Category: Siyasət

  • Rəsmi Bakı Ermənistana ciddi xəbərdarlıq etdi

    Ermənistan müdafiə naziri D.Tonoyanın Nyu-Yorkda erməni icması ilə görüş zamanı “sülh naminə ərazi” formulasının əvəzinə “yeni ərazilər üçün yeni müharibə” fikrini səsləndirməsi bu ölkənin işğalçı və qəsbkar siyasətinin Ermənistanın yüksək səviyyəli rəsmisi tərəfindən növbəti etirafıdır.

    Bu barədə erməni müdafiə naziri David Tonoyanın Azərbaycanı müharibə ilə təhdid etməsinə cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

    Qeyd olunur ki, Ermənistan Baş nazirinin Vyanada Azərbaycan dövlət başçısı ilə görüşü nəticəsində münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar prosesində konkret və nəticəyə yönəlik addımların atılması və sülh mühitinin yaradılması ilə bağlı qəbul edilən birgə bəyanatdan dərhal sonra erməni müdafiə nazirinin belə bir çıxışı təhrikçi xarakter daşıyır və münaqişənin sülh yolu ilə həllinə və bu xüsusda Minsk Qrupunun həmsədrlərinin simasında beynəlxalq ictimaiyyətin səylərinə qarşı çıxır.

    “Ermənistan tərəfinin diqqətinə çatdırırıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer alır və beynəlxalq hüququn ona verdiyi özünümüdafiə haqqı ilə Azərbaycan işğal edilmiş torpaqlarını qısa müddətdə azad etmək iqtidarındadır”, – deyə XİN-nin bəyanatında qeyd olunur.

    Nazirlik bildirir ki, Azərbaycan Ermənistan kimi digər dövlətlərin ərazilərinə iddialarla çıxış etmir və ərazilər zəbt etmək fikrində deyil:

    “Azərbaycanın tələbi BMT TŞ-nin müvafiq qətnamələrinə uyğun olaraq, onun beynəlxalq tanınmış ərazilərindən işğalçı Ermənistan qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxmasıdır. Bütün bu illər ərzində beynəlxalq ictimaiyyətin dəsətəyi ilə aparılan səylərimiz məhz bu məqsədə yönəlib. Əks təqdirdə, Azərbaycan beynəlxalq hüququn müvafiq norma və prinsipləri, o cümlədən BMT Nizamnaməsini rəhbər tutaraq öz torpaqlarını bütün digər vasitələrlə erməni işğalından azad etməyə hazırdır və bundan ən yaxşı xəbərdar olan elə məhz Ermənistandır”.

    Azərbaycan Xarici İşlər Nazirliyi həmçinin erməni rəhbərliyinə sual ilə də çıxış edib:

    “Yekunda müdafiə nazirinin çıxışı kontekstində Ermənistan ali rəhbərliyinin şərhlərini eşitmək istərdik: Nazir bu çıxışını Ermənistan rəhbərliyinin razılığı əsasında edibmi, yoxsa bu Nazirin ən azından danışıqların mahiyyətini və nəticədə qəbul edilmiş birgə bəyanatı şübhə altına alan şəxsi improvizasiyasıdırmı?”.

  • Millət vəkili Vyana görüşü barədə

    Vyana görüşü Azərbaycan diplomatiyasının gücünü, Azərbaycan dövlətinin və ən əsası ölkə prezidentinin növbəti dəfə siyasi iradəsini, qətiyyətini nümayiş etdirdi.

    Bunu oxu.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

    Millət vəkilinin sözlərinə görə, bu görüş həm də şovinizm xəstəliyinə mübtəla olmuş erməni siyasətçilərinin, başabəla erməni liderlərinin davam etdirdikləri siyasətin yanlış olduğunu, fiaskoya uğradığını göstərib.

    “Artıq ermənilərə, Ermənistan rəhbərlərinə inam qalmayıb, özündən əvvəlki cinayətkar rejimlərin və onun cinayətkar başçılarının səhvlərindən, aqibətindən dərs çıxarmayan Paşinyanın dedikləri sabun köpüyündən başqa bir şey deyil. Hətta açıq və gizli himayədarları belə onlara inanmır, etimad etmir, heç bir sözlərini, bəyanatlarını ciddiyə almırlar. Vyana görüşü, Azərbaycan dövlətinin və dövlət başçısının iradəsi və qətiyyətinin nəticə olaraq sərgilənən mövqe, danışıqların davam etdirilməsinin qərara alınması və danışıqlar formatının dəyişdirilməsinin qeyri-mümkünlüyünün ifadə edilməsi artıq hər şeyi açıqlığı ilə ortaya qoydu, Ermənistanın, onun siyasi liderlərinin fiasko ilə, dalanla üzləşdiyini hər kəsə göstərmiş oldu.

    Cənab prezident TASS-a müsahibəsində vurğuladığı kimi, “əsas odur ki, danışıqların formatı dəyişilməz qalıb. Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır. İkincisi, danışıqlar prosesinə yeni təkan verilib”. Artıq seçim, qərar Ermənistanın, Paşinyanındır.

    Növbəti yanlışlıqları, xətaları, təxribatçılıq əməlləri onlara baha başa gələ, Aprel hadisələrinin daha ağırını və daha faciəlisini yaşaya bilərlər. İstəmirlərsə, arzulamırlarsa, ağıllansınlar və düz yola gəlsinlər”, – deyə millət vəkili əlavə edib.

  • İlham Əliyevin Avstriyaya səfəri başa çatdı

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avstriya Respublikasına işgüzar səfəri martın 30-da başa çatıb.

    Məlumatı AZƏRTAC yayıb.

  • İlham Əliyevin Paşinyanla görüşdən sonra bəyanatı

    Bildiyiniz kimi, xarici işlər nazirləri bir neçə raund danışıqlar aparıblar. Görüş ona görə mühümdür ki, məsələnin mahiyyəti ilə bağlı danışıqlar prosesinə yeni start verilib. Biz etimadı, ola bilsin ki, insanlar arasında təmaslar çərçivəsində möhkəmləndirməklə bağlı məsələləri müzakirə etdik.

    Bunu Azərbaycan prezidenti İlham Əliyev Vyanada Ermənistanın baş naziri Nikol Paşinlyanla görüşdən sonra TASS agentliyinə müsahibəsində deyib.

    Dövlət başçısı bildirib ki, bundan əvvəl ictimaiyyət nümayəndələri arasında təmaslar olub.

    “Yəni, hələ bu barədə danışmaq tezdir, lakin humanitar məsələlərə gəldikdə, bu, nəzərdə tutulur. Çünki danışıqlar prosesi təbii ki, həm də humanitar aksiyalarla dəstəklənməlidir. Lakin mən hesab edirəm, əsas odur ki, danışıqların formatı dəyişilməz qalıb. Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır”, – deyə İ.Əliyev qeyd edib.

    Azərbaycan prezidentinin sözlərinə görə, danışıqlar prosesinə yeni təkan verilib:

    “Bu da vacibdir. Biz Minsk qrupunun həmsədrlərinin 9 mart tarixli bəyanatını, – siz yəqin ki, onunla tanışsınız, – çox müsbət qiymətləndirdik. Orada deyilir ki, danışıqlar formatının dəyişdirilməsi yalnız iki tərəfin razılığı ilə ola bilər. Azərbaycan tərəfi təbii ki, buna razılıq vermədi. Ona görə də biz prinsipcə substantiv danışıqların davam etdirilməli olduğu vəziyyətə qayıtdıq.

    Xarici işlər nazirlərinə tapşırıqlar verilib. Onlar çox güman ki, nəticəyə yönələn danışıqlar prosesini davam etdirmək üçün yaxın vaxtlarda görüşəcəklər. Bizim üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi durur”, – deyə prezident İlham Əliyev vurğulayıb.

  • Fazil Mustafa: Funksiyasını yerinə yetirən yeganə şəxs dövlət başçısı oldu

    Deputat Siyavuş Novruzov “Diqlas” ticarət mərkəzində baş verən yanğından danışıb.

    O, parlamentin bu gün keçirilən iclasında qeyd edib ki, ötən gün prezidentin sədrliyi ilə yanğınla bağlı müşavirə keçirildi və sığorta ilə bağlı göstəriş verildi:

    “Ancaq müvafiq komitədə bununla bağlı layihələr hazırlanmalıdır ki, insanların əmlakının sığortalanması burada öz əksini tapsın. Bəzi hallarda insanlar sığorta etdirmir. Bir hadisə baş verəndə dövlət bu məsələni öz üzərinə götürür. Naxçıvanda demək olar ki, sığorta olunmamış ev qalmayıb. Onlar aylıq sığortanı ödəyir. Əgər hansı hadisə baş verərsə sığorta şirkətləri məsuliyyəti öz üzərilərinə götürürlər.

    Təəssüf ki, belə hadisələrdən istifadə edənlər var. İnsanları mitinqlərə çağırır və müxtəlif çağırışlar edirlər. Ötən il prezident seçkilərindən sonra bütün məsələlər prezidentin diqqətindədir. Prezident ümumxalq səsverməsindən sonra elan etdi ki, problemlər həllini tapacaq. Mərhələli şəkildə bütün problemlər öz həllini tapır. Bunun üçün milyardlarla vəsait ayrılır. Bu gün mitinq keçirmək, üç-beş adam yığıb nə isə deməklə islahatları öz adlarına çıxmaq istəyənlər ortaya çıxıb. Burada məqsəd ölkədə gedən islahatları çəkindirmək, baş verənləri cəmiyyətə öz adlarından təqdim etməkdir.

    Adi yanğında, zəlzələdə zərərçəkənlərin yanında olmaq əvəzinə müxtəlif mitinq çağırışları edilir. Belə addımlarla insanlara yanlış informasiyalar verilir. Bu gün qibləsini tanımayan Əli Kərimli və Sevinc Osmanqızı Azərbaycandakı islahatları tamamilə fərqli şəkildə dünyaya çatdırmaq istəyirlər. Onların qibləsi ABŞ-dır.

    Azərbaycan dövləti xalqın yanındadır. Ölkə başçısı ötən gün də söylədi ki, baxmayaraq ki yanğınla bağlı ziyanın ödənilməsi dövlətin işi deyil, amma dövlət hər zaman sahibkarların yanındadır”.

    Deputat Fəzail Ağamalı isə çıxışında vurğulayıb ki, dövlət başçısının addımını yüksək qiymətləndirir:

    “Biz istisna etmirik ki, bu və ya bənzər hadisələr gələcəkdə də olmaya bilər. Bu kimi məsələləri tam dövlətin üzərinə qoymaq düzgün deyil. Elə etmək lazım deyil ki, bu və ya bənzər hadisələr baş verəndə bunu dövlət öz üzərinə götürsün. İnkişaf etmiş ölkələrdə olduğu kimi sığorta şirkətləri işlək mexanizmlə fəaliyyət göstərsin. Ancaq bu şirkətlər üzərinə düşənləri yerinə yetirə bilmirlər. Bu institut elə formalaşmalıdır ki, Azərbaycan vətəndaşları sığorta şirkətlərinə daşınar və daşınmaz əmlaklarını etibar edə bilsinlər”.

    Deputat Fazil Mustafa da həmkarı Fəzail Ağamalının fikirlərini dəstəkləyərək bildirib ki, Azərbaycanda güvənli sığorta sistemi yaratmaq lazımdır:

    “Biz “Sığorta haqqında” qanunu tam dəyişdirməliyik və onu işlək vəziyyətə gətirməliyik. Bu məsələdə insanları da qınamaq düzgün olmaz, çünki bu sahəyə inam yoxdur. Bu məsələdə yeganə öz funksiyanı yerinə yetirən dövlət başçısı oldu. Əslində ona aidiyyatı olmayan məsələni – özəl sektorun problemini öz üzərinə götürdü ki, vətəndaşlar vəziyyətdən çıxa bilsinlər”.

  • Zakir Həsənov BMT-nin toplantısında iştirak edib

    ABŞ-da səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 29-da BMT-nin Sülhməramlı Əməliyyatlarını yerinə yetirən ölkələrin müdafiə nazirlərinin Nyu-Yorkda keçirilən toplantısında iştirak edib.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dünyada sülhməramlılığın qorunmasına dair keçirilən görüşlərin davamı və bu sahədə qlobal miqyasda görülən işlərin daha da sürətləndirilməsi xarakteri daşıyan toplantıda beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, dövlətlər arasında dostluq münasibətlərinin, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və digər məsələlər müzakirə olunub.

    Toplantıda, həmçinin sülhməramlı əməliyyatların planlaşdırılması işinin daha da yaxşılaşdırılmasına, qəbul edilən qərarların icrasına dərhal başlanılmasına, BMT sülhməramlılarının gələcək təminatına və təlimlərinə, münaqişə zonalarında mülki əhalinin, xüsusilə qadın və uşaqların qorunmasına dair fikir mübadiləsi aparılıb.

  • Prezident İlham Əliyevin Vyanada Avstriyanın Federal Kansleri ilə görüşü olub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Avstriya Respublikasının Federal Kansleri Sebastian Kurts ilə görüşü olub.

    Median.Az report-a istinadən xəbər verir ki, Federal Kansler Sebastian Kurts Prezident İlham Əliyevi qarşılayıb.

    Prezident İlham Əliyev və Federal Kansler Sebastian Kurts birgə foto çəkdiriblər.

    Sonra Prezident İlham Əliyevin Federal Kansler Sebastian Kurts ilə təkbətək görüşü olub.

  • Azərbaycan Prezidenti ilə Ermənistanın Baş nazirinin Vyanada görüşü olub – YENİLƏNİB-2

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü olub.

    Median.Az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın təkbətək görüşü keçirilib.

    Sonra görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə davam edib.

    *** 16:56

    Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən təkbətək görüş başa çatıb.

    Median.Az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.

    Onun sözlərinə görə, görüş Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan və ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə davam etdirilir.

    *** 14:20

    Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

    Median.Az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.

  • Birinci vitse-prezident: Azərbaycanda çox vacib islahatlara start verilib

    2019-cu il Azərbaycan üçün uğurla başlayıb. Bildiyiniz kimi, ölkəmizdə çox vacib islahatlara start verilib, həm iqtisadi sahədə, həm sosial sahədə.

    Bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 29-da Bakıda diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşdə çıxışı zamanı deyib.

    M.Əliyeva bildirib ki, bu gün atılan bütün addımlar Azərbaycanın gələcək uğurlu inkişafını təmin edəcək.

    Ölkəmizdə xarici səfirliklərin sayının artdığını bildirən Birinci vitse-prezident qeyd edib ki, bu gün Azərbaycanda 65 diplomatik nümayəndəlik, 13 beynəlxalq təşkilat və 4 baş konsulluq fəaliyyət göstərir:

    “Təmsil etdiyiniz ölkələrlə Azərbaycan qarşılıqlı maraq və hörmət əsasında əməkdaşlıq qurub və bu əlaqələr inkişaf etdirilir. Bu gün Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır”.

  • Ramil Usubov rəisi işdən çıxarıb? – YENİLƏNİB

    Zərdab rayon Polis Şöbəsindən oxu.az-a verilən məlumata görə, rayonun Dövlət Yol Polisi bölməsinin rəisi Rəşad Xəlilov vəzifəsindən azad edilməyib.

    Belə ki, hazırda R. Xəlilov məzuniyyətdədir və geri qayıtdıqdan sonra əvvəlki qaydada vəzifəsini icra edəcək.

    * * * * *

    Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

    Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, dünən Zərdab rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Rəşad Xəlilov vəzifəsindən azad edilib.

    Rəşad Xəlilovun yerinə hələlik təyinat olmayıb.