Category: Siyasət

  • Donald Tuskun Azərbaycana səfər proqramı açıqlanıb

    Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana rəsmi səfər proqramı açıqlanıb.

    Median.Az-ın məlumatına görə, iyulun 9-u Bakıya gələcək D. Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

    Görüşdən sonra Azərbaycan Prezidenti və Avropa İttifaqı Şurasının prezidenti mətbuata bəyanatla çıxış edəcəklər.

    D. Tusk Bakı Beynəlxalq Dəniz Ticarət Limanına da baş çəkəcək.

    Qeyd edək ki, Avropa İttifaqı Şurasının prezidenti Azərbaycandan sonra iyulun 10-da Ermənistana, iyulun 11-i isə Gürcüstana gedəcək.

  • Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub

    Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub.

    Median.Az-ın report-a istinadən məlumatına görə, Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə polis general-mayoru Seyfulla Əzimov təyin edilib.

    S.Əzimov bu təyinatadək Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb.

    2019-cu il 20 iyun tarixinədək Daxili İşlər nazirinin birinci müavini postunu Vilayət Eyvazov tutub.

    DİN-in Mətbuat xidmətindən “Report”a faktı təsdiqləyiblər.

  • Azərbaycanın daha bir bölgəsində tibbi sığorta tətbiq edildi

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 5-də Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Median.Az-ın məlumatına görə, sərəncam Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi daşıyır.

    Sərəncamla Kəngərli rayonunda icbari tibbi sığorta tətbiq edilib, Kəngərli Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib.
    Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə publik hüquqi şəxsin nizamnaməsini təsdiqləmək və icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı zəruri tədbirləri görərək 2019-cu il avqustun 1-dən publik hüquqi şəxsin fəaliyyətini təmin etmək, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Kəngərli Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq vəzifə maaşlarının 2019-cu il avqustun 1-dən 50 faiz artırılmasını təmin etmək tapşırılıb. Eyni zamanda bütün mərkəzi icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına, Kəngərli Rayon İcra Hakimiyyətinə tapşırılıb ki, bu sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə zəruri köməklik göstərilməsini təmin etsinlər.

    Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Vergilər Nazirliyi sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.

  • Məcburi köçkünlər üçün yeni yaşayış kompleksi: bu, 104-cüdür – FOTO

    Bu gün Pirallahı rayonunda yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış 306 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binalardan ibarət yeni yaşayış kompleksi istifadəyə verilib.

    Yeni yaşayış məhəlləsinin ötən il başlanan tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Layihə üzrə doqquzmərtəbəli 3 bina tikilib ki, bunlardan ikisi 72, biri isə 162 mənzillidir.

    Yaşayış kompleksinə məktəb də daxildir və burada digər zəruri infrastruktur obyektləri tikilib, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.

    Təmirli mənzillərdən 37-si birotaqlı, 107-si ikiotaqlı, 126-sı üçotaqlı, 36-sı isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 24 min kvadratmetrdir.

    Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 104-cü müasir yaşayış kompleksidir.

    Qeyd edək ki, yaşayış kompleksinin açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

  • Mehriban Əliyeva Fransanın məsul səfiri ilə görüşdü – FOTO

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün ölkəmizə gələn Fransa Respublikasının Arktika və Antarktika məsələləri üzrə beynəlxalq danışıqlara məsul səfiri, sabiq ekologiya, dayanıqlı inkişaf və energetika naziri xanım Mari-Seqolen Ruayal ilə görüşü olub.

    AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Mari-Seqolen Ruayalın ölkəmizə səfərinin uğurlu keçəcəyinə əminliyini ifadə edib.

    Birinci vitse-prezident Azərbaycanla Fransa arasında bir çox sahələr üzrə əlaqələrin inkişaf etdiyini qeyd edib, siyasi əlaqələrin ən yüksək səviyyədə olduğunu vurğulayıb. Mehriban Əliyeva ötən il Prezident İlham Əliyevin, bu il isə özünün Fransaya səfərinin, aparılan danışıqların, imzalanan sənədlərin siyasi əlaqələrin yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirib.

    İqtisadi sahədə də əməkdaşlığın uğurla inkişaf etdiyini deyən Birinci vitse-prezident bu istiqamətdə yaxşı potensialın mövcudluğunu qeyd edib. Diqqətə çatdırıb ki, Azərbaycan Cənubi Qafqazda Fransanın ən böyük ticarət tərəfdaşıdır və ölkələrimiz arasında ticarət dövriyyəsində müsbət dinamika var.

    “Xoş haldır ki, ənənəvi tərəfdaşlıq sahəsi olan enerji əməkdaşlığı ilə yanaşı, qeyri-neft sektorunda da əməkdaşlıq genişlənir”, – deyən Birinci vitse-prezident bir sıra Fransa şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətini qeyd edib, yüksək texnologiyalar, nəqliyyat, şərabçılıq kimi sahələrdə əlaqələrin möhkəmləndiyini bildirib.


    Ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayan Mehriban Əliyeva paytaxtımızda Azərbaycan və Fransa prezidentlərinin iştirakı ilə təməli qoyulan Bakı Fransız Liseyinin və hər 2 ölkənin dövlət başçılarının təşəbbüsü ilə yaradılan Azərbaycan-Fransız Universitetinin uğurla fəaliyyət göstərdiklərini qeyd edib, humanitar sahənin ölkələrimizin və xalqlarımızın bir araya gətirilməsində böyük rol oynadığını vurğulayıb.

    Birinci vitse-prezident Mehriban Əliyeva son vaxtlar bu istiqamətdə görülən işlərdən danışaraq, Azərbaycanın və Fransanın şəhərləri arasında əməkdaşlıq və dostluq sazişlərinin bağlanmasını ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrinin daha da inkişaf etməsinə şərait yaratdığını deyib. Mehriban Əliyeva bir daha qonağı ölkəmizdə salamlayaraq, ona uğurlu səfər arzulayıb.

    Fransanın Arktika və Antarktika məsələləri üzrə beynəlxalq danışıqlara məsul səfiri Mari-Seqolen Ruayal Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşməyin onun üçün şərəf olduğunu bildirib. Qonaq Mehriban Əliyevanın bu yaxınlarda Parisə səfərini xatırlayaraq, bu səfəri yüksək dəyərləndirib. Görüşdən əvvəl Bakıdakı Azərbaycan-Fransız Universitetinə getdiyini qeyd edən Mari-Seqolen Ruayal belə layihələrin 2 ölkə arasında qurulan əməkdaşlığı təcəssüm etdirdiyini vurğulayıb.

    Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

  • Mehriban Əliyevadan Mütəllibovun xanımının yas mərasimi ilə bağlı – TAPŞIRIQ

    Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı vəfat edib.

    Ədilə Mütəllibova bu gün səhər saatlarında 81 yaşında dünyasını dəyişib.

    Ə.Mütəllibovanın yas mərasiminin təşkilati məsələlərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

    Bu barədə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tapşırıq verib.

  • İlham Əliyev və birinci xanım məcburi köçkünlər üçün salınan yaşayış kompleksinin açılışında

    Bakının Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi iyulun 5-də istifadəyə verilib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaşayış kompleksinin açılışında iştirak ediblər.

  • İlham Əliyev Xalq artistinə mənzil bağışladı

    Prezident İlham Əliyev Xalq artisti Məmmədsəfa Qasımova mənzil hədiyyə edib.

    Aktyora bağışlanan mənzil üçotaqlıdır.

    Xatırladaq ki, M.Qasımov “Yuğ” teatrının aktyorudur.

    Onu da bildirək ki, bundan əvvəl ölkə başçısı Əməkdar artistlər Vəfa Rzayevaya, Sənubər İsgəndərliyə ev hədiyyə edib.

  • Azərbaycan ilə Rusiya arasında ikitərəfli məsləhətləşmələr keçirilib

    İyulun 4-də Moskva şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizi məsələlərinə dair ikitərəfli məsləhətləşmələr keçirilib.

    Median.Az APA-nın Moskva müxbirinə istinadən xəbər verir ki, iclasda ölkəmizi Xarici İşlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Rusiya tərəfini Rusiya Federasiyası Prezidentinin MDB İştirakçı-Dövlətləri ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov təmsil edib.

    Məsləhətləşmələr zamanı tərəflər arasında Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclasının gündəliyində duran məsələlərlə bağlı müzakirələr baş tutub və Xəzər dənizində düz çıxış xətlərinin müəyyən olunması metodikası haqqında Saziş layihəsində açıq qalan məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin, məsləhətləşmələr çərçivəsində xarici işlər nazirinin müavini X.Xələfov ilə Rusiya Federasiyasının Xarici İşlər nazirliyinin MDB ölkələri 4-cü Departamentinin direktoru Denis Qonçar arasında görüş keçirilib. Görüşdə Azərbaycan-Rusiya əməkdaşlığının strateji xarakter daşıdığı bildirilib, ikitərəfli əlaqələrin inkişaf etdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Həmçinin ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə edilib və əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Görüş zamanı qarşılıqlı maraq kəsb edən digər mövzular da tərəflər arasında müzakirə olunub.

  • Mariya Zaxarovadan Qarabağ AÇIQLAMASI

    Rusiya diplomatlarının məlum görüşdə “Ermənistan-Artsax strateji ittifaqı”nın nümayəndələrinin iştirakından əvvəlcədən xəbəri olmayıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkinin “Ermənistan-Artsax strateji ittifaqı”nın nümayəndələri ilə görüşünə münasibət bildirərkən deyib.

    Onun sözlərinə görə, həmin görüş Ermənistanın “Daşnaksütun” partiyasının rəhbərliyi ilə olub: “Bu səfirin ölkənin ictimai-siyasi qüvvələri ilə görüşləri çərçivəsində baş tutan sıradan görüşlərindən biridir. Bir daha qeyd edirəm ki, bu səfiri birbaşa səlahiyyətinə daxil olan məsələdir. Təsdiqləyə bilərəm ki, bu görüş Ermənistan tərəfinin təşəbbüsü ilə olub. Görüşdə geniş spektorlu məsələlərə toxunulub. Dağlıq Qarabağ münaqişəsi mövzusu da müzakirə olunub. Baxmayaraq ki, bu məsələ əsas müzakirə mövzusu olmayıb”.

    M. Zaxarova qeyd edib ki, rusiyalı diplomatlar həmin görüşə siyasi partiya rəhbərliyi ilə “Ermənistan-Artsax strateji ittifaqı”nın nümayəndələrinin gələcəyi barədə məlumatlandırılmayıb: “Biz qonaqpərvər və nəzakətli insanlarıq. Ona görə də, bu təmas, bu görüş mətbuatda yazıldığı kimi siyasi tərkibə malik deyil. Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməyib və dəyişə bilməz. Bu mövqe Moskvada dövlət rəhbərliyi tərəfindən səsləndirilib, habelə səfirlər və diplomatlarımız tərəfindən təsdiqlənib. Bildiyiniz kimi, bu mövqe hər zaman ölçülü və balanslaşdırılmış xarakterizə olunub”.

    Rusiya XİN sözçüsü vurğulayıb ki, bu mövzu Azərbaycanın media məkanında da suallar oyadıb: “Biz Azərbaycandan olan tərəfdaşlarımızı da bu əsasda məlumatlandırmışıq”.