Category: Siyasət

  • Minskdə birinci olan idmançılarımıza 50 min manat veriləcək – Prezident sərəncamı

    Prezident İlham Əliyev Minsk şəhərində keçirilən II Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, II Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilir:

    – birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat;

    – ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat;

    – üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun şəxsi məşqçisinə 10 min manat;

    – milli yığma komandaların baş məşqçilərinə ən yüksək nəticə göstərmiş bir idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).

  • Prezident yeni dövlət qurumu yaratdı – FƏRMAN

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında fərman imzalayıb.

    Median.Az xəbər verir ki, fərmanda deyilir:

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün monitorinq və proqnozlaşdırma sisteminin yaradılması məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    1.1. əmək bazarı və sosial müdafiə sahələrində mövcud vəziyyətin qiymətləndirilməsini, inkişaf meyillərinin öyrənilməsini və monitorinqləri həyata keçirən, bu sahələrdə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozlar hazırlayan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nı (bundan sonra – Observatoriya) iki ay müddətində yaratsın və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

    2. Observatoriyanın təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

    2.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

    2.1.1. Observatoriyanın nizamnaməsinin və nizamnamə fondunun miqdarının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla təsdiq edilməsi;

    2.1.2. strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi;

    2.1.3. icra orqanlarının yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

    2.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə:

    2.2.1. bu Fərmanın 2.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

    3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

  • İlham Əliyevdən Trampa məktub…

    Prezident İlham Əliyev ABŞ-ın dövlət başçısı Donald Trampa təbrik məktubu ünvanlayıb.

    Median.Az-ın məlumatına görə, təbrik mətnində deyilir:

    “Hörmətli cənab Prezident,

    Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

    Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarını dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımız strateji tərəfdaşlıq xarakteri daşıyır.

    Biz beynəlxalq təhlükəsizliyin təmin edilməsi, terrorizmə qarşı mübarizə məsələlərində çoxtərəfli qaydada fəaliyyətimizi bundan sonra da qətiyyətlə davam etdirmək əzmindəyik. Təşəbbüsçüsü olduğumuz və müvəffəqiyyətlə gerçəkləşdirdiyimiz Cənub Qaz Dəhlizi layihəsi isə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfədir. Enerji mənbələrinin və nəqlinin şaxələndirilməsinə xidmət edən layihələrimizin Birləşmiş Ştatlar tərəfindən dəstəklənməsi bizim üçün çox əhəmiyyətlidir.

    Bütün bunlarla yanaşı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmaması xalqımızın qarşılaşdığı ən ağrılı problem olaraq qalmaqdadır. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal olunmuş, bir milyondan çox soydaşımız doğma yurd-yuvasından didərgin düşmüşdür. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə, Helsinki Yekun Aktının müddəalarına əsasən ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli şəkildə həll olunmalıdır. Biz bu işdə ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın ardıcıl və qətiyyətli mövqeyinə və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik.
    Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına daim sülh və rifah diləyirəm”.

  • XİN: Ermənistanın 43-cü sessiyada iştirak üçün əlavə təhlükəsizlik zəmanəti istəməsi tədbirdən yayınmaqdan başqa bir şey deyil

    43-cü sessiyanın təşkil edilməsi ərəfəsində ev sahibi qismində Azərbaycan və YUNESKO arasında müvafiq saziş imzalanıb.

    Median.Az xəbər verir ki, bunu Trend-ə YUNESKO-nun Bakıda keçirilən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında bəzi iştirakçılara Azərbaycan tərəfindən təhlükəsizlik zəmanətinin təmin edilməməsinə dair suala cavab olaraq XİN-in Mətbuat Xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva bildirib.

    Onun sözlərinə görə, sazişdə hər hansı istisna olmadan tədbirin bütün iştirakçılarının təhlükəsizlik zəmanəti ilə təmin edilməsi də daxil olmaqla, müvafiq təşkilatı məsələlər öz əskini tapıb:

    “Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək niyyətində olan və Azərbaycan tərəfindən müvafiq təhlükəsizlik zəmanətini əldə edən YUNESKO-nun bütün iştirakçı dövlətləri tədbirdə iştiraklarını təmin ediblər.

    Ermənistan tərəfinin öz nümayəndələri üçün əlavə təhlükəsizlik zəmanəti tələb etməsi cəhdlərinə gəldikdə isə bu, Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil edilən növbəti beynəlxalq tədbirdə iştirakdan yayınmaq məqsədilə bu ölkənin siyasi qərarından başqa bir şey deyildir. Əgər Ermənistan XİN-i hələ də Ümumdünya İrs Komitəsinin sessiyasının keçirilməsinin texniki qayda və proseduraları haqda məlumatlı deyilsə, o zaman onlar bu kimi tədbirlərin bütün iştirakçılarına ümumi və universal zəmanətlərin verildiyi və ölkələrə ayrılıqda xüsusi qeyd-şərtlərin tətbiq edilmədiyini öyrənmək məqsədilə YUNESKO Katibliyinə müraciət etmələri yaxşı olardı”.

  • İlham Əliyev “Baker Hughes, a GE company” şirkətinin rəhbərini qəbul edib

    Azərbaycan Prezidenti İlham Əliyev iyulun 3-də “Baker Hughes, a GE company” şirkətinin sədri, prezidenti və baş icraçı direktoru Lorenzo Simonellini qəbul edib.

    AZƏRTAC xəbər verir ki, qəbula görə minnətdarlığını bildirən Lorenzo Simonelli Prezident İlham Əliyevlə görüşdən məmnun olduğunu vurğulayıb.

    O, Azərbaycanda böyük inkişaf proseslərinin şahidi olduğunu deyib və ölkəmizdə neft və qaz sənayesi, turizm, idman və digər sahələrdə əldə olunan nailiyyətlərin önəmini qeyd edib.

    Lorenzo Simonelli Azərbaycanda 1840-cı illərdə sənaye üsulu ilə ilk neft quyusunun qazıldığını vurğulayaraq təmsil etdiyi şirkətin Azərbaycanın neft və qaz sənayesinin inkişafına töhfə verməsindən məmnunluq hissi keçirdiklərini deyib.

    Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı “Baker Hughes, a GE company” şirkətinin Azərbaycanla neftayırma və digər sahələrdə əməkdaşlığının uğurlu nəticələrinin ölkəmizin enerji sektorunun modernləşməsinə töhfə verməsini yüksək qiymətləndirib.

    Azərbaycanda əldə olunan nailiyyətlərə toxunan Prezident İlham Əliyev ölkəmizin enerji, sənaye və digər sahələrdə böyük inkişaf əldə etməsinin əhəmiyyətini qeyd edib. Dövlətimizin başçısı Lorenzo Simonellinin Azərbaycana səfərinin səmərəli keçəcəyinə əminliyini bildirib.

    Görüşdə əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

  • Baş nazir müdiri işdən çıxardı

    Nazirlər Kabinetinin İşlər müdiri Süleyman Şəfiyev vəzifəsindən azad olunub.

    Nazirlər Kabinetinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bununla bağlı sərəncamı Baş Nazir Novruz Məmmədov imzalayıb.

    Bildirilib ki, Ş.Şəfiyev təqaüd yaşına çatdığı üçün vəzifəsindən azad edilib. 

  • KOBİA-nın səlahiyyətləri artırıldı – FƏRMAN

    Prezident İlham Əliyev sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsi haqqında fərman imzalayıb.

    AZƏRTAC xəbər verir ki, fərmanda xarici dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə kredit, texniki yardım və ya qrant formasında maliyyələşdirdikləri proqramlar (layihələr) Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (bundan sonra – Agentlik) ilə əlaqəli şəkildə həyata keçirilməsi qərara alınır.

    Azərbaycan Respublikasının Nazirlər Kabineti mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (bundan sonra – KOB subyektləri) dəstəklənməsi məqsədilə xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla bağlanılan kredit, texniki yardım və ya qrant alınmasına dair sazişlərə əsasən (bundan sonra – sazişlər) həyata keçirilən proqramlara (layihələrə) Agentliyin cəlb olunmasını təmin edəcək; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat verəcək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlayıb və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat verəcək; bu fərmandan irəli gələn digər məsələləri həll edəcək.

    Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər sazişlər üzrə həyata keçirilən proqramlarda (layihələrdə) KOB subyektlərinə dəstəyin istiqamətləri, məqsəd və məzmunu, gözlənilən nəticələr, belə dəstəklə əhatə olunan KOB subyektlərinin sayı barədə məlumatların sazişlərlə bağlı danışıqlara başlanılmasına dair təkliflərə əlavə olunmasını təmin edəcək; sazişlər üzrə həyata keçirilən proqramlara (layihələrə) cəlb edilən KOB subyektlərinin seçilməsini “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 8.2-ci bəndində nəzərdə tutulan reyestr vasitəsilə həyata keçirəcəklər; KOB subyektlərinin adları ayrı-ayrılıqda qeyd edilməklə, KOB subyektlərinə ünvanlanmış dəstək tədbirləri haqqında məlumatların Agentliyə təqdim olunmasını təmin edəcəklər; sazişlərin əhatə etdiyi proqramlar (layihələr) üzrə KOB subyektləri üçün həyata keçirilmiş dəstək tədbirləri haqqında aşağıda qeyd edilən məlumatların ildə bir dəfədən az olmayaraq, proqram (layihə) tam başa çatdıqdan sonra isə yekun məlumatların Agentliyə təqdim olunmasını təmin edəcəklər:

    1. KOB subyektinin dəstək aldığı proqramın (layihənin) məqsədi, istiqaməti və məzmunu;

    2. müvafiq proqram (layihə) vasitəsilə dəstək almış KOB subyektinin adı;

    3. KOB subyektinə göstərilmiş dəstəyin növü, forması və ölçüsü;

    4. KOB subyektinə dəstək göstərmiş təşkilatın adı;

    5. KOB subyektinə dəstəyin göstərilmə müddəti və tarixi;

    6. dəstəyin göstərilməsi, yaxud dayandırılması haqqında qərarın tarixi;

    7. dəstəkləmə qaydasının və şərtlərinin pozulması, o cümlədən məqsədli təyinatını pozmaqla dəstəkdən istifadə edilməsi haqqında məlumat (olduğu halda);

    8. dəstək proqramının (layihənin) KOB subyektinin sahibkarlıq fəaliyyətinə təsiri.

    Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məlumatları əsasında xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri KOB subyektlərinin dəstəklənməsi proqramları (layihələri) üzrə qeydə alınan texniki yardım və qrant müqavilələri (qərarları) barədə məlumatların Agentlik vasitəsilə ümumiləşdirilməsini təmin edəcək.

    Agentlik xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) reallaşdırılması nəticəsində dəstək almış KOB subyektlərinə dair məlumatların “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 8.2-ci bəndində nəzərdə tutulan reyestrə daxil edilməsini təşkil edəcək; təqdim edilmiş məlumatlar əsasında xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) KOB subyektlərinin inkişafına təsiri səviyyəsini öyrənərək, növbəti dövrlərdə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirəcəyi proqramların (layihələrin) istiqamətlərinə dair təkliflər hazırlanmasını təmin edəcək; bu fərmandan irəli gələn digər məsələləri həll edəcək.

    Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.

  • Azərbaycan və Belarus prezidentləri arasında telefon danışığı

    Azərbaycan Prezidenti İlham Əliyev iyulun 2-də Belarus Prezidenti Aleksandr Lukaşenkoya telefonla zəng edib.

    Prezident İlham Əliyev Belarus Prezidentini ikinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və Belarus idmançılarının bu yarışlarda qazandığı uğurlar münasibətilə təbrik edib.

    Dövlətimizin başçısı, eyni zamanda, Aleksandr Lukaşenkoya Belarus Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb, Belarus xalqına tərəqqi və firavanlıq arzulayıb.

    Belarus Prezidenti Aleksandr Lukaşenko təbriklərə və xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

    Dövlət başçıları ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib və əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

  • Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edildi

    Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edib.

    Nazirlikdən verilən məlumata görə, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurub, 28 yaşınadək hərbi vəzifəlilər avqustun 1-dən 20-dək müvafiq sənədlərlə birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

    “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.

    Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər.

    Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə 3 (üç) il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.

    Namizədlər qəbul komissiyalarına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:

    – kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
    – şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə, çap variantı 2 nüsxədə;
    – xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
    – təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti – 2 nüsxədə;
    – doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surəti – 2 nüsxədə;
    – şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti – 2 nüsxədə;
    – nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) – 2 nüsxədə;
    – uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda) – 2 nüsxədə;
    – evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış – 2 nüsxədə;
    – 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3×4 sm və 2 ədəd 4,5×6 sm ölçüdə);
    – qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış;
    – hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş) – 2 nüsxədə;
    – məhkumluğun olmaması barədə qeydiyyatda olduğu rayon Polis İdarəsi (şöbə, bölmə) tərəfindən verilmiş arayış.

    Müraciət etmə yeri: Birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyaları.

    Müraciət etmə vaxtı: 2019-cu il avqustun 1-dən 20-dək, hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 18.00-dək.

    Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələrini xahiş edir.//Baku.ws

  • “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı genişləndirilib

    “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı genişləndirilib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərmanda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

    Dəyişikliyə əsasən, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I qrup əlilliyi olan şəxslərə “DOST” mərkəzlərində xidmət göstəriləcək.

    Bundan əlavə, Fərmana yeni əlavə edilən 7.11-7.13-cü bəndlərə əsasən, I dərəcə əlilliyi olan şəxslərə qulluq edən, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə və müharibə veteranlarına da şəxslərə “DOST” mərkəzlərində xidmət göstəriləcək.

    Sənədin hazırkı variantına əsasən, Böyük Vətən müharibəsi iştirakçılarına, Ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən I qrup əlilliyə görə sosial müavinət alanlara “DOST” mərkəzlərində xidmət göstərilir.