Category: Ordu

  • Azərbaycan müdafiə xərclərini artırır

    2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş müdafiə xərclərinin 150 milyon manat, yaxud 4,9 faiz artırılaraq 3 037,618 milyon manatdan 3 187,618 milyon manata çatdırılması nəzərdə tutulur.

    Bu məsələ “2019-cu il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

    Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə və onun bir neçə komitəsinə müzakirəyə göndərilib.

    Layihəsi parlamentin 28 iyun tarixli plenar iclasında müzakirə olunacaq.

  • Qarabağda mərmi partladı: erməni xəstəxanalıq oldu

    Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində avia mərminin partlaması nəticəsində 34 yaşlı Ararat Sarkisyan yaralanıb.

    “Sputnik Armeniya”nın məlumatına görə, o, üzüm bağında işləyərkən mərmi partlayıb və ağır xəsarət alıb.

    Yaralı xəstəxanaya yerləşdirilib.

    Hadisənin detalları barədə məlumat verilmir.

  • Azərbaycan və Fransa birgə zirehli texnika istehsal edəcək

    Azərbaycan və Fransa birgə zirehli texnika istehsal edəcək.

    Müdafiə Sənayesi Nazirliyinin məlumatına əsasən, bu fikir Azərbaycanı Fransa Kosmik Sənaye Assosiasiyasının himayədarlığı ilə Parisdə keçirilən “Paris Air Show-2019” sərgisində təmsil edən nazir müşaviri Fərrux Vəzirovun tədbir çərçivəsində “Nexter” şirkətinin rəhbərliyi ilə görüşündə səsləndirilib.

    Görüşdə müxtəlif növ müdafiə təyinatlı məhsulların, o cümlədən, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində mövcud olan istehsal sahələrində təkərli zirehli texnikanın birgə istehsalı, robot texnikası sahəsində dəniz və hava platformaları üzərində müxtəlif növ silahların istehsalı və inteqrasiyası da daxil olmaqla əməkdaşlığın yaradılmasına dair danışıqlar aparılıb.

    Tərəflər arasında bu layihələrin həyata keçirilməsi üzrə yol xəritəsi müəyyən edilib. Görüşdə “Nexter” şirkətinin ekspertlərinin iyulda Azərbaycana nəzərdə tutulan səfərləri çərçivəsində danışıqların davam etdirilməsinə dair razılıq əldə edilib.

    “Thales” şirkətinin rəhbərliyi ilə görüşdə isə Azərbaycanda və qonşu ölkələrdə bu şirkətin məhsullarına texniki xidmətin göstərilməsi və təmiri üzrə birgə regional servis mərkəzinin yaradılmasına dair məsələlər müzakirə edilib. Eyni zamanda, müxtəlif növ aşkaretmə və radiolokasiya sistemlərinin birgə istehsalının yaradılması istiqamətində danışıqlar aparılıb. Müzakirə edilən birgə layihələrin həyata keçirilməsi üçün növbəti addımların atılmasına dair razılıq əldə edilib.

    Səfər çərçivəsində İtaliyanın “Leonardo” şikətinin nümayəndələri ilə də görüş olub. Görüşdə iyunun əvvəlində şirkət rəhbərliyi ilə Müdafiə Sənayesi Nazirliyində birgə layihələrlə bağlı aparılan danışıqlar davam etdirilib.

    Bunlarla yanaşı, Avropada aviasiya sahəsində ən böyük transmilli şirkət olan “Airbus” ilə də danışıqlar aparılıb və aerokosmik sahədə layihələrin icra edilməsi ilə bağlı razılıq əldə edilib. Növbəti mərhələlərdə danışıqların hər iki tərəfin ekspertlərinin iştirakı ilə Azərbaycanda aparılmasına dair razılıq əldə olunub.

    Sərgi çərçivəsində Fransa Müdafiə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Thomas Lorne ilə görüş olub. Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın yaradılması istiqamətində danışıqlar aparılıb.

    Görüşlərdə Fərrux Vəzirovu Fransanın Azərbaycandakı hərbi attaşesi, polkovnik-leytenant Danny Pith müşayiət edib.

    “Paris Air Show-2019” sərgisi işini iyunun 23-dək davam etdirəcək.

  • Azərbaycan Ermənistan ordusunun təlimlərini nəzarətə götürdü, görüntü yaydı – VİDEO

    İşğal edilmiş Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin iyunun 17-də başladığı “geniş miqyaslı” hərbi təlimlər Ordumuzun ön xətt bölmələri tərəfindən xüsusi müşahidə vasitələri və cihazları ilə ciddi izlənilir və tam nəzarətdə saxlanılır.

    Bununla bağlı Müdafiə Nazirliyinin məlumatında deyilir.

    Məlumatda bildirilir ki, dəfələrlə olduğu kimi, qarşı tərəf bu dəfə də cüzi sayda şəxsi heyət və texnikanı cəlb etməklə keçirdiyi məşğələni “geniş miqyaslı” təlim kimi təqdim etməyə çalışır:

    “Düşmən tərəfinin təlimlərə guya 10 min şəxsi heyət və çoxlu sayda döyüş texnikası cəlb etməsi barədə yaydığı məlumatın tam əksinə olaraq təqdim edilən videodan da görünür ki, ermənilər həmişə olduğu kimi yenə də özünəməxsus saxtakarlıq etməklə öz ictimaiyyətini aldadırlar”.

  • Qar uçqununda ölən əsgərin şəhid statusu bərpa edildi

    Şəki Apellyasiya Məhkəməsində Alməmmədov Vəfadar Əlövsət oğlunun şəhid statusunun bərpası ilə bağlı şikayətə baxılıb.

    Bu barədə oxu.az-a açıqlamasında vəkil İlkin Mustafa məlumat verib.

    O deyib ki, hakim Mübariz Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şəhid statusunun ləğv edilməsi barədə çıxarılan akt etibarsız hesab edilib. Bununla da V.Alməmmədovun şəhid statusu qaytarılıb.

    Qeyd edək ki, V.Alməmmədov 2000-ci il dekabrın 24-də Daşkəsən rayonunda yerləşən hərbi hissədə döyüş tapşırığını yerinə yetirərkən qar uçqununa düşüb və donaraq ölüb. Bundan sonra ona şəhid statusu verilib. Ailəsi qanunvericilikdə nəzərdə tutulmuş maddi ödəmələri də alıb. Lakin 7 ildən sonra Hərbi Komissarlığın 28 iyun 2007-ci il tarixli məktublarına əsasən şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün təyin edilməsi ilə bağlı araşdırmalar aparılarkən mərhuma verilmiş şəhid statusu ləğv edilib.

    Məsələyə aydınlıq gətirmək üçün müvafiq inzibati orqanlara yazılı müraciətlər edilsə də, bunun nəticəsi olmayıb. Daha sonra şəhid statusunun bərpa edilməsi üçün şəhidin anası Alməmmədova Gülöyşə Feyzulla qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edib. Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə iddia tələbi rədd edilib.

    Daha sonra birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilib. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarı ilə şikayət təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. Bundan sonra kassasiya şikayəti verilib və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 12 fevral 2019-cu il qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilib və iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilib.

    Kollegiya hesab edib ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmayıb, eləcə də məhkəmələr tərəfindən iddiaçıya zəruri hüquqi yardım göstərilməyib.

  • Zakir Həsənov: Ordumuzun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın etdi

    Azərbaycan Ordusunda aparılan islahatlar uğurla davam edir. Azərbaycan Ordusu inkişaf edir. Bununla bağlı, sübutlar var.

    Report-un xəbərinə görə, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov keçirdiyi mətbuat konfransında deyib.

    Nazir bildirib ki, Azərbaycan Ordusuna müasir silahlar alınır və bununla bağlı ictimaiyyət məlumatlandırılır. Müdafiə naziri vurğulayıb ki, ötən il Azərbaycan Ordusunun paradında nümayiş olunan hərbi texnikaların 90 faizi yeni və müasir olub.

    Z.Həsənov bildirib ki, 2016-ci ilin aprel döyüşlərində Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın edib.

    Nazir qeyd edib ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin təkmilləşdirilməsi istiqamətində də işlər aparılır, texniki məsələlər həll olunur:

    “Azərbaycan Ordusunun balansında olan hərbi təyyarələr təkmilləşdirilir və onlar döyüş tapşırıqlarını icra etməyə qadirdir. Helikopter meydançaları yenilənib və onlar müasir silahlarla təchiz edilib. Ordumuzun helikopterləri uzaq məsafədən hədəfləri vurmağa qadirdir”.

  • Nazir poliqonda tank mərmisinin evə düşməsindən danışdı

    Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Gəncədə “Seyfəli” poliqonunda tank mərmisinin yaşayış evinə düşməsi məsələsinə aydınlıq gətirib.

    Trend-in məlumatına görə, iyunun 18-də Müdafiə naziri, general-polkovnik Z.Həsənov keçirdiyi mətbuat konfransında deyib ki, “Seyfəli” sovet dövründən qalan bir poliqondur:

    “Bu poliqonda 70 ildir təlimlər keçirilir və heç vaxt belə bir hadisə baş verməyib. Tank mərmisi təlim zamanı qayaya dəyib və 18 km uçaraq evə dəyib. Mənim göstərişimlə həmin təlimlər dayanıb. Komissiya məsələni araşdırır, vətəndaşa dəyən ziyan ödəniləcək. Xoşbəxtlikdən bu, döyüş mərmisi olmayıb, yoxsa faciə baş verərdi”.

    Z.Həsənov əlavə edib ki, komissiyanın araşdırmasından sonra həmin poliqonda təlimlərin davam etdirilməsi ilə bağlı qərar veriləcək.

  • Zakir Həsənov: Ordumuzun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın etdi

    Azərbaycan Ordusunda aparılan islahatlar uğurla davam edir. Azərbaycan Ordusu inkişaf edir. Bununla bağlı, sübutlar var.

    Median.Az-ın report-a istinadən xəbərinə görə, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov keçirdiyi mətbuat konfransında deyib.

    Nazir bildirib ki, Azərbaycan Ordusuna müasir silahlar alınır və bununla bağlı ictimaiyyət məlumatlandırılır. Müdafiə naziri vurğulayıb ki, ötən il Azərbaycan Ordusunun paradında nümayiş olunan hərbi texnikaların 90 faizi yeni və müasir olub.

    Z.Həsənov bildirib ki, 2016-ci ilin aprel döyüşlərində Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın edib.

    Nazir qeyd edib ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin təkmilləşdirilməsi istiqamətində də işlər aparılır, texniki məsələlər həll olunur:

    “Azərbaycan Ordusunun balansında olan hərbi təyyarələr təkmilləşdirilir və onlar döyüş tapşırıqlarını icra etməyə qadirdir. Helikopter meydançaları yenilənib və onlar müasir silahlarla təchiz edilib. Ordumuzun helikopterləri uzaq məsafədən hədəfləri vurmağa qadirdir”.

  • Zakir Həsənovdan vəzifəli şəxslərə – TAPŞIRIQ

    İyunun 15-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı, eləcə də, videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

    Ümummilli lider Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Müdafiə naziri 15 iyun – Azərbaycan Xalqının Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ulu Öndərin çoxşaxəli fəaliyyətindən və ölkəmiz üçün göstərdiyi misilsiz xidmətlərindən danışıb.

    Nazir çıxışında xüsusi qeyd edib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bildirdiyi kimi ölkəmizin güclü hərbi potensialı və Azərbaycan Ordusunun döyüş qabiliyyəti ərazi bütövlüyümüzün təmin edilməsində əsas amillərdən biridir.

    Müdafiə naziri qoşunların təmas xəttindəki hazırkı vəziyyəti, ötən ay ərzində görülən işləri, xüsusilə Bakı və Naxçıvanda keçirilən təlimlərin nəticələrini təhlil edərək bildirib ki, ordumuzun döyüş qabiliyyəti, mənəvi-psixoloji vəziyyəti və təminatı yüksək səviyyədədir və bu istiqamətdə planlaşdırılan bütün tədbirlər tam həcmdə yerinə yetirilib.

    General-polkovnik Z.Həsənov snayperlərin fəaliyyəti, müdafiənin dayanıqlılığı, maskalanmanın effektiv təşkili, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi və düşmən təxribatlarının ehtimal olunduğu istiqamətlərdə onun qarşısının xüsusi qurğu və vasitələrin tətbiqi ilə dərhal və adekvat tədbirlər görməklə alınması ilə bağlı vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyub.

    Havanın hərarətinin yüksəlməsi ilə əlaqədar şəxsi heyət arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə Müdafiə naziri hərbi hissə və birləşmələrdə xüsusi rejimin tətbiq olunmasını da komandir və rəis heyətinə çatdırıb.

  • Azərbaycan Ordusunun kimyəvi kəşfiyyatı – VİDEO

    Kimya Qoşunlarının hərbi hissəsində hücum əməliyyatında taborun fəaliyyəti mövzusunda taktiki-xüsusi təlim keçirilib.

    Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin əsas məqsədi kimya təminatı bölmələrinin uzlaşmış fəaliyyətini, eləcə də tapşırıqların icrası zamanı şəxsi heyətin praktiki vərdiş və bacarıqlarını, həmçinin mənəvi-psixoloji dözümlüyünü artırmaqdan ibarət olub.

    Təlim zamanı bölmələr kimyəvi kəşfiyyatı yerinə yetirməklə zəhərləyici maddələrin növünü, zəhərli ərazinin sərhədlərini təyin edib və digər tapşırıqları icra ediblər.

    Keçirilən taktiki-xüsusi təlim zamanı şəxsi heyət yüksək döyüş qabiliyyəti nümayiş etdirib.