Category: Ordu

  • Azərbaycan ordusunda təlim başladı – FOTO

    Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimdə əsas məqsəd komandirlərin və qərargah zabitlərinin döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitdə mövcud qüvvələrdən və ehtiyatlardan praktiki istifadə etməsidir.

    Təlimə cəlb olunan heyət simulyasiya sistemləri vasitəsilə döyüş fəaliyyətləri zamanı bölmələrin fasiləsiz, bacarıqla və qətiyyətlə idarə edilməsi vərdişlərini, bilik və bacarıqlarını təkmilləşdirir.//oxu.az

  • Zakir Həsənov: Azərbaycan ordusu tam döyüş qabiliyyətlidir

    Azərbaycan ordusu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

    Bu sözləri müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Ordusu gənclərinin ümumrespublika toplantısında çıxışı zamanı deyib.

    Z.Həsənov bildirib ki, Azərbaycan ordusunun potensialının artırılmasının əsasında dövlətimizin və onun rəhbərliyinin göstərdiyi diqqət və qayğı dayanır:

    “Hərbi büdcəmiz ildən-ilə artır, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”.

    Müdafiə naziri qeyd edib ki, ölkəmizin son illərdə dinamik iqtisadi inkişafı və nəticə etibarilə ordumuzun güclənməsi ölkə başçısının fəaliyyətinin nəticəsidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.

    “Azərbaycan ordusunun hazırkı vəziyyətinə gəlincə, o tam döyüş qabiliyyətlidir. İstənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır. Orduda aparılan islahatlar onun əməliyyat, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə yeni şərait yaradıb. Ən əsası odur ki, ordunun döyüş qabiliyyətini təyin edən mütəxəssislərin 70 faizi gənclərdir”, – deyə nazir vurğulayıb.

  • Azərbaycanın bölgələrində yeni hərbi obyektlər tikilir – Video

    Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına əsasən, hərbi hissələrdə şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
    Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizimyol.info-ya verilən məlumata görə, cəbhəboyu zonada olan nazirliyin rəhbər heyəti yeni inşa edilməkdə olan bir neçə hərbi obyektlərdə icra edilən tikinti işlərinin vəziyyətini yoxlayıb.

    Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi obyektlərdə aparılan tikintinin gedişatı ilə maraqlanıb, işlərin vaxtında və keyfiyyətlə yekunlaşdırılması ilə bağlı cavabdeh vəzifəli şəxslərə müvafiq göstərişlər verib.

  • Ordu üçün toplanan vəsaitin məbləği açıqlanıb

    Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 1 fevral 2019-ci il tarixədək fonda 96.919.429,86 AZN, 213.577,88 ABŞ dolları, 15.436,0 avro və 5000,0 rubl vəsait daxil olub.

    Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə yaradılıb.

  • Silahlı Qüvvələr üçün ehtiyat zabitlərin hazırlanması qaydaları dəyişib

    Nazirlər Kabineti “Mülki ali təhsil müəssisələri tələbələrinin ehtiyat zabitləri proqramı üzrə hərbi hazırlığı haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.

    Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

    Sənədə əsasən, “Mülki ali təhsil müəssisələri tələbələrinin ehtiyat zabitləri proqramı üzrə hərbi hazırlığı haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 fevral tarixli qərarının 1-ci hissəsi (Mülki ali təhsil müəssisələri tələbələrinin ehtiyat zabitləri proqramı üzrə hərbi hazırlığı Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün ehtiyat zabitlərinin hazırlanması məqsədi ilə keçirilir) ləğv edilib.

  • Zakir Həsənov cəbhəboyu zonada — Yeni yaşayış komplekslərinin açılışını etdi + VİDEO

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.
    Bu barədə “Ölkə.Az”a Müdafiə Nazirliyindən məlumat verilib.

    Müdafiə Nazirliyinin rəhbər heyəti HHQ-nin cəbhəboyu zonada yerləşən hərbi hissələrinin ərazisində yeni inşa edilmiş yaşayış komplekslərinin açılışında iştirak edib, burada hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olublar.

    Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ərazidəki əsgər yataqxanalarında, yeməkxanalarda, sinif otaqlarında, tibb məntəqələrində, mətbəxlərdə, qazanxanlarda, anbarlarda, eləcə də digər xidməti və inzibati obyektlərdə olaraq görülən işlərin keyfiyyəti ilə tanış olub.
    Müdafiə naziri hərbi hissələrin silahlanmasında olan döyüş texnikasına baxış keçirib və komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

  • Sülhməramlılarımız Əfqanıstana yola düşdü – FOTO

    NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

    Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

    Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, iki hərbi həkimi və altı qərargah zabiti olmaqla, Əfqanıstandakı missiyada iştirak edir.

  • Azərbaycan ordusunun bölüklərində bu vəzifə bərpa olunub

    Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2019-cu il üçün təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin, qoşun qismlərinin və əlahiddə bölmə komandirlərinin şəxsi heyətlə iş üzrə müavinlərinin və psixoloqların iştirakı ilə üçgünlük təlim-metodiki toplanışı keçirilib.

    Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

    Tədbirdə çıxış edən müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Orduda islahatların davam etdirildiyini vurğulayaraq bildirib ki, son illərdə bu istiqamətdə aparılan uğurlu işlərdən biri də bölüklərdə və əlahiddə bölmələrdə şəxsi heyətlə iş üzrə müavin vəzifələrinin bərpa olunmasıdır.

    O, bu addım şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması, hərbi intizamın möhkəmləndirilməsi, asudə vaxtın səmərəli təşkili və mədəni-kütləvi tədbirlərin keçirilməsi istiqamətində qısa müddətdə müsbət nəticə verdiyini xüsusi olaraq qeyd edib.

    Nazir müavini şəxsi heyətlə iş üzrə bölmələrin Müdafiə Nazirliyi strukturunda mühüm xidmət sahələrindən biri olduğunu bildirərək ordu rəhbərliyi tərəfindən bu məsələyə ciddi diqqət yetirildiyini, eyni zamanda Ali Baş Komandanın və müdafiə nazirinin vəzifəli şəxslər qarşısında qoyduğu mühüm tapşırıqları iştirakçıların nəzərinə çatdırıb.

    Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Rasim Əliyev 2018-ci tədris ili ərzində hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji hazırlıq, hərbi intizamın yüksəldilməsi və digər sahələrdə görülmüş işlər və 2019-cu tədris ilində bu istiqamətdə qarşıda duran vəzifələr barədə ətraflı məruzə ilə çıxış edib.

    Tədbirdə deputat Aydın Mirzəzadə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Məlahət Muradova, Mədəniyyət Nazirliyinin Mədəniyyatşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitənin sədr müavini Səyavuş Heydərov, “Aspera” Psixoloji Yardım Mərkəzinin əməkdaşı Rafiq Allahverdiyev, “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzinin nümayəndəsi Əli Nağıyev, eləcə də Müdafiə Nazirliyinin müxtəlif idarə və hərbi hissələrin zabitləri çıxış edərək ordunun döyüş qabiliyyətinə müsbət təsir edən bir çox mövzular ətrafında fikir və mülahizələrini bölüşüblər.

    Toplanışın yekununda 2018-ci tədris ili ərzində xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənmiş şəxsi heyətin mükafatlandırılması haqqında əmr oxunub və bu il mənəvi-psixoloji hazırlığın təşkili istiqamətində müvafiq tapşırıqlar verilib.

  • Azərbaycanla Türkiyə birgə hərbi təyinatlı rabitə vasitələri istehsal edəcək

    Türkiyədə səfərdə olan Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti bu ölkənin müdafiə sənayesi üzrə aparıcı şirkətlərindən olan “Aselsan”ı ziyarət edib.

    Median.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin “Aselsan” şirkətinin rəhbərliyi ilə görüşü təşkil olunub.

    Görüşdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələri ilə “Aselsan” şirkəti arasında icra olunmuş layihələrin əhəmiyyətindən danışılıb və yeni layihələrin icrasının önəmliliyi vurğulanıb. Eyni zamanda, uzun müddətdi müzakirəsi aparılan müxtəlif növ rabitə vasitələrinin birgə istehsalının təşkilini nəzərdə tutan layihə üzrə qarşılıqlı razılıq əldə edilib.

    Sonda Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyi ilə “Aselsan” şirkəti arasında rabitə vasitələrinin birgə istehsalına dair müqavilə imzalanıb.

  • Cəbhədə baş verənlərlə bağlı RƏSMİ MƏLUMAT

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara, Qızılhacılı, Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.