Category: Siyasət

  • İlham Əliyev Tahir Salahovun yubileyinə həsr edilən sərgi ilə tanış olub – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 14-də Bakı Ekspo Mərkəzində Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, dünya şöhrətli rəssam Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi ilə tanış olublar.

    Sərginin ekspozisiyasında Tahir Salahovun şəxsi kolleksiyasından, Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Xalça Muzeyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından seçilmiş 80-dək xalça, 40-dək rəngkarlıq və rəsm əsəri, eləcə də 350-dək fotoşəkil nümayiş olunur.

    Dörd min kvadratmetrlik sahəni əhatə edən ekspozisiyada rəssamın yaradıcılığının bütün dövrlərini əks etdirən əsərləri yer alıb. Fotoşəkillər Tahir Salahovun dünyanın məşhur elm, incəsənət və dövlət xadimləri ilə görüşlərini, onun həyatının maraqlı anlarını əks etdirir.

    Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dünya şöhrətli rəssam Tahir Salahovu 90 illik yubileyi münasibətilə bir daha təbrik ediblər, ona yeni-yeni uğurlar arzulayıblar.




















  • Lukaşenko: Dedim beş rayonu qaytarın, lazım olsa Qarabağa qoşun yeridəcəyik

    Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Rusiya mətbuat nümayəndələri ilə görüşü zamanı Rusiya və Belarusun Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakı naminə daha əvvəl edilən təkliflər barədə söz açıb.

    Median.Az BELTA-ya istinadən xəbər verir ki, dövlət başçısı bu məsələnin hələ Yerevanda Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının (KTMT) sammitlərinin birində Ermənistanın prezidenti Serj Sarqsyan olduğu zaman müzakirə edildiyini qeyd edib.

    O, Azərbaycan və Ermənistan liderlərini kompromisə gedərək bu məsələni birlikdə həll etməyə çağırıb.

    Bununla belə Belarus və Rusiya həmrəy mövqe tutaraq ehtiyac olduğu təqdirdə təhlükəsizliyin təmini məqsədilə silahlı qüvvələrin də yeridilməsinə söz veriblər.

    “Sonra açıq-aydın dedim: qulaq as, onların dediyi kimi yeddi rayon işğal olunub. Və Putinlə mən həmrəy mövqe tutduq (bu İrəvanda KTMT-nın sammitində baş verib): Serj, bu beş rayonu qaytar. Onların qaytarılmamasının səbəbi nədir, onlar onsuz da boşdur. O cavab verir: əgər qaytarsam, onlar orada yolu kəsəcəklər, Qarabağı alacaqlar və s.

    Və biz Putinlə aydın söz verdik ki, öz qoşunumuzu yeridəcəyik və buna imkan verməyəcəyik (bunu azərbaycanlıların yanında deyirdik). O dedi: xeyr, biz bunu etməyəcəyik, biz bunu istəmirik”, – deyə Belarus lideri bildirib.

    A.Lukaşenko deyib ki, bu onu təəccübünə səbəb olub:

    “Niyə istəmirlər? Beş rayon boş qalıb. Bu ilk addımdır. O zaman Azərbaycan və Ermənistan həm Kollektiv Təhlükəsizlik Təşkilatında, həm də Avrasiya İqtisadi Şurasında olardı. Bu elə bir şərt idi ki, Azərbaycan bu təşkilatlara daxil olar bilərdi. Siz niyə imtina etdiniz? Yaxşı, Belarusu anlamaq olar, axı Rusiya da zəmanət verirdi ki, sizin də Azərbaycana məxsus olduğunu etiraf etdiyiniz bu rayonlar qaytarılsa orada heç vaxt müharibə olmayacaq. Söhbət Qarabağdan getmirdi”, – Prezident əlavə edib.

  • Parlamentlərarası İttifaqın 5-ci Qlobal Konfransı başlayır

    Bu gün Milli Məclisdə (MM) Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı öz işinə başlayır.

    İki günlük konfransda Dayanıqlılığın təşviqi, gələcək nəsillərin maraqlarının müdafiəsi məsələsi müzakirə olunacaq.

    İclası spiker Oqtay Əsədov açacaq və giriş nitqi söyləyəcək.

    Sonra PAİ-nin prezidenti Qabriela Kuevas Barron, PAİ-nin Gənclər Forumunun sədri Mourine Osoru çıxış edəcəklər.

    Bununla yanaşı, tədbirdə gənclər və idman naziri Azad Rəhimov iştirak və çıxış edəcək. Konfrans sabah öz işini bitirəcək.
    //oxu.az

  • Bakıda QDİƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb

    Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası başlayıb.

    Median.Az-ın Report-a istinadən məlumatına görə, toplantıya xarici işlər naziri Elmar Məmmədyarov sədrlik edir.

    İclasda təşkilata üzv ölkələrin yüksək səviyyəli rəsmilərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edirlər.

    Xatırladaq ki, bu ilin iyulun 1-dən QDİƏT-ə Azərbaycan sədrlik edir. Ölkənin təşkilata sədrliyi “Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi” şüarı altında həyata keçirilib.

    Azərbaycanın sədrliyi dövründə QDİƏT regionunda və onun hüdudlarından kənarda inkişafa və ticarətin gücləndirilməsinə töhfə vermək məqsədilə Bakıda nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə nazirlərin iki iclası, müvafiq olaraq bu il oktyabrın 25-də və dekabrın 4-də keçirilib.

    Ümumilikdə, Azərbaycanın sədrliyi zamanı xarici işlər nazirləri səviyyəsində görüş də daxil olmaqla dörd nazirlər, 21 tematik işçi qrupunun və xüsusi işçi qruplarının iclasları keçirilib və bir sıra işçi qruplarının (turizm, İKT, enerji) fəaliyyət planları qəbul edilib.

    Həmçinin, 10-dan yuxarı QDİƏT-in əlaqəli orqanlarının toplantıları, təlim proqramları, seminarlar və digər tədbirlər təşkil olunub. Bundan əlavə, Azərbaycan sədrliyinin müraciətləri əsasında QDİƏT-in işinin səmərəliliyinin artırılması məqsədilə müvafiq qiymətləndirmə sənədləri hazırlanıb.

    Azərbaycanın QDİƏT-ə sədrliyi dekabrın 31-də başa çatacaq və sonra Bolqarıstana keçəcək.

    Qeyd edək ki, QDİƏT Türkiyə Respublikasının təklifi ilə 1992-ci il iyunun 25-də İstanbul Bəyannaməsinin imzalanması ilə yaradılıb. Hazırda təşkilatın 12 üzvü var: Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna. Habelə 14 dövlət və dörd təşkilat QDİƏT-də müşahidəçi statusuna malikdir.

  • Prezident idmançılara ev bağışladı – Fotolar

    Prezident İlham Əliyev 2018-ci ildə yüksək nailiyyətlər qazanan idmançılar və idman mütəxəssislərini mükafatlandırıb.

    İdmançıların bəzilərinə yüksək dövlət mükafatları, pul mükafatları, o cümlədən 25 mənzil hədiyyə edilib.





  • İlham Əliyev Ərdoğana başsağlığı verdi

    Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

    Dövlət başçısı məktubunda bildirib ki, Ankarada baş vermiş dəmir yolu qəzası nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər onu son dərəcə kədərləndirib.

    “Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

  • İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi

    Razim İsa oğlu Məmmədov Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Bu barədə müvafiq sərəncamı dekabrın 13-də prezident İlham Əliyev imzalayıb.

  • Nazir Eldar Əzizovun qardaşına yüksək vəzifə verdi

    Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovun vəzifəsini yüksəldib.

    Median.Az unikal.org-a istinadən xəbər verir ki, Sahil Babayevin müvafiq əmri ilə, Aydın Əzizov Bakı şəhərində yeni yaradılan 5 tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal, Nəsimi rayonları üzrə baş müdiri təyin edilib.

    Xəbəri Aydın Əzizov təsdiqləyib.

    Qeyd edək ki, bundan əvvəl A.Əliyev Səbail rayonun tibbi-sosial ekspert komissiyasının müdiri vəzifəsində çalışırdı.

  • Lavrovun Bakı səfərinin gündəliyi açıqlandı – YENİLƏNİB

    Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfərinin gündəliyi açıqlanıb.

    Bununla bağlı Rusiya XİN nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında məlumat verib.

    “Azərbaycan prezidenti İlham Əliyev bu gün Sergey Lavrovu qəbul edəcək. Eləcə də, Lavrovun azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşü keçiriləcək. Tərəflər ikitərəfli əməkdaşlığın əsas aspektlərini, regional və beynəlxalq gündəlikdə duran əsas məsələləri müzakirə edəcəklər. Beynəlxalq forum çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də mümkündür”, – Zaxarova bildirib.

    * * * * *

    Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək.

    O, dekabrın 14-də Bakıda keçiriləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin xarici işlər nazirlərinin 39-cu toplantısında iştirak edəcək.

    Qeyd edək ki, QİƏT sədrliyi nazirlərin 38-ci iclası çərçivəsində rotasiyaya uyğun olaraq Azərbaycana keçib.

    Tədbir zamanı Azərbaycanın QİƏT-dəki yarımillik sədrliyinin yekunları, eləcə də, iqtisadi əməkdaşlıq sahəsi ilə bağlı regional gündəliyə daxil olan bir çox məsələlər müzakirə ediləcək.

  • Ermənistan rəsmisi Bakıya gəlir

    Ermənistan nümayəndəsi Bakıda keçiriləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin xarici işlər nazirlərinin 39-cu toplantısında iştirak edəcək.

    Median.Az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bununla bağlı məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan məlumat verib.

    Onun sözlərinə görə, Yerevanı bu toplantıda Xarici İşlər Nazirliyinin çoxtərəfli və ikitərəfli iqtisadi əməkdaşlıq departamentinin rəisi Aşot Koçaryan təmsil edəcək.

    Qeyd edək ki, iclasda dekabrın 14-də keçiriləcək.