Category: Siyasət

  • İlham Əliyevlə Paşinyan arasında görüş başladı – YENİLƏNİB

    Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

    Bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.

    Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı və beynəlxalq hüququn prinsiplərinə uyğun Dağlıq Qarabağ münaqişəsinin mövcud format əsasında həllini dəstəkləyir.

    * * * * *

    Bu gün Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Vyanada görüş keçiriləcək.

    Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparacaqlar.

    Qeyd edək ki, görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında keçiriləcək.

    Xatırladaq ki, dünən Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçirilib.

    Görüş zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin irəli aparılmasının müxtəlif elementlərini, həmçinin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında 29 mart tarixində keçiriləcək görüşdə toxunula biləcək məsələləri müzakirə ediblər.

  • Mehriban Əliyeva evi əlindən alınan şəhid ailəsinə yeni mənzil verdi

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatının qaldırdığı iddia əsasında pulunu ödədikləri halda mənzili məhkəmə qərarı ilə əllərindən alınan şəhid ailəsi ilə bağlı yaranmış situasiyaya müdaxilə edib.

    Median.Az Virtualaz.org-a istinadla xəbər verir ki, Mehriban Əliyevanın göstərişi ilə aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun ailəsinə yeni mənzil verilib.

    Məlum olub ki, Heydər Əliyev Fondunun nümayəndələri bu gün şəhidin ailəsi ilə görüşüb. Sənan Axundovun ailəsinə bildiriblər ki, Mehriban Əliyevanın tapşırığı əsasında onların problemi həll olunur və Bakının Nərimanov rayonunda ailəyə yeni mənzil verilir.

    Xatırladaq ki, şəhidin hələ sağlığında hissə-hissə 53 min manat ödəyərək aldığı 50 kvadratmetrlik mənzil “Şərurlu İsfəndiyar”ın iddiası əsasında məhkəmə qərarı ilə alınıb. Bu məsələ geniş ictimai rezonans və oliqarxa qarşı haqlı hiddət yaradıb.

  • Prezident “Diqlas”da zərərçəkənlərə 3 milyon manat pul ayırdı

    Prezident İlham Əliyev “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında” sərəncam imzalayıb.

    Sərəncamla Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 81Q ünvanında yerləşən ticarət mərkəzində fəaliyyət göstərən və 2019-cu il martın 26-da həmin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.

    İqtisadiyyat Nazirliyinə zərər çəkmiş sahibkarlara bu sərəncama əsasən ayrılmış vəsait hesabına maddi yardım göstərilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç gün müddətində təsdiq etmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək, Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

  • Bu gün İlham Əliyevlə Paşinyan görüşəcək

    Bu gün Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Vyanada görüş keçiriləcək.

    Median.Az-ın məlumatına görə, tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparacaqlar.

    Qeyd edək ki, görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında keçiriləcək.

    Xatırladaq ki, dünən Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçirilib.

    Görüş zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin irəli aparılmasının müxtəlif elementlərini, həmçinin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında 29 mart tarixində keçiriləcək görüşdə toxunula biləcək məsələləri müzakirə ediblər.

  • Azərbaycan Prezidenti İlham Əliyev Avstriyaya səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Avstriya Respublikasına işgüzar səfərə gedib.

    Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

  • Prezident yanğın barədə: Bəziləri borc alıb, mallarını satışa çıxarıb

    Martın 26-da ticarət mərkəzlərinin birində yanğın baş verib. Xoşbəxtlikdən insan itkisi olmayıb. Ancaq o ticarət mərkəzində çalışan insanlara maddi ziyan dəyib. Yanğının səbəbləri araşdırılır, bu gün ilkin məlumat veriləcək və əminəm ki, tam araşdırılacaq.

    Bu sözləri prezident İlham Əliyev Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar keçirdiyi müşavirədə deyib.

    Ölkə başçısı bildirib ki, dövlət zərərçəkənlərə dəstək göstərəcək:

    “Biz sahibkarların problemlərini həll etməliyik. Onlar öz iş yerlərini, öz əmlakını itiriblər. Onlara maddi ziyan dəyib. Bəziləri borc alıb və orada malları satışa çıxarıblar. Ona görə, əlbəttə ki, biz bu insanlara dövlət olaraq öz dəstəyimizi göstərəcəyik.

    Dünən Nizami Rayon İcra Hakimiyyətində sahibkarlarla görüş keçirilib. Bu gün səhər ikinci görüş keçirilib və onlara deyilib ki, dövlət onlara dəstək və yardım göstərəcək. Belə hadisələr baş verir. Əlbəttə ki, səbəblər tam araşdırılmalıdır və operativ olaraq dövlət sahibkarlara öz maddi yardımını göstərməlidir.

    İqtisadiyyat Nazirliyi ticarət mərkəzində çalışan sahibkarlarla bir-bir görüşməlidir, onların problemlərini dinləməlidir və onlara dəstək göstərməlidir.

    Maliyyə Nazirliyi operativ olaraq, ilkin maliyyə vəsaiti ayırmalıdır ki, sahibkarlara bu vəsaitin verilməsi təmin edilsin. Bununla bərabər, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi yanmış malların qiymətini sahibkarlarla birlikdə araşdırmalıdır, aydınlaşdırmalıdır və bizdə bu məsələ ilə bağlı dəqiq məlumat olmalıdır.

    Adətən, inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, bütün mallar sığortalanır. Ancaq əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar var və bir çox hallarda biz bunu görürük.

    Bütövlükdə, sahibkarlara məsləhət görülür ki, onlar öz əmlakını sığortalatsınlar. Belə olan halda tam əmin ola bilərlər ki, bədbəxt hadisə baş verdikdə onların əmlakı batmayacaq”.

    İlham Əliyev əlavə edib ki, yanğının səbəbləri tam araşdırılmalıdır:

    “İlkin versiyalar var. Kamera müşahidəsi də deməyə əsas verir ki, yanğın haradan başlayıb. Bunu nəzərə alaraq yekun rəy, əlbəttə ki, təqdim olunacaq”.

    Bütün ticarət mərkəzlərində ciddi təftiş işləri aparılmalı olduğunu nəzərə çatdıran dövlət başçısı deyib ki, təhlükəsizlik tədbirləri gücləndirilməlidir:

    “Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar, Bakı Şəhər İcra Hakimiyyəti, rayon, şəhər icra hakimiyyətləri bu işlərlə çox ciddi məşğul olmalıdırlar. Təhlükəsizliklə bağlı olan bütün məsələlər ən yüksək standartlarda təmin edilməlidir”.

    Prezident sahibkarlarla bağlı məsələyə də toxunub. Deyib ki, dövlət onların yanında olacaq:

    “Onlara artıq bu məlumat verildi. Maliyyə dəstəyinin göstərilməsi operativ qaydada təşkil edilməlidir və müvafiq göstəriş verilib. Eyni zamanda, burada da qeyd olunduğu kimi, onlara güzəştli şərtlərlə kreditlər verilməlidir, dəymiş ziyan dəqiq hesablanmalıdır. Onların bu gün fəaliyyətdə olan digər ticarət mərkəzlərində yerləşdirilməsi ilə bağlı tədbirlər görülməlidir ki, işsiz qalmasınlar.

    Beləliklə, hesab edirəm, görülmüş və görüləcək tədbirlər nəticəsində sahibkarlar bir daha görəcəklər ki, dövlət hər zaman onları dəstəkləyir. Azərbaycanda sahibkarlığın inkişafı geniş vüsət alıb və ölkəmizin gələcək, uzunmüddətli, dayanıqlı inkişafı böyük dərəcədə sahibkarların fəaliyyəti ilə bağlıdır.

    Azərbaycanda indi sahibkarlar sinfi yaradılıb. Sahibkarlar müxtəlif sahələrdə – həm istehsalda, xidmət və ticarət sektorlarında çox fəal işləyirlər. Əlbəttə ki, dövlət onlara həm siyasi dəstək, həm də maliyyə dəstəyi verir.

    Bildiyiniz kimi, güzəştli şərtlərlə iki milyard manatdan çox kreditlər verilib. Ağır günlərdə, bədbəxt hadisə baş verdikdə dövlət hər zaman onların yanındadır və onların yanında olacaq”.

  • İlham Əliyev “Diqlas”dakı yanğınla bağlı müşavirə keçirdi

    Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.

    Prezident İlham Əliyev martın 26-da paytaxtın Nizami rayonundakı ticarət mərkəzlərindən birində baş vermiş yanğın zamanı xoşbəxtlikdən insan itkisinin olmadığını, lakin orada çalışan insanlara maddi ziyan dəydiyini bildirib.

    Hazırda hadisənin səbəblərinin araşdırıldığını və sahibkarların problemlərinin həlli ilə bağlı tədbirlərin görüldüyünü deyən dövlətimizin başçısı qeyd edib ki, onlar iş yerlərini, əmlaklarını itirib, onlara ciddi maddi ziyan dəyib.

    Prezident İlham Əliyev dünən və bu gün Nizami Rayon İcra Hakimiyyətində sahibkarlarla görüş keçirildiyini, onlara dövlət tərəfindən dəstək göstəriləcəyinin deyildiyini bildirib.

    Dövlətimizin başçısı vurğulayıb ki, İqtisadiyyat Nazirliyi sahibkarlarla bir-bir görüşməli və onların problemlərini dinləməlidir.

    Maliyyə Nazirliyi operativ qaydada ilkin olaraq maliyyə vəsaiti ayırmalı və həmin vəsait sahibkarlara verilməlidir. Digər müvafiq qurumlar da yanmış malların qiymətini sahibkarlarla birlikdə aydınlaşdırmalıdır.

    “Azərbaycan güclü sosial siyasət aparır. Bu ilin əvvəlində ciddi sosial paket təsdiqləndi. Sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan bu proqramla əhatə olunub və bu təşəbbüsün dünyada bənzəri yoxdur”, – deyən prezident İlham Əliyev yanğın hadisəsinin tam araşdırılıb təkliflərin verilməsi üçün komissiyanın yaradılacağını, bununla yanaşı, operativ olaraq sahibkarlara maddi dəstək göstəriləcəyini vurğulayıb.

    Sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov, baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov, iqtisadiyyat naziri Şahin Mustafayev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov məruzə ediblər.

    Prezident İlham Əliyev yanğının səbəblərinin araşdırılması ilə bağlı bir daha tapşırıqlarını verib. Bildirib ki, bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalı, təhlükəsizlik tədbirləri gücləndirilməlidir.

    Azərbaycan prezidenti bir daha vurğulayıb ki, dövlət sahibkarların yanındadır və yanğından zərər çəkmiş sahibkarlara operativ qaydada maliyyə dəstəyi göstəriləcək.

  • Prezidentdən Xaçmazın icra başçısı ilə bağlı — SƏRƏNCAM

    Prezident İlham Əliyev Şəmsəddin Xanbabayevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

    Qeyd edək ki, Ş.Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısıdır. Aprelin 1-də onun 80 yaşı tamam olur.

  • Prezident göstəriş verdi: “Diqlas”da malı yanan sahibkarlara pul ödəniləcək

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Diqlas” ticarət mərkəzi ilə bağlı tapşırıq verib.

    Bunu Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov deyib.

    Onun sözlərinə görə, ticarət mərkəzində malları yanan sahibkarların müraciətləri İlham Əliyevə çatdırılıb və prezidentin tapşırığı ilə nümayəndə heyəti icarədarlarla görüşə göndərilib.

    Görüşdə çıxış edən Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov bildirib ki, “Diqlas”da yanğın hadisəsi baş verən andan Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ciddi nəzarəti altında olub:

    “Görülən tədbirlər nəticəsində yanğın lokallaşdırıldı. Şükürlər olsun ki, insan tələfatı baş vermədi. Amma sahibkarlara ciddi maddi ziyan dəyib. Belə hadisələr dünyanın hər yerində olur. Bunların qarşılığında da dövlət öz tədbirlərini görür. Hər ölkənin öz qanunları var”.

    Hüseyn Mövsümov qeyd edib ki, İlham Əliyevin tapşırığına əsasən, “Diqlas”da malı yanan sahibkarlara dəyən ziyan dövlət tərəfindən ödəniləcək:

    “Bunun üçün komissiya yaradılacaq. Sahibkarların, dövlət qurumlarının iştirakı ilə yaradılan komissiya əraziyə baxış keçirəcək və dəymiş ziyan müəyyənləşdiriləcək. Hər şey obyektiv olacaq. Bu işdə sui-istifadəyə yol verilməyəcək. Burada aldatmaq cəhdi yolverilməzdir.

    Xahişimiz bundan ibarətdir ki, səbrli olun, dövlət daim sizin yanınızdadır”.

  • Xəzər rayonunda oğurluq edən 8 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Xəzər RPİ 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən martın 5-də rayon ərazisindəki mağazadan 400 manat oğurlayan Zirə qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Əliyev saxlanılıb. Araşdırma zamanı onun, martın 17-də daha 2 marketdən oğurluğa cəhd göstərməsi məlum olub.

    Bundan başqa, 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 12-də və 15-də rayon ərazisindəki 2 həyətyanı sahədən 5 baş qoyun oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Həsənov saxlanılıb.

    1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 həyətyanı sahədən 1 baş inək və 2 baş qoyun oğurlayan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar C.Əliyev və qardaşı Kamal, Daşkəsən rayon sakini olan bir yeniyetmə saxlanılıblar.

    1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evdən 146 manat və televizor oğurlayan Binə qəsəbə sakinləri F.Rzayev və V.Seyfullazadə saxlanılıblar. Araşdırma zamanı V.Seyfullazadənin, daha bir evdən 410 dollar və qızıl-zinət əşyaları oğurlaması məlum olub.

    2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evdən 1000 manat və qızıl-zinət əşyaları oğurlayan paytaxt sakini N.Ələkbər qızı saxlanılıb.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.