Category: Ordu

  • Rusiyanın hərbi gəmiləri Bakıda – VİDEO

    Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Mahaçqala” və “Volqodonsk” kiçik artilleriya gəmiləri iyulun 31-də Bakıya gəlib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov Rusiya HDD-nin Xəzər flotiliyasının nümayəndəsi 1-ci dərəcəli kapitan Sergey Yekimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Tərəflər “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsinin təşkilinə dair fikir mübadiləsi aparıblar.

  • Cəbhədə erməni təxribatlarının sayı daha da arta bilər – Düşmən yenə iş başında

    İyulun 28-i saat 22 radələrində döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi sanitar avtomobilimiz atəşə tutulub. Hərbi sanitar – təcili yardım maşınına atəş açmaq və həkimlərin normal fəaliyyətinin qarşısını almaq isə hərbi cinayətdir.

    Bu fikirləri oxu.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

    O bildirib ki, bu həm mənəvi, həm də döyüş qaydaları baxımından qəbulolunmazdır:

    “Əslində cəbhədə, yəni qoşunların təmas xəttində heç vaxt atəşkəs olmur. Həm atəş açılır, həm də digər zəruri addımlar atılır.

    O ki qaldı son günlər sərhəddə ermənilərin təxribat xarakterli hərəkətlər etməsinə, burada da əsl məqsəd məlumdur. Yəni münaqişənin həlli ilə bağlı müəyyən addımlar atıldıqda və ya atəşkəslə bağlı razılaşma əldə olunduqda xarici qüvvələrə və separatçılara xidmət edən erməni komandirlər, siyasətçilər dərhal cəbhədə təxribatlara əl atırlar. Əsas niyyət isə münaqişənin nizamlanmasının qarşısını almaqdır”.

    Ekspertin sözlərinə görə, yaxın zamanlarda münaqişə bölgəsində erməni təxribatlarının sayı daha da arta bilər.

  • Azərbaycan Hərbi Hava Qüvvələri təlimləri dayandırdı

    Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus MiQ-29 qırıcısının qəzaya uğraması ilə əlaqədar Azərbaycan Ordusunun bütün aviasiya vasitələrinin təlim-məşq uçuşları dayandırılıb.

    Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı Armiya.az-a bildirib ki, bu barədə nazirliyin rəhbərliyi müvafiq göstəriş verib.

    Onun sözlərinə görə, MiQ-29 qırıcısının qəzaya uğrama səbəbləri müəyyən edilənədək Azərbaycan HHQ-nin aviasiya vasitələrinin bütün uçuşları müvəqqəti dayandırılıb:

    “Eyni zamanda, döyüş növbətçiliyinin aparılması plana uyğun həyata keçirilir”.

    Xatırladaq ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

    İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

    Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

    Müdafiə nazirinin tapşırığına əsasən, yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.

  • Zakir Həsənov cəbhəboyu zonada – VİDEO

    Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi hissələri yoxlamaq məqsədilə cəbhəboyu zonada səfərdədir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə nazirinə əməliyyat şəraiti barədə məruzə edilib. Sonra general-polkovnik Z.Həsənov bölmələrin döyüşə hazırlıq səviyyəsini yoxlayıb, düşmənin ön mövqelərini müşahidə edib.

    Düşmənlə təmas xəttindəki vəziyyəti qiymətləndirən nazir Ali Baş Komandanın tapşırıqlarını və qarşıda duran vəzifələri şəxsi heyətə çatdırıb.

    Müdafiə naziri bölmələrin döyüş qabiliyyətini, maddi-texniki təminatını, silah-sursat və hərbi texnika ilə təchizatını, həmçinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.

    Sonda nazir çay süfrəsi arxasında şəxsi heyətlə söhbət aparıb.

  • Qarabağda erməni hərbçi öldü

    Azərbaycanın işğal olunmuş Qarabağ ərazisində erməni hərbçi ölüb.

    “Sputnik Ermənistan” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Qeyd edilir ki, iyulun 23-dən 24-nə keçən gecə Qarabağda qoşunların təmas xəttinin cənub sahələrinin birində 2000-ci il təvəllüdlü Volodya Hamletoviç Qaloyan qeyri-müəyyən şəraitdə odlu silahdan açılan atəş nəticəsində yaralanıb və həyatını itirib.

  • Ermənistanla sərhəddə hərbçimiz yaralandı – Elçin Quliyev hadisə yerində

    Bu gün saat 00:20 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən iriçaplı silahlardan atəş açılmaqla atəşkəs rejimi pozulub.

    Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub.

    Cavab atəşi ilə düşmən susdurulub.

    Bildirilib ki, hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində döyüş növbəsində xidmət aparan əsgər Ceyhun Bayramov yaralanıb. Sərhədçi əsgərə dərhal təxirəsalınmaz tibbi yardım göstərilib və hazırda həyatı üçün təhlükə yoxdur.

    Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerində olub, sərhəd döyüş məntəqəsinin şəxsi heyəti ilə görüşüb, xidməti-döyüş fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.




  • Zakir Həsənov hərbi hissələrdə yoxlamalara başladı – FOTO

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunun hərbi hissələrinin döyüş qabiliyyəti, silah və hərbi texnikasının vəziyyəti, eləcə də onların döyüşə hazırolma səviyyəsi yoxlanılır.

    Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    İyulun 16-da hərbi hissələrdən birində olan Müdafiə Nazirliyinin rəhbərliyi öncə burada ucaldılan ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, onun xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.

    Sonra Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi hissədə şəxsi heyətin döyüş hazırlığı, mənəvi-psixoloji durumunu yoxlayıb, sosial-məişət şəraiti ilə tanış olub və bu istiqamətdə qarşıda duran tapşırıqları bir daha vəzifəli şəxslərə çatdırıb.

    Müdafiə naziri qərargah binası, döyüş texnikaları üçün saxlanclar, silah-sursat anbarı, avtomobil parkı, tibb məntəqəsi, əsgər yataqxanası, yeməkxana, hamam-camaşırxana kompleksi, digər inzibati və xidməti obyektlərə baxış keçirib.

    Eləcə də qoşunların döyüşə hazırolma səviyyəsinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı komandanlığa müvafiq göstərişlər verib.

    Sonda Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birlikdə nahar edib. 
     

     

     

     

     

     

     

     

  • Su-25 hücum təyyarələrimiz raket zərbələri endirdi – VİDEO

    Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) aviabazalarından birində yerləşən Su-25 hücum təyyarələri döyüş atışlı uçuş məşqləri keçirib.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, uçuş heyətinin döyüş hazırlığının artırılması və yüksək səviyyədə saxlanılması məqsədilə planlı uçuşlar gündüz və gecə vaxtı icra olunub.

    Bazalanma aerodromlarından qrup şəklində uçuşlar edən aviasiya vasitələri poliqonlarda işarələnmiş və havadan işıqlandırılan şərti düşmənin yerüstü hədəflərinə müxtəlif kalibrli aviasiya bombaları və raketlərlə hava zərbələri endiriblər.

    Planlı məşqlər zamanı qarşıya qoyulan tapşırıqlar uçuş heyəti tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib və döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib.

  • Zakir Həsənov: “Ordumuz torpaqlarımızı işğaldan azad etməyə hazırdır”

    Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları ilə görüşüb.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Tədbir iştirakçıları əvvəlcə Hərbi Dəniz Qüvvələrinin bazasında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.

    Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən inşa edilən bazada HDQ-nin komanda məntəqəsi, qərargah binası, gəmilərin bazalandırılması üçün bütün infrastruktur və kommunikasiya xətləri çəkilib, həmçinin burada xidmət edən hərbi qulluqçu ailələrinin sosial-məişət şəraitinin təmin olunması üçün lazım olan bütün şərait yaradılıb.

    Gənc liderlərə hərbi gəmilərin təyinatı, taktiki-texniki xassələri, döyüş qabiliyyəti, hərbi dənizçilərin istifadəsində olan silah-sursatlar, xüsusi istehkam avadanlıqları və vasitələri, sualtı axtarış və müdaxilə üçün istifadə edilən robotlar, gəmidə qəza və yanğın zamanı növbəli şəkildə görülən tədbirlər haqqında geniş məlumat verilib. Eyni zamanda qonaqlar şəxsi heyətin xidməti, sosial-məişət şəraiti ilə yaxından tanış olublar. Gəncləri maraqlandıran suallar hərbi qulluqçular tərəfindən cavablandırılıb.

    Sonra tədbir iştirakçıları müasir standartlara cavab verən “N” saylı hərbi hissədə olublar. Burada gənc liderlərə Ordumuzun nümayəndələrinin NATO ilə əməkdaşlığa, beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunması prosesinə verdiyi dəyərli töhfələrdən və sülhməramlı əməliyyatlarda fəal iştirakı barədə məlumat verilib. Qeyd edilib ki, bu gün sülhməramlılarımız Əfqanıstanda NATO-nun həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyası çərçivəsində mühüm vəzifələr yerinə yetirirlər. Şəxsi heyətimizin nümunəvi xidməti və peşəkarlığı NATO komandanlığı tərəfindən daim yüksək qiymətləndirilir.

    Gənc liderlər hərbi hissədə yaradılan xidməti və sosial-məişət şəraiti ilə maraqlanıb və şəxsi heyətlə birgə nahar ediblər.
    Sonra “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçılarının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşü keçirilib.

    Görüşdə Müdafiə naziri Azərbaycan Ordusunda həyata keçirilən islahatlar, qazanılan nailiyyətlər, məişət və xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən quruculuq işlərindən danışaraq bildirib ki, Ordumuz işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən verilən hər bir əmri yerinə yetirməyə hazırdır və qadirdir.

    Gənc liderlər çıxış edərək Vətənimizin daha da qüdrətlənməsi naminə onların qarşısında duran vəzifələrin məsuliyyətini dərindən dərk etdiklərini, bu yolda əllərindən gələni əsirgəməyəcəklərini vurğulayaraq, görüşün yüksək səviyyədə təşkilinə görə Müdafiə nazirinə minnətdarlıqlarını bildiriblər. İştirakçıları maraqlandıran suallar general-polkovnik Z.Həsənov tərəfindən cavablandırılıb.

    Sonda xatirə şəkli çəkdirilib.

  • Naxçıvanda qadın hərbi qulluqçular xidmətə başlayıb – VİDEO

    Naxçıvan Qarnizonunda qadın hərbi qulluqçuların da cəlb edildiyi növbəti kursların uğurla başa çatması münasibəti ilə buraxılış mərasimi keçirilib.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, buraxılış mərasimində Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra çıxış edənlər gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarını bitirən gənclərə xidmətlərində uğurlar arzulayıblar.

    Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıran general-mayor Teymur Eyyubov bildirib ki, Vətənə sədaqətli, peşəkar hərbçi kadrların hazırlanması məqsədilə Naxçıvan Qarnizonunda müxtəlif ixtisas hazırlığı kursları təşkil olunaraq keçirilir. Bu kursları uğurla bitirən məzunlar da öz növbəsində ordu sıralarında şərəflə və məsuliyyətlə xidmət edirlər. İnanırıq ki, sertifikat almaq həyəcanı ilə sırada dayanan məzunlarımız da kurslarda əldə etdikləri nailiyyətlərlə kifayətlənməyəcək, bilik və bacarıqlarını daha da təkmilləşdirərək ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə hər an hazır olacaqlar.

    Təbrik oxunduqdan sonra kursları müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerdə başa vuran məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Bütün məzunlara sertifikatlar təqdim edildikdən sonra nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.
    Xatirə lövhələrinə buraxılış emblemləri vurulub və məzunların tribuna önündən təntənəli keçidi olub.

    Sonda məzunlarla xatirə şəkli çəkdirilib.//report.az