Category: Ordu

  • Zakir Həsənov işğaldan azad edilmiş ərazilərdə qışa hazırlıqla bağlı göstərişlər verib – VİDEO

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərimizdə dislokasiya olunan hərbi hissələrin şəxsi heyətinin təchizat, təminat və sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müvafiq obyektlərin tikintisi davam etdirilir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Müdafiə Nazirliyinin rəhbərliyi Kəlbəcər və Laçın rayonları ərazisində yeni inşa edilmiş və əsaslı təmirdən çıxmış anbarlara baxış keçirib.

    Əvvəlcə Müdafiə nazirinə buradakı inzibati və texniki ərazilərdə mövcud tikililər və inkişaf planı haqqında məlumat verilib.

    Bildirilib ki, quru ərzaq məhsullarının və əşya əmlakının saxlanılması üçün tələb olunan qurğu və sistemlərlə təchiz edilmiş bir neçə anbar istifadəyə verilib.

    Bundan başqa müdafiə nazirinə işğaldan azad edilmiş ərazilərimizdə ərzaq və əşya əmlakı anbarlarının tikintisinin davam etdirilməsi barədə məruzə edilib.

    Nazir Azərbaycan ordusunun şəxsi heyətinin ilboyu təzə və yüksək kalorili qida ilə təmin olunması, hərbi hissələrin ərzaq təminatına nəzarətin gücləndirilməsi, ərzaq məhsullarının daha keyfiyyətli saxlanılması və hərbi qulluqçuların sosial-məişət şəraitinin daima yaxşılaşdırılması, eləcə də qışa hazırlıq işinin vaxtında yekunlaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.

  • Müdafiə naziri Kəlbəcər və Laçında – VİDEO

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan ordusunun şəxsi heyətinin sağlamlığının qorunması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi hissələrdə müasir standartlara cavab verən tibbi infrastrukturun yaradılması istiqamətində müvafiq fəaliyyətlər həyata keçirilir.

    Müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər rayonu ərazisində əsaslı təmir edilmiş hərbi hospitala baxış keçirib.

    Əraziyə baxış zamanı müdafiə nazirinə məruzə edilib ki, müasir tibbi avadanlıqlarla təchiz olunan hospitalda hərbi qulluqçuların müalicəsi üçün hər cür şərait yaradılıb. Qeyd olunub ki, hərbi hospitalda cərrahi-əməliyyat bloku, qəbul-diaqnostika, terapiya, cərrahiyyə, infeksion xəstəliklər, tibbi-təchizat, laboratoriya, anesteziologiya və intensiv terapiya bölmələri, həmçinin yeməkxana zalı, rentgen və stomatoloji kabinetlər mövcuddur.

    Sonra nazir Laçın rayonu ərazisində yerləşən müasir avadanlıqlarla təchiz edilmiş hərbi tibb məntəqəsinə gələrək burada yaradılan şəraitlə tanış olub.

    Sonda nazir tibb xidmətinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verib.

  • Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

    Avqustun 6-sı saat 12:45-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikası Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Azərbaycan ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

    Cavab atəşi ilə qarşı tərəf susdurulub.

    Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

  • Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutuldu

    Avqustun 5-i saat 23:00-da və 23:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Sədərək rayonunun Heydərabad, Kəlbəcər rayonunun İstisu yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

    Cavab atəşi ilə qarşı tərəf susdurulub.

    Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

  • Müdafiə naziri Kəlbəcərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşüb – VİDEO

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Kəlbəcər rayonunda olan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyətinin hərbi hissələrə səfəri davam edir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri ilə üzbəüz mövqelərdə 3 000 metr yüksəklikdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən qarşı tərəfin mövqelərini izləyib.

    Nazirə məruzə olunub ki, postda döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılmasını təmin etmək məqsədilə bütün lazımı şərait yaradılıb.

    Müdafiə naziri burada hərbi qulluqçular üçün yaradılan şəraiti yüksək qiymətləndirərək məmnunluğunu ifadə edib.

    Görüşdə hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə danışılıb və bu işlərin bundan sonra da davam etdiriləcəyi diqqətə çatdırılıb.

    Nazir döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

  • Müdafiə naziri Zakir Həsənov Kəlbəcərdə – VİDEO

    Müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər rayonu ərazisində inşası davam etdirilən təlim poliqonuna baxış keçirib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumat verilib ki, təlim poliqonu çətin və yüksək dağlıq şəraitində yerləşən hərbi hissələrin şəxsi heyətinin peşəkar hazırlığının yüksəldilməsi məqsədilə hazırlanır. Qoşunların hazırlıq planına əsasən poliqonda ixtisaslı təlimatçılar tərəfindən döyüş şəraitinə tam uyğunlaşdırılmış, relyefin tələblərinə cavab verən təlim məşqləri həyata keçiriləcək.

    Müxtəlif çaplı silahlardan təlim atəş çalışmalarının yerinə yetirilməsi və zirehli texnikanın təlim-məşq tapşırıqlarının icra olunması üçün inşa edilən poliqonda görülən işlərlə maraqlanan nazir müvafiq tapşırıqlar verib.

  • Zabit: “Hərbi Dəniz Qüvvələri Azərbaycanın su məkanının daimi müdafiəsinə cavabdehdir”

    “Hərbi Dəniz Qüvvələri Xəzər dənizində Azərbaycanın daimi müdafiəsinə cavabdehdir. Bu və ya digər təhdid, hücum, təhlükə yarandıqda onun qarşısını alır. Həmçinin hərbi donanmamız Xəzər dənizi ərazisindən keçən kəmərin təhlükəsizliyinə də nəzarət edir”.

    Bu fikirləri “Report”a açıqlamasında Hərbi Dəniz Qüvvələrinin zabiti Kamil Məmmədov 5 avqust – Hərbi Donanma Günü ilə bağlı danışarkən bildirib.

    O, Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətlərdən də danışıb: “Hərbi Dəniz Qüvvələrinin Vətən müharibəsində uğurla iştirak edən hərbi qulluqçuları hazırda öz xidməti vəzifələrinin icrasını davam etdirirlər”.

    K.Məmmədov deyib ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunları Hərbi Dəniz Qüvvələrində vəzifələrə təyin olunur: “Məzunlar dərhal hərbi donanmada xidmətə başlayırlar: Hərbi dəniz fakültəsində təhsil alanların sayı tələbata uyğun olduğundan onların müvafiq vəzifələrə təyin edilməsi prosesində çətinlik çəkmirik. Onlar 4 il təhsil aldıqdan sonra Hərbi Dəniz Qüvvələrinin tərkibində zabit kimi xidmətlərini davam edirlər”.

    Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı fərmana əsasən hər il avqustun 5-i Azərbaycanda Hərbi Donanma Günü kimi qeyd olunur.

  • Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutuldu

    Avqustun 4-ü saat 14:50-dən 00:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Şorca, Əzizli, Şişqaya və Qaraiman, Çəmbərək rayonunun Ardanış yaşayış məntəqələrində yerləşən mövqelərindən Sədərək rayonunun Heydərabad, Gədəbəy rayonunun Novoivanovka və Qalakənd, Kəlbəcər rayonunun İstisu və Yellicə, Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

    Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

  • MN: Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub

    Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 4-ü saat 14:50-də Basarkeçər rayonunun Əzizli kəndi ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

    Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

  • Müdafiə naziri azad olunmuş ərazilərdəki bir neçə yeni hərbi hissədə olub

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə tikinti-quruculuq işləri davam etdirilir.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov azad olunmuş ərazilərdə yerləşən yeni inşa edilmiş və əsaslı təmirdən çıxmış bir neçə hərbi hissədə olub.

    Nazir şəxsi heyətin döyüş hazırlığının səviyyəsini yoxlayıb, döyüş qabiliyyətinin artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

    Müdafiə nazirinə məruzə olunub ki, komplekslər hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz olunub. Hərbi hissələrdə silah otağı, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı və ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur.

    Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən Müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu qiymətli hədiyyələrlə təltif edib.

    Nazir azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin şəxsi heyətinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib.

    Sonda general-polkovnik Z.Həsənov şəxsi heyətlə birgə nahar edib.