Category: Ordu

  • Müdafiə Nazirliyi Azərbaycanın sərhəddə PUA istifadə etməsi iddialarına aydınlıq gətirdi

    Azərbaycan ordusuna məxsus pilotsuz uçuş aparatının guya Ermənistan ərazisinə keçməsinin qarşısının alınması barədə yayılan məlumat qarşı tərəfin növbəti yalanıdır və dezinformasiya xarakteri daşıyır.

    Müdafiə Nazirliyindən bildirilib ki, həmin istiqamətdə pilotsuz uçuş aparatları havaya qaldırılmayıb və istifadə olunmayıb. Belə məlumatlar yaymaqla Ermənistan tərəfi mövqelərimizi atəşə tutmaq kimi təxribatlarını ört-basdır etməyə və ictimaiyyəti aldatmağa çalışır.

    Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

  • İnsanı ölümdən qurtaran üsul. Hamı öyrənməlidir!

    Boğazda hər hansı yad cisim (qida, sümük, meyvə tumu və s.) qaldıqda nəfəs yolları qismən bağlana bilər.

    Bu zaman insan çətinliklə də olsa nəfəs ala və danışa bilir. Belə vəziyyətdə orqanizmin müdafiə mexanizmi olan öskürək köməyə gəlir – insan öskürür və yad cisim əksər hallarda xaric olur. Lakin bəzən yad cisim nəfəs yollarını tam bağlaya bilər ki, bu zaman insan nə nəfəs ala, nə danışa, nə də öskürə bilir, boğulur, göyərir. Bu çox təhlükəli vəziyyətdir ki, insan dəqiqələr ərzində həyatını itirə bilər.

    Böyük adamın boğazında yad cisim qaldıqda adətən ilk yardım məqsədi ilə Heymlix üsulundan istifadə olunur. Bu üsulun müəllifi məşhur Amerika həkimi cərrah Henri Heymlixdir.

    1974-cü ildən istifadə olunan bu üsul yalnız ABŞ-da 50 mindən artıq insan həyatını xilas edib.

    Heymlix üsulu necə həyata keçirilir?

    Zərərçəkəni arxadan qucaqlayıb əlinizin birini yumruq şəklində sıxın və digər əlinizlə yumruğunuzu tutun. Yumruğunuzu göbəyindən bir qədər yuxarıda olmaqla döş sümüyü qurtaran yerdə yerləşdirin.

    Dirsəklərinizi önə verərək, hərəkət istiqaməti dərinə və yuxarı olmaqla cəld hərəkətlərlə yumruğunuzla zərərçəkənin qarnına sıxın.

    Zərərçəkənin qarnına təzyiq edilməsini yad cisim tənəffüs yolundan çıxana qədər, həkim gələnə qədər və ya zərərçəkən huşunu itirənə qədər davam etdirmək lazımdır.

    Əksər hallarda Heymlix üsulu effektli olur və yad cisim boğazdan çıxır.

    Saglamolun.az

  • Daha 6 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

    Qarabağdakı döyüşlər zamanı ölən daha 6 erməni hərbçinin cəsədi tapılıb.

    Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

    Cəsədlərdən 3-ü Füzulidə, 3-ü Xocavənddə həyata keçirilən axtarış əməliyyatı zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

    Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 629-a çatıb.

  • Füzulidə 4 erməni hərbçinin meyiti aşkarlanıb

    Azərbaycanın Füzuli rayonu ərazisində Ermənistan ordusunun 4 hərbçisinin meyiti tapılıb.

    Məlumatı “Aysor” yayıb.

    Onların kimliyi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən ediləcək.

    Məlumata görə, Azərbaycanın işaldan azad edilən ərazilərindən 2020-ci il noyabrın 10-dan sonra 1 623 nəfərin meyiti aşkarlanaraq Ermənistana təxliyə edilib.

    Xatırladaq ki, meyiti tapılan hərbçilər İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan Ordusu tərəfindən məhv ediliblər.

  • Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub – RƏSMİ

    Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Aslanov Şamil Mais oğlu ilkin ehtimala görə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatdı

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il iyunun 17-də imzaladığı sərəncama uyğun olaraq həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb.

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən sərəncamın icrası təmin edilib və iyul ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb.

    Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması istiqamətində vətəndaşların sağlamlığının qorunmasına yönələn preventiv və təxirəsalınmaz tədbirlər çərçivəsində müddətli həqiqi hərbi xidmətə çağırışın mütəşəkkil keçirilməsi və mümkün risklərin minimallaşdırılması məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən zəruri addımlar atılıb. Müddətli həqiqi hərbi xidmət keçmək üçün xidmət yerlərinə təyin edilmiş çağırışçılar pandemiya dövründə tələb olunan qaydalara uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tapşırıq və tövsiyələrinə, TƏBİB-in müvafiq təlimatlarına ciddi riayət edilərək xidmət yerlərinə təhvil veriliblər.

    Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə yola salınıblar.

  • MN: Azərbaycan Ordusuna məxsus iki pilotsuz uçuş aparatının vurulması məlumatı yalandır

    Azərbaycan Ordusuna məxsus iki ədəd pilotsuz uçuş aparatının guya Basarkeçər üzərində vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat yalandır.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bu qarşı tərəfin növbəti dezinformasiyasıdır.

  • Türkiyədə müalicə alan qazi vəfat etdi

    Türkiyədə müalicə alan qazimiz vəfat edib.

    Bir müddət əvvəl Ankara şəhərinə müalicə üçün gedən Vətən Müharibəsi qazisi, baş leytenant Cahangirli Habil Nəzər oğlu müalicə aldığı Hacəttəpə xəstəxanasında vəfat edib.

    Qeyd edək ki, Baş leytenant Cahangirli Habil Nəzər oğlu Prezident İlham Əliyev sərəncamı ilə “Füzulinin azad edilməsinə görə” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif olunub.

  • Azərbaycan ordusu Kəlbəcər istiqamətində atəşkəsə riayət edir – RƏSMİ

    Ermənistan tərəfinin guya atəşkəsin tərəfimizdən pozulması haqqında yaydığı məlumat həqiqəti əks etdirmir.

    Bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

    Qeyd edilib ki, Azərbaycan ordusu Kəlbəcər istiqamətində iki ölkənin dövlət sərhədində atəşkəsə riayət edir.

  • Ermənistan atəşkəsi pozdu: Kəlbəcər istiqamətindəki mövqelərimiz atəşə tutuldu

    Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, iyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub. Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb.

    Qarşı tərəf cavab atəşi ilə susdurulub.

    Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.