Category: Siyasət

  • İlham Əliyev Xorvatiyanın Baş nazirinin müavini ilə görüşdü

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Xorvatiya Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri xanım Mariya Buriçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Prezident İlham Əliyevin Çinə işgüzar səfəri başa çatıb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına işgüzar səfəri aprelin 27-də başa çatıb.

    Median.Az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

  • Mehriban Əliyeva 12 yaşlı qıza kömək etdi – VİDEO

    Bir müddət əvvəl 12 yaşlı Leyla Nəsibova məhkəmə qərarı əsasında ailəsi ilə birlikdə evdən çıxarılmamasına kömək edilməsi üçün sosial şəbəkə vasitəsilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət etmişdi.

    Median.Az-ın Azvision.az -a istinadən verdiyi məlumatına görə, Mehriban Əliyeva onun müraciətinə müsbət cavab verib. Belə ki, ilkin mərhələdə köməklik göstərilib, balaca Leyla və ailəsi evdən çıxarılmayıb.

    Bununla bağlı Leyla Nəsibova video-müraciət yayaraq, göstərdiyi köməyə görə Birinci vitse-prezidentə təşəkkür edib.

    12 yaşlı Leyla, həmçinin bildirib ki, video-müraciətdən sonra Heydər Əliyev Fondunun təsis etdiyi “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) nümayəndələri onunla görüşüb və ailəsinin problemləri ilə yaxından maraqlanıblar.

  • İlham Əliyev Çində – OTO

    Aprelin 27-də Pekində ikinci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu öz işini davam etdirib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib.

    Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət və hökumət başçılarını salamlayıb.

    Si Cinpin çıxışında artıq ikinci dəfə baş tutan Forumun uğurla keçdiyini, onun ölkələr arasında əməkdaşlıq baxımından yeni imkanlar açdığını deyib. O, dünyada yeni əməkdaşlıq formatı yaradan “Bir kəmər, bir yol” təşəbbüsünün qlobal iqtisadiyyatın inkişafına və qədim İpək Yolunun yenidən canlandırılmasına təkan verəcəyini deyərək Forumda iştirak edən dövlət və hökumət başçılarına təşəkkürünü bildirib.

    Forumun birinci sessiyası “İnkişaf üçün yeni mənbələrin araşdırılması məqsədilə əməkdaşlığın təşviqi”nə həsr olunub.

    Sonra dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

    Prezident İlham Əliyev Forumun “Qarşılıqlı siyasətin gücləndirilməsi və daha yaxın tərəfdaşlığın qurulması” mövzusuna həsr olunan ikinci sessiyasında da iştirak edib.

    Daha sonra dövlət başçısı “BMT-nin 2030-cu il Gündəliyini həyata keçirmək üçün yaşıl və dayanıqlı inkişafın təşviqi” mövzusuna həsr olunan üçüncü sessiyada iştirak edib.

    Bu sessiyada çıxış edən Prezident İlham Əliyev dəvətə görə Çin Xalq Respublikasının sədri Si Cinpinə təşəkkür edib. Dövlət başçısı Çin Xalq Respublikasının yaradılmasının 70 illiyi münasibətilə Çin xalqını təbrik edib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Çin tərəfdaş ölkələrdir. Dövlət başçısı 2015-ci ildə Çinə dövlət səfəri zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunun imzalandığını qeyd edib.

    Prezident İlham Əliyev bildirib ki, Azərbaycan infrastrukturun inkişafına mühüm əhəmiyyət verir. Azərbaycanda möhkəm infrastruktur bazası yaradılıb ki, bu da bizim və tərəfdaşlarımızın maraqlarına xidmət edir. Azərbaycan, həmçinin enerji ixrac edən ölkədir. Enerji ixracı bizim inkişafımız üçün əsaslı baza və təməl yaradıb. Biz enerji resurslarımızdan xalqımızın mənafeyi naminə istifadə etmişik, edirik və davamlı inkişafa nail olmuşuq. Hazırda iqtisadiyyatın şaxələndirilməsi əsas vəzifələrdən biridir.

    Dövlət başçısı bildirib ki, nəqliyyat infrastrukturu sahəsində Ələt Dəniz Ticarət Limanı və yeni istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti qeyd edilməlidir. Azərbaycanda 15 min kilometrdən çox yol çəkilib, dəmir yolu xətləri modernləşdirilib. Biz xüsusilə Şərq-Qərb nəqliyyat dəhlizində çox fəal iştirak edirik. Həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı prosesində iştirak edirik. Azərbaycanda hava nəqliyyatı infrastrukturu yaradılıb.

    Belə ki, altı beynəlxalq aeroport tikilib. Azərbaycan Xəzər dənizində 260 gəmi ilə ən böyük ticarət donanmasına malik ölkədir. Azərbaycanın nəqliyyat sahəsində potensialı daha da artır və bu, beynəlxalq əməkdaşlıq üçün yaxşı imkanlar yaradır. Azərbaycanda iqtisadi inkişaf nəticəsində işsizlik və yoxsulluq 5 faiz həddinə salınıb. Nəqliyyat və enerji təhlükəsizliyi milli təhlükəsizliyin vacib elementidir.

    Azərbaycan Prezidenti deyib ki, “Bir, kəmər, bir yol” təkcə nəqliyyat layihəsi deyil, bu, sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən layihədir.









  • Mehriban Əliyevadan İçərişəhərlə bağlı vacib – GÖSTƏRİŞ

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İçərişəhəri ziyarət etməsi ilə bağlı məlumat yayıb.

    İdarədən bildirilib ki, Birinci vitse-prezident ərazidə aparılan konstruksiyaların 2009-cu ildə qəbul edilmiş layihəyə əsasən icra olunmasını tapşırıb.

    “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İçərişəhəri ziyarət edərək Kiçik Qala küçəsində yerləşən ictimai iaşə obyektlərində aparılan konstruksiya işləri ilə yerində tanış olaraq həmin obyektlərdə uzun illər çalışan bir qrup sahibkar, həmçinin İçərişəhər sakinləri ilə görüşüb.

    Baxış zamanı təqdim edilmiş məlumatları diqqətlə dinləyən Mehriban Əliyeva ərazidəki konstruksiyaların 2009-cu ildə qəbul edilmiş İçərişəhərin “Master Planına” və təsdiq edilmiş layihəyə uyğun olaraq birmərtəbəli olması şərti ilə quraşdırılmasına ciddi nəzarət edilməsini tapşırıb.

    İdarə layihənin verilən tapşırıqlar əsasında birmərtəbəlilik şərti gözlənilməklə aparılacağını təmin edəcək”, – açıqlamada qeyd olunub.

  • Mehriban Əliyeva məcburi köçkünlərlə görüşüb

    Aprelin 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Nəsimi rayonunda Tibb Universitetinin 4 saylı yataqxanasında və Qaradağ rayonunda salınan “Qobu Park” yaşayış kompleksində məskunlaşan məcburi köçkünlərlə görüşüb.

    Median.Az xəbər verir ki, əvvəlcə Birinci vitse-prezident Mehriban Əliyeva məcburi köçkün ailələrinin yaşayış şəraiti ilə tanış olmaq üçün Tibb Universitetinin 4 saylı yataqxanasına gəldi.

    1993-cü ildən işğal altında olan bütün rayonlardan məcburi köçkünlərin məskunlaşdığı yataqxanada 150-dən çox ailə yaşayır. Məcburi köçkün ailələri dövlətin onlara göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirdiklərini bildirdilər, bu dəstəyi hər zaman hiss etdiklərini söylədilər.

    Bu istiqamətdə görülən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayan Birinci vitse-prezident Mehriban Əliyeva dedi:

    – Çox sağ olun ki, məni belə qarşılayırsınız. Əziz analar, əziz bacılar, mən sizi çox sevirəm. Mən sizin üçün əlimdən gələn hər şeyi edəcəyəm. Mən gəlmişəm sizinlə danışım, problemlərinizi öyrənim. Sizə söz verirəm, həm cənab Prezident, həm mən daim sizin yanınızdayıq. Mən bilirəm ki, siz yararsız binalarda çətin vəziyyətdə yaşayırsınız. İnanın mənə, tapşırığımla yeni yol xəritəsi hazırlanır. Bütün yataqxanalarda, bütün ponsionatlarda həm nazirliyin, həm Heydər Əliyev Fondunun əməkdaşları, həm də Regionların İnkişafı Fondunun əməkdaşları bir-bir gəzəcəklər, araşdıracaqlar, insanlarla görüşəcəklər, bütün problemləri öyrənəcəklər, lazım gəlsə özüm də bütün ponsionatları gəzəcəyəm.

    Sakinlər: Allah Sizi qorusun!

    Mehriban Əliyeva: Prezident İlham Əliyevin diqqətində olan ən vacib məsələ məcburi köçkünlərin və qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılmasıdır və bu günə qədər çox böyük işlər görülüb, 300 mindən artıq insan evlə təmin olunub və təmin olunacaq. Son illərdə mən görürəm ki, müsbət dinamika var. Əgər 2017-2018-ci illərdə 6126 mənzil təhvil verilibsə, bu il təkcə 1 il ərzində 6 min mənzil təhvil veriləcək.

    Sakinlər: Allah Sizi qorusun. Biz Sizə minnətdarıq.

    Mehriban Əliyeva: Mən sizə öz böyük məhəbbətimi çatdırıram.

    Sakinlər: Bütün qaçqınlar, məcburi köçkünlər Sizdən razıdırlar.

    Mehriban Əliyeva: Sağ olun, mən onu hiss edirəm. İnanın, mənim güc mənbəyim sizsiniz. Mən hər zaman sizin yanınızdayam. Bu, mənim borcumdur.

    Sakinlər: Allah Sizə yar olsun, Siz Azərbaycan xalqına çox kömək etmisiniz. Sağ olun, var olun, Prezidentimiz sağ olsun, Allah sizi qorusun.

    Dövlət Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir.

    Birinci vitse-prezident Mehriban Əliyeva Qubadlı rayonundan məcburi köçkün Murtuzəli Yusufovun məskunlaşdığı mənzildə oldu.

    Mehriban Əliyeva: Mən xüsusi olaraq gəlmişəm ki, sizin yaşayış probleminiz qısa bir zamanda həll olunsun, normal yaşayış şəraiti təmin edilsin. Bilirsiniz, həm Azərbaycan dövləti, həm Prezident, həm də şəxsən mən, bütün bu problemlərlə gündəlik fəaliyyətimizdə məşğul oluruq. Çıxış yolları da var. Bu günə qədər çox işlər görülüb, 300 mindən çox qaçqınımız, məcburi köçkünümüz mənzillə, evlə təmin olunub. Amma yenə də bu problem var. Biz gərək özümüz üçün proqram yaradaq ki, bütün bu məsələləri ardıcıl olaraq həll edək və bütün soydaşlarımızı normal yaşayış şəraiti ilə təmin edək. Mən bu yolda əlimdən gələn hər şeyi etməyə hazıram. Çox qısa bir zamanda normal ev şəraiti ilə təmin olunacaqsınız.

    Sakin: Allah köməyiniz olsun.

    Birinci vitse-prezident Tibb Universitetinin 4 saylı yataqxanasında məskunlaşan digər ailələrə də baş çəkdi, buradakı yaşayış şəraiti ilə yaxından tanış oldu, məcburi köçkün ailələrinin müraciətlərini dinlədi, onların qısa zamanda yeni mənzillərlə təmin ediləcəyini vurğuladı.

    Birinci vitse-prezident yataqxananın yerləşdiyi ərazidə Zəngilan rayon 20 saylı orta məktəbdə də oldu. Mehriban Əliyeva 131 şagirdin təhsil aldığı məktəbə müəllimlərlə görüşdü.

    Mehriban Əliyeva: Mən xüsusi olaraq gəlmişəm ki, yataqxanadakı vəziyyətlə tanış olum. Görürəm ki, belə vəziyyətdə yaşamaq çox çətindir. Uzun illərdir ki, orada yaşamısınız. Ona görə də artıq plana uyğun olaraq çox qısa bir zamanda Qobuda tamamilə yeni salınmış qəsəbədə mənzillərlə təmin edilərsiniz. Məktəbin də orada yerləşməsi üçün mən indi bütün göstərişləri verdim.

    Sakinlər: Çox sağ olun, Allah köməyiniz olsun.

    Mehriban Əliyeva: Çox sağ olun, siz də bilin ki, sizin sözləriniz, dəstəyiniz, məhəbbətiniz mənim üçün ən əsas güc mənbəyidir. Mən bunu görəndə daha da çox işləməyə hazıram və mənim vəzifəm budur. Hər zaman sizin yanınızdayam.

    Tibb Universitetinin 4 saylı yataqxanasında məskunlaşan məcburi köçkünlərin yaşayışı ilə yaxından tanış olan, onların müraciətlərini dinləyən Mehriban Əliyeva bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün lazımi tədbirlərin görüləcəyini bildirdi.

    x x x

    Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan “Qobu Park” yaşayış kompleksinə gəldi.

    Mehriban Əliyeva burada da qəsəbə sakinləri ilə görüşdü, müraciətləri dinlədi və onların həlli istiqamətində tapşırıqlarını verdi. Bildirildi ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində daim ardıcıl işlər aparılır və bu qəbildən olan soydaşlarımızın problemləri həmişə dövlətin diqqət mərkəzindədir.

    Daha sonra Birinci vitse-prezident məcburi köçkün Şəmsiyyə Mehdiyevanın evində oldu.

    Mehriban Əliyeva: Qarabağ problemi ölkəmizin ən böyük problemidir və daim Prezidentin diqqət mərkəzindədir. Bu münaqişə və torpaqlarımızın işğal altına düşməsi nəticəsində qaçqın və köçkün həyatı sürməyə məcbur olan soydaşlarımızın problemlərinin həlli bizim ən böyük vəzifəmizdir.

    Buraya gəlməmişdən əvvəl Bakıda yataqxanada məskunlaşmış soydaşlarımızla görüşdüm. Çox acınacaqlı, təhlükəli vəziyyətdə yaşayırlar. Onların hamısını normal ev şəraiti ilə təmin etmək dövlətimizin, Prezidentimizin, şəxsən mənim ən vacib vəzifəmizdir. Bu istiqamətdə bütün lazımi işlər görülüb və görülür. İndiyədək 300 mindən çox soydaşımız evlə təmin olunub, 103 yeni qəsəbə, şəhərcik salınıb. Şəhərcik təkcə evlərdən ibarət deyil, onu yaratmaq üçün infrastruktur – məktəblər, bağçalar tikilib, su, qaz, işıq xətləri çəkilib, asfalt yollar salınıb. Amma, yenə də hələ ki, ağır vəziyyətdə yaşayan insanlarımız var və onların həyatının yaxşılaşdırılması üçün əlimizdən gələni edəcəyik.

    Bu gün belə bir gözəl qəsəbədə olmağıma görə çox şadam. Xatırlayıram ki, buranın açılışında bərabər iştirak etmişdik. Görürəm ki, siz çox gözəl, rahat şəraitdə yaşayırsınız. Arzum odur ki, hər bir qaçqın və köçkün məhz belə şəraitdə yaşasın. Biz buna nail olacağıq. Mən əminəm, buna iradə də, imkan da var. Bütün bu məsələlər ardıcıl olaraq öz həllini tapacaq. İnşallah, Qarabağ problemi də öz həllini gərək sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında tapsın, soydaşlarımız doğma torpaqlarına qayıtsın. Hələ ki, bütün soydaşlarımızı normal yaşayış şəraiti ilə, işlə təmin etmək Azərbaycan dövlətinin ən əsas vəzifəsidir. İnanın ki, bu sahədə bütün lazımlı işlər, addımlar atılır. Uzun bir prosesdir, çətin prosesdir, böyük maliyyə tələb edən prosesdir. Amma yenə də bütün lazımi addımlar atılır və bu istiqamətdə işlər davam etdirilir. Gözəl, yaxşı, müsbət dinamika var. Əgər 2017-2018-ci illər ərzində 6126 mənzil təhvil verilibsə, təkcə bu il 6 min mənzil təhvil veriləcək. Yəni, bu, o deməkdir ki, 6 min ailənin yaşayış şəraiti yaxşılaşacaq. Mən sizin hər birinizi görməyə çox şadam. Əgər sizin hansısa problemləriniz, xahişləriniz varsa, mən hər zaman kömək etməyə hazıram, hər zaman sizin yanınızdayam.

    Sakin: Sayənizdə hər şey yaxşıdır, çox gözəl şəraiti, havası var. Hədiyyələriniz üçün çox sağ olun. Hər şey yaxşıdır, Allah sizə cansağlığı versin.

    Mehriban Əliyeva: Bu iki balaca gözəl bala kimin uşaqlarıdır? Çox gözəl oğlanlardır. Amma indi mənə söylədilər ki, bağça fəaliyyət göstərmir. Göstəriş verəcəyəm ki, çox yaxın zamanda bağça fəaliyyətə başlasın. Çünki bu da vacibdir.

    Sakin: Çox sağ olun, Sizin sayənizdə heç bir problemimiz yoxdur. Çox gözəl şəraitimiz var.

    Digər sakin: Çox sağ olun ki, bizim qəsəbəyə gəlmisiniz. Bu qəsəbənin təməlini siz qoymusunuz.

    Mehriban Əliyeva: Bəli, açılışında da iştirak etmişik.

    Sakin: Mən keçmiş Qarabağ müharibəsi döyüşçüsüyəm. Son zamanlar ölkədə gedən proseslər, sosial müavinətlərin artırılması bizi çox sevindirir. Qarabağ müharibəsi veteranlarının, əlillərinin müavinətlərini 50 faiz artırdığına görə möhtərəm Prezidentimizə təşəkkür edirik. Bizim burada yaşayışımız yaxşıdır, narazılığımız yoxdur. Gözəl mənzillərlə təmin olunmuşuq. Qarabağ döyüşçüsü kimi Ali Baş Komandanın apardığı siyasəti dəstəkləyirəm. Eyni zamanda, döyüşçü yoldaşlarım da. Möhtərəm Prezidentimiz lazım bilsə, hər zaman torpaqlarımızı azad etməyə hazırıq. Amma, eyni zamanda, indiki vəziyyəti təhlil edəndə görürük ki, Azərbaycan Qafqazda lider dövlətdir, dünyada söz sahibidir. Bizim bu vəziyyətə düşməyimiz keçmiş hakimiyyətin təqsiridir. Biz onun bəlasını indi də çəkirik.

    Mehriban Əliyeva: Düz deyirsiniz, o zaman Heydər Əliyev iqtidarda olsaydı heç vaxt belə hadisə olmazdı, heç vaxt buna imkan verməzdi.

    Sakin: Əgər Heydər Əliyev hakimiyyətə həmin illərdə gəlsəydi, bu bəlalar bizə qismət olmazdı. Mən Sizə, cənab Prezidentə ulu öndərimiz Heydər Əliyevin yolunu davam etdirdiyinizə görə dərin təşəkkürümüzü bildirirəm. Allah Sizin və möhtərəm Prezidentimizin canını sağ eləsin.

    Mehriban Əliyeva: Çox sağ olun. Mənim də təşəkkürümü qəbul edin. Bilin ki, həm Prezidentin, həm mənim ürəyimdə daim sizə qarşı böyük hörmət, böyük məhəbbət, böyük istək var. Bütün problemlərin həlli ağır və uzun prosesdir. Böyük maliyyə dəstəyi lazımdır. Biz də istəyirik problemlər daha tez həll olunsun, bu planda olan bütün tədbirlər həyata keçirilsin. Amma yenə də qeyd edirəm, iradə var, bütün bu problemlər ardıcıl olaraq həll ediləcək. Bunu hər bir vətəndaşımız, xüsusilə də işğaldan, münaqişədən əzab çəkən, öz doğma torpaqlarından qaçqın düşən, öz doğma evlərini itirən, uzun illərdir ki, çətin vəziyyətdə yaşayan insanlar çox yaxşı başa düşürlər. Ona görə bu insanlara, sizlərə kömək etmək bizim ən əsas və ən vacib vəzifəmizdir. Bilin ki, fəaliyyətimdə mənim üçün ən vacib, ən mühüm güc mənbəyi məhz sizinlə, insanlarla ünsiyyətdə olmaqdır. Mən sizin sevginizi, dəstəyinizi hiss edəndə daha inamlı oluram. Mənim üçün böyük şərəfdir ki, insanlar mənə dəstək verir, məni sevir, mənə inanır. Sizi əmin etmək istəyirəm ki, mən sizin etimadınızı doğruldacağam. Çox sağ olun.

    Sakin: Allah sizə, Prezidentimizə cansağlığı versin.

    Mehriban Əliyeva: Çox sağ olun, Prezidentin də böyük salamlarını sizə çatdırıram. İnşallah Qarabağda biz eyni belə gözəl mənzillərdə görüşək.

    Sakin: İnşallah

    Birinci vitse-prezidentin adından Şəmsiyyə Mehdiyevanın ailəsinə hədiyyələr təqdim edildi.

    Mehriban Əliyeva buradakı digər mənzillərdə yaradılan şəraitlə də yaxından tanış oldu.

    Yaşayış kompleksində ümumilikdə 1026 məcburi köçkün ailəsi mənzillə təmin olunub.

  • Mehriban Əliyeva: “İçərişəhər” qoruğunda qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç zaman vurulmayacaq”

    Aprelin 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda görülən işlərlə tanış olub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Əsgər Ələkbərov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya görülən işlərlə bağlı ətraflı məlumat verib.

    Bildirilib ki, qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirilir. Hazırda İdarə tərəfindən Kiçik Qala küçəsində, Qala divarları boyunca yerləşən kafe və restoranların yenidən qurulması işləri həyata keçirilir.

    Aparılan təmir-bərpa işləri Qoşa Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı, nə İçərişəhərin, nə də Qala divarlarının görünüşünə xələl gətirməyəcək və o, əvvəlki görünüşünü saxlayacaq.

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da bildirib ki, İçərişəhər Azərbaycan xalqı üçün doğma və əziz yerdir.

    Birinci vitse-prezident Mehriban Əliyeva deyib:

    – İçərişəhər bütün Azərbaycan üçün, bizim bütün vətəndaşlarımız üçün çox doğma və əziz yerdir. Bakımızın, doğma Bakımızın ürəyidir. Bu, doğrudan da çox dəyərli tarixi və mədəni abidədir. Mənim yadımdadır, xatırlayıram, bir zamanlar İçərişəhər UNESCO-nun qara siyahısına salınmışdı. Çünki burada bərpa işləri aparılmırdı. Bütün bu qanunlara zidd hərəkətlər olub. O zaman məhz Prezidentin göstərişi ilə İçərişəhərdə bir çox işlər, bərpa, yenidənqurma işləri aparıldı. Sakinlərin, sahibkarların məramları nəzərə alınaraq İçərişəhərin hər binasına, hər bir daşına dövlət tərəfindən böyük diqqətlə yanaşıldı. Mənim yadımdadır, Novruz bayramında cənab Prezidentlə bizim burada gəzintimiz oldu və sakinlərlə ünsiyyətdə olduq. Fəxr edirik ki, bizim Bakımızın belə İçərişəhəri var. Əlbəttə, mən əminəm ki, bu, hər bir azərbaycanlının ürəyində yaşayan bir hissdir. Təbii ki, Qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç zaman vurulmayacaq.

    Bilirsiniz, mən indi bu sosial şəbəkələrdə, informasiya məkanında yayılan yalanlar, böhtanlar, qarayaxma kampaniyaları aparan insanlar haqqında danışmaq istəmirəm. Mən bir şeyi qeyd etmək istəyirəm. Hər insan öz vicdanı və Allah qarşısında cavab verir. Ona görə mən əminəm ki, pis niyyətlə, təxribatla, nifrət hissi ilə heç vaxt yaxşı bir nəticə əldə etmək mümkün deyil. Vətənimizə, Vətənimizin hər bir mədəni abidəsinə, tarixinə, dininə yalnız və yalnız xoş niyyət, mərhəmət, sevgi bəsləməliyik. İnsanlarımız bunu çox gözəl bilir, çox gözəl hiss edir. Ona görə mən bu gün şəxsən bura gəldim. Mən bilirdim, bütün bu hadisələrin gedişatı haqqında məndə məlumat var idi. Amma mən yenə də sahibkarlarla görüşmək istəyirdim. Bir daha əmin olmaq istəyirdim ki, yeni heç bir inşaat yoxdur. Buradakı tarixi və mədəni abidələrə heç bir təhlükə yoxdur. Əksinə, bütün bu addımlar onların qorunmasına yönəlib.

    Burada yeni aşkar olunmuş tarixi abidəmiz – hamam bərpa olunur. Onu da qeyd etmək istəyirəm ki, son illər İçərişəhərdə Qala divarı üzərində aparılan bütün bərpa işlərinə bu sahədə ən aparıcı ekspertlər də cəlb olunub. Bu da çox gözəl bir haldır. Ona görə siz bir daha nəzarət edin. Birincisi, əlbəttə, biz İçərişəhərimizi çox qorumalıyıq, çox diqqətli olmalıyıq. İkincisi, İçərişəhərdə yaşayan sakinlərin maraqları nəzərə alınmalıdır. Eyni zamanda, mən əminəm ki, sahibkarlar üçün də bura doğma, əziz və ölkəmizin ən vacib tarixi abidələrindən biridir. Siz də yanaşmalarınızı məhz bu səmtdə qurmalısınız.

    Bir də onu qeyd etmək istəyirəm ki, gələcəkdə belə hallarla üzləşməmək üçün biz gərək ictimaiyyətə dolğun, geniş informasiya verək. Hətta İçərişəhərdə hansısa bir bərpa, təmir işinin aparılması nəzərdə tutulubsa, bu işləri başlamamışdan əvvəl biz ictimaiyyətə geniş şəkildə məlumat verməliyik. Onda biz belə halların qarşısını alarıq. Mən çox yaxşı başa düşürəm, insanlar narahat olublar. Çünki 1954-cü ildə dağılmış divarın rəsmlərini qəsdən indi qoyub və bugünkü hal kimi təqdim ediblər. Mən yenə də deyirəm, o insanlar haqqında danışmaq istəmirəm. Amma mən narahat olan o biri insanları çox yaxşı başa düşürəm. Belə hallarla, belə yalanlarla üzləşməmək üçün, biz gərək özümüz bütün informasiyanı dolğun şəkildə ictimaiyyətə təqdim edək. İşlər başlamamışdan əvvəl təqdim edək ki, belə işlər görülməlidir, niyə görülməlidir, necə görülməlidir. O zaman hər şey də yaxşı olacaq. Ona görə bir daha deyirəm, bir daşa da ziyan dəyməməlidir. İçərişəhərimiz gözəldir, bizim sərvətmizdir, bundan sonra biz onu qoruyub saxlayacağıq, gələcək nəsillərə eyni şəkildə təhvil verəcəyik.

    X X X

    Sonra Birinci xanım Mehriban Əliyeva “BBC News” Azərbaycancanın müxbirinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda görülən işlərlə bağlı suallarını cavablandırıb.

    Birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, Kiçik Qala küçəsində, Qala divarları boyunca yerləşən kafe və restoranların təmiri işlərinin yay aylarında başa çatdırılması nəzərdə tutulur.

    Birinci vitse-prezident Mehriban Əliyeva burada aparılan işlərinin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

  • Prezident dövlət başçıları ilə birgə ziyafətdə (FOTOLAR)

    Aprelin 26-da Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanımın adından ikinci “Bir kəmər-bir yol” Beynəlxalq Forumunda iştirak edən dövlət və hökumət başçılarının şərəfinə ziyafət verilib.

    Median.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ziyafətdə iştirak edib.

  • Mehriban Əliyeva Qala divarları olan əraziyə gəldi – VİDEO

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İçərişəhərə gəlib.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, birinci xanım Kiçik Qala küçəsində yerləşən Qala divarları olan ərazidəki vəziyyətlə yerində tanış olub.

    Mehriban Əliyeva sakinlərlə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.

    Görüş zamanı bildirilib ki, ərazidə aparılan tikinti işləri Qala divarlarına heç bir zərər vurmayıb.

  • Putin və İlham Əliyev Pekində görüşdü

    Rusiya prezidenti Vladimir Putin ilə Azərbaycan prezidenti İlham Əliyevin Pekində görüşü keçirilib.

    “RİA Novosti” xəbər verir ki, Putin görüş zamanı Rusiya-Azərbaycan-İran üçtərəfli sammitinin bu ilin avqustunda Rusiyada keçiriləcəyini bildirib.

    “Biz Rusiya-Azərbaycan-İran üçtərəfli sammitinin bu ilin avqustunda Rusiyada keçirilməsi ilə bağlı razılığa gəlmişik”, – Putin bildirib.

    O qeyd edib ki, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi ötən il 14% artaraq, 2,5 milyard dollara çatıb.