Category: Siyasət

  • Azərbaycanda tikintiyə icazə verilməsi sadələşdirilir

    Azərbaycan prezidenti İlham Əliyev bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

    “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası” təsdiq edilib.

    Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Qaydaya uyğun olaraq, bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi və tikintiyə dövlət nəzarəti prosedurlarında nəzərdə tutulan sadələşdirmələrlə əlaqədar Azərbaycan Respublikasının müvafiq qanunlarının təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;

    Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Qaydanın 1-ci bəndində göstərilən ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin layihələrinə münasibətdə həmin Qaydanın 3.5-ci bəndində göstərilənlərdən əlavə rəy bildirməsi zəruri hesab edilən aidiyyəti qurumlara dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;

    dövlət əhəmiyyətli obyektlərin və bir neçə şəhər və (və ya) rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi ərazisində yerləşən obyektlərin tikintisinə və istismarına icazə verilməsi ilə bağlı tikinti sənədlərinin dövlət orqanları və qurumları arasında razılaşdırılması və işlərin əlaqələndirilməsi də daxil olmaqla, həmin tikinti obyektlərinin tikintisinə və istismarına icazə verilməsi qaydası barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;

    Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevir şəhərlərində inşa edilən çoxmənzilli binalarda nəqliyyat vasitələrinin saxlanması üçün həmin binalarda qaraj mərtəbəsinin tikintisinin stimullaşdırılmasına yönəlmiş təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;

    bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulmuş elektron müraciət sisteminin yaradılması ilə bağlı maliyyələşmənin təmin edilməsi üçün müvafiq tədbirlər görmək;

    Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;

    mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

    Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları isə

    tikintiyə icazə və tikinti obyektlərinin istismarına icazə verilməsi işinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində və bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Qaydada müəyyən edilmiş tələblərə və müddətlərə uyğun təşkilini, habelə qanunvericilikdə nəzərdə tutulmayan sənədlərin tələb olunması hallarının qarşısının alınmasını təmin etməlidir;

    Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydanın tələblərinə uyğun olaraq verilmiş tikintiyə icazələrin və tikinti obyektinin istismarına icazələrin həmin Qaydada müəyyənləşdirilən müddətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilməsini təmin etməlidir.

    Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi çərçivəsində ölkə üzrə tikintiyə icazə üçün elektron müraciət sisteminin yaradılması və həmin sistemin tikintiyə icazə icraatında iştirak edən digər qurumların elektron informasiya sistemlərinə, “Elektron hökumət” və “Lisenziyalar və icazələr” portallarına inteqrasiyası ilə bağlı zəruri tədbirlər görməlidir.

    Mərkəzi və yerli icra hakimiyyəti və bələdiyyə orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulan sistemin yaradılmasından irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə zəruri kömək göstərilməsini və onların müraciəti əsasında lazımi məlumatların təqdim olunmasını təmin etməlidir.

    Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən ölkə üzrə tikintiyə icazə üçün elektron müraciət sisteminin yaradılması, eləcə də digər informasiya resursları ilə inteqrasiyası işlərini əlaqələndirməlidir.

    Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

  • İlham Əliyev Bakıda yol açılışında – FOTO

    Prezident İlham Əliyev dekabrın 28-də paytaxtın Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yeni yolun açılışında iştirak edib.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolda görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

    Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.















  • Deputatlar ilin son iclasına toplaşıblar

    Bu gün 2018-ci ildə Milli Məclisin (MM) sonuncu plenar iclası keçirilir.

    Sonuncu plenar iclasının gündəliyinə 52 məsələ daxil edilib.

    İclasda bir sıra məcəllələrə və qanunlara dəyişikliklər layihəsi müzakirə olunacaq və qəbul ediləcək.

    İclasda dünya azərbaycanlılarına müraciət qəbul olunacaq.

    MM-in payız (qış) sessiyası dövlət himninin səslənməsi ilə öz işini başa vuracaq.
    ..oxuşaz

  • İlham Əliyev idman-sağlamlıq klubunun açılışında – FOTO

    Dekabrın 27-də Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun açılışı olub.

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev açılışda iştirak edib.

    Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlət başçısına raport verib.

    Prezident İlham Əliyev idman-sağlamlıq klubunun rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

    Fövqəladə hallar naziri Kəmaləddin Heydərov idman-sağlamlıq klubunda yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verib.






















  • Harvard Universitetinin proqram direktoru Azərbaycandan üzr istədi

    Amerika Birləşmiş Ştatlarının vətəndaşı, Harvard Universitetinin Kennedi məktəbinin Avrasiya Təhlükəsizliyi Proqramının direktoru, Sergey Konoplyov Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilir ki, Sergey Konoplyov məktubunda Azərbaycanın razılığı olmadan 2012-ci ildə işğal olunmuş Azərbaycan ərazilərinə səfərinin doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazır.

    “O, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmət etdiyini və bu səfərin Azərbaycan Respublikasına və xalqına qarşı hörmətsizlik anlamı daşımadığını vurğulayır.

    Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, Sergey Konoplyov Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini ifadə edir.

    O, işğal olunmuş ərazilərə qanunsuz səfəri ilə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini və gələcəkdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməyəcəyini vurğulayır.

    Həmçinin Sergey Konoplyov gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edir”, – deyə XİN-nin məlumatında qeyd olunur.

  • Prezident və xanımı Yeni Yasamalda istirahət parkında – FOTO

    Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yasamal rayonunun Yeni Yasamal yaşayış massivi, Məhəmməd Xiyabani küçəsində yerləşən istirahət parkında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

    Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda aparılan yenidənqurma və abadlıq işləri barədə məlumat verib.

    Bildirilib ki, bu istirahət parkı müasir səviyyədə yenidən qurulub. Ümumilikdə, 1,7 hektar ərazidə abadlıq işləri aparılıb, 9 min kvadratmetr sahədə yaşıllıq salınıb.

    Parkda suvarma və işıqlandırma sistemləri quraşdırılıb, gəzinti meydançaları salınıb, oturacaqlar qoyulub, dekorativ hasar çəkilib.

    Bu istirahət məkanında çay evi, kafe, gənclər evi, internet klub, qocalar evi inşa olunub.

    Burada, həmçinin idman və uşaq əyləncə qurğuları və fəvvarə də quraşdırılıb.



  • Prezident yol polislərinə verilən maşınlara baxdı – FOTOLAR

    Xəbər verdiyimiz kimi, bu gün Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının açılışı olub.

    Prezident İlham Əliyev açılış mərasimində iştirak edib. Ölkə başçısı daha sonra xidməti istifadə üçün alınan yeni avtomobillərə baxıb.

    Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti bölüyünə təqdim olunacaq nəqliyyat vasitələri son model “Mercedes” AMG C43 markalı avtomobillərdir. İndiyədək Dövlət Yol Polisinin Yol Patrul Xidməti avtomobilləri əsasən BMW markalı maşın olub.




  • Azərbaycanın Birinci vitse-prezidentinin Katibliyi bəyanat yayıb

    Son zamanlar sosial şəbəkələrdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın adından saxta hesabların yaradılması, fotoşəkillərini paylaşaraq ona aid olmayan fikir, sitat və ölkə vətəndaşlarına müraciətlərin yayımlanması geniş yer alıb.

    Bu barədə Azərbaycanın Birinci vitse-prezidentinin Katibliyi yaydığı bəyanatda deyilir.

    “Bu cür yalan yazıların artmasını nəzərə alaraq, onların yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi bəyan edir ki, xanım Mehriban Əliyeva heç bir sosial şəbəkə istifadəçisi deyil və onun bütün müraciət və bəyanatları auditoriyaya yalnız rəsmi KİV vasitəsilə çatdırılır.

    Media və sosial şəbəkələrdə ölkənin Birinci vitse-prezidenti adından dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair saxta açıqlamaların verilməsi çaşqınlıq doğurur. Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətinə dair dolğun, rəsmi və doğru informasiyaya sərbəst çıxış mövcud olduğu halda, həqiqətə uyğun olmayan məlumatların istifadəsi və paylaşılması yolverilməzdir.

    Təkidlə hər kəsi məsuliyyətli olmağa və yoxlanılmamış, saxta və təxribat xarakterli məlumatları yaymaqdan çəkinməyə çağırırıq”, – deyə bəyanatda qeyd olunur.

  • İlham Əliyev doğum gününü belə qeyd etdi – FOTO

    Xəbər verdiyimiz kimi, ötən gün, dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevin 57 yaşı tamam olub.

    Dövlət başçısının qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva prezidentin doğum günündən çəkilən fotoları öz “Instagram” hesabında paylaşıb.

    “Səmimi təbriklərə görə hamıya dərin təşəkkürümü bildirirəm! Qoy Tanrı bütün ataları, eləcə də, mənim atamı, dünyanın ən yaxşı Prezidenti olan bizim Prezidentimizi qorusun”, – L.Əliyeva fotolara şərhdə yazıb.









  • Prezident İlham Əliyevin doğum günüdür

    Bu gün Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür.

    İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İ.Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ – MQİMO) daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib.

    1985-ci ildə dissertasiya müdafiə edən İ. Əliyev tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək MDBƏİ-də müəllim işləyib. Gələcək dövlət başçısı 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb.

    1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. AŞPA-da siyasi fəaliyyəti çərçivəsində 2003-cü ilin yanvar ayında qurumun sədr müavini və Büro üzvü seçilib. 2003-cü ildə baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar İlham Əliyevin deputat səlahiyyətlərinə xitam verilib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti seçilib və oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88 faizindən çoxunun səsini qazanan İlham Əliyev yenidən Azərbaycan Respublikasının prezidenti seçilib.

    2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində isə növbəti dəfə qələbə qazanıb.

    2018-ci ilin 11 aprel tarixində keçirilən növbədənkənar prezident seçkilərində İlham Əliyev növbəti dəfə Azərbaycanın prezidenti seçilib.

    Qeyd edək ki, İlham Əliyev həmçinin 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.

    Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.

    Evlidir. Üç övladı var.

    Median.Az kollektivi Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, dövlət başçısına uzun ömür, cansağlığı, fəaliyyətində uğurlar arzulayır!