Category: Siyasət

  • Keşikçi Dağı ilə bağlı məsələ Gürcüstan parlamentində – Vitse-spikerdən AÇIQLAMA

    Gürcüstan və Azərbaycan arasında sərhəd məsələsi həll olunmalı və demarkasiya işləri aparılmalıdır.

    Median.Az xəbər verir ki, bunu jurnalistlərə Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski deyib.

    O, Gürcüstan Prezidenti Salome Zurabişvilinin Keşikçi Dağı Məbəd-Kompleksi ətrafında yaranmış vəziyyətdə günahlandırılmasını əsassız hesab edir: “Salome Zurabişvili Gürcüstanın dövlət maraqlarına xidmət edir və bu da Azərbaycanın maraqlarına zidd deyil. Gürcüstan və Azərbaycanın maraqları üst-üstə düşür. İki ölkə arasında sərhəd məsələsi həll olunmalıdır”.

    Qeyd edək ki, S.Zurabişvili aprelin 20-də Azərbaycanla sərhəddə yerləşən Keşikçi Dağı Məbəd-Kompleksinə baş çəkib. O, sərhədçilərlə görüşdən sonra bildirib ki, Gürcüstan-Azərbaycan sərhədinin müəyyən edilməsi üzrə məsələni tezliklə həll etmək lazımdır. Prezidentin sözlərinə görə, bu məsələni təxirə salmaq olmaz.//yenicag.az

    ***

    Gürcüstan parlamentinin bugünkü iclasında deputat Savalan Mirzəyev son günlər Keşikçi Dağı Məbəd-Kompleksi ətrafında yaranmış vəziyyətlə bağlı çıxış edib.

    Deputat Gürcüstan və Azərbaycan xalqlarının əsrlər boyu dostluq və qardaşlıq şəraitində yaşadığını bildirib.

    Onun sözlərinə görə, iki xalq arasında mehriban qonşuluq münasibətləri bundan sonra da davam edəcək. S.Mirzəyev məbəd-kompleksi ətrafında yaranmış vəziyyətin birgə səylərlə mütləq həll olunacağını bildirib.

    Çıxışının sonunda o, Gürcüstanın hazırkı və keçmiş siyasətçilərini məbəd ətrafında yaranmış vəziyyəti gərginləşdirməməyə çağırıb.//report.az

  • Zakir Qaralov özəl xəstəxanadakı ölüm hadisəsini nəzarətə götürdü

    Baş prokuror Zakir Qaralov Mingəçevir şəhərində özəl xəstəxanada baş vermiş ölüm hadisəsini nəzarətə götürüb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Mingəçevir şəhər sakini Məcnun Məmmədovun “Şəfa” özəl tibbi diaqnostik klinikasının və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin həkimlərinin səhlənkarlığı ucbatından vəfat etməsi barədə mərhumun qardaşı Əhməd Məmmədovun müraciəti Mingəçevir Şəhər Prokurorluğunda araşdırılır.

    Azərbaycan Respublikasının Baş prokuroru araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmasının təmin edilməsi üçün diaqnostik klinikanın və publik hüquqi şəxsin həkimləri tərəfindən Məcnun Məmmədova düzgün diaqnoz qoyulub-qoyulmaması, aparılmış müayinələrin, habelə xəstəyə tibbi yardımın qoyulmuş diaqnoza uyğun aparılıb-aparılmamasının yüksək ixtisaslı mütəxəssislər cəlb edilməklə müəyyənləşdirilməsi məqsədilə Səhiyyə nazirinə müraciət edib.

    Xatırladaq ki, “Şəfa” klinikasında müalicə alan 1960-cı il təvəllüdlü Məcnun Məmmədov orada ölüb. Mərhumun qardaşı Əhməd Məmmədov şəhər Prokurorluğuna şikayət edərək qardaşının həkimlərin səhlənkarlığı nəticəsində öldüyünü bildirib.

  • İlham Əliyev ABŞ Dövlət katibinin müavininin müşaviri ilə görüşdü

    Prezident İlham Əliyev aprelin 30-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin müşaviri Corc Kenti qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • İlham Əliyev nazirləri topladı

    Aprelin 30-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

    AZƏRTAC xəbər verir ki, dövlət başçısı iclası giriş nitqi ilə açıb.

    Sonra Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov, kənd təsərrüfatı naziri İnam Kərimov və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev çıxış ediblər.

    Prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib.

  • ABŞ prezidentlərinin azərbaycanlı xanım tərcüməçisi – FOTO

    Tanınmış jurnalist Emin Musəvi ABŞ-ın son 3 prezidentinə tərcüməçilik edən azərbaycanlı xanımla bağlı maraqlı paylaşım edib.

    E.Musəvi Olcay Kartari Raçedin hazırda ABŞ Prezidenti Donald Trampın tərcüməçisi olduğunu bildirib. Bundan öncə isə Olcay xanım Corc Buş və Barak Obamaya tərcüməçilik edib..

    “Olcay xanımın babaları Marneulidəndir. Azərbaycanlıdır. ABŞ-a 80-ci illərdə köçüb”, – E.Musəvi qeyd edib.


  • Elmar Məmmədyarov Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri ilə görüşüb

    Xarici işlər naziri Elmar Məmmədyarov Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzo ilə görüşüb.

    Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, E.Monzo səmimi qarşılanmaya görə təşəkkürünü bildirməklə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini və Milli Məclisin sədri ilə görüşün keçirildiyini qeyd edərək, iki ölkə arasında əməkdaşlığın inkişafı baxımından faydalı müzakirələrin aparıldığını vurğulayıb.

    Görüş zamanı Azərbaycan ilə Argentina arasında əlaqələrin cari vəziyyətindən razılıq ifadə olunub. Tərəflər iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərlərini münasibətlərin inkişaf etdirilməsi baxımından önəmini xüsusilə vurğulayıblar.

    E.Məmmədyarov 2019-cu ilin martında Argentinaya səfərini qeyd edərək səfər çərçivəsində keçirilmiş faydalı görüşləri və bir çox sahələr üzrə inkişaf etməkdə olan ikitərəfli münasibətləri qeyd edib.

    Ölkələr arasında əlaqələrin inkişafı baxımından parlament diplomatiyasının önəmli rol oynadığı qarşı tərəfin diqqətinə çatdıran nazir səfərin iki ölkə arasında olan münasibətlərin inkişafına müsbət töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

    E.Monzo E.Məmmədyarovun Argentinaya son səfərini və onunla keçirilmiş görüşü məmnunluqla xatırlayıb və hazırkı səfərinin Azərbaycanı daha yaxından tanımaq üçün əlverişli imkan yaratdığını qeyd edib.

    Görüş zamanı tərəflər həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıblar.//report.az

  • “Nə? Harada? Nə vaxt?” çempionatı Bakıda keciriləcək

    “Tərəqqi” medalı ilə təltif edilən “Nə? Harada? Nə zaman?” Televiziya Klubu Komandası üzvləri Elman Talıbov və Balaş Qasımov Prezident İlham Əliyevə təşəkkür ediblər.

    Təşəkkür məktubunda deyilir:

    “Uzun illərdir məmnuniyyətlə məşğul olduğumuz fəaliyyətimizə verilən yüksək qiymətə görə cənab Prezidentə minnətdarlıq etmək istərdik.

    Bütün bu illər ərzində biz cənab Prezidentin qayğı, dəstək və diqqətini hiss edirik.

    Məhz onun təşəbbüsü ilə “Nə? Harada? Nə vaxt?” oyunu üzrə ilk 3 dünya çempionatı (2002-2004), Bakıda Millətlır Kuboku, televiziya klubları arasında dünya çempionatları, 2014-cü ildən dünyanın ən yaxşı bilicilərinin iştirak etdiyi, Azərbaycan Prezidenti kuboku uğrunda Breyn Rinq oyunu keçirilir.

    Bütün bunlar Bakının dünyada bilicilərin intellektual mərkəzlərindən birinə çevrilməsinə təkan vermişdir. Qeyd etmək istərdik ki, cənab Prezidentin təşəbbüsü ilə bu ilin 7-8 sentyabrında biz yenidən “Nə? Harada? Nə vaxt?” üzrə Dünya Çempionatını qəbul edəcəyik.

    Bizi dəstəkləyən, uğurlarımıza öz uğuru kimi sevinən hər kəsə təşəkkürlər! Gələcəkdə də beynəlxalq səviyyədə Azərbaycanı layiqincə təmsil etməyə, yüksək etimadı doğrultmağa çalışacağıq.

    Cənab Prezident, Sizə dərin təşəkkürümüzü bildiririk!

  • Xorvatiya Azərbaycanda səfirlik açdı – YENİLƏNİB + FOTO

    Bakıda Xorvatiya səfirliyinin rəsmi açılışı baş tutub.

    Açılış lentini Xorvatiyanın xarici işlər naziri Mariya Peyçinoviç Buriç kəsib. Mərasimdə Vergilər naziri Mikayıl Cabbarov, Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov, Xorvatiya tərəfdən isə həmçinin Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə müavini Viçe Skraçiç və iqtisadi məsələlər üzrə müavini İvana Jivkoviç iştirak edib.

    “Xalqlarımız arasında əlaqələrin yaradılması Xorvatiya səfirliyinin əsas missiyalarından biridir”.

    Bu sözləri Xorvatiya Baş nazirinin müavini, Xarici İşlər naziri Mariya Peyçinoviç Buriç bu ölkənin Azərbaycandakı səfirliyinin açılış mərasimində deyib.

    “Səfirliyin mənim Azərbaycana ilk səfərim zamanı açılması çox əlamətdar hadisədir. Bunu Xarici İşlər naziri kimi özümə hədiyyə hesab edirəm. Bu, ölkələrimiz arasında əməkdaşlığın dərindən inkişaf etdirilməsinə töhfə verəcək. Azərbaycan və Xorvatiya arasında mədəniyyət, təhsil, elm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük perspektivlər mövcuddur. Xorvatiya Azərbaycanla Şərq Tərəfdaşlığı çərçivəsində də əməkdaşlığa böyük əhəmiyyət göstərir”,- deyə nazir bildirib.

    Vergilər naziri Mikayıl Cabbarov açılış mərasimində çıxışı zamanı deyib ki, hökumətlərarası komissiyanın sədri kimi Azərbaycan və Xorvatiya arasındakı əməkdaşlıqdan məmnunluq duyur: “İki ölkə arasında müxtəlif sahələrdə 22 ikitərəfli sənədlər imzalanıb. Səfirliyin açılması ikitərəfli əlaqələrin inkişafında böyük rol oynayacaq”.

    Tədbirdə həmçinin Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edib.


    13:58

    Bu gün Xarici işlər naziri Elmar Məmmədyarov və Xorvatiya Respublikasının Baş Nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Mariya Peyçinoviç Buriç birgə mətbuat konfransı keçirib.

    Median.Az xəbər verir ki, Elmar Məmmədyarov konfransdan əvvəl Mariya Peyçinoviç Buriç ilə görüş zamanı enerji məsələləri, nəqliyyat sahəsi ilə bağlı məsələlərin müzakirə edildiyini deyib.

    Nazir bildirib ki, artıq Xorvatiya səfirliyi Azərbaycanda tam şəkildə fəaliyyətə başlayacaq.

    Elmar Məmmədyarov qeyd edib ki, Xorvatiyanın Dağlıq Qarabağ mövqeyi aydındır:

    “Xorvatiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və BMT-nin dörd qətnaməsi çərçivəsində məsələnin sülh yolu ilə həllinin tərəfdarıdır”.

    Mariya Peyçinoviç Buriç qeyd edib ki, müxtəlif strateji layihələrlə bağlı məsələlər də müzakirə edilib:

    “Düşünürəm ki, bu, Xorvatiya və Azərbaycan üçün önəmli layihələrdir. Növbəti görüşlərdə layihə barədə daha aydın məsələlər müzakirə ediləcək və ticarət dövriyyəsi ilə bağlı daha müsbət rəqəmlər olacaq.

    Çalışırıq ki, iqtisadi əməkdaşlığı artıraq. İstərdim ki, Avropa Birliyi ilə Azərbaycan arasındakı yeni sazişlə bağlı dəstəyimizi bildirək”.

    Xorvatiyalı nazir bu gün Azərbaycanda Xorvatiya səfirliyinin açılışının olacağını vurğulayıb.

    “Yaxın zamanlarda Xorvatiyanın Azərbaycandakı səfiri təyin olacaq. Bu həm də xalqlar arasındakı iqtisadi, siyasi məsələrə kömək edəcək”, – deyə Mariya Peyçinoviç Buriç qeyd edib.

  • Prezident qida təhlükəsizliyi ilə bağlı Dövlət Proqramını təsdiqlədi

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

    Müvafiq sənədi AZƏRTAC dərc edib.

    Sərəncama əsasən, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib.

    Qida Təhlükəsizliyi Agentliyinə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasını əlaqələndirmək; həmin Dövlət Proqramında qeyd olunan tədbirlərin, beynəlxalq təcrübə nəzərə alınmaqla, əsas icra indikatorlarını üç ay müddətində müəyyən etmək; Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

    Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinə hər il dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyələşməni təmin etmək tapşırılıb.

  • İlham Əliyev Mariya Buriçini qəbul etdi

    Azərbaycan Prezidenti İlham Əliyev aprelin 29-da Xorvatiya Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri xanım Mariya Buriçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.