Category: Siyasət

  • Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilir

    Azərbaycan prezidenti İlham Əliyev Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

    Median.az xəbər verir ki, fərmana əsasən, Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilir.

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların (mədəniyyət mərkəzləri, klublar, musiqi məktəbləri, rəsm qalereyaları və s.) fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təkliflər hazırlanması üçün aşağıdakı tərkibdə Komissiya yaradılıb:

    Komissiyanın sədri

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

    Komissiya sədrinin müavini

    Azərbaycan Respublikasının mədəniyyət naziri

    Komissiyanın üzvləri

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi müdirinin müavini

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini

    Azərbaycan Respublikası maliyyə nazirinin müavini

    Azərbaycan Respublikası təhsil nazirinin müavini

    Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi.

    Komissiya beynəlxalq təcrübəni nəzərə almaqla, aşağıdakılarla bağlı təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir:

    informasiya-kommunikasiya texnologiyalarının imkanları, habelə mövcud tələbat nəzərə alınmaqla, ölkədə kitabxana sisteminin yenidən qurulması;

    dövlət mülkiyyətində olan muzeylərin inventarizasiyasını apararaq, onların fəaliyyətinin optimallaşdırılması və daha təkmil muzey fəaliyyətinin təşkili;

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi məktəblərinin inventarizasiyasını aparmaqla, onların fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə inzibati-ərazi vahidləri üzrə daha kompakt təşkili;

    mədəniyyət mərkəzlərinin, mədəniyyət evlərinin və klubların, rəsm qalereyalarının inventarizasiyasını aparmaqla, onların fəaliyyətinin təkmilləşdirilməsi, mövcud tələbat nəzərə alınmaqla, ölkənin inzibati ərazi vahidləri üzrə daha kompakt təşkili və xidmət səviyyəsinin yüksəldilməsi.

    Bu fərmanın 3.1-ci bəndinə əsasən təqdim olunacaq təkliflər əsasında ölkədə yeni kitabxana sistemi formalaşanadək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki mövcud kitabxanalar öz fəaliyyətini davam etdirsinlər.

    Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Komissiyada təmsil olunacaq nümayəndələri barədə təkliflərini on gün müddətində hazırlayıb Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etsinlər.

  • Prezident “ASAN xidmət”ə yeni səlahiyyətlər verdi

    Prezident İlham Əliyev konsulluq xidmətlərinin göstərilməsində şəffaflığın artırılması məqsədilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

    Sənədə əsasən, Agentliyə konsulluq xidmətləri ilə bağlı xidməti və diplomatik pasportların verilməsi və dəyişdirilməsi, sənədə apostil verilməsi və sənədin leqallaşdırılması, həmçinin viza rəsmiləşdirilməsi üçün xarici ölkələrin səfirliklərinə və konsulluqlarına notanın verilməsi hüququ verilib.

    Sənədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə xarici ölkələrdə müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, habelə xarici ölkələrdə olan Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə konsulluq xidmətlərinin “Elektron hökumət” portalı vasitəsilə elektron qaydada göstərilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görmək tapşırılıb.

    Fərman 2019-cu il martın 1-dən qüvvəyə minir.

  • İlham Əliyev səfiri geri çağırdı

    Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

    Bu barədə müvafiq sərəncamı yanvarın 15-də Azərbaycan prezidenti İlham Əliyev imzalayıb.

  • Bu dövlət qurumları ləğv edildi (FƏRMAN)

    Prezident İlham Əliyev Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

    Median.az xəbər verir ki, fərmanın imzalanmasında məqsəd Azərbaycan Respublikasında dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsidir.

    Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilir.

    Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilir, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi ləğv edilir və onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil edilir.

    Fərmanda müvafiq qurumlara bir sıra tapşırıqlar verilib.

  • Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb

    Prezident İlham Əliyev yanvarın 14-də “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.

    Median.az Azertag.az-a istinadən xəbər verir ki, aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılması, həmin dövlət xidmətlərinin daha az həcmdə resurs sərf edilməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi, elektron xidmətlərə keçidin sürətləndirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb.

    Fərmana əsasən, Agentlik baytarlıq və fitosanitar xidmətlərinin təşkilini və idarə edilməsini, keyfiyyətinə nəzarəti həyata keçirir, bu sahədə dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) fəaliyyətini əlaqələndirir, kənd təsərrüfatı texnikasının qeydiyyatını, texnikaya nəzarət fəaliyyətini və bu sahədə dövlət xidmətlərini DAİM vasitəsilə həyata keçirir, aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri və toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkilinə və göstərilməsinə nəzarət edir.

    Agentliyin Aparatının işçilərinin say həddi 85 nəfərdir.

    Baş Dövlət Texniki Nəzarət Xidmətinin regional bölmələrinin işçilərinin say həddində ştat vahidləri DAİM-ə verilir.

    Kənd Təsərrüfatı Nazirliyinə Agentliyin əsasnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, regionlarda DAİM vasitəsilə göstəriləcək xidmətlərin siyahısını və həmin xidmətlərin reqlamentlərini üç ay müddətində təsdiqləmək və Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

    Kənd Təsərrüfatı Nazirliyi və Dövlət İmtahan Mərkəzi bununla əlaqədar dövlət xidmətlərində işləyən dövlət qulluqçularına münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”na uyğun olaraq tədbirlər görəcəklər.

    Agentliyin əsasnaməsi təsdiq edilənədək Dövlət Fitosanitar Xidməti, Dövlət Baytarlıq Xidməti, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti və Baş Dövlət Texniki Nəzarət Xidməti öz fəaliyyətlərini davam etdirəcəklər.

    Fərmandan irəli gələn məsələlərin həlli ilə bağlı Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə də müvafiq tapşırıqlar verilib.

  • İlham Əliyev və birinci xanım Qobustanda açılışda

    Yanvarın 14-də Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 saylı birləşmiş şəhər xəstəxanasının açılışı olub.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

  • Prezident: Vergi sahəsində yeni rəhbərlik göstərişlərimi yaxşı yerinə yetirir

    Vergi sahəsində çox dərin islahatlar aparılıb. Hesab edirəm ki, vergi planının yerinə yetirilməsi çox yüksək qiymətə layiq olan məsələdir. Çünki əvvəlki rəhbərlik tərəfindən buraxılmış kobud səhvlər ona gətirib çıxarmışdı ki, gələn illərin vergiləri yığılırdı, beləliklə, bir piramida yaradılırdı, sahibkarlar incidilirdi, onlara qarşı əsassız tələblər irəli sürülürdü.

    Bu sözləri prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

    Dövlət başçısı qeyd edib ki, vergi sahəsində özbaşınalıq hökm sürürdü, bir çox xoşagəlməz əməllər müşahidə olunurdu. Bütün bunlara son qoyulmalı idi və son qoyuldu:

    “Keçən ilin təcrübəsi onu göstərir ki, həm vergi, həm gömrük sahəsində yeni rəhbərlik mənim göstərişlərimi yaxşı yerinə yetirir. Biz bu sahələrdə aparılan islahatların nəticələrini bundan sonrakı illərdə də görəcəyik. Bu sahələrdə tam şəffaflıq və dürüstlük olmalıdır.

    Bu sahələrdə işləyən insanlara da xəbərdarlıq edildi ki, əvvəlki qayda ilə işləmək mümkün olmayacaq və onlar özləri də bu nəticəni çıxarsınlar. Kim ki nəticə çıxarmır, onlara qarşı tədbirlər görülür, o cümlədən bir çox adamlar cinayət məsuliyyətinə də cəlb olunurlar”.

    “Aparılan islahatlar nəticəsində həm bizim gəlirlərimiz artacaq, – artıq artıb, gömrük 1 milyard manat əlavə vəsait toplayıb, – eyni zamanda, biz kölgə iqtisadiyyatına böyük zərbə vurmuş olarıq. Bu, böyük bəladır və biz bu bəla ilə bağlı çox ciddi mübarizə aparırıq. Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır. Düzdür, elə bir ölkə yoxdur ki, orada kölgə iqtisadiyyatı olmasın.

    Biz kölgə iqtisadiyyatına qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq. Vergi sahəsində aparılan islahatlar qanunsuz məşğulluğa son qoymalıdır. Hesab edirəm ki, icbari tibbi sığortanın tam işə düşməsi nəticəsində qanunsuz məşğulluq bir amil kimi, ümumiyyətlə, aradan qaldırılacaq.

    Kölgə iqtisadiyyatına qarşı mübarizə metodları kifayət qədər çoxşaxəlidir. Biz onların hamısından istifadə edirik və edəcəyik. Hər kəs başa düşməlidir ki, Azərbaycanda bütün işlər qanun çərçivəsində aparılmalıdır. Heç bir qanunsuzluğa yol verilməyəcək və hər kəs nəticə çıxarsın. Ona görə bu il də islahatların dərinləşməsi istiqamətində çox ciddi addımlar atılacaq.

    Bu, təkcə vergi və gömrük sahələrinə aid deyil. Eyni zamanda, sosial sahədə çox ciddi islahatlar aparılır. Bu gün onların bir hissəsi səsləndirildi. Bu sahədə də vaxtilə çox böyük pozuntular, ədalətsizliklər olub. Bütün bunlar indi aradan qaldırılır və bu sistem də vətəndaşlara tam ədalətli xidmət edəcək”, – deyə dövlət başçısı əminliyini vurğulayıb.

  • İlham Əliyev nazirləri topladı

    Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

    Dövlətimizin başçısı iclasda giriş nitqi söyləyib.

    Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxış ediblər.

    Daha sonra Prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib.

  • Prezident Əmlak Xidmətləri Məkanının açılışında – YENİLƏNİB + FOTO

    Prezident İlham Əliyev yanvarın 3-də Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib.

    Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov prezident İlham Əliyevə burada yaradılan şərait barədə məlumat verib.

    Binanın tikintisinə ötən ilin mayında başlanılıb. Müasir səviyyədə və yüksək zövqlə inşa olunan ikimərtəbəli binanın həyətində avtomobillər üçün parkinq yeri yaradılıb, abadlıq və yaşıllıq işləri görülüb.

    Dövlət başçısı Əmlak Xidmətləri Məkanının rəmzi açılışını bildirən lenti kəsib.

    Əmlak Xidmətləri Məkanının yaradılmasında əsas məqsəd Əmlak Məsələləri Dövlət Komitəsinin bütün fəaliyyət sahələri üzrə göstərdiyi xidmətlərin vahid məkanda həyata keçirilməsidir. Burada əmlakla bağlı bütün xidmətlər beynəlxalq standartlara uyğun qurulmaqla, şəffaflığın təmin olunması, vətəndaş məmnunluğunun artırılması, vətəndaş-məmur təmaslarının minimuma endirilməsi, xidmətlərin tam elektronlaşdırılması təmin edilib.

    Şənbə və bazar da daxil olmaqla həftənin bütün günləri məkanda 100-ə yaxın işçi tərəfindən xidmətlərin göstərilməsi nəzərdə tutulur. Burada könüllülərin xidmətlərindən də istifadə olunur. Binada, həmçinin BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq bu qəbildən insanların sərbəst hərəkəti üçün də bütün şərait yaradılıb. Burada notarius, bank, memarlıq və layihələndirmə işləri, əmlakın sığortalanması və poçt xidməti nəzərdə tutulub.

    Əmlak Xidmətləri Məkanında 1909-2018-ci illərdə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını özündə əks etdirən müxtəlif dövrlərə aid hüquqmüəyyənedici mülkiyyət sənədlərinin sərgiləndiyi arxiv guşəsi də var. Binada kafe, kitabaxana, uşaq oyun sahəsi də yaradılıb.

    Dövlət başçısına komitə tərəfindən elektronlaşdırılan xidmətlər barədə məlumat verilib. Komitə artıq 40 xidməti elektron qaydada vətəndaşlara birbaşa və e-Hökumət portalı vasitəsilə təqdim edir. Daşınmaz əmlakın qeydiyyatı üzrə ödənilən xidmət haqqının və dövlət rüsumunun öyrənilməsi ilə bağlı vətəndaşlar üçün daha çox maraq doğuran “Əmlak kalkulyatoru” iş prinsipləri və “Elektron çıxarışın yoxlanılması” kimi elektron xidmətlər nümayiş olunub.

    “Elektron çıxarış” xidməti vətəndaş məmur ünsiyyətini tam məhdudlaşdırır. Belə ki, elektron imzaya sahib vətəndaş istənilən yerdən e-Hökumət portalı vasitəsilə xidmətə müraciət edir, müvafiq sənədlərini göndərir, Komitə tərəfindən hazırlanmış elektron çıxarış isə onun portaldakı şəxsi kabinetinə göndərilir.

    Vətəndaş digər dövlət orqanlarına müraciət zamanı elektron çıxarışının düzgünlüyünü yoxlamaq üçün “Elektron çıxarışın yoxlanılması” xidmətindən istifadə edir. Qısa müddət keçməsinə baxmayaraq, artıq 8 mindən çox “Elektron çıxarış” sahibi var.

    Binada elektron informasiya sistemlərinin tətbiq olunması üçün bütün zəruri infrastruktur yaradılıb və bina müasir İKT avadanlığı ilə təchiz olunub. Məkanda xidmətlərin daha dəqiq, prosedurların sürətli olması üçün elektron idarəetmə sistemini həyata keçirən qurğular quraşdırılıb. Vətəndaşlar elektron monitorlara daxil olmaqla xidmətlərdən internet vasitəsilə də istifadə edə bilirlər.

    Özəlləşdirmə hərraclarının keçirilməsi ilə bağlı 100 nəfərlik hərrac zalında monitorlar vasitəsilə özəlləşməyə çıxarılan əmlaklarla tanışlıq, keçirilən özəlləşdirmə hərraclarında həm canlı iştirak etmək, həm də elektron qoşulmaqla hərraca qatılmaq imkanları yaradılıb.

    Özəlləşmənin elektronlaşdırılması prosesin sürətlənməsinə və investorların marağının artmasına imkan verib. Elektron hərracda elektron imzası olan hər bir vətəndaş yerindən asılı olmayaraq elektron hərrac sisteminə qoşularaq iştirak edə bilər. İndiyədək 28 elektron hərrac keçirilib və 900-dən çox əmlak satışı üzrə elektron sifariş qəbul olunub.

    Burada gün ərzində 1000-ə yaxın vətəndaşa xidmət göstərilməsi planlaşdırılır. Əmlak Xidmətləri Məkanında, ümumilikdə, Komitənin fəaliyyət sahələrinə uyğun 46 xidmət təqdim ediləcək. Göstərilən xidmətlərə dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, dövlət və bələdiyyə əmlakı ilə bağlı hərracların təşkili, torpaq və qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, əmlakın qiymətləndirilməsi, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətlərin qəbulu, hazır sənədlərin təqdim edilməsi və digər xidmətlər daxildir.

    Prezident İlham Əliyevə torpaqların idarə edilməsində istifadə olunan Peyk Müşahidə Sistemi layihəsinin iş prinsipi barədə məlumat verilib. Layihənin məqsədi torpaqlara dövlət nəzarətinin həyata keçirilməsində çevikliyin artırılması, qanunsuz tikililərin, torpağın münbit qatının korlanmasının qarşısının alınması, torpaq tədqiqatı, geobotaniki tədqiqat zamanı yeni texnologiyaların, süni intellektin imkanlarından istifadə edilməsidir.

    Layihə nəticəsində ölkə ərazisi peyk vasitəsilə 5 gündən bir çəkilir. Peyk vasitəsilə çəkilmiş bütün təsvirlər süni intellektin tətbiq olunduğu Peyk Müşahidə Sisteminə daxil edilir. Süni intellekt vasitəsilə təsvirlərin analizi başlayır və əvvəlki təsvirlərlə sonrakı təsvirlər arasındakı fərqlər, yəni hər çəkilişdən sonrakı dövrdə torpaq səthində baş verən dəyişikliklər və onların koordinatları Sistem vasitəsilə avtomatik olaraq müəyyən edilir.

    Sistem vasitəsilə torpaq səthində aşkarlanmış dəyişikliklərə yerində baxışın keçirilməsi Komitənin torpaq müfəttişləri tərəfindən təmin edilir, aşkarlanmış qanunsuz tikililərin qarşısı alınır, torpağın münbit qatının korlanmasına və ümumiyyətlə, qeyri-qanuni istifadəsinə yol verilmir.

    Komitə ilə yanaşı, Peyk Müşahidə Sisteminin imkanlarından kənd təsərrüfatı təyinatlı torpaqlarda əkilmiş bitkilərin müəyyənləşdirilməsi və monitorinqi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi, fövqəladə hadisələr zamanı meşə yanğınlarının müəyyən edilməsi və təbiətə dəyən zərərin monitorinqi, su daşqınları zamanı dəyişikliklərin və çaylarda suların artma-azalma intensivliyinin müəyyən edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi, meşə fonduna daxil olan ərazilərdə dəyişikliklərin müəyyən edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eyni zamanda, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən istifadə olunacaq. Sistemin bu ilin əvvəlindən ilkin sınaqlar həyata keçirməklə tam istifadəyə verilməsi nəzərdə tutulur.

    Eyni zamanda, lokal ərazilərdə torpaqlarda baş verən dəyişikliklərin öyrənilməsi, nəzarətin keyfiyyətinin artırılması, daşınmaz əmlakın kadastrı və torpaqların elektron uçotunun aparılması, məkan məlumatları və aerofoto çəkilişlərlə yanaşı, yeni texnologiya olan dron çəkilişlərindən də istifadə ediləcək.

    Əmlakların 3D çəkilişlərinin aparılması məqsədilə son texnologiyalardan olan “Matterport” avadanlığından istifadə edilir. Bu innovativ avadanlıq daşınmaz əmlak, mənzil, fərdi ev, zavod, fabrik, muzey və digər tikililərin 3D modelini əldə edir, plan–çertyojları və ölçüləri avtomatik olaraq qısa müddət ərzində hazırlayır, əmlakın qeydiyyatında, hərraclarda, özəlləşdirmədə əmlak barəsində ətraflı məlumatı təqdim edir.

    “Streetview” layihəsi nəqliyyat infrastrukturu obyektlərinin vizual rəqəmsallaşdırılmasını, seçilmiş yollar, küçə və prospektlər üzrə ünvan reyestrinin dayanıqlı idarə olunmasını təmin edir. Bu sistem əldə olunan məlumatların Ünvan portalına inteqrasiyasını və reyestrdə ünvanvermə işinin asanlaşdırılmasını təmin edir.

    Prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb.

    Sonda xatirə şəkli çəkdirilib.

    * * * * *

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yanvarın 3-də Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib.

    Bununla bağlı Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.



























  • İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

    Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.

    Məktubda deyilir:

    “Hörmətli Vladimir Vladimiroviç,

    Maqnitoqorskda baş vermiş faciə barədə xəbər məni dərindən kədərləndirdi.

    Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, zərərçəkənləriin tezliklə sağalmasını arzulayıram”.