Category: Ordu

  • Silahlı Qüvvələrin Yardım Fonduna 100 milyon 742 min manat, 213 min dollar, 16 min avro toplanıb

    Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb.

    Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, bu il iyulun 1-dək fonda 100.742.334,19 AZN, 213.577,88 ABŞ dolları, 16936,0 avro və 5000,0 rubl vəsait daxil olub.

    Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.

    Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

  • Həydər Əliyevin əsgərliyi bitdi, tərxis olundu – FOTOLAR

    Xəbər verdiyimiz kimi, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib.

    Tərxis olunan əsgərlər arasında Prezident İlham Əliyevin oğlu Heydər Əliyev də var.

    DTX rəisi Əli Nağıyev tərxis olunan əsgərlərlə görüşüb.

    Mərasimdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iştirak edib.



















  • Ermənistanla sərhəddə yeni hərbi hissə – FOTO

    Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin xidməti ərazisində yeni hərbi hissə kompleksi istifadəyə verilib.

    Xidmətin məlumatına əsasən, 5 hektar ərazidə yerləşən hərbi hissədə 14,6 min kv.m sahədə inşaat işləri aparılıb, xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılıb.

    Yeni hərbi hissədə qərargah və idarəetmə bölmələri üçün binalar kompleksi, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların kazarma binaları, hərbi qulluqçular və ailə üzvləri üçün 84 xidməti mənzil, tibb məntəqəsi, texniki təyinatlı binalar, su anbarı inşa olunub.

    Açılışda çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin DSX tərəfindən mühafizəyə götürülməsinin dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsi istiqamətində mühüm addım olduğunu bildirib, Azərbaycan sərhədçilərinin işğalda olan torpaqlarımızın azad olunmasına ciddi töhfə verməyə hər an hazır olduğunu vurğulayıb.







  • Hərbçilərimiz Belarusdakı hərbi parada qatılacaqlar

    Azərbaycan Ordusunun bayraqdarlar heyəti iyulun 3-də keçiriləcək Belarusun Müstəqillik Gününə həsr olunmuş hərbi paradda iştirak etmək üçün Minsk şəhərindədir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilir ki, hərbi qulluqçularımız artıq digər ölkələrin parad heyətləri ilə birlikdə hazırlıq məşqlərinə başlayıblar.

    Qeyd edək ki, hərbi paradda Azərbaycan Ordusunun bayraqdarlar heyəti ilə yanaşı, Belarus, Rusiya və Çin Xalq Respublikasının parad heyətləri də iştirak edəcəklər.

  • Əfqanıstandakı hərbçilərimizin bir qrupu Vətənə qayıtdı – VİDEO

    NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

    Bu barədə Müdafiə Naziriyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

    Qeyd edək ki, 12 iyunda ordumuzun bir qrup sülhməramlısı Əfqanıstana yola salınmışdı.

    Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

  • Azərbaycan Silahlı Qüvvələri – 101 İL

    Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 101 il ötür.

    Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da Azərbaycanda ilk hərbi hissə – əlahiddə korpus yaranıb. Bunun ardınca orduya çağırış haqqında fərman verilib.

    Həmin il avqustun 1-də Hərbi Nazirlik təsis edilib və Xosrov bəy Sultanov hərbi nazir təyin olunub. 1918-ci il dekabrın 25-də isə peşəkar hərbçi, Çar ordusunda şərəfli yol keçmiş general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini, Həbib bəy Səlimov isə Baş Qərargah rəisi təyin ediliblər.

    Qısa müddətdə 30 minlik ordu formalaşdırılıb. Milli Ordu Osmanlı imperiyasının Qafqaz İslam Ordusu ilə birlikdə 1918-ci il sentyabrın 15-də Bakını erməni-bolşevik işğalından azad edib və sentyabrın 17-də Azərbaycan milli hökuməti Gəncədən Bakıya köçüb.

    Bütün bu nailiyyətlər orduya rəhbərlik edən yüksək rütbəli zabitlər – İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov və digərlərinin əməyi sayəsində əldə olunub.

    Azərbaycan 1920-ci ilin aprelində bolşevik Rusiyası tərəfindən işğal edildikdən və Xalq Cümhuriyyətinin süqutundan sonra bolşevik hökuməti Milli Ordunu ləğv edib. Ordunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnib, komandirlərin böyük hissəsi repressiyaya məruz qalıb və öldürülüb.

    Azərbaycan 71 ildən sonra dövlət müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi yaradılıb və general-leytenant Valeh Bərşadlı nazir təyin olunub. Həmin il oktyabrın 9-da Azərbaycan Ali Soveti “Silahlı Qüvvələrin yaradılması haqqında” qanun qəbul edib. Bu səbəbdən 1998-ci ilədək məhz 9 oktyabr tarixi Azərbaycan Ordusunun yaranma günü kimi qeyd edilib.

    Müstəqillikdən sonra Azərbaycanda ilk hərbi parad 1992-ci il oktyabrın 9-da Bakının Azadlıq meydanında keçirilib.

    Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə AXC hökumətinin ilk hərbi hissəni təsis etdiyi gün – 26 iyun hər il Azərbaycan Silahlı Qüvvələr günü kimi qeyd olunur.

    2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da dördüncü və 2018-ci il iyunun 26-da Silahlı Qüvvələrin yaranmasının 100 illiyi münasibətilə beşinci hərbi parad keçirilib.

    Azərbaycan Ordusu öz gücünü, qüdrətini 2016-cı ilin aprel döyüşlərində, 2018-ci ilin may ayında Naxçıvan Muxtar Respublikasının Şərur rayonu istiqamətində bir daha sübut etdi. Bu gün Azərbaycan bayrağı Talış zirvəsində, Lələtəpədə, Naxçıvanın Günnüt, Qızılqaya yüksəkliklərində əzəmətlə dalğalanır. Strateji əhəmiyyət daşıyan bu yüksəkliklərin geri qaytarılması sübut edir ki, Azərbaycan öz tarixi torpaqlarını mütləq geri qaytaracaq, ölkəmizin ərazi bütövlüyü təmin ediləcək, dövlət bayrağımız Şuşa, Xankəndi, Laçın və işğal altında olan digər torpaqlarımızda da vüqarla dalğalanacaq.

  • Zakir Həsənov hərbçilərə general rütbəsi təqdim etdi – VİDEO

    Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamına əsasən Müdafiə Nazirliyinin ali hərbi rütbələr verilən hərbi qulluqçuları ilə görüşüb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Müdafiə naziri hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib.

    Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdıran Müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

    Qeyd edək ki, müvafiq sərəncama əsasən, iki hərbçiyə “general-leytenant”, səkkiz hərbçiyə isə “general-mayor” hərbi rütbələri verilib.

  • Azərbaycan-Türkiyə birgə təlimlərindən yeni – VİDEO

    Müdafiə Nazirliyi “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi ilə bağlı videoçarx yayıb.

    Xatırladaq ki, 7-11 iyun tarixlərində Naxçıvanda Azərbaycanla Türkiyə arasında “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimi keçirilib.

    Təlimə 5000 nəfərədək şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri cəlb olunub.

  • Ordumuzun cəbhə bölgəsində döyüş atışları – FOTO/VİDEO

    Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən, cəbhə bölgəsində yerləşən hərbi birlikdə döyüş atışlı təlim məşqləri keçirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ssenariyə uyğun olaraq təlimlərə cəlb olunan motoatıcı, artilleriya, tank bölmələri, o cümlədən, aviasiya vasitələri müxtəlif tapşırıqları, eləcə də, şərti düşmən hədəflərinə döyüş atışlarını icra ediblər.










  • MN şöbə müdiri: Şəhidimizə verdiyimiz qiymət erməniləri şoka saldı

    Aprel döyüşlərində Ermənistan ordusunda vəziyyətin acınacaqlı olduğuna bir daha şahid olduq.

    Bunu Azərbaycan Müdafiə Nazirliyinin (MN) şöbə müdiri Rauf Dəmirov deyib.

    R.Dəmirov Aprel döyüşlərində düşmənin biabırçı vəziyyətdə olduğunu göstərən bir halla qarşılaşdıqlarını bildirib:

    “Aprel döyüşlərində həlak olan erməni əsgərlərini qarşı tərəfə təhvil verəndə gördük ki, onlar cəsədləri sürüyə-sürüyə aparırlar. Biz bu hadisədən şoka düşdük. Çünki bu əsgərlər Ermənistan tərəfdən döyüşürdü. Amma bizim pilotlarımızın olduğu təyyarə vurulanda cəsədləri qarşı tərəfdən alarkən hərbi təzim edib, çiyin bərabərinə qaldırıb sıra addımı ilə avtomobilə qədər apardıq. Bu isə ermənilərdə böyük şok yaratdı. Bu, şəhidimizə verdiyimiz qiymət idi”.

    Nazirlik rəsmisi qeyd edib ki, Ermənistan tərəfi ölkədə olan xaosu ört-basdır etmək üçün cəbhə xəttində təxribatlar törədir:

    “Son zamanlar atəşkəs tez-tez pozulur. Azərbaycan Ordusu onlara layiqli cavab verir. Onlar başa düşürlər ki, Azərbaycan Ordusu istər silah baxımından, istərsə də şəxsi heyətin mənəvi-psixoloji hazırlığı baxımından erməni ordusundan qat-qat yüksəkdir”.
    /oxu.az/