Category: Ordu

  • Müdafiə naziri ön xətdə: əsgərlərlə çay içdi – FOTO/VİDEO

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərə rəhbərlik edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətt bölmələrində olublar.

    Bu barədə Müdafiə Nazirliyi məlumat verib.

    Müdafiə nazirinə əməliyyat şəraitinin vəziyyəti barədə məruzə edilib. General-polkovnik Z.Həsənov üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və bölmələrin daim döyüşə hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə müvafiq tapşırıqlar verib.

    Bölmələrdəki şəraitlə tanış olan Müdafiə naziri şəxsi heyət üçün yeni inşa edilən əsgər yataqxanası, silah otağı, ideoloji otaq, yeməkxana, məişət otağı, hamam, əşya anbarı, eləcə də digər xidməti obyektlərdən ibarət olan yaşayış kompleksinin açılışında iştirak edib.

    Görülən işlərlə maraqlanan general-polkovnik Z.Həsənov hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin dövlətimizin diqqət və qayğısı sayəsində daim davam etdirildiyini xüsusi vurğulayıb.

    Müdafiə naziri xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandırıb və şəxsi heyətlə çay süfrəsi arxasında söhbət aparıb.

    Sonra nazir cəbhəboyu zonada yerləşən kəndlərdən birində yerli sakinlərlə görüşərək əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaşayış məntəqələrimizin müdafiəsi barədə söhbət edib.

















  • Erməni hərbçi öldü

    Ermənistan silahlı qüvvələrinin 19 yaşlı hərbi qulluqçusu ölüb.

    Bu haqda Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovanisyan öz “Facebook” hesabında yazıb.

    Ölən hərbçinin siravi feldşer – 2000-ci il təvəllüdlü Hamlet Avaqyan olduğu deyilir.

    Ölüm səbəbi açıqlanmır. Hərbçinin şimal-şərq sərhədində yerləşən hərbi hissədə xidmət etdiyi bildirilir.

  • Azərbaycan döyüş aviasiyasını səmaya qaldırdı – VİDEO

    Genişmiqyaslı təlimlərin planına əsasən təlimlərdə iştirak edən döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Döyüşə hazır vəziyyətə gətirilən təyyarə və helikopterlər ehtiyat aerodromları və meydançalarına çıxarılıb.

    Hava hücumundan müdafiə vasitələrinin ərazidə yerləşdirilməsi sona çatdırılıb.

  • Azərbaycan 24 ölkə ilə hərbi təlimlərə qatılacaq

    Azərbaycan NATO-Gürcüstan birgə hərbi təlimlərinə qatılacaq.

    “Haberler”in yaydığı məlumata görə, 24 ölkənin iştirakı ilə baş tutacaq təlimlər 18-29 mart tarixlərində baş tutacaq.

    Gürcüstan Müdafiə Nazirliyinin yaydığı açıqlamada paytaxt Tbilisi yaxınlığında Krtsanisi Hərbi Bazasında yerləşən NATO-Gürcüstan Təlim Mərkəzində (JTEC) NATO-Gürcüstan təlim və manevrlərinin icra olunacağı bildirilib.

    Təlimin rəsmi açılışı martın 18-də Gürcüstan Müdafiə Nazirliyində olacaq.

    Təlimlərdə Azərbaycan, Gürcüstan, Türkiyə, Albaniya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Fransa, Yunanıstan, İngiltərə, Macarıstan, Latviya, Litva, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, ABŞ, İsveç və Almaniya iştirak edəcək.

    Təlimin məqsədi NATO və İttifaq ölkələrinin silahlı qüvvələrinin komanda bacarıqlarının inkişaf etdirilməsi, mülki və hərbi iş birliyidir.

    Təlimlərə Beynəlxalq Qızıl Xaç Komitəsi, Birləşmiş Millətlər Sülh Hərəkatları Dairəsi (DPKO) Dünya Sağlamlıq Təşkilatı (WHO) müşahidəçi olaraq qatılacaq.

  • Raket bölmələri təlimdə – FOTO/VİDEO

    Müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Keçirilən genişmiqyaslı təlimin niyyətinə uyğun olaraq Əməliyyat-taktiki raket bölmələri daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edərək təyin edilmiş marşrutlarla marş keçiriblər.

    Start mövqelərini tutan bölmələr planlı və plandan kənar şərti düşmən hədəflərinə raket zərbələrinin endirilməsi üzrə döyüş şəraitinə maksimal şərtlərdə tapşırıqları icra edir.




  • Təlimlərdə iştirak edən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır – VİDEO

    Genişmiqyaslı təlimlərin planına əsasən, həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq, gizli və operativ şəkildə həyata keçirilir.

    Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.//report.az

  • Azərbaycan ordusundan BÖYÜK TƏLİM (VİDEO)

    Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilir.

    Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən genişmiqyaslı təlimlər martın 11-dən 15-dək davam edəcək.

    Təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

    Təlimlərdə qoşunlar hücum əməliyyatının hazırlanması, şərti düşmənə bir neçə istiqamətdə zərbə vurulması, onun müdafiəsinin yarılması və qruplaşmalarının darmadağın edilməsi, eləcə də düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərə raket-artilleriya zərbələrinin endirilməsi tapşırıqlarını yerinə yetirilir.

    Eyni zamanda təlim mərkəzləri və ümumqoşun poliqonlarında müasir silah sistemləri və vasitələrinin tətbiqi ilə döyüş atışları, o cümlədən raket buraxılışları praktiki icra olunur.

  • Təmas xəttində monitorinq keçiriləcək

    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 12-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Martin Şuster keçirəcəklər.

    Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Gennadi Petrika keçirəcəklər.

  • Tabor komandirlərinin hazırlıq səviyyəsi yoxlanılıb – VİDEO

    Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunun qoşun növ və qismlərində, birlik və birləşmələrində tabor komandirlərinin hazırlıq səviyyəsi yoxlanılıb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi tərəfindən təlim mərkəzlərində, poliqonlarda keçirilən yoxlamalar zamanı zabitlərin fərdi keyfiyyətləri, müasir ümumqoşun döyüşünün idarə edilməsi üzrə təcrübələri, praktiki vərdişləri, taborun silahlanmasında olan silah və hərbi texnikanın döyüş tətbiqi qaydaları, o cümlədən, istismarı üzrə bilikləri də qiymətləndirilib.

    Zabitlərin nəzəri biliklərinin təyin edilməsi məqsədilə rəhbər sənədlərin öyrənilməsi üzrə testlər keçirilib, atış, taktiki-xüsusi və fiziki hazırlıq, eləcə də döyüş maşınlarının idarə olunması üzrə məqbullar qəbul edilib.

  • Azərbaycan ordusu genişmiqyaslı təlimlər keçirəcək

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 11-dən 15-dək Müdafiə nazirinin rəhbərliyi altında genişmiqyaslı təlimlər keçiriləcək.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.

    Təlimlərdə qoşunlar hücum əməliyyatının hazırlanması, şərti düşmənə bir neçə istiqamətdə zərbə vurulması, onun müdafiəsinin yarılması və qruplaşmalarının darmadağın edilməsi, eləcə də düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərə raket-artilleriya zərbələrinin endirilməsi tapşırıqlarını yerinə yetirəcək.

    Eyni zamanda təlim mərkəzləri və ümumqoşun poliqonlarında müasir silah sistemləri və vasitələrinin tətbiqi ilə döyüş atışları, o cümlədən raket buraxılışları praktiki icra olunacaq