Category: Ordu

  • Ermənilər Azərbaycan kəndlərini atəşə tutdular

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Acarlı, Mərzili, Füzuli rayonunun Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

  • İki hərbi qulluqçumuz qar uçqununa düşüb

    Azərbaycan Ordusunun iki hərbi qulluqçusu – gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.

    Median.Az bildirir ki, Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda hərbi qulluqçuların tapılması üçün ixtisaslı xilasedicilərin iştirakı və xüsusi texnikanın cəlb edilməsi ilə axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.

  • Azərbaycan ordusu üçün 100 milyon manata yaxın pul toplanıb

    Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin həcmi açıqlanıb.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cari il martın 1-dək fonda 97 milyon 647 min 955,09 manat, 213 min 577,88 ABŞ dolları, 15 min 736 avro və 5 min rubl vəsait daxil olub.

    Qeyd edək ki, Silahlı Qüvvələrin Yardım Fondu Azərbaycan Respublikası prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli fərmanı ilə yaradılıb.

  • Hərbi Hava Qüvvələri bölmələrinin döyüş atışlı təlimləri keçirilib – VİDEO

    Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücumundan Müdafiə (HHM) hissə və bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilib.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlər zamanı həyəcan siqnalı ilə qaldırılan bölmələr şərti düşmənin hava zərbələrinin dəf edilməsi, verilən tapşırığa əsasən, qərar qəbuletmə prosesinə uyğun qərargahların fəaliyyətləri məşq etdirilib.

    Təlimlərdə HHM bölmələri döyüş atışları icra ediblər.

  • Naxçıvanda yerləşən hərbi texnikanın sayı yoxlanılıb – FOTO

    Danimarka Krallığının rəhbərlik etdiyi, tərkibində ABŞ, Almaniya, Böyük Britaniya və Çexiyadan nümayəndələrin də olduğu, 9 nəfərdən ibarət beynəlxalq inspeksiya qrupu tərəfindən Əlahiddə Ümumqoşun Orduda “Elan olunmuş yer”in inspeksiyası və qiymətləndirməsi aparılıb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    “Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə”, “Təhlükəsizlik və Etimad Quruculuğu Tədbirlərinə dair Vyana Sənədi” çərçivəsində döyüş tanklarının, zirehli döyüş maşınlarının, çapı 100 mm-dən yuxarı olan artilleriya qurğu və sistemlərinin, döyüş təyyarələrinin və zərbə helikopterlərinin sayı yoxlanılıb, əsgər yataqxanalarına, tibb məntəqələrinə və hərbi hissələrin ərazisindəki digər binalara baxış olub.

    İnspeksiyanın sonunda beynəlxalq inspeksiya qrupunun və hərbi hissələrin nümayəndələrinə xatirə hədiyyələri təqdim edilib.

    Səfər çərçivəsində qonaqlar muxtar respublikanın tarixi abidələrində, görməli yerlərində və Duzdağ Fizioterapiya Mərkəzində olublar.







  • Beynəlxalq “Qış təlimi – 2019” davam edir – FOTO/VİDEO

    Türkiyə Respublikasının Qars şəhərində keçirilən beynəlxalq “Qış təlimi-2019”da hərbi qulluqçularımızın iştirakı davam edir.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin ssenarisinə əsasən, qarlı və şaxtalı havada təyyarə, eləcə də helikopterlərdən endirilən taktiki hava desantı qrupları ən çətin tapşırıqları praktiki yerinə yetirirlər.

    Təlimdə iştirak edən digər ölkələrin bölmələri ilə qarşılıqlı əlaqədə döyüş atışlarını icra edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları çoxmillətli qış təlimində ölkəmizi layiqincə təmsil edirlər.




  • Qarabağda erməni əsgəri öldü

    Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində Ermənistan ordusunun 19 yaşlı əsgəri ölüb.

    News.am-ın məlumatına görə, hadisə dünən axşam saatlarında baş verib.

    Əsgər kəskin qaraciyər çatışmazlığı diaqnozu ilə xəstəxanaya çatdırılıb.

    2000-ci il təvəllüdlü Frunzik Valeryeviç Tamazyanın Ağdərə hospitalına çatdırılan zaman ürəyi dayanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Hərbçilərimiz beynəlxalq “Qış təlimi – 2019”da iştirak edirlər – VİDEO – FOTO

    Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyədə keçirilən beynəlxalq “Qış təlimi – 2019” təlimində iştirak edirlər.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin ssenarisinə əsasən hərbçilərimiz sərt iqlim və çətin relyef şəraitində keçirilən antiterror əməliyyatları zamanı döyüş, eləcə də dağlıq ərazilərdə qar uçqununa düşmüş yaralıların aşkar edilərək təxliyyəsi elementlərini məşq edirlər.

    Türkiyənin Qars şəhərində keçirilən məşqlərlə yanaşı Kayseri şəhərində paraşütçü komandolarımız da ən çətin tapşırıqları praktiki yerinə yetirirlər.//milli.az

  • Zakir Həsənov ordu rəhbərliyini topladı

    Fevralın 9-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

    Müdafiə Nazirliyinin yaydığı məlumata görə, müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

    Müşavirədə çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğu ilə bağlı qoyduğu tapşırıqlar, o cümlədən torpaqlarımızın işğaldan azad edilməsi ilə əlaqədar səsləndirdiyi tövsiyə və tələblərin gündəlik fəaliyyətdə əks etdirilməsini tapşırıb.

    Ali Baş Komandanın tapşırığına əsasən 2019-cu ildə də Azərbaycan Ordusunda, xüsusilə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətin davam etdiriləcəyini bildirən general-polkovnik Z.Həsənov bu sahədə yerinə yetirilən işlərin müasir tələblərə uyğun aparılması ilə əlaqədar cavabdeh vəzifəli şəxslərə müvafiq göstərişlər verib.

    Müşavirənin yekununda Müdafiə naziri bütün səviyyələrdən olan komandir və rəis heyətinə düşmənin hər bir təxribatına adekvat cavab vermələri və onun fəaliyyətinin qarşısının qətiyyətlə alınması barədə əmr və tələblərini çatdırıb.


  • DTX-nin gənc əsgərləri and içib – FOTO

    Əvvəlcə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev və təntənəli tədbirin iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad ediblər, abidəsi önünə gül dəstələri qoyublar.

    Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, döyüş bayrağı sıra meydanına gətirildi. Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Dövlət himni səsləndirilib.

    Sonra gənc əsgərlər təntənəli surətdə hərbi and içiblər.

    Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adından andiçmə münasibətilə hərbi hissənin şəxsi heyətini və valideynləri təbrik edən general-polkovnik Mədət Quliyev, zabit və əsgərlərə Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli xidmətlərində uğurlar arzulayıb.

    Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuları və gənc əsgərlər hərbi marşın sədaları altında tribuna önündən keçiblər. Ulu Öndərin abidəsi önündə xatirə şəkli çəkdirilib.

    Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev əsgər valideynləri ilə görüşərək, onları bu əlamətdar gün münasibətilə bir daha təbrik edib. Valideynlər hərbi xidmət üçün yaradılan yüksək şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək, övladlarına Vətənin müdafiəsində daim ayıq-sayıq dayanmağı və dövlətə sədaqətlə xidmət etməyi tövsiyə ediblər.
    General-polkovnik Mədət Quliyev hərbi hissədə xidmətin nümunəvi və səmərəli təşkili, o cümlədən hərbi-texniki və döyüş sahəsində müasir nailiyyətlərin nəticələrinin mənimsənilməsi, ümumən əsgərlərin bilik və vərdişlərinin, fiziki hazırlıqlarının daha da yüksəldilməsi istiqamətində görülən işlərlə tanış oldu, tövsiyə və tapşırıqlarını verib.

    Qeyd edək ki, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə görülən tədbirlər respublikanın müdafiə qabiliyyətini durmadan möhkəmləndirir, Silahlı Qüvvələrin hərbi və hərbi-texniki potensialını gücləndirir. Təsadüfi deyil ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Bütün bunlar dövlət səviyyəsində ordu quruculuğu üzrə aparılan məqsədyönlü siyasətin nəticəsidir.

    Ölkəmizdə gənclər arasında hərbi-vətənpərvərlik ruhu da çox yüksəkdir. Müasir Azərbaycan Ordusunda xidmətləri ilə fəxr edən gənclərimiz Vətən uğrunda canlarından belə keçməyə hazırdırlar.