Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin, Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ermənistan Respublikası Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli və Yusifcanlı, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Azərbaycan hərbçiləri Naxçıvan istiqamətində Ermənistan Ordusunun tabor komandirinin “Nissan Patrol” markalı avtomobilini vurublar.
“AzeriDefence”nin məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz “Facebook” səhifəsində yazıb.
Qeyd edək ki, “Qraparak” qəzetinin məlumatına görə, hadisə mayın 27-də Naxçıvan istiqamətində – hansı ki, 2018-ci ildə Azərbaycanın mövqelərini irəli çəkdiyi Günnüt yüksəkliyi istiqamətində baş verib.
Ermənistan Müdafiə Nazirliyindən sürücünün avtomobili tərk etdiyini və maşının tamamilə yandığını bildiriblər.
Genişmiqyaslı əməliyyat-taktiki təlimləri çərçivəsində Hava Hücumundan Müdafiə (HHM) bölmələri yaşayış məntəqələrinin, müxtəlif təyinatlı obyektlərin və canlı qüvvənin şərti düşmənin hava hücumu vasitələrindən müdafiəsi üzrə təlim-döyüş tapşırıqlarının icrası məqsədilə yürüş edərək mövqe rayonlarını tutublar.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, HHM-in döyüş heyətləri həmçinin təlimə cəlb olunan şəxsi heyət və döyüş texnikasının düşmənin aviasiya vasitələrinin atəş zərbələrindən müdafiəsini təmin edəcəklər.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu islahatlar nəticəsində mütəmadi olaraq Ordumuzun arsenalına ən müasir silah və texnikalar daxil edilir. Bunların bir qismi 2018-ci il iyunun 26-da keçirilən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyinə həsr olunan paradda nümayiş etdirildi. Yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən qurğular, döyüş təyyarələri, hərbi və nəqliyyat helikopterləri, kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri hərbi gücümüzün inkişafının göstəricisidir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, ölkədə istehsal olunan bir çox hərbi təyinatlı məhsullar da ordumuzun potensialının güclənməsinə xidmət edən amillərdəndir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Bu istiqamətdə aparılan işlər hərbi potensialımızın daha da güclənməsinə xidmət edir.
Təlimlərdə, döyüş şəraitində texnikalar sıradan çıxa bilər. Bu səbəbdən hərbi texnikalarla yanaşı onların ehtiyat hissələri də gərəklidir. Silahlanmada olan texnikaların ehtiyat hissələri müvafiq müqavilələr əsasında alınır, daxili komissiya tərəfindən yoxlanılır, aktlaşdırılır və bazanın balansına daxil edilir. Hazırda hərbi anbarlarda olan ehtiyat hissələri Rusiya Federasiyasında istehsal edilən “KamAZ” və Belarus Respublikasının istehsalı olan MAZ-a məxsusdur. Anbara qəbul olunan ehtiyat hissələri müəyyən standartlara uyğun olaraq texnikanı istehsal edən qabaqcıl dövlətlərə məxsusdur.
Hərbi hissələrin tələbat sifarişləri, eyni zamanda Maddi-Texniki Təminat Baş İdarəsinin Silah və Texnika İdarəsinin müvafiq normalara uyğun verdiyi naryadlar əsasında birləşmələrin maddi-texniki təminat taborlarında yerləşən zirehli tank əmlakı anbarlarına aparılır. Sonra hərbi hissələrin tələbatına uyğun bölüşdürülür.
Bundan əlavə, anbarlarda ölkəmizin istehsalı olan ehtiyat hissələri də mövcuddur. Bütün ehtiyat hissələri anbarlarda səliqəli və müvafiq qaydalara riayət edilməklə saxlanılır.
Genişmiqyaslı əməliyyat-taktiki təlimlərin planına əsasən, həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir.
Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, bu gündən mayın 22-dək Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki təlimlərə 10 000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.
Keçirilən təlimlər zamanı döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qismlərinin idarəetmə orqanlarının qarşılıqlı əlaqəsi, həmçinin, təlimlərin şərtlərinə uyğun olaraq yaradılan zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanılacaq.
Təlimin niyyətinə əsasən düşmənin əməliyyat düzülüşünün bütün dərinliyindəki müəyyən istiqamətlərdə qoşunların tətbiqi, kütləvi raket və artilleriya, aviasiya bomba-həmlə zərbələrinin endirilməsi, həmçinin, silahlanmada olan yüksək dəqiqliyə malik vasitələrin istifadəsi nəzərdə tutulur.
Müxtəlif təlim mərkəzləri və poliqonlarda qoşunların praktiki fəaliyyətləri yoxlanılacaq.
Azərbaycan Ordusunun keçirəcəyi genişmiqyaslı əməliyyat-taktiki təlimlər, heç şübhəsiz, Ermənistanın hərbi-siyasi rəhbərliyini qorxuya salıb.
Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Nazirliyin məlumatında deyilir:
“Ordumuz təlimləri ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində keçirir və burada beynəlxalq sənədlərin tələblərinin pozulmasından söhbət gedə bilməz. Bir daha bəyan edirik ki, Azərbaycan öz sərhədləri çərçivəsində istənilən sayda canlı qüvvə və müxtəlif döyüş texnikasını cəlb etməklə təlimlər keçirmək hüququna malikdir.
BMT Baş katibinin ümumdünya atəşkəsinə riayət etmək çağırışına istinad edən Ermənistan tərəfinə xatırladırıq ki, rəsmi Yerevan ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərini yerinə yetirməlidir.
Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin mütəmadi təlimlər keçirməsi, beynəlxalq qurumların nəzarətindən yayınaraq külli miqdarda silah-sursat, döyüş texnikası və digər hərbi vasitələri gizlətməsi məhz rəsmi Yerevanın beynəlxalq hüquq norma və prinsiplərini, o cümlədən Vyana sənədinin əsas tələblərini kobud surətdə pozmasıdır.
Bildiririk ki, keçiriləcək təlimlərə Ermənistanın bu cür reaksiya verməsi, bir işğalçı dövlət kimi dünya ictimaiyyətinin və beynəlxalq qurumların diqqətini özündən yayındırmaq məqsədini güdür.
Müdafiə Nazirliyi bəyan edir ki, düşmən hər hansı bir təxribata cəhd göstərərsə Azərbaycan Ordusu Ermənistan tərəfinin bu hərəkətinin qarşısını güc tətbiq etməklə dərhal və qətiyyətlə alacaqdır”.