Category: Sağlamlıq

  • İsti döşəmə əslində zərərli imiş

    Xüsusilə qış aylarında insanların köməyinə çatan isti döşəmələrlə bağlı müzakirələr davam edir. Onların faydaları ilə yanaşı, zərərləri də hər zaman müzakirə mövzusu olub.

    Bəs, həqiqətən isti döşəmələr zərərlidirmi?
    Median.Az isti döşəmələrlə bağlı maraqlı faktları təqdim edir.

    İsti döşəmələr həddindən artıq qızdırıldıqda, keyfiyyətsiz döşəmə materialı seçildikdə və fasiləsiz işlədildikdə problemə çevrilə bilər və müəyyən fəsadlara səbəb ola bilər.

    Bu cür hallara xüsusilə evində varikoz xəstəsi olanlar və azyaşlı uşaqları olan ailələr diqqət yetirməlidirlər. Döşəmələrin temperaturu daim nəzarətdə saxlanmalı və normada tənzimlənməlidir.

    İsti döşəmələr üçün tövsiyə olunan normal temperatur isə 26-29 dərəcə hesab olunur.

  • Soyuq duş: sağlamlığa faydaları və riskləri

    Mövsümdən asılı olmayaraq bəzi insanlar soyuq duş qəbul etməyə üstünlük verirlər.
     
    Bu vərdiş düzgün və mütəmadi şəkildə tətbiq edildikdə həm fiziki, həm də zehni sağlamlığa müəyyən faydalar verə bilər.

    Soyuq su ilə duş almaq qan dövranını sürətləndirir və immun sisteminin möhkəmlənməsinə kömək edir. Xüsusilə idmandan sonra qəbul edilən soyuq duş əzələ ağrılarının azalmasında təsirli hesab olunur.

    Soyuq suyun dəri və saç sağlamlığına da müsbət təsiri var. Dəriyə tonus verir, saç köklərini möhkəmləndirir və saçların daha sağlam görünməsinə şərait yaradır. Eyni zamanda, soyuq duşun ağrıkəsici təsir göstərdiyi də bildirilir.

    Bununla belə, soyuq duş orqanizmdə ani fiziki şok və stres yarada bilər. Xüsusilə ürək-damar problemləri olan şəxslərin bu vərdişi tətbiq etməzdən əvvəl diqqətli olmaları tövsiyə olunur.

    Qeyd edək ki, soyuq duş mütəmadi qəbul edildikdə orqanizmdə “indurasiya” adlanan uyğunlaşma prosesi başlayır. Bu proses nəticəsində bədən soyuğa daha davamlı olur və stresə reaksiyalar zamanla azalır.
    //sfera.az

  • Bu şəxslərə çuğundur YEMƏK OLMAZ

    Mütəxəssislər bildirirlər ki, çuğundur böyrək daşı xəstəliyi və hipotoniya (aşağı təzyiq) zamanı yemək üçün uyğun deyil.

    Median.Az xəbər verir ki, böyrək daşı xəstələrində çuğundurdakı oksalatlar daş əmələ gəlməsini stimullaşdırır, aşağı təzyiqi olanlarda isə təzyiqi daha da aşağı sala bilər.
     
    Çuğundur həmçinin mədə-bağırsaq xəstəlikləri, şəkərli diabet və allergiyası olan insanlar tərəfindən məhdud miqdarda qəbul edilməlidir.
     
    Vitamin ehtiyatını doldurmaq üçün faydalı və ucuz məhsullar arasında dəniz kələmi və paxlalılar da tövsiyə olunur. Məsələn, dəniz kələmi gündəlik yod ehtiyacının böyük hissəsini qarşılayır və maqnezium, dəmir, kalium, A, E, K və B qrup vitaminləri ilə zəngindir. Paxlalılar isə bitki mənşəli zülal və lif mənbəyi hesab olunur./baku.ws

  • Azərbaycan səhiyyə xərclərini 30%-dən çox azaldıb

    2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən səhiyyəyə 1 275,3 milyon manat xərclənib.

    “Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, bu, 2024-cü illə müqayisədə 552,2 milyon manat və yaxud 30,2 % azdır.

    Hesabat dövründə səhiyyə xərcləri faktiki xərclərin 3,3 %-ni təşkil edib.

  • Sağlam uzunömürlülük üçün üç əsas amili açıqlandı

    Sağlam uzunömürlülüyün əsasını fiziki aktivlik, müntəzəm tibbi müayinələr və göstəricilərə nəzarət, eləcə də ailə dəstəyi formalaşdırır.

    Bu barədə gazeta.ru-ya Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Piroqov Universitetinin Rusiya geriatrik elmi-klinik mərkəzinin direktoru, professor Olqa Nikolayevna Tkaçova məlumat verib.

    Birinci amil müntəzəm fiziki aktivlikdir. Tkaçovanın sözlərinə görə, hərəkət insan üçün bir öhdəlik deyil, zövq mənbəyinə çevrilməlidir:

    “Fiziki aktivliyi elə sevmək lazımdır ki, müntəzəm məşqlərə daxili ehtiyac yaransın. Çünki bədəni və ruhu möhkəmləndirən sağlam həyat tərzi yalnız o halda mümkündür ki, insana məmnunluq və sevinc bəxş etsin”.

    İkinci amil profilaktik tibbi müayinələr və sağlamlıq göstəricilərinə nəzarətdir. Müntəzəm çek-aplar problemləri erkən mərhələdə aşkar etməyə və orqanizmin sürətlənmiş köhnəlməsinin qarşısını almağa imkan verir. Sağlamlığa şüurlu və diqqətli yanaşma yaşla bağlı xəstəliklərin riskini azaldır.

    Mütəxəssis vurğulayıb ki, arterial təzyiqin, qlükoza və xolesterin səviyyələrinin nəzarətdə saxlanılması aktiv uzunömürlülük üçün vacibdir. Araşdırmalar göstərir ki, məhz bu göstəricilərin sabitliyi yaşlı dövrdə həyat keyfiyyəti ilə sıx bağlıdır.

    Üçüncü amil kimi ailə vəziyyəti göstərilir. Sosial dəstək və sabit şəxsi münasibətlər sağlamlığa və qocalma prosesinə nəzərəçarpacaq dərəcədə təsir edir.

    “Müşahidələr göstərir ki, ailəli insanlar orta hesabla özlərini daha yaxşı hiss edir və daha uzun yaşayırlar”, deyə gerontoloq fikrini yekunlaşdırıb.
    //qaynar.az

  • Süni intellekt haqqında 5 ən böyük yanlış fikir

    Süni intellekt bəziləri üçün qorxulu bir gələcək ssenarisi, digərləri üçün isə heyranlıq doğuran texnoloji inqilab kimi görünür.

    Tərtibatçıların demək olar hər gün yeni imkanlar elan etdiyi bu sürətli inkişaf texnologiya ilə bağlı həm valehedici, həm də çaşdırıcı miflərin yaranmasına zəmin yaradıb. Halbuki süni intellektdən daha səmərəli istifadə etmək və əsassız qorxulardan uzaq durmaq üçün bu rəqəmsal şəhər əfsanələrini anlamaq böyük əhəmiyyət daşıyır. Süni intellektin əslində nə olduğu və daha önəmlisi, nə olmadığı barədə düzgün təsəvvür formalaşdırmaq gələcəyə daha real baxış imkanı yaradır.

    Bu yazıda süni intellekt haqqında geniş yayılmış və doğru kimi qəbul edilən 5 böyük yanlış fikirə nəzər salınırıq.

    İnsana bənzər düşüncə, yoxsa statistik mexanizm?

    Süni intellektin mürəkkəb suallara məntiqli cavablar verməsi bir çox insanda onun insan kimi “düşündüyü” təəssüratı yaradır. Axıcı və məntiqli cümlələr qurması bu sistemlərin şüura sahib olduğu fikrini gücləndirir. Halbuki bu gün istifadə olunan böyük dil modelləri ətraf aləmi dərk edən bir zehinə malik deyil.

    Bu sistemlər sadəcə onlara təqdim olunan böyük həcmdə məlumat daxilində statistik nümunələri təhlil edir və növbəti addımda hansı sözlərin gəlməsinin daha ehtimalı yüksək olduğunu hesablayır. Yəni süni intellekt insanla ünsiyyətdə dərin anlama prosesindən keçmir, yalnız ehtimalı yüksək olan söz birləşmələrini ardıcıl şəkildə təqdim edir. Motivasiya, niyyət və ya şüurdan söhbət getmir, ortada yalnız riyazi model var.

    Zehin oxuma illüziyası

    Reklam və təqdimatlarda süni intellektin istifadəçi istəklərini demədən anladığı görüntüsü yaradılır. Bu isə texnologiyanın gizli şəkildə niyyət oxuma qabiliyyətinə sahib olduğu düşüncəsini formalaşdırır. Əslində isə süni intellekt sistemlərinin belə bir bacarığı yoxdur.

    İstifadəçi qeyri-müəyyən və ya natamam tapşırıq verdikdə, sistem boşluqları mövcud məlumatlara əsasən ən uyğun ehtimallarla doldurur. Bəzi hallarda bu, uğurlu təxmin kimi görünsə də, çox zaman yanlış nəticələr ortaya çıxır. Bu illüziya istifadəçilərin sistemin imkanlarını olduğundan artıq qiymətləndirməsinə səbəb olur.

    Tam obyektivlik mifidir

    Süni intellektin insan olmadığı qəbul edilsə də, tez-tez başqa bir yanılgı ortaya çıxır: onun tam obyektiv və qərəzsiz olduğuna inanmaq. Kod və alqoritmlərdən ibarət bir sistemin emosiyalardan uzaq olduğu üçün hər zaman ədalətli davranacağı düşünülür. Lakin reallıq fərqlidir.

    Süni intellekt modelləri yalnız öyrədildiyi məlumatlar qədər “təmiz” ola bilir. Əgər bu məlumatlarda cəmiyyətə xas qərəzlər və ya tarixi yanlışlıqlar varsa, sistem də həmin meyilləri təkrarlayır və bəzən daha da gücləndirir. Mövcud sosial bərabərsizliklərin rəqəmsal modellərə sızmasının qarşısını tam almaq mümkün deyil. Bu səbəbdən süni intellektin hər zaman mütləq doğru nəticə verəcəyini düşünmək düzgün deyil.

    İnsan müdaxiləsi olmadan öyrənən sistem?

    Yayğın fikirlərdən biri də süni intellektin bir dəfə öyrədildikdən sonra tamamilə müstəqil şəkildə inkişaf etdiyi və insan nəzarətinə ehtiyac duymadığıdır. Marketinq kampaniyaları da bəzən bu “özbaşına inkişaf edən zəka” obrazını gücləndirir. Halbuki real vəziyyət fərqlidir.

    Süni intellekt modelləri insanlar tərəfindən təqdim olunan yeni məlumatlar və geribildirim olmadan real mənada öyrənə bilmir. Səhvlərin düzəldilməsi, sistemin aktual saxlanılması və düzgün istiqamətdə işləməsi üçün mütəxəssis nəzarəti daim zəruridir. İnsan iştirakı yalnız ilkin mərhələ ilə məhdudlaşmır, bütün həyat dövrü boyunca davam etməlidir. Ən uğurlu tətbiqlər insan mühakiməsi ilə maşın sürətinin birləşdiyi nöqtələrdə ortaya çıxır.

    İnsan zəkanını keçməyə çox yaxınıqmı?

    Elmi-fantastik əsərlər və distopik filmlər süni intellektin insanı hər sahədə geridə qoyacağı “super zəka” mərhələsinin yaxın olduğunu iddia edir. Lakin reallıq daha təvazökardır. Bugünkü ən inkişaf etmiş modellər belə mahiyyət etibarilə mürəkkəb “avtomatik tamamlanma” mexanizmləri kimi fəaliyyət göstərir.

    İnsanların uşaq yaşlarından qazandığı sağlam məntiq, fiziki qanunları anlama və dərin kontekst qurma bacarıqları süni intellekt üçün hələ də çətin maneələr olaraq qalır. Müəyyən testlərdə yüksək nəticə əldə etmək ümumi zəka demək deyil. Bu məhdudiyyətləri düzgün dərk etmək süni intellektin səhiyyə, təhsil və dövlət xidmətləri kimi həssas sahələrdə istifadəsində daha sağlam qərarlar verməyə imkan yaradır.
    //valyuta.az

  • Su çiçəyinə yoluxma artıb – Daha çox kimlər yoluxur?

    Azərbaycanda ötən ilin 11 ayı ərzində su çiçəyinə yoluxma halları artıb.

    Rəsmi statistik məlumatlarda qeyd olunur ki, hələ ötən ilin ilk 5 ayında ölkədə 17 595 yoluxma halı qeydə alınmışdı.

    Bəs su çiçəyinin əlamətləri nədir? Bu xəstəliyə yoluxma baş verərsə, müalicəsi necə aparılmalıdır?

    Qaynarinfo xəbər verir ki, dünyada hər il təxminən 140 milyon nəfər su çiçəyi xəstəliyinə yoluxur. Bu yoluxanların arasında təxminən 4,2 milyon ağırlaşma halı qeydə alınır.

    Bunlardan da təxminən 4 200-ü ölümlə nəticələnir.

    Su çiçəyi əsasən uşaqlar arasında geniş yayılan, lakin böyüklərdə daha ağır keçə bilən yoluxucu virus xəstəliyidir. Xəstəliyin törədicisi Varicella-zoster virusudur.
    Mütəxəssislərin məlumatına görə, su çiçəyi hava-damcı yolu ilə, eləcə də xəstənin dərisində yaranan qabarcıqların mayesi ilə birbaşa təmas nəticəsində yayılır. Xəstə səpkilər əmələ gəlməzdən 1–2 gün əvvəl yoluxdurucu olur və bu vəziyyət qabarcıqlar tam quruyana qədər davam edir.

    Xəstəlik adətən 10–21 günlük gizli dövrdən sonra özünü büruzə verir. Əsas əlamətlərə bədən temperaturunun yüksəlməsi, halsızlıq, baş ağrısı, dəridə qırmızı ləkələr və sonradan içi maye ilə dolu qabarcıqların yaranması daxildir. Səpkilər daha çox üz, baş dərisi və bədənin müxtəlif nahiyələrində müşahidə olunur və güclü qaşınma ilə müşayiət edilir.

    Həkimlərin sözlərinə görə, su çiçəyi üçün xüsusi müalicə üsulu mövcud deyil. Müalicə əsasən simptomların yüngülləşdirilməsinə yönəlir. Qızdırma zamanı parasetamol tərkibli preparatlardan istifadə edilir, aspirindən istifadə isə tövsiyə olunmur. Qaşınmanın qarşısını almaq üçün antihistamin dərmanlar və gigiyenik qulluq məsləhət görülür.

    Mütəxəssislər hamilə qadınların, immun sistemi zəif olan şəxslərin və böyüklərin risk qrupuna daxil olduğunu qeyd edirlər. Bu şəxslərdə xəstəlik daha ağır fəsadlara səbəb ola bilər. Bundan başqa, bəzi hallarda yenidən yoluxma halları da nadirən olsa da qeydə alına bilər.

    Həkimlər bildirir ki, su çiçəyindən qorunmanın ən effektiv yolu peyvənddir. Peyvəndləmə həm xəstəliyin qarşısını almağa, həm də yoluxma halında onun yüngül keçməsinə kömək edir.

  • Niyə müasir uşaqlar 10 il əvvəlkindən daha tez-tez xəstələnir? – Həkimdən açıqlama

    Müasir uşaqlar infeksiyalarla on il əvvəlki yaşıdlarından fərqli şəkildə qarşılaşır və bunun bir çox səbəbi var.

    Bu barədə qastroenteroloq Tatyana Qolovçanskaya gazeta.ru-ya danışıb.

    Həkim izah edib ki, epidemioloji sabitliyin qorunması üçün cəmiyyətdə vaksin olunmuş insanların müəyyən “təbəqəsi” olmalıdır. Sadə dillə desək, əgər əksəriyyət vaksin olunubsa, infeksiyaların yeni qurban tapması çətinləşir. Belə halda xəstələnənlər adətən qorunmasız qalanlardır. Bundan əlavə, 10–20 il əvvəl uşaqların kollektivləri daim “mikrobları paylaşırdı”: kiminsə soyuqdəyməsi uşaq bağçasına gəlirdi, kiminsə başına yalnız yüngül qızdırma gəlirdi. Bu xoşagəlməz olsa da, belə canlı “təlim vasitəsi” immuniteti möhkəmləndirirdi.

    “İndi vəziyyət tam fərqlidir. Son illərdə vaksinasiya səviyyəsi anti-vaksin tərəfdarlarının artması səbəbindən düşüb, koronavirus pandemiyası da cəmiyyətdə ünsiyyəti məhdudlaşdıraraq vəziyyətə təsir edib. Buna kütləvi miqrasiyanı da əlavə edin – viruslar uzun müddət olmadığı yerlərə ‘səyahət’ edə biliblər. Nəticədə demək olar ki, unudulmuş xəstəliklərin dalğalanmasını görürük: qızdırma (skarlatina) ağırlaşmalarla geri dönür, qızılca yenidən həkimləri ağır hallarla qorxudur”, deyə Qolovçanskaya bildirib.

    Ekspert əlavə edib ki, allergik uşaqların sayı da artır. Keçmişdə böyüklər uşaqlıqda saatlarla çöldə olurdular, gölməçələrdə atlayırdılar, yuyulmamış almalar yeyirdilər. Müasir valideynlər isə hər şeyi steril saxlamağa çalışır. Belə şəraitdə immun sistemi adət etdiyi təsirləri ala bilmir və zərərli ilə təhlükəsizi ayırmaq qabiliyyətini itirir. Nəticədə ekzema, astma və müxtəlif qida dözümsüzlükləri ortaya çıxır, deyə qastroenteroloq qeyd edib.

    “Ümumilikdə, uşaqlarda xəstəliklər indi tam fərqli görünür. Haradasa təmizlikdə həddən artıq irəliləmişik, haradasa vaksinlərlə qorumanı az etdik, və nəticəsini uşaqlar çəkir”, deyə Qolovçanskaya yekunlaşdırıb.
    //qaynar.az

  • Bu cür diyetalar zərərlidir – Həkim məsləhəti

    Son dövrlərdə arıqlamaq üçün uzun müddət ac qalmağı üstün tutan şəxslərin sayı artıb.
     
    Median.Az xəbər verir ki, qabaqcıl ölkələrdə sağlamlıq mərkəzilərinin apardığı araşdırmalar göstərir ki, bu üsul yalnız müvəqqəti çəki azalmasına səbəb olmaqla qalmır, eyni zamanda sağlamlığa ciddi mənfi təsirlər də göstərə bilir.

    Uzun müddətli aclıq bədən metabolizmini ləngidir və enerji istehsalını azaldır. Nəticədə əzələ kütləsi itir, bədən yağ toplama rejiminə keçir. Eyni zamanda, qlükoza və hormon balansının pozulması, ürək-damar sistemində gərginlik, immun sisteminin zəifləməsi kimi risklər yaranır.
     
    Həkimlər sağlam və davamlı çəki itirmək üçün ac qalmağı tövsiyə etmir. Onlar balanslı və ehtiyac olan miqdarda qidalanmanın və müntəzəm fiziki aktivliyin çəki itirməkdə daha sağlan metod olduğunu bildirirlər. Bu yanaşmaya görə uzun müddət ac qalmaq əvəzinə, gün ərzində kiçik, qidalandırıcı yeməklərin qəbul edilməsi, zülal və lif baxımından zəngin qidaların seçilməsi tövsiyə olunur.
     
    Bununla bərabər hər hansı ciddi diyeta proqramına başlamazdan əvvəl fərdi sağlamlıq vəziyyəti nəzərə alınmalı və mütəxəssis məsləhəti eşidilməlidir. Bu, yalnız çəki itkisini deyil, ümumi sağlamlığı da qorumağa kömək edir.

  • Ölümcül parazit: İllərlə əlamət göstərmir, orqanizmi yavaş-yavaş məhv edir

    ABŞ-Meksika sərhədi yaxınlığında toplanan 26 “öpüş böcəyi”ndən 22-də xəstəliyə səbəb olan parazit aşkarlanıb. Rəsmilər ürək və sinir sistemini hədəfə alan bu infeksiyanın sürətlə yayıla biləcəyi barədə xəbərdarlıq edirlər.

    Qaynarinfo xəbər verir ki, mütəxəssislərin apardığı araşdırma ölümcül bir parazitin düşündüyümüzdən daha geniş yayıldığını üzə çıxarıb. İllərlə heç bir əlamət vermədən orqanizmdə gizlənə bilən bu infeksiya ilk olaraq ürəyi hədəfə alır. Təfərrüatlar aşağıdadır.

    ABŞ-ın Texas ştatının El Paso şəhərində aparılan tədqiqat, qan əmən “öpüş böcəyi” vasitəsilə yayılan və ürək ilə həzm sistemini zədələyən “Çağas” xəstəliyinə səbəb olan parazitin sərhəd xəttində sürətlə yayıla biləcəyi ilə bağlı narahatlıqları artırıb.

    ABŞ–Meksika sərhədi yaxınlığında toplanan 26 “öpüş böcəyi”ndən 22-də xəstəliyə səbəb olan parazit müəyyən edilib. “Earth” nəşrinin xəbərinə görə, araşdırmaya Texas Universitetinin El Paso bölməsində çalışan doktor Roza Maldonado rəhbərlik edib. Maldondonun komandası El Paso icmalarında aparılan müşahidə işlərini laborator analizlər və sahə tədqiqatları ilə paralel şəkildə həyata keçirir.

    Araşdırma xüsusilə insanların və vəhşi təbiətin iç-içə olduğu ərazilərə fokuslanıb. Mütəxəssislərin fikrincə, bu sərhəd zonaları böcəklərin yeni daşıyıcılar tapması üçün kritik imkanlar yaradır. Parklar, səhralıq sahələr və yaşayış məntəqələrinin kənarları ən riskli nöqtələr sırasındadır.

    Səhiyyə qurumlarının məlumatına görə, “Çağas” xəstəliyi dünyada 7 milyondan çox insana təsir göstərir. Parazitar infeksiya olan xəstəlik ürək və həzm sistemində ciddi zədələnmələrə səbəb ola bilir.

    Parazit əzələ hüceyrələrinin daxilinə girərək illərlə gizlənə bilir və zamanla ürək və ya həzm toxumalarında qalıcı çapıqlar yaradır. Uzun müddət əlamət vermədiyi üçün xəstəlik çox vaxt gec aşkar edilir. Bir çox insan yoluxduğunu yalnız ürək ritminin pozulması, ürək çatışmazlığı və ya orqan böyüməsi kimi ağır fəsadlar ortaya çıxdıqda öyrənir.

    “Öpüş böcəkləri” gecələr qan əmərək qidalanır. Lakin “Çağas” xəstəliyi birbaşa dişləmə ilə deyil, böcəyin ifraz etdiyi yoluxmuş nəcisinin qaşınan dəri, göz və ya ağız vasitəsilə orqanizmə daxil olması ilə ötürülür. Bu səbəbdən böcəklərin evə daxil olması, eyvanlarda, odun yığınlarında və kölgəli sahələrdə gizlənməsi yoluxma riskini artırır.

    UTEP komandaları 2024-cü ilin aprelindən 2025-ci ilin martınadək 10 ay ərzində səhralıq ərazilərdə və məhəllə sərhədlərində tələlər qurub. Təxminən bir metr hündürlüyə yerləşdirilən işıq tələləri ilə gecələr uçan yetkin böcəklər toplanıb. Yalnız yetkin fərdlər tutulduğu üçün böcəklərin ev ətrafında harada çoxaldığı hələ dəqiq müəyyənləşməyib.

    Laboratoriyada hər bir böcək PCR (polimeraza zəncir reaksiyası) üsulu ilə yoxlanılıb. Tədqiqatçılar böcəklərin bağırsaq toxumasından götürülən nümunələrdə “Trypanosoma cruzi” DNT-sini xüsusi genetik prob­larla axtarıblar. Müsbət nəticə parazitin böcəkdə mövcud olduğunu göstərir, lakin birbaşa insana keçdiyini sübut etmir. Mikroskopik müayinələr bütün nümunələrin “Triatoma rubida” növünə aid olduğunu göstərib. Bu növ El Paso və Las Kruses ətrafında geniş yayılıb. Böcəklər həm “Franklin Mountains” Dövlət Parkı kimi təbii ərazilərdə, həm də yaşayış zonalarında, əsasən kölgəli dağıntıların və tikililərin altında tapılıb.

    Maldondonun komandası 2021-ci ildə apardığı araşdırmada böcəklərin cəmi 63,3 faizində parazitə rast gəlmişdi. Yeni məlumatlar bu göstəricinin ciddi şəkildə artdığını ortaya qoyur. “T. cruzi infeksiyalarının artdığı görünür”, deyən Maldondo nümunə sayının məhdud olduğunu, daha genişmiqyaslı tədqiqatlarla bu artımın mövsümlər üzrə yayılıb-yayılmadığının dəqiqləşdiriləcəyini bildirib.

    İnsanların çoxu erkən mərhələdə xəstəliyi hiss etmir və illərlə davam edə bilən xroniki mərhələyə keçir. Bu dövrdə parazitlər ürək və həzm əzələlərində gizlənərək ritm pozğunluqları, ürək çatışmazlığı və orqan böyüməsinə səbəb ola bilir. Səhiyyə qurumları xroniki infeksiya daşıyanların təxminən üçdə birində illər sonra ürək zədələnməsi yarandığını bildirir.

    Vəhşi məməlilər parazitin təbii rezervuarı rolunu oynayır. Böcəklər yoluxmuş heyvanlardan paraziti alaraq növbəti qan əmərkən ötürə bilir. İtlər və digər ev heyvanları da yoluxa bildiyi üçün baytarlar riskli bölgələrdə heyvanların gecələr evdə saxlanılmasını tövsiyə edir.

    ABŞ-da “Çağas” xəstəliyi üçün rutin skrininq aparılmır. Çünki xəstələr illərlə əlamət göstərməyə bilər. Diaqnoz adətən qanda anticisimləri aşkar edən testlərlə qoyulur. Müntəzəm yoxlama və bildiriş mexanizmlərinin olmaması yerli halların izlənməsini çətinləşdirir.

    Mütəxəssislər sadə tədbirlərlə riskin azaldıla biləcəyini vurğulayır:

    – divar və çatların bağlanması
    – möhkəm pəncərə torlarından istifadə
    – odun və dağıntıların evdən uzaq saxlanılması
    – gecə çöl işıqlarının azaldılması
    – ev heyvanlarının gecələr içəri alınması

    Maldondonun komandası gələn il El Paso şəhərində yüksək məruz qalma riski olan şəxslər üçün qan müayinəsi proqramı başlatmağı planlaşdırır. Məqsəd səssiz infeksiyaları erkən mərhələdə aşkar edərək ürək və ya həzm sistemi zədələnməsi yaranmadan müalicəyə yönləndirməkdir. Tədqiqatçılara görə, sərhəd xəttində əldə olunan bu nəticələr aşkar edilməsi çətin, lakin təsiri böyük olan bir parazitin səhralıq ekosistemlərindən gündəlik həyata nə qədər sürətlə sızdığını göstərir. Müntəzəm monitorinq, erkən test və əsas ev tədbirləri yayılmanın qarşısını almağın ən təsirli yolları kimi önə çıxır.