Category: Siyasət

  • “Son 5 ildə Azərbaycanda 40 tarixi abidə bərpa edilib” – Mehriban Əliyeva

    “Son 5 il ərzində Azərbaycanda 40 tarixi abidə bərpa edilib”.

    Bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında çıxışı zamanı bildirib.

    “UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində bu gün sizinlə burada olmaqdan çox şadam. Sizin hamınızı Bakıda – Şərq ilə Qərbin, keçmişlə gələcəyin qovuşduğu şəhərdə, zəmanələrin və sivilizasiyaların nadir ahəngdarlığını göstərən mühitdə salamlamaqdan məmnunam. Bizim üçün bu cür mühüm toplantını qəbul etmək böyük şərəfdir və mən sessiyaya uğurlar arzulayıram. Mən UNESKO-nun Baş direktoru xanım Odre Azuleyə xüsusi olaraq minnətdaram və əminəm ki, onun burada olması bu tədbirə xüsusi dəyər qatacaq. UNESKO-nun xoşməramlı səfiri kimi, mən bu gün burada bütün UNESKO ailəsinin üzvlərini salamlamaqdan çox şadam”, – deyə Birinci vitse-prezident qeyd edib.

    M.Əliyeva deyib ki, dünyanın mədəni irsinin qorunması Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir: “Bu ayın əvvəlində biz Azərbaycanın UNESKO-dakı üzvlüyünün 27-ci ildönümünü qeyd etdik. Bu illər ərzində biz mədəniyyət, təhsil, elm, kommunikasiya, gənclər və idman kimi bir çox sahələrdə uğurlu əməkdaşlıq qura bildik. Bu gün biz fəal təmsilçilik və verdiyimiz töhfələrlə UNESKO-nun proqramlarında iştirak edirik. Dünyanın mədəni irsinin qorunması Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. Eyni zamanda bizim tarixi, dini və memarlıq abidələrimizin qorunması, bərpası və saxlanması Azərbaycanın dövlət siyasətinin mərkəzində dayanır”.

    Birinci vitse-prezident vurğulayıb ki, 2001-ci ildə dövlət tərəfindən qorunan 6600-dən artıq mədəniyyət abidəsini əhatə edən Milli-Mədəni İrs Siyahısı qəbul edilib: “Son 5 il ərzində Azərbaycanda 40 tarixi abidə bərpa edilmişdir. Həmçinin qeyd etmək istərdim ki, Abşeron yarımadasında tapılmış tarixi abidələri və arxeoloji eksponatları özündə əks etdirən açıq səma altında “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi 2008-ci ildə açılmışdır. Bakıda, Ağcabədidə və Ağdamda muğam mərkəzlərinin tikintisi, məscidlərin, sinaqoqların və kilsələrin yenidən qurulması və inşası, muzeylərin bərpası və açılması – bütün bunlar Azərbaycanın müxtəlif mədəni irsinin qorunması və zənginləşdirilməsi üçün dövlətimizin siyasətinin sadəcə bir neçə elementidir. UNESKO ilə məhsuldar əməkdaşlığın nəticəsi olaraq Azərbaycanda iki sahə – İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Zəngin və qədim mədəniyyətimizin digər mühüm elementləri sırasında musiqi xəzinəmizin inciləri – muğam və aşıq sənəti, həmçinin bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmişdir”.

  • Rusiya Azərbaycana yeni döyüş təyyarələrini təklif edib

    Rusiya Azərbaycana arzu etdiyi döyüş təyyarələrinin satışına hazırdır.

    Bu barədə “Azeri Defence”ə “Army-2019” Beynəlxalq Hərbi-Texniki Forumda təmsil olunan Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyasından məlumat verilib.

    Təşkilat rəsmilərinin sözlərinə görə, Forum çərçivəsində Azərbaycanın Müdafiə Nazirliyinin heyəti ilə görüşlər keçirilib, təqdimatlar edilib:

    “Biz indiyə kimi keçirilən görüşlərdə və bu gün mövcud layihələrimiz barədə Azərbaycan tərəfini məlumatlandırdıq”.

    Təşkilat nümayəndələrinin sözlərinə görə, ötən illərdə Azərbaycana “Su-30SM” və “MiQ-35” təyyarələri təklif olunsa da, Azərbaycan tərəfi seçim etməyib.

    “Army-2019” Forumunda Azərbaycana təklif olunan yenilənmiş “İl-76MD-90A” hərbi nəqliyyat, “Su-34” və “Su-35” döyüş təyyarələrinin Müdafiə Nazirliyinin heyəti üçün təqdimatı keçirilib.

    Rusiya tərəfi adıçəkilən təyyarələrin Azərbaycana ixracı üçün danışıqlara hazır olduğunu bəyan edib.

  • İlqar Seyidov general-mayor oldu

    Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyat-Axtarış Tədbirləri Baş İdarəsinin rəisi İlqar Fəxrəddin oğlu Seyidova ali hərbi rütbə verilməsi ilə bağlı sərəncam imzalayıb.

    Sərəncama əsasən, İlqar Fəxrəddin oğlu Seyidova polis general-mayoru ali xüsusi rütbəsi verilib.

  • İlham Əliyev DİN əməkdaşlarını təltif etdi

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sənədə əsasən, Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilib:

    “Azərbaycan Bayrağı” ordeni ilə

    Məmmədov Şahin İsgəndər oğlu – general-leytenant

    “Vətən uğrunda” medalı ilə

    Abbasov Fəhrəddin Cəbrail oğlu – polis polkovnik-leytenantı

    Babayev Etibar Fərhad oğlu – polis polkovniki

    Baloğlanov Ramil Rasim oğlu – polis polkovnik-leytenantı

    Bədəlov Zaur Marif oğlu – polis polkovniki

    Əfəndiyev Azər Oqtay oğlu – polis mayoru

    Əkbərov Haxverdi Koroğlu oğlu – polis polkovnik-leytenantı

    Əliyev Ziya Fəxrəddin oğlu – polis polkovnik-leytenantı

    Əliyev Vüqar Ələsgər oğlu – polis polkovniki

    Hacıyev Teymur Kamil oğlu – polis polkovniki

    Həsənov Həmid Həsən oğlu – polis polkovnik-leytenantı

    Həsənov Qasım Həsən oğlu – polis polkovniki

    Həsənov Zamin Ələsgər oğlu – polis polkovniki

    Hüseynov Məmməd Maarif oğlu – polis polkovnik-leytenantı

    İsmayılov Pərviz Mübariz oğlu – polis polkovniki

    Kərimov Tərlan Aslan oğlu – polis baş serjantı

    Mansurzadə Orxan Ağəddin oğlu – polis polkovniki

    Mirzəyev Elsevər Şirin oğlu – polis polkovnik-leytenantı

    Mustafayev Mustafa Vəli oğlu – polis polkovniki

    Mustafayev Rasim Nəriman oğlu – polis polkovniki

    Orucov Vəfadar Adil oğlu – polis polkovnik-leytenantı

    Şəbəndəyev Vüsal Müzəffər oğlu – polis polkovniki

    “İgidliyə görə” medalı ilə:

    Cahangirov Azər Oktay oğlu – polis polkovniki

    Əliyev Taryel Məmməd oğlu – polis mayoru

    Piriyev Rəşid Əli oğlu – polis polkovnik-leytenantı.

  • Tokioda azərbaycanlı deputatla erməni siyasətçi arasında qalmaqal

    Yaponiyanın paytaxtı Tokioda Qadın Siyasi Liderlərin növbəti sammitində Azərbaycan deputatı Sahibə Qafarova ilə erməni siyasətçi arasında qalmaqal olub.

    Sammitdə Azərbaycan nümayəndəsindən əvvəl Ermənistan təmsilçisi çıxış edib.

    O, ölkəsinin işğalçılıq siyasətini ört-basdır etmək üçün faktları təhrif edib, uydurma fikirlər səsləndirib.

    Bu isə azərbaycanlı millət vəkilinin narazılığına və kəskin etirazına səbəb olub.

    Deputat Sahibə Qafarova dərhal söz alaraq, Ermənistanın bütün beynəlxalq hüququn prinsiplərini pozaraq işğalçılıq siyasətini davam etdirdiyini, işğal faktının aradan qaldırılması ilə bağlı beynəlxalq çağırışlara, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz azad olunmasına dair 4 qətnaməsinə və digər təşkilatlar tərəfindən qəbul olunan sənədlərə məhəl qoymadığını xatırladıb.

    O bildirib ki, Ermənistan regional təhlükəsizliyə ciddi təhdid yaradan monoetnik bir ölkədir:

    “İşğalçı ölkədə insan haqları kobud şəkildə pozulur, o cümlədən, qadınların hüquqlarının qorunmasına heç bir təminat yoxdur. Ermənistanda mövcud olan ciddi sosial böhran və iqtisadi geriləmə qadınların da həyat şərtlərini ağırlaşdırır.

    Bütün regional layihələrdən kənarda qalan, heç bir iqtisadi perspektivi olmayan Ermənistanın yeganə çıxış yolu işğal siyasətini dayandırmaqdır”.
    /oxu.az/

  • Hər il 10 gəncə on min manat veriləcək

    Azərbaycanda ildə bir dəfə 10 gəncə Prezident Mükafatı veriləcək.

    Median.Az-ın məlumatına görə, bununla bağlı Prezident ilham Əliyev “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” Fərmanda dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb.

    Mövcud sənəddə qeyd edilib ki, elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, altı ədəd 10000 (on min) manat məbləğində Prezident Mükafatı təsis edilir.
    Dəyişikliyə əsasən, elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, 10 ədəd 10000 (on min) manat məbləğində Prezident Mükafatı təsis ediləcək.

  • Özəl pensiya fondları nə vaxt yaradılacaq?

    Hazırda Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına böyük tələbat hiss etmirik.

    Bunu Oxu.Az-a müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

    Nazir müavini qeyd edib ki, hazırda ölkədə ilk özəl pensiya fondlarının yaradılması üçün qanunvericilik bazasının hazırlanması istiqamətində işlər gedir:

    “Çünki bu məsələnin hüquqi çərçivəsi olmalıdır və üzərində iş gedir. Digər tərəfdən, ölkədə bunun üçün müəyyən münbit tələbat olmalıdır. Hazırda biz buna böyük tələbatın olmasını ciddi şəkildə hiss etmirik.

    Proqnozlarımıza görə, təxminən bir neçə il ərzində bazarda qeyri-dövlət pensiya fondlarının yaradılmasının şahidi ola bilərik”.

    A.Kərimovun sözlərinə görə, sosial islahatların ana xəttindən biri o idi ki, gəlirlər çoxalsın:

    “Əhalinin gəlirləri artdıqca könüllü sistemə marağı da artır. Buna görə də könüllü yığım komponenti daha da canlansa, özəl fondların yaradılmasına daha böyük ehtiyac olacaq və əhali bu komponentə maraq göstərəcək”.

    Qeyd edək ki, qeyri-dövlət təqaüd fondları sosial-sığorta vəsaitlərinin dövr etdirilməsini, pensiyanın təyinini və ödənilməsini həyata keçirən bir qurumdur. Dövlət pensiya fondlarından fərqli olaraq, özəl pensiya fondu əhalinin öz qazancı hesabına yığdığı təqaüdlərin saxlanması üçün yaradılan bazadır.

    Bu fondlar, əsasən, vətəndaşların ödədiyi sosial sığorta vəsaitlərinin dövriyyəsini təşkil edib, ondan əlavə vəsaitlər əldə edir, sonra isə bu vəsaitlər hesabına pensiya təminatını yüksəldir.

    Bu cür fondlar vasitəsilə bir çox ölkələr pensiya təminatının yüksəldilməsinə nail olub. Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və s. ölkələrdə özəl təqaüd fondları fəaliyyət göstərir.

  • Prezidentdən yeni təyinatlar

    Dövlət Şəhərsalma və Arxitektura Komitəsində yeni təyinatlar olub.

    Belə ki, Komitənin Aparat rəhbəri Anar Adil oğlu Quliyev qurum sədrinin I müavini, Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar Aydın oğlu İsbatov isə sədr müavini vəzifələrinə təyin edilib.

    Hər iki təyinat barədə sərəncamları Prezident İlham Əliyev iyunun 19-da imzalayıb.

  • Şəhid sərhədçilərin adları xidmət etdikləri zastavalara veriləcək – FƏRMAN

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

    AZƏRTAC xəbər verir ki, dəyişikliyə əsasən, Dövlət Sərhəd Xidmətinin rəisi Azərbaycan Prezidenti ilə razılaşdırmaqla, Milli Qəhrəmanların və dövlət sərhədinin mühafizəsi zamanı şəhid olmuş sərhədçilərin adlarını xidmət etdikləri sərhəd zastavalarına və digər sərhəd bölmələrinə verəcək.

  • İlham Əliyevdən Vilayət Eyvazovla bağlı – SƏRƏNCAM

    Prezident İlham Əliyev Daxili İşlər naziri Vilayət Süleyman oğlu Eyvazova ali hərbi rütbə verilməsi ilə bağlı sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, V.Eyvazova general-polkovnik ali hərbi rütbəsi verilib.

    Xatırladaq ki, iyun ayının 20-də Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Vilayət Süleyman oğlu Eyvazov Azərbaycan Respublikasının Daxili İşlər nazirinin birinci müavini vəzifəsindən azad edilib.

    Dövlət başçısının digər sərəncamı ilə Vilayət Eyvazov Azərbaycan Respublikasının Daxili İşlər naziri təyin edilib