üçüncü qrup əlilləri, habelə həbsxana məhbuslarını Tavuş bölgəsinə göndərmək üçün tələsik şəkildə səfərbər edir.

    Bu o deməkdir ki, sərhəddə düşmənin şəxsi heyəti sırasında böyük boşluqlar yaranıb və həmin boşluqları o, canlı, lakin artıq “tullantı” materialı ilə yamaq etməyə çalışır”,- deyə, V.Dərgahlı qeyd edib.

  • “Müharibə dövrü üçün bütün hazırlıq işləri həyata keçirilir” – AÇIQLAMA

    “Hərbi hissələrin şəxsi heyəti çağırışçılarla komplektləşdirilir. Eyni zamanda, müharibə dövrü üçün bütün hazırlıq işləri həyata keçirilir və bu iş daimi aparılır”.

    Bunu mətbuat konfransında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bildirib.

    Onun sözlərinə görə, ordu sıralarından təxris olunan hərbi vəzifəlilər seçilir:

    “Onlar hərbi ixtisaslarına görə təyinatları üzrə seçilərək, komandalara təyin olunur. Hər hansı hadisə baş verdikdə, səfərbərlik olduqda hərbi hissələrdən daxil olmuş sifarişlər əsasında bu şəxsi heyət hazırlanaraq, toplanış məntəqələrindən həmin hərbi hissələrə göndərilirlər”.