Category: Siyasət

  • İlham Əliyev Mehman Hüseynovun işi ilə bağlı tapşırıq verdi

    Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov hazırda cəza çəkən Mehman Hüseynovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti ilə bağlı AZƏRTAC-a açıqlama verib.

    Median.Az-ın xəbərinə görə, Fuad Ələsgərov deyib ki, məhkum Mehman Hüseynov 2019-cu il yanvarın 20-də Azərbaycan Respublikasının Prezidentinə müraciət edib.

    Müraciətdə o, barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi və ədalətli qərar qəbul olunması üçün Azərbaycan Respublikası Prezidentinin müdaxilə etməsini xahiş edib.

    Bundan öncə, 2019-cu il yanvarın 18-də Mehman Hüseynovun məsələsi ilə əlaqədar bir qrup hüquq müdafiəçisi də Azərbaycan Respublikasının Prezidentinə müraciət ünvanlamışdır.

    Hüquq müdafiəçiləri baş vermiş insidentlə əlaqədar süni şəkildə ajiotaj yaradıldığını, yalan məlumatların yayıldığını, yanlış ictimai rəy formalaşdırmağa cəhdlər edildiyini qeyd etmiş, Azərbaycan Respublikası Prezidentinin yüksək humanizm prinsipinə daim sadiqliyini xüsusi vurğulayaraq, Mehman Hüseynovun barəsində də mərhəmət göstərilməsini xahiş etmişlər.

    Müraciətlər Azərbaycan Respublikası Prezidentinin diqqətinə çatdırılıb və cənab Prezident bu müraciətlərə dərhal reaksiya verib. Möhtərəm Prezident məhkumun gənc olmasını, artıq iki ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının baş prokuroruna tövsiyə edib. Eyni zamanda, cənab Prezident hadisənin iştirakçılarını barışığa doğru addımlar atmağa dəvət edib.

    Mehman Hüseynovla bağlı əvvəllər də humanist yanaşmanın şahidi olmuşuq. Belə ki, o, cəza çəkdiyi müddətdə ağır xəstəlikdən sonra vəfat etmiş anasının yas mərasimində iştirak etməyə buraxılmışdır.

    Azərbaycan Respublikasının Prezidenti hər zaman bu cür müraciətlərə həssaslıqla yanaşır, öz fəaliyyətində daim ədalət və humanizm prinsiplərini rəhbər tutur və bütün dövlət məmurlarından da eyni yanaşmanı tələb edir. Həmin siyasətin təzahürü kimi onlarla amnistiya aktlarını, əfv haqqında sərəncamları göstərmək olar. Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı cənab Prezidentin son təşəbbüsləri minlərlə məhkumun azadlığa çıxmasına zəmin yaratmışdır.

  • Narkotik ticarətilə məşğul olan mütəşəkkil şəbəkə ifşa olundu – Aralarında qadın da var – FOTOLAR

    Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan mütəşəkkil şəbəkənin üzvləri ifşa edilib.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əməliyyat zamanı paytaxt sakini Ruslan Məlikov narkotik vasitələrin istifadəsi ilə məşğul olduğu üçün saxlanılıb. Onun üzərinə baxış zamanı 1,027 qram heroin aşkar edilib. R.Məlikov ifadəsində narkotik vasitəni Nurlan adlı şəxsdən aldığını bildirib.

    Əməliyyat tədbirlərinin davamı olaraq Qaradağ rayon sakini Nurlan Məmmədyarov da polislər tərəfindən saxlanılıb. Həmin şəxsin yaşadığı evdən və yardımçı təsərrüfata baxış zamanı 1 kiloqram 279 qram heroin, 5,026 qram tiryək, 2 kiloqram 109 qram marixuana. həmçinin 6 ədəd tüstü buraxan paket və 2 ədəd əl qumbarası da aşkar edilərək götürülüb.

    Saxlanılan şəxs ifadəsində narkotik vasitələri Elman və Nəzrin adlı şəxslərdən aldığını qeyd edəndən sonra, onların da axtarışlarına başlanılıb. Həyata keçirilən əməliyyat zamanı adları qeyd edilənlər – paytaxt sakinləri Nəzrin Fərzullazadə və Elman Əlverdiyev saxlanılıblar. N.Fəzrullazadənin Lökbatan qəsəbəsində yaşadığı evdən 1 kiloqram 627 qram heroin və 465 qram tiryək, E.Əlverdiyevin Xırdalan şəhərində yaşadığı evdən isə 230 qram heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Onlar narkotik vasitələri tanımadıqları İran vətəndaşından Sumqayıt şəhərində yaşayan Vüsal adlı şəxsin vasitəsi ilə aldıqlarını bildiriblər. İdarə əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan Vüsal Əzizov da saxlanılaraq istintaq təqdim edilib.V.Əzizov narkotik vasitələri bir müddət əvvəl tanış olduğu İran vətəndaşının köməkliyi ilə satmaq məqsədi ilə ölkə ərazisinə gətirdiyini bildirib.

    Faktla bağlı saxlanılan şəxs barəsində Qaradağ RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.//Publika.az

  • İlham Əliyev Zimbabve prezidenti ilə görüşüb – FOTO

    Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqva ilə görüşü olub.

    Dövlətimizin başçısı Zimbabve Prezidentini qarşılayıb

    Sonra birgə foto çəkdirilib.









  • XİN Rusiyaya cavab verib: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir

    Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir və diplomatik etik qaydalara tamamilə ziddir.

    Median.az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin Rusiya tərəfinə cavabında bildirilib.

    Məlumatda deyilir: “Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin bu ölkənin bəzi vətəndaşlarının Azərbaycana buraxılmamasına dair yanvarın 18-də mətbuat üçün məlumatı ilə tanış olduq. Buna cavab olaraq bildiririk ki, Azərbaycan və Rusiya bərabərhüquqlu suveren dövlətlərdir, Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir və diplomatik etik qaydalara tamamilə ziddir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən məsələ ilə əlaqədar verilən şərhlərin tərzi Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi açıqlamaya tam adekvat idi. Bir daha bildiririk ki, yalnız 2018-ci il ərzində 880.000 nəfərdən artıq Rusiya vətəndaşı Azərbaycan Respublikasına səfər edib və onların mütləq əksəriyyəti bu səfərdən razı qalıb, göstərilən qonaqpərvərliyə görə təşəkkürlərini ifadə ediblər. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bu məsələ ilə bağlı anlaşılmaz inadkarlığı başa düşülən deyil, Azərbaycan-Rusiya strateji əlaqələrinin mahiyyətinə ziddir. Həmçinin Azərbaycan və Rusiya prezidentlərinin iki ölkə arasında əlaqələrin inkişafı üçün nümayiş etdirdiyi iradə və gördükləri işlərlə heç bir halda uzlaşmır. Bir daha bildiririk ki, Rusiya XİN-in mətbuat xidməti tərəfindən atılacaq addımlara mütənasib olaraq Azərbaycan tərəfindən də adekvat tədbirlərin görülməsi müəyyən ediləcək”.

  • Zimbabve prezidenti Bakıdadır

    Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqva yanvarın 18-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

    Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqvanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.

  • Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib.

    Azərbaycan Bəstəkarlar İttifaqı Mehriban Əliyevaya Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmiş dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi, görkəmli musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına verdiyi əvəzsiz töhfələrə görə fəxri medalın ilk nüsxəsini təqdim etməyi qərara alıb.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə 2005-ci ildə Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə birinci muğam müsabiqəsi keçirilib. 2008-ci ildə dahi bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş “Üzeyir dünyası” layihəsi işıq üzü görüb. Həmin nəşrə “Ömür salnaməsi”, “Üzeyir Hacıbəyli ensiklopediyası”, “Bədii və publisistik əsərlər” kitabları, “Leyli və Məcnun”, “Koroğlu” operaları və “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarının klavir, libretto və CD-ləri daxildir. Bunlardan əlavə, 2009-cu ildən etibarən ənənəvi olaraq bir çox ölkələrdən dünya şöhrətli musiqiçiləri bir araya toplayan Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil edilir.

    2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 1945-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ağ-qara formatda çəkilmiş, Azərbaycan kino sənətinin əfsanəsi olan “Arşın mal alan” filmi bərpa edilərək rəngli versiyası hazırlanıb.

  • İlham Əliyev məmurların xidməti maşınları ilə bağlı göstəriş verdi

    “Prezident İlham Əliyevin imzaladığı fərmanda maraqlı bir məqam var. Fərmana görə Nazirlər Kabineti bir ay müddətində bütün dövlət qurumu və dövlət şirkətlərində, hətta publik qurumlarda xidməti avtomobil ilə təmin edilməli olan bütün vəzifələrin siyahısını hazırlamalıdır. Bu yeni siyahıdan kənar olan bütün xidməti maşınlar Fərmanın tələbinə əsasən dərhal özəlləşdirilməyə çıxarılmalıdır”.

    Bu sözləri Milli İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkədə yazıb. Bildirib ki, bu, tam doğru yanaşmadır:

    “Xatırlayıram ki, bir neçə gün öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tullantılarla məşğul olan qurumu büdcə vəsaiti hesabına 140 000 manatlıq Land Cruiser, bir dövlət universiteti 116 000 manatlıq Toyota Avalon almışdı. Bir-iki gün öncə daha bir publik qurum da 1.4 milyona bir neçə maşın almışdı.

    Görünür, bu tip addımlar ali hakimiyyəti lap hövsələdən çıxarıb. Gözləmək olar ki, yaxın 2-3 ayda özəlləşdirməyə xeyli komfort maşınlar çıxarılacaq”.

    Qeyd edək ki, ölkə başçısı dünən Azərbaycanda bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

    8.7.1. mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

    8.7.2. bu Fərmanın 8.7.1-ci yarımbəndinə əsasən müəyyən olunacaq siyahıdan kənarda qalan vəzifələrdə işləyən şəxslərə xidmət edən xidməti nəqliyyat vasitələrinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balanslarından çıxarılaraq özəlləşdirilməsi üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməsini təmin etsin və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

  • Prezident fərman verdi: Bu institutlar birləşir

    Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı fərmanda mərkəzi icra hakimiyyəti orqanlarının, habelə Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) elm, elmi tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədilə İşçi Qrup yaradılması haqqında xüsusi bənd daxil edilib.

    Median.az xəbər verir ki, fərmanda Prezident Administrasiyasına İşçi Qrupu yaratmaq və 6 ay müddətində müvafiq təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılıb.

  • İlham Əliyev Cəlil Məmmədquluzadənin yubileyi ilə bağlı sərəncam imzaladı

    Prezident İlham Əliyev Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

    Median.az xəbər verir ki, 2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur.

    Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapmışdır. Sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaratmışdır. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin meydana gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur.

    Sərəncamda qeyd edilir ki, Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük demokrat ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

    Nazirlər Kabinetinə tapşırılır ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

  • Milli Məclisin 63 üzvünün səsi ilə deputat mandatı ləğv ediləcək

    Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

    Median.Az Report-a istinadən xəbər verir ki, burada Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsinin əsaslarının və bu məsələyə baxılması qaydasının dəqiqləşdirilməsidir.

    Nizamnaməyə 23-1-ci (Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsinin əsasları və bu məsələyə baxılması qaydası) maddəsi əlavə edilib.

    Maddəyə əsasən, Milli Məclisin sədri əmək qabiliyyətini fasiləsiz olaraq altı aydan çox müddətə tam itirən Milli Məclisin deputatı barəsində olan tibbi-sosial ekspert komissiyasının rəyini və ya fəaliyyət qabiliyyətsizliyi səbəbindən öz səlahiyyətlərini daimi icra edə bilməyən Milli Məclisin deputatı barəsində olan məhkəmənin qanuni qüvvəyə minmiş qərarını Milli Məclisin növbəti iclasında müzakirəyə təqdim edir.

    Müzakirə səlahiyyətlərinin itirilməsi nəzərdə tutulan deputatın iştirakı ilə keçirilir. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxılır. İclasda iştirak edən Milli Məclisin deputatları yalnız deputatın səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra bilər, lehinə və ya əleyhinə çıxış edə bilərlər. Öz səlahiyyətlərini daimi icra edə bilməyən Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.

    Nizamnamənin 44-cü (Milli Məclisin Hesablama Palatası) maddəsinə əsasən, Hesablama Palatası sədrdən, sədr müavinindən və 7 auditordan ibarət idi. Dəyişikliklə isə auditorların sayı 7-dən 5-ə endirilib.

    Bundan sonra Hesablama Palatası sədri, sədr müavini və auditorları dövlət idarəçiliyi, dövlət nəzarəti, iqtisadiyyat, maliyyə sahələrində 5 il iş təcrübəsinə malik olan ali təhsilli şəxslərdən ibarət olacaq. Əvvəllər isə iş təcrübəsi müddəti nəzərdə tutulmurdu.

    Parlamentin İntizam komissiyasının üzvlərinin də sayı artırılıb.

    Bununla bağlı Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci (Milli Məclisin İntizam komissiyası) maddəsinə dəyişiklik edilib.

    Maddəyə əsasən, Milli Məclisin İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilirdi. Dəyişikliklə üzvlərin sayı 7-dən 11-ə çatdırılıb.