Category: Ordu

  • Erməni quldurları sülhməramlıların nəzarətindəki ərazidən mövqelərimizi atəşə tutdu – RƏSMİ

    Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 12-si saat 21:26-da Gorus rayonunun Xəzinəvar yaşayış məntəqəsində yerləşən mövqelərindən Laçın rayonunun Qarıqışlaq yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, avqustun 13-ü saat 02:30-dan etibarən isə Azərbaycan Ordusunun Füzuli rayonunun Yuxarı Veysəlli, Xocalı rayonunun Sığnaq yaşayış məntəqələri və Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu istiqamətlərə atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb.

    Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

    Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

  • Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutuldu

    Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 11-i saat 22:20-dən etibarən 12-si saat 00:05-dək Çəmbərək rayonunun Çəmbərək, Ttucur, eləcə də Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Gədəbəy rayonunun Zamanlı, Qaravəllər, o cümlədən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

    Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

  • MN: “Rusiya sülhməramlıları Azərbaycan ərazilərində erməni hərbçilərin yerləşdirilməsinə son qoymalıdır”

    10 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti, Rusiya Federasiyası Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılması təmin olunmayıb.

    Bu barədə Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilib.

    Bildirilib ki, son günlər ərzində Ermənistanın üçtərəfli bəyanatı kobud şəkildə pozaraq, öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması halları müşahidə olunur.

    Azərbaycan ordusu tərəfindən adekvat tədbirlər görülür və bu kimi hallara imkan verilmir.

    Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsi üçün bu kimi təxribatlara əl atır.

    Bütün bunlar Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanın Ermənistan ordusuna bütün vasitələrdən istifadə edərək güc tətbiq etmək barədə verdiyi məsuliyyətsiz və təhrikçi əmrinin fonunda baş verir. Xatırlatmaq istərdik ki, Ermənistanın sabiq müdafiə naziri David Tonayan da “yeni müharibələr, yeni ərazilər” adlandırdığı təxribatçı hərbi doktrina ilə çıxış etmişdi. Onun rüsvayçı aqibəti hər kəsə məlumdur.

    Azərbaycan ordusu tərəfindən bütün adekvat tədbirlərin görülməsi təmin olunacaqdır.

    Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır.

  • Ermənistanın təcavüzü nəticəsində kənd təsərrüfatına dəymiş zərərlə bağlı kompensasiya ödənilməsinə başlanılıb

    “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində kənd təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasına başlanılıb.

    Sərəncama əsasən, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində kənd təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması üçün 1,4 milyon manat vəsait ayrılıb.

    Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qeyd olunan dövrdə Ermənistanın hərbi təcavüzü nəticəsində kənd təsərrüfatı fəaliyyətinə zərər dəymiş 980 nəfərin siyahısı müəyyənləşib. Zərərin predmeti kimi iri və xırdabuynuzlu heyvan, at, ev quşu, ot bağlaması, texnika, arı yeşiyi, qazılmış səngərlərə görə əkin sahələrinə dəymiş ziyan əsas götürülüb.

    Siyahıya əsasən, hərbi təcavüz nəticəsində Bərdə rayonunda 9, Ağcabədidə 55, Füzulidə 23, Goranboy/Naftalanda 22, Ağdamda 268, Cəbrayılda 1, Gəncədə 1, Tərtərdə 601 fermerin əkin sahələrinə, kənd təsərrüfatı texnikasına, kənd təsərrüfatı məhsullarına, heyvanlarına zərər dəydiyi təsdiqlənib.

    Zərərçəkmiş fermerlərin adlarına bank kartları açılıb, ayrılmış vəsait kartlara köçürülüb. Kənd təsərrüfatı fəaliyyəti ilə əlaqədar Ermənistanın hərbi təcavüzü nəticəsində zərər çəkən fermerlər bu gündən etibarən yaşadıqları ərazi üzrə “Kapitalbank” filiallarından bank kartlarını ala və köçürülmüş vəsaiti bankomatlarda nağdlaşdıra bilərlər.

    Zərərin ödənilməsi ilə bağlı əlavə məlumat almaq istəyən vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə müraciət etməsi xahiş olunur.

  • Erməni silahlı qüvvələri Kəlbəcərdəki mövqelərimizi atəşə tutub – RƏSMİ

    Avqustun 11-i saat 01:05-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonu Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

    Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

    Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

  • Naxçıvan istiqamətində mövqelərimiz Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub – RƏSMİ

    Avqustun 10-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

    Qarşı tərəf cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

  • Azərbaycanın hərbi qulluqçusu həlak oldu (RƏSMİ)

    Avqustun 9-u səhər saatlarında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə baş verib.

    Müdafiə Nazirliyindən bildiriblər ki, hadisə zamanı leytenant Babayev İlqar Rüfət oğlu həlak olub.

    Hadisənin səbəbləri araşdırılır.

    Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

  • Zakir Həsənovun Laçın və Kəlbəcər səfəri: Hərbi hissələrin əhəmiyyəti

    İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi hissələrin istifadəyə verilməsi Azərbaycanın strateji və hərbi üstünlüyünü artırır, bu amilləri dayanıqlı edir.

    Müdafiə naziri general-polkovnik Zakir Həsənov bir neçə gün ərzində Laçın və Kəlbəcərdə açılan yeni hərbi hissələrdə olub.

    Bu, Zakir Həsənovun avqustun 2-də Mərkəzi Komanda Məntəqəsində keçirdiyi xidməti müşavirə fonunda diqqət çəkir.

    Nazir həmin müşavirədə Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində baş verən hadisələrin təhlilinə diqqət çəkmişdi.

    Müdafiə naziri Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribata hazır olmağı və onların qarşısının dərhal alınmasını əmr etmişdi.

    Qeyd edək ki, bundan əvvəl Cəbrayılda, Zəngilanda, Qubadlıda Dövlət Sərhəd Xidmətinin hərbi hissələri fəaliyyətə başlayıb.

    Azərbaycan paralel olaraq Ağdam, Xocavənd, Xocalı ərazilərində Müdafiə Nazirliyinə məxsus hərbi hissələr açıb.

    Hərbi hissələrin çoxluğu Qarabağ ərazisində olan erməni hərbi birləşmələrinin hər hansı hərbi hərəkətliliyinə barmaq yeri qoymur.

    Azərbaycanın indi Laçında və Kəlbəcərdə hərbi hissələr yaratması həm də dövlət sərhədinin möhkəmlənməsinə xidmət edir, Dövlət Sərhəd Xidmətinin hərbi hissələri ilə birgə fəaliyyətin koordinasiyasını gücləndirir.

    Bu isə Ermənistan tərəfindən mümkün sərhəd təxribatlarına qarşı preventiv addımların tərkib hissəsidir.

    Zakir Həsənov Laçın və Kəlbəcərdə tikilməkdə olan hərbi hissələrə də baş çəkib, demək ki, bu rayonlar üzrə hərbi obyektlərin çoxluğu ordunun qarşısında duran prioritetdir.

    Laçın və Kəlbəcərdə tank bölmələrinə üstünlük verilməsi də diqqət çəkir. Tank bölmələri döyüşdə mühüm çəkiyə malikdir, tanklar quru döyüşlərində əsas hücum silahı olaraq önə çıxır.

    Ermənistanla dövlət sərhədi təşkil edən işğaldan azad edilmiş ərazilərdə hərbi hissələrin çoxluğu delimitasiya və demarkasiya prosesində Azərbaycanın əlini gücləndirən faktordur.

  • Ermənistan Naxçıvan və Kəlbəcər istiqamətində atəşkəsi pozub

    Avqustun 6-sı saat 19:05, 23:30 və 23:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Zağalı və Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad, Kəlbəcər rayonunun İstisu və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

    Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

  • Azərbaycan ordusunda andiçmə mərasimləri keçiriləcək

    Müdafiə nazirinin tapşırığına əsasən, avqustun 8-də Azərbaycan ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcək.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Mərasimlər Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayacaq. Sonra gənc əsgərlər təntənəli surətdə Vətənə sədaqət andı qəbul edəcəklər.

    Yekunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçəcək.

    Xüsusi karantin rejimi qaydalarının tələbləri nəzərə alınmaqla andiçmə mərasiminin, eləcə də gənc əsgərlərin sosial məişət şəraitinin işıqlandırılması, hərbi qulluqçulardan müsahibələrin alınması və ilk dəfə olaraq gənc əsgərlərin ailələri ilə (onlayn formatda) videogörüntülü əlaqə qurmaları üçün şərait yaradılacaq.