Category: Ordu

  • Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, 82 millimetrlik minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 91 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Respublikası Çəmbərək rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

    Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

  • Bakı İrəvanın oyunlarını ALT-ÜST ETDİ – Tovuz təxribatının PƏRDƏARXASI

    Yüzlərlə ölü və yaralı var, hospitallarda yer yoxdu, Paşinyan bizi aldadır.

    Bu fikirlər sosial şəbəkələrin erməni seqmentində səsələnir. Ermənistan hərbi birləşmələrinin iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribat hücumunun qarşısı Ordumuz tərəfindən qətiyyətlə alındı. Həyata keçirilən əks-tədbirlər nəticəsində düşmən geri otuzduruldu və ağır itkilərə məruz qaldı. Yayılan videolar və görüntülər Azərbaycan Ordusunun düşmən təxribatına verdiyi adekvat cavabın Ermənistana baha başa gəldiyini təsdiqləyir.

    Ermənistan hakimiyyətinin itkiləri israrla gizlətməsi, “iki polisimiz yaralanıb” kimi gülünc açıqlamalar verməsi ağır zərbələr aldığı fikrini daha da gücləndirir. Ermənilərin sosial şəbəkələrdə və mediada yazdıqları da bunu təsdiqləyir. İşğalçı ölkənin bu təxribat hücumu ilə nail olmaq istədiyi hədəflər var idi, lakin Azərbayan Ordusu bu planları alt-üst etdi.

    Bu təxribatın siyasi proseslər fonunda təhlili Ermənistanın oynamaq istədiyi oyunu anlamağa imkan verir.

    Təxribat planının hazırlığı: İyulun 11-də Ermənistanın fövqəladə hallar naziri Feliks Çolakyan Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonuna gəldi. Rəsmi məlumata görə, Çolakyan nazirliyin rayondakı bölməsi ilə tanış olub, görüşlər keçirib və tapşırıqlar verib. (Mənbə: http://www.mes.am/hy/news
    /item/2020/07/11/1030/).  Bir gün sonra – iyulun 12-də erməni hərbi birləşmələrinin Tovuz rayonu istiqamətində hücuma keçməsi Çolakyanın səfərinin əslində təxribat hazırlığı olduğunu deməyə əsas verir. Hərçənd, sual yaranır: müdafiə nazirinin David Tonoyan olduğu halda təxribatı bölgəyə səfəri niyə Çolakyan edib?

    1. Tonoyanın sərhəddə görünməsi Ermənistanın təxribat hücumu hazırladığına dair fakt ola bilərdi, bu baxımdan, hücumla bağlı göstərişlər daha az diqqət çəkən Çolakyan vasitəsilə çatdırılıb.

    2. Paşinyan Tonoyanın “qələmini qırıb”. Ötən ay Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin direktoru, Polis rəisi və Baş qərargah rəisinin istefasından sonra Tonoyanın da vəzifədən gedəcəyi məsələsi gündəmə gəldi. “İrates” qəzeti hökumətdəki mənbələrinə istinadə yazırdı ki, “Tonoyanın yerinə Makar Qambaryanın gələcək. Qambaryan parlamentin spikeri Ara Mirzoyana (Paşinyanın əsas adamı-red) yaxındır və məhz spikerin təqdimatı ilə onun bu posta gətiriləcəyi haqqnda məlumatlar var”. Tonoyanın keçmiş prezident Serj Sarkisyanın dəstəyi ilə orduda yüksəlməsi, ardınca fövqəladə hallar naziri təyin olunması Paşinyanın onu “öz adamı” hesab etməməsi üçün kifayətdir. Mümkündür ki, Tonoyan təxribat hücumunun hazırlığından kənarda saxlanılıb.

    Çolakyanın səfəri və yayılan görüntülər Ermənistanın təxribat hücumunu sübut edir. Bu hücumun daxili və xarici siyasətə hesablanmış iki hədəfi var.

    Xarici hədəf: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini və rəsmi Bakının beynəlxalq arenada həyata keçirdiyi siyasəti “baltalamaq” cəhdi.

    – Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistanındır” bəyanatına Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında “Qarabağ Azərbaycanındır və Nida” bəyanatı ilə cavab verən Prezident İlham Əliyev Ermənistanı işağlçılıq və faşizm siyasətini ifşa edən addımlar atdı. Aşqabadda Nikol Paşinyanın da iştirak etdiyi MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, eləcə də Münhen Təhlükəsizlik Konfransında Azərbaycan lideri Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməklə həm beynəlxalq diqqəti Dağlıq Qarabağ münaqişəsinə yönəltdi, həm də işğalçı ölkənin nüfuzunu alt-üst etdi. Təsadüfi deyil ki, rəsmi Bakının siyasəti dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi ilə nəticələndi. Qoşulmama Hərəkatına üzv olan 120 ölkənin, o cümlədən, Avropa Parlamentinin Ermənistanın işğal siyasətinə qarşı qəbul etdikləri qərarlar belə nümunələrdəndir. Bu situasiya Ermənistan hakimiyyətini və xarici ermənipərəst dairələri narahat edir, onların ciddi problemlərlə üzləşməsinə səbəb olur.

    – Prezident İlham Əliyevin COVİD-19 pandemiyasının beynəlxalq siyasətdə yaratdığı böhranı həll etmək istiqamətində addımları Azərbaycanın qlobal nüfuzunu daha da artırdı. Xüsusilə, Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsi, həmin görüşdə Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi və pandemiyanın yaratdığı qlobal böhranın həllində Bakının əhəmiyyətli rol oynaması işğalçı ölkəni də, erməni lobbisini də, xarici ermənipərəst dairələri də, eləcə də, Azərbaycanı istəməyən xarici qüvvələri də ciddi narahat edir. Çünki bu addımlar Azərbaycanın qlobal siyasətin zirvəsinə daşımaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqeyinin dəstəklənməsini də gücləndirir.

    – Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların heç bir nəticə vermədiyini və buna görə ATƏT-in Minqk qrupunu tənqid etməsi təsadüfi deyildi. Beynəlxalq siyasətdə aparıcı rol oynayan Azərbaycan liderinin bu tənqidi danışıqlar prosesinin ölü nötqədən tərpədilməsinə hesablanmışdı və bu tənqid Minsk qrupunu real danışıqların başlanması istiqamətində addımlara sövq edir. Gözlənilən bu idi ki, həmsədrlər İrəvana konstruktiv danışıqlar üçün təzyiq edəcək.

    Tovuz istiqamətində təxribat hücumuna bu proseslər fonunda baxdıqda işğalçı ölkənin hədəfi məlum olur:

    a) Diplomatik cəbhədəki məğlubiyyətini hərbi cəbhədə kompensasiya etmək;
    b) Hücumu “Bakının təxribatı” kimi təqdim edərək, beynəlxalq aləmdə aparıcı rol oynayan Azərbaycanı “təcavüzkar” kimi göstərmək;
    c) Həmsədrlərin konstruktiv danışıqlar tələbini qabaqlamaq və sülh prosesini sıradan çıxarmaq;

    Daxili hədəf: pandemiyanın xəstə və ac günə qoyduğu erməniləri “vətənpərvərlik populizmi” ilə doydurmaq.

    Klassik üslubdur, Paşinyan sələflərinin yolu ilə gedir. Erməni baş nazir hakimiyyətə gəldiyi vaxt verdiyi sosial-iqtisadi vədlərin heç birini yerinə yetirə bilmədi. İşsizlik və yoxsulluq səviyyəsi daha da çoxaldı, koronavirus pandemiyasının yaratdığı vəziyyət isə ermənilərin səbr kasasının dolması ilə nəticələndi: epidemiyaya görə tətbiq olunan fövqəladə vəziyyətdə işsiz qalanlar mütəmadi olaraq hökumət binasının önündə aksiya keçirir; ölkədə işsizlik və yoxsulluq həddi son beş ayda dəfələrlə çoxalıb; virusa yoluxma və ölüm faktlarına görə regionda lider olan Ermənistanın səhiyyəsi xəstəliyin qarşısında acizdir və sadə ermənilər ciddi əziyyət çəkir;

    “Past” qəzeti yazır ki, Ermənistanın milli təhlükəsizlik xidməti Nikol Paşinyanın reytinqi ilə bağlı məxfi sorğu hazırlayıb. Qəzetin əldə etdiyi məlumata görə, baş nazirin reytinqi sürətlə düşür: “Ölkədə hakimiyyətdən narazı olanların sayı böyükdür və getdikcə artmaqdadır”.

    Sosial-iqtisadi problemlərlə yanaşı, Ermənistandakı siyasi vəziyyət də dəhşətlidir. Müxalifət partiyaları pandemiya ilə mübarizə apara bilməyən hökuməti 100 faiz istefaya çağırdı. Bu çağırışından sonra Paşinyan “Çiçəklənən Ermənistan” fraksiyasının lideri Qaqik Sarukyanı həbs etmək üçün deputatlıq toxunulmazlığını ləğv etdirdi, ardınca, hakimiyyətini gücləndirmək üçün konstitusiyaya dəyişikliklər edilməsi istiqamətində addımlar atdı. Bu addım hətta Venesiya Komissiyasının da etirazına səbəb olub.

    Ermənistan hakimiyyəti müxtəlif yollarla narazı səsləri boğmağa çalışsa da, həm sosial, həm də siyasi etirazlarla üzləşir və bu etirazlar hər keçən gün artmaqdadır. Müxalifətin hakimiyyətə qarşı vahid cəbhədə toplanması Paşinyan üçün təhlükə zənglərinin çalınması deməkdir.

    Paşinyanın narazıları susdurmaq üçün irəli sürdüyü “inqilab” və “əks-inqilab” tezisi də artıq nəticə vermir. Və bu proseslər fonunda Nikol yeganə xilas yolunu “xarici düşmən” obrazını gücləndirməkdə gördü. Onun sələfləri zaman-zaman daxili siyasətə hesablanmış belə addımlar atıb, görünür, Paşinyan da sınaqdan çıxmış bu təcrübədən istifadə etmək qərarına gəldi. İyulun 12-də erməni hərbi birləşmələrinin Ermənistan-Azərbaycan sərhədində həyata keçirdiyi təxribatın daxili siyasətə hesablanmış hədəfi məhz etiraz səslərinin boğulması, cəmiyyəti “xarici təhlükəyə” qarşı birləşdirmək cəhdidir.

    Burada diqqətçəkən detallardan biri təxribat hücumunun niyə sərhəddə edilməsidir.

    Ermənistan bununla üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dəstəyini almaq istəyir. KTMT-nin nizamnaməsinə görə, üzv ölkələrin sərhədinə təcavüz olarsa, digər ölkələr ona dəstək verməlidir. Rəsmi İrəvanın sərhəd hücumu indiyə qədər Azərbaycana qarşı heç bir qərar qəbul etməyən KTMT-ni fakt qarşısında qoymağa hesablanmışdı.

    Beləliklə, Ermənistanın və işğalçı ölkəyə dəstək verənlərin Tovuz hücumunun pərdəarxası aydınlaşır:

    1. Azərbaycanın beynəlxalq aləmdə güclənən nüfuzuna zərər vurmaq;

    2. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı real danışıqların qarşısını almaq;

    3. Ermənistan daxilində narazı səsləri boğmaq və “xarici düşmən” obrazını gücləndirməklə vəziyyətdən çıxmaq üçün vaxt qazanmaq;

    4. “Sərhədimizə müdaxilə” var iddiası ilə KTMT-nin dəstəyini qazanmaq və təşkilatın Azərbaycana qarşı çıxmasını təmin etmək;

    Azərbaycan Ordusunun adekvat cavabı və rəsmi Bakının diplomatik manevrləri işğalçı ölkənin bu oyunlarını alt-üst etdi.

    Birinci: Azərbaycan tərəfi təxribat hücumu ilə bağlı dərhal rəsmi məlumat yaydı və bəyan etdi ki, “Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Hər iki tərəfdə itkilər var”. Bu məlumat bütün nüfuzlu beynəlxalq KİV tərəfindən yayımlandı və Ermənistanın atəşkəsi kobud şəkildə pozduğu bildirildi. Beynəlxalq ictimaiyyət təcavüzkarı və təcavüzə məruz qalan tərəfin kim olduğunu bir daha gördü.

    İkinci: Ermənistan təxribat hücumu ilə münaqişənin sülhlə həll olunmasında maraqlı olmadığını göstərdi. Bu vəziyyət real danışıqların aparılması üçün Ermənistana təzyiqlərin artması ilə nəticələnəcək.

    Üçüncü: Ermənistan cəmiyyəti döyüşlərə görə Paşinyan hakimiyyətinə etiraz edir. Sosial şəbəkələrdə ermənilər “hakimiyyətin yalan danışdığı, itkiləri gizlətdiyi, yüzlərlə ölü və yaralının olduğu” haqda yazırlar. Hətta əhali Müdafə Nazirliyi binası qarşısında ötən gün Ermənistan-Azərbaycan sərhədində baş verən insident barədə dəqiq informasiya və ölənlərin meyitini, həmçinin saylarının açıqlamasını tələb edir. Paşinyanın “xarici düşmən” obrazı özünə qarşı yönəlir.

    Dördüncü: KTMT növbəti dəfə Ermənistana zərbə vurdu. Təşkilatın baş katibi Stanislav Zas Ermənistan-Azərbaycan sərhədində baş verənlərlə bağlı Daimi Şuranın iclasını çağırdı. İrəvan hesab edirdi ki, oyunu baş tutub və üzvü olduğu təşkilat Bakıya qarşı sərt bəyanatlar verəcək. Lakin gözlənilən iclas təxirə salındı. KTMT-nin mətbuat katibi Vladimir Zeynəddinov bildirib ki, buna səbəb tərəflər arasında konsultasiya aparılması, həmçinin müzakirə formatının dəqiqləşdirilməməsidir. Burada Azərbaycan liderinin diplomatik manevrlərinin mühüm rol oynadığınl əminliklə deyə bilərik.

    Bir daha sübut olundu ki, Azərbaycan güclü orduya malikdir və ordumuz Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir. Biz cəmiyyət olaraq Ordumuzun arxasında dayanmalı və belə həssas məqamlarda yanlış adımlar atmamalıyıq. Söhbət həssas məqamlar yarana biləcək xaotik vəziyyətdən gedir.

    İyunun 12-də baş verənlər Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndi. Bu, ilk baxışda olduqca gözəl mənzərədir və Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Lakin unutmamalıyıq ki, nə indi 1990-cı illərin əvvəli deyil, nə də Azərbaycan Ordusu həmin illərin ordusu deyil. Arzuolunmaz xaotik təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər. Bu baxımdan, bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbulolunmazdır.

    Həssas məqamlarda ehtiyatlı olmalı və Ordumuza güvənməliyik. Silahlı Qüvvələrimizin Ali Baş Komandanın əmri ilə “aprel müharibəsi” və Günnüt əməliyyatları kimi uğurlara imza atdığını, bu qələbələrin davamının gələcəyini unutmamlıyıq.
    //publika.az

  • Ermənistan döyüşdəki itkilərlə bağlı yeni məlumat yaydı

    Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib ki, Azərbaycan Ordusunun keçirdiyi hərbi əməliyyat tədbirləri nəticəsində yaralanan Ermənistan hərbçilərinin vəziyyəti ağırdır.

    Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bu barədə öz “Facebook” səhifəsində məlumat verib.

    Ş.Stepanyan qeyd edib ki, döyüşlərdə Ermənistanın 10 hərbi qulluqçusu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Hazırda onlardan birinin vəziyyəti kəskin ağır, beşinin vəziyyəti isə orta ağırdır.

  • Sumqayıtda şəhid generala görə böyük izdiham – VİDEO

    Sumqayıt sakinləri ayaqda şəhidini gözləyir.

    Median.Az xəbər verir ki, sakinlər şəhid general-mayor Polad Həşimovun yaşadığı Sumqayıt şəhər bina 43-ün qarşısında böyük izdiham yaradıb.

    Sakinlər vətənpərvər ruhda çağırışlar edir, şəhidlərimizə Allahdan rəhmət diləyirlər.

    Əldə etdiyimiz məlumata görə, şəhid general-mayor Polad Həşimovun nəşini bir neçə saat sonra anasının yaşadığı evə gətirəcəklər.//oxu.az

  • Ermənilərin atdığı mərmi Yuxarı Öysüzlü kənd sakininin həyətinə düşdü

    Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun yaşayış məntəqələrinə və bölmələrimizin mövqelərinə iriçaplı silahlardan və artilleriya qurğularından istifadə etməklə atəş açarkən mərmilərdən biri Yuxarı Öysüzlü kəndində Raqif Qasımovun həyətinə düşüb.

    Report verir ki, zərbənin gücündən R.Qasımova məxsus evin şüşələri sınıb.

    Ev sahibi bildirib ki, həmin vaxt uşağı həyətdə oynayırmış.

    O əlavə edib ki, hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb.

    Qeyd edək ki, iyulun 12-dən başlayaraq ermənilər Tovuz istiqamətində atəşkəsi pozmaqda davam edir.

  • Qəhrəman ordumuza və şəhidlərimizə ithaf olunan VİDEOÇARX

    “Baku Media Center” qəhrəman ordumuza və şəhidlərimizə ithaf olunan videoçarx hazırlayıb.


    Video mərkəzin “Facebook” hesabında yayımlanıb.

    Videoçarxda bildirilir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq:

    “Azərbaycan əsgəri ilə səngərdə çiyin-çiyinə vuruşan generallarımıza eşq olsun! Düşmənə layiqli cavab…”

  • Ermənistan daha iki zabitinin öldüyünü təsdiqlədi

    Ermənistan Müdafiə Nazirliyi itkilərlə bağlı növbəti dəfə açıqlama verib.

    Bununla bağlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan “Facebook” hesabında məlumat verib.

    O bildirib ki, Azərbaycan Ordusu tərəfindən kiçik leytenantlar Smbat Qeorqiyeviç Qabrielyan və Qrişa Vaanoviç Matevosyan məhv edilib.

    Qeyd edək ki, iyulun 12-də günorta saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

    Bu gün Ş.Stepanyan verdiyi açıqlamada Ermənistan ordusunun iki hərbçisinin – mayor Qaruş Ambartsumyan və kapitan Sos Elbakyanın Azərbaycan Ordusu tərəfindən məhv edildiyini bildirmişdi.

  • Məhv edilən yüksəkrütbəli erməni zabitlərinin FOTOsu

    Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi nəticəsində məhv edilən iki yüksəkrütbəli erməni zabitinin fotosu yayılıb.

    Bu barədə Ermənistan KİV məlumat yayıb.

    Ölən erməni hərbçiləri Mayor Qaruş Hambartsumyan və kapitan Sos Elbakyan məhv edilib.

    Ermənilər sosial şəbəkələrdə öldürən zabitlərin fotolarını paylaşaraq itkilərin daha çox olacağından gileylənirlər.


  • Azərbaycan mayor şəhidini qarşılayır – VİDEO

    Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində gedən döyüşlərdə şəhid olan Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, mayor Əhmədov Namiq Hajan oğlunun nəşi doğulduğu rayona gətirilib.

    Şəhidin nəşi Qazax rayonunda izdihamla qarşılanıb.

    Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib.

    Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları – çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub.

    Ötən gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

  • Şəhid general-mayor II Fəxri xiyabanda dəfn olunacaq – RƏSMİ

    Azərbaycan Ordusunun şəhid olan yüksək rütbəli zabiti, general-mayor Polad Həşimov sabah torpağa tapşırılacaq.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Polad Həşimovun cənazəsi İkinci Fəxri xiyabanda dəfn ediləcək.

    Qeyd edək ki, general-mayor Polad Həşimov bu gün səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.