Category: Ordu

  • Ordu üçün toplanan vəsaitin məbləği açıqlandı

    Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il noyabrın 1-dək 104.234.547,81 AZN, 213.577,88 ABŞ dolları, 17.566 avro və 5000,0 rubl vəsait daxil olub.

    Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

    Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.

    Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

  • Düşmən Qazaxda bir neçə kəndi və döyüş mövqelərimizi atəşə tutub

    2019-cu il 29 oktyabr tarixində axşam saatlarından başlanılmaqla Azərbaycan-Ermənistan dövlət sərhədin­də Ermənistan Silahlı Qüvvələ­rinin bölmələri Qazax rayonunun bir neçə kəndi və sər­həd döyüş mövqelərimiz istiqamətində atəşkəs rejimini davamlı surətdə pozub­lar.

    Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, bütün hallarda düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.

    Eyni zamanda bildiririk ki, atəşkəs rejiminin Azərbaycan tərəfindən pozulması barədə Ermənistan mətbuatının məlumatları həqiqətə tam ziddir, hərbi qulluqçularımız tərəfindən qarşı tərəfin təxribatına cavab olaraq düşmən mövqelərinə doğru atəş açılıb, Ermənistan silahlı qüvvələrindən fərqli olaraq yaşayış məntəqələri istiqamə­tində və mülki şəxslərə qarşı silah tətbiq olunmayıb.

  • Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb

    Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda “NATO günləri” çərçivəsində səfərdə olan Alyansın Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahında (SHAPE) Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Müdafiə naziri Azərbaycanın NATO ilə tərəfdaşlıq əlaqələrinin çoxşaxəli olduğunu və bu tərəfdaşlığın daim inkişaf etdirilməsinə böyük önəm verildiyini bildirib.

    Müdafiə naziri NATO-nun ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə verdiyi siyasi dəstəyi xatırladaraq bunun ümumilikdə Avroatlantik məkanda təhlükəsizliyin möhkəmlənməsinə, eləcə də regional sülhə və sabitliyə xidmət etdiyini nəzərə çatdırıb.

    Kontr-admiral B.Turan də öz növbəsində Azərbaycan-NATO əlaqələrini yüksək qiymətləndirərək sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni, Alyansın bir çox proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakını, habelə NATO-nun müxtəlif qərargahlarında xidmət edən zabitlərimizin hazırlığını xüsusi vurğulayıb. B.Turan həmçinin “NATO Günləri”nin ölkəmizdə yüksək səviyyədə təşkili və keçirilməsinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

    Görüşdə Azərbaycan ilə NATO arasında həyata keçirilən əməkdaşlıq proqramları çərçivəsində əməliyyat hazırlığı, təlimlərin keçirilməsi, hərbi təhsilin inkişafı, qüvvələr arasında qarşılıqlı uzlaşmanın əldə olunması məsələləri müzakirə edilib, həmçinin əməkdaşlığın inkişaf perspektivləri və NATO-nun İraqda həyata keçirdiyi missiyaya ölkəmizin mümkün töhfəsi barədə ətraflı fikir mübadiləsi aparılıb.

  • Müdafiə naziri: Prezidentin “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri qarşımızda yeni tapşırıqlar qoyur

    Oktyabrın 12-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəislərinin, birlik komandirlərinin iştirakı, eləcə də, videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmələrin komandirləri və digər məsul zabitlərinin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Müşavirədə çıxış edən Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı səsləndirdiyi “Qarabağ – tarixi, əzəli Azərbaycan torpağıdır.

    Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” fikrinin Azərbaycan Ordusunda böyük ruh yüksəkliyi ilə qarşılandığını və ordumuz qarşısında yeni tapşırıqlar qoyduğunu xüsusi vurğulayıb.

    Nazir bildirib ki, bu tapşırıqlar Azərbaycan Ordusunun, xüsusilə ön xətdə yerləşən bölmələrinin döyüş qabiliyyətinin artırılması, onların daha müasir, güclü silah və hərbi texnika ilə təchizatı, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsi, işğal olunmuş torpaqların azad olunmasına yönəlmiş təlim və tədbirlərin gücləndirilmiş qaydada keçirilməsi və bu istiqamətdə bir sıra digər mühüm məsələlərin həll edilməsindən ibarətdir.

    Son dövrdə cəbhə xəttində yaranmış əməliyyat şəraitini təhlil edən Müdafiə naziri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən işğal olunmuş ərazilərdə mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis-istehkam işlərinin aparılması cəhdlərinin, eyni zamanda düşmənin snayper və pilotsuz uçuş aparatlarının fəaliyyətinin sərt şəkildə qarşısının alınması məqsədilə adekvat tədbirlərin görülməsini əmr edib.

    Müdafiə naziri bütün hərbi hissə və bölmələrdə silah, döyüş və xüsusi texnikanın istismarının qış mövsümünə keçirilməsi prosesinin lazımi səviyyədə aparılması və vaxtında yekunlaşdırılması, dağlıq ərazidə yerləşən bölmələrin hərtərəfli təminatı, hərbi qulluqçuların sağlamlığına xüsusi diqqət yetirilməsi, həmçinin hərbi xidmətə çağırılmış gənc əsgərlərin qəbulunun mütəşəkkil qaydada həyata keçirilməsi ilə bağlı müvafiq vəzifəli şəxslərə tapşırıqlar verib.

    Müdafiə naziri döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə təlimlərin, praktiki məşğələlərin, çöl çıxışlarının səmərəliliyinin daha da artırılmasına diqqəti yönəldib. Nazir çətin və dağlıq şəraitdə yerləşən döyüş mövqelərinə aparan yolların təmir edilməsi, eləcə də yeni yolların salınması sahəsində həyata keçirilən işləri yüksək qiymətləndirərək bunların davam etdirilməsinin vacibliyini qeyd edib.

    Müşavirənin sonunda Müdafiə naziri oktyabr ayınının axırlarında Bakıda keçiriləcək MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasının yüksək səviyyədə təşkil edilməsi məqsədilə hazırlıq və təşkilati işlərin həyata keçirilməsi ilə bağlı müvafiq göstərişlər verib.

  • Müdafiə Nazirliyi Aprel döyüşlərində şəhid olan iki hərbçinin ailəsinə ev verdi

    Müdafiə Nazirliyi 2016-ci ildə Aprel döyüşlərində şəhid olan iki gizirin ailəsinə mənzil verib.

    Nazirlik Aprel döyüşlərində şəhid olan gizirlərin Mingəçevirdə yaşayan ailələrini Gəncə şəhərində mənzillə təmin edib.

    Bunlar 36 yaşlı Rahim Tağıyev və 33 yaşlı gizir Rüstəm Əhmədovun ailələridir.

    Qeyd edək ki, kiçik çavuş Rüstəm Əhmədov 2016-ci ilin aprelin 14-ü təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub.

    Aprel ayında başından qəlpə yarası alan gizir Rahim Tağıyev 3 ay 7 gün koma vəziyyətində qalsa da, iyulun 10-u şəhid olub.

    36 yaşlı Rahim Tağıyevin üç, 33 yaşlı gizir Rüstəm Əhmədovun isə iki övladı qalıb.

    Ölümlərindən sonra göstərdiyi qəhrəmanlıqlara görə gizirlər Prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif ediliblər.
    /oxu.az/

  • Erməni əsgər Azərbaycanla sərhəddə yaralandı

    Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonunda hərbi qulluqçu Armen Çaxmaxçyan yaralanıb.

    Bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib.

    Onun sözlərinə görə, hadisə Tavuş rayonunun Koti kəndi yaxınlığındakı sərhəd zonasında baş verib.

    Çiynindən yaralanan əsgər hospitala aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

    Qeyd edək ki, A.Çaxmaxçyan müqaviləli şəkildə hərbi xidmət keçirmiş.

  • Hərbi qulluqçuların ehtiyata buraxılmasına başlanıldı

    “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” ölkə Prezidentinin müvafiq sərəncamının icrası ilə bağlı Müdafiə nazirinin əmrinə əsasən, birlik, birləşmə və hissələrdə tədbirlər həyata keçirilir.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Tədbirlərdə xidmət müddətində fərqlənmiş və nailiyyətlər əldə etmiş hərbi qulluqçulara mükafatlar təqdim edilir.

  • Erməni təxribatı nəticəsində həlak olan mülki şəxs dəfn olunub

    Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yolla­rı­nın salınması ilə məş­ğul olan eksko­vato­run Ermənistan silahlı qüvvələri tərə­findən atə­şə tutulması nə­­ti­cəsin­də həlak olan ekskovatorun sürücüsü, mülki şəxs, 1958-ci il təvəllüdlü Abı­şov Səfərəli Ələkbər oğlu Masallı rayonunda dəfn olunub.

    O, bu gün doğulduğu Əmirtürbə kəndində torpağa tapşırılıb.

    Dəfn mərasimində rayon rəhbərliyi, Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov, ictimaiyyət nümayəndələri iştirak edib.

    Mərasimdə bildirilib ki, Səfərəli Abışov bu ilin aprel ayında sərhəd-döyüş məntəqələrində tikinti-inşaat işlərinin görülməsində fərqləndiyinə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib. O, düşmənlə təmas xəttinə yaxın ərazilərdəki mövqelərimizdə təminat yollarının salınması ilə məşğul olub. Sadə peşə sahibi, ekskavatorçu olan S.Alışov iş başında olarkən onun ekskavatoru dəfələrlə düşmən atəşinə tutulub. Lakin o, cəsarətlə işini davam etdirib.

    Qeyd edək ki, S.Abışov oktyabrın 2-də saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan zaman düşmən onun eksko­vato­runu atəşə tutub. Nəticədə o, aldığı güllə yarasından həlak olub.

    ///Report

  • Ermənistanla sərhəddə təxribat: Azərbaycan vətəndaşı mülki şəxs həlak oldu

    Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribatı olub.

    DSX-dən verilən məlumata görə, bu gün saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskovatorumuz düşmən tərəfindən atəşə tutulub.

    Nəticədə ekskovatorun sürücüsü mülki şəxs Abışov Səfərəli Ələkbər oğlu güllə yarası alıb.

    Hadisə yerində dərhal mümkün tibbi yardım göstərilməklə yaralının təcili təxliyəsi təmin olunsa da, görülən tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

    Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.//oxu.az

  • Əlahiddə Ümumqoşun Orduda kursantlara sertifikatlar təqdim edilib

    Naxçıvan Qarnizonunda müxtəlif hərbi ixtisaslara yiyələnən kursantlara sertifikatlar təqdim edilib.

    Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Naxçıvan Qarnizonunda gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarının başa çatması münasibətilə keçirilən mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

    Tədbirdə çıxış edən polkovnik Mehman Gülməmmədov bildirib ki, kurslar zamanı əsas diqqət kursantların ən müasir silah və texnikaları dərindən öyrənməsinə, real döyüş şəraitində bacarıqla istifadəsinə yönəldilib. Bu məqsədlə keçirilən məşğələlərdə kursantlar müxtəlif növ atıcı və iriçaplı silahlardan praktiki atışlar, bütün növ zirehli tank texnikalarından sürücülük və atış çalışmalarını yerinə yetiriblər. Nəticədə isə məzunların əksəriyyəti kursları əla qiymətlərlə başa vurublar.

    Məzun Azər Rüstəmov kurslarda qazandıqları bilik və bacarıqları xidmət yerlərində peşəkar hərbçi kimi tətbiq edəcəklərinə söz verib.
    Valideynlər adından çıxış edən Ədalət Zalov bildirib ki, hər bir valideyn övladının peşəkar, vətənpərvər və bacarıqlı bir gənc olmağını arzulayır. Bir valideyn kimi bizi bu arzumuza çatdıraraq qürur hisslərini yaşadan dövlətimizə minnətdarıq. Çünki, dövlətimizin qayğısı nəticəsində kurslarda iştirak edərək peşəkar hərbçi kimi yetişmək istəyən gənclərin arzuları artıq əlçatan olub.

    Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıran general-mayor Elman Orucov bildirib ki, Vətənə sədaqətli, peşəkar hərbçi kadrların hazırlanması məqsədilə Naxçıvan Qarnizonunda müxtəlif hərbi ixtisaslar üzrə hazırlıq kursları təşkil olunur. Bu kursları uğurla başa vuran gənclərimiz Vətənə şərəflə xidmət edirlər. İnanırıq ki, hər zaman dövlət qayğısını üzərində hiss edən məzunlarımız da xalqdan güc alaraq və xalq-ordu birliyindən ruhlanaraq Vətənimizin müdafiəsində ayıq-sayıq dayanacaqlar.

    Təbrik oxunduqdan sonra kursları müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerdə başa vuran məzunlara sertifikat və qiymətli hədiyyələr təqdim edilib. Bütün məzunlara sertifikatlar təqdim edildikdən sonra nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.

    Xatirə lövhələrinə buraxılış emblemləri vurulub və məzunların tribuna önündən təntənəli keçidi olub.

    Sonda məzunlarla xatirə şəkli çəkdirilib.