Category: Siyasət

  • Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi

    Ölkə prezidenti İlham Əliyevin fərmanı ilə Səhiyyə Nazirliyinin səlahiyyətləri artırılıb.

    Bununla bağlı “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalanıb.

    Dəyişikliklə Əsasnamənin III (Nazirliyin vəzifələri) hissəsinə yeni 8.10-3 bəndi əlavə edilib.

    Əlavəyə əsasən, Səhiyyə Nazirliyi həm də tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasətini və dövlət nəzarətini həyata keçirəcək.

  • Azərbaycanda yüksək vəzifəyə yeni təyinat

    Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinat olub.

    Median.Az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə Leyla Yaşar qızı Abdullayeva təyin edilib.

    L. Abdullayeva 2002-ci ildən XİN-də çalışır. O, XİN-in mərkəzi aparatında müxtəlif idarələrdə, Azərbaycanın NATO yanında Nümayəndəliyində və ölkəmizin Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik vəzifələr daşıyıb.

  • Prezident Arkadi Dvorkoviçi və Mahir Məmmədovu təbrik etdi

    Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidenti cənab Arkadi Dvorkoviçə təbrik məktubu göndərib.

    Təbrikdə deyilir:

    “Hörmətli Arkadi Vladimiroviç,

    Beynəlxalq Şahmat Federasiyasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Dünyada şahmat ənənələrinin inkişafı naminə bu məsul vəzifədə Sizə uğurlar arzulayıram”.

    Ölkə prezidenti Mahir Məmmədovu Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

    Təbrikdə deyilir:

    “Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

    Həmvətənimizin belə məsul vəzifəyə seçilməsi Azərbaycanda şahmatın inkişafına və şahmatçılarımızın beynəlxalq miqyasda nailiyyətlərinə verilən yüksək qiyməti bariz şəkildə əks etdirir. Qarşıdakı işinizdə Sizə uğurlar arzulayıram”.

  • Bu gün Heydər Əliyevin ilk dəfə prezident seçildiyi gündür

    Bu gün Azərbaycan tarixində çox mühüm günlərdən biridir. 3 oktyabr mərhum dövlət başçımız Heydər Əliyevin 25 il öncə prezident seçildiyi və prezidentlik səlahiyyətlərinə tam başladığı gündür.

    Bunu Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin oktyabrın 3-də keçirilən iclasında adıçəkilən komitənin sədri, vitse-spiker Bahar Muradova dilə gətirib.

    B.Muradova xatırladıb ki, 1993-cü ilin məlum iyun hadisələri zamanı hakimiyyətə dəvət edilən H.Əliyev öncə Ali Sovertin sədri seçilib, iyun ayının 24-dən isə prezidentin səlahiyyətlərini icra edib:

    “2003-cü ilin oktyabrın 15-də isə Azərbaycanda növbəti seçkilər keçirildi və alternativ əsaslarla keçirilən bu seçkilərdə İlham Əliyev Azərbaycan xalqının mütləq əksəriyyətinin səsini qazanaraq, Azərbaycan prezidenti seçildi və səlahiyyətlərinin icrasına başladı.

    Həmin vaxtdan Azərbaycanda böyük inkişaf, dirçəliş mərhələsi başlandı. Azərbaycan Heydər Əliyevin müdrik və uzaqgörən daxili və xarici siyasət kursu nəticəsində dünyanın ən inkişaf etmiş ölkələri sırasına daxil oldu. Odur ki, bu gün onun ruhu qarşısında bir daha baş əyirəm”.

  • Prezident yol tikintisinə 4,2 milyon manat ayırdı

    Azərbaycan prezidenti İlham Əliyev Salyan rayonunun Arbatan–Marışlı–Seyidsadıqlı–Quyçu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, on bir min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Arbatan–Marışlı–Seyidsadıqlı–Quyçu avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,2 milyon (dörd milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

    Maliyyə Nazirliyinə sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

  • Azərbaycanda yeni medal təsis edilib

    Azərbaycanda dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019) münasibətilə yubiley medalı təsis edilib.

    Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

    Yubiley medalı ilə dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında xidməti vəzifələrini həyata keçirərkən yüksək nəticələr əldə edən, Azərbaycanın milli maraqlarının daxili və xarici təhdidlərdən qorunmasında fərqlənən hərbi qulluqçular təltif ediləcək.

    Layihə səsverməyə çıxarılaraq qəbul olunub.//oxu.az

  • İlham Əliyev prokurorluq işçilərini təbrik etdi

    Prezident İlham Əliyev prokurorluq orqanlarının əməkdaşlarına və veteranlarına təbrik məktubu ünvanlayıb.

    Məktubda deyilir:

    “Hörmətli prokurorluq əməkdaşları və veteranlar! Sizi Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi münasibətilə təbrik edirəm. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1 oktyabr 1918-ci ildə yaradılmış prokurorluq orqanları bir əsrlik şərəfli inkişaf yolu keçmişdir.

    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev milli prokurorluğun demokratik və hüquqi cəmiyyətdə rolunu nəzərə alaraq 17 iyul 1998-ci ildə imzaladığı Sərəncamla oktyabr ayının 1-ni prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis etmişdir.

    Prokurorluq orqanlarında həyata keçirilən hüquqi islahatlar nəticəsində Azərbaycan Prokurorluğu milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrilmişdir.

    Prokurorluq orqanlarına müasir dünyagörüşlü, bilikli və dövlətçilik ideyalarına sadiq gənc hüquqşünasların qəbulu prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsinə təkan vermişdir.

    Bu gün prokurorluq orqanları qanunların icra və tətbiq olunmasına prokuror nəzarətini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirilməklə, istintaq və dövlət ittihamının müdafiəsi sahəsindəki fəaliyyəti ilə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinin müdafiə edilməsində əhəmiyyətli rol oynayır.

    Əminəm ki, yüz illik tarixi olan Azərbaycan Prokurorluğunun əməkdaşları bundan sonra da qanunçuluğun, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsini təmin edəcək, cinayətkarlığa qarşı mübarizədə əzmkarlıq nümayiş etdirəcək və onların üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirəcəklər.

    Sizi bir daha əlamətdar yubiley münasibətilə təbrik edir, dövlətimizin tərəqqisi naminə fəaliyyətinizdə nailiyyətlər arzulayıram”.

  • Milli Məclisin payız sessiyası başladı

    Milli Məclisin (MM) növbəti – 2018-ci il payız sessiyası oktyabrın 1-də öz işinə başlayıb.

    Payız sessiyasının ilk plenar iclası öz işinə dövlət himninin oxunması və səslənməsi ilə start verib.

    Qeyd edək ki, daha çox büdcə sessiyası kimi tanınan payız sessiyası dekabr ayının 30-dək fasilələrlə davam edəcək.

    Sessiya dövründə (təxminən noyabr ayında) 2019-cu ilin dövlət büdcəsi zərfi əvvəlcə komitələrdə, sonra isə plenar iclaslarda müzakirə edilərək, qəbul olunacaq.

    Sessiyanın ilk plenar iclasının gündəliyinə 60-dan çox məsələ daxil edilib.

    İlk iclasda payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənəcək, qanun layihələri müzakirələrdən keçirilərək, birinci oxunuşda qəbul ediləcək.

  • Prezident nekroloq imzaladı

    Azərbaycan Prezidenti İlham Əliyev tanınmış fizik Firudin Məmməd Əli oğlu Haşımzadənin vəfatı ilə əlaqədar nekroloq imzalayıb.

    Nekroloqda deyilir:

    Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış fizik, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Firudin Məmməd Əli oğlu Haşımzadə 2018-ci il sentyabrın 28-də ömrünün 83-cü ilində vəfat etmişdir.

    Firudin Haşımzadə 1935-ci il dekabr ayının 7-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1952–1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində ali təhsil almışdır. 1957¬-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına daxil olaraq təhsilini SSRİ Elmlər Akademiyasının A.F.İoffe adına Leninqrad Fizika-Texnika İnstitutunda davam etdirmişdir.

    Əmək fəaliyyətinə 1961-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda kiçik elmi işçi kimi başlayan Firudin Haşımzadə burada 1963–1968-ci illərdə böyük elmi işçi, 1968–1987-ci illərdə “Yarımkeçiricilər” laboratoriyasının müdiri, 1987–1993-cü illərdə “Güclü anizotrop kristallar fizikası” şöbəsinin rəhbəri olmuşdur. O, 1993–1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun direktor müavini, 1994–2000-ci illərdə direktoru işləmiş, 2001-ci ildən ömrünün sonunadək baş elmi işçi vəzifəsində çalışmışdır.

    Firudin Haşımzadə 1962-ci ildə namizədlik, 1972-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1974-cü ildə professor elmi adını almışdır. O, 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir.

    Akademik Firudin Haşımzadə səmərəli elmi fəaliyyəti ilə respublikamızda yarımkeçiricilər nəzəriyyəsi sahəsində elmi məktəbin bünövrəsini qoyanlardan biri kimi müasir fizika elminin inkişafına böyük töhfələr vermişdir. Firudin Haşımzadənin bərk cisim nəzəriyyəsi sahəsində araşdırmaları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Alim Keyn tipli yarımkeçiricilərin və yarımmetalların kinetik, optik və maqnit xassələrinin nəzəriyyəsini yaratmış, aşağı ölçülü kvant sistemlərində yükdaşıyıcıların enerji spektrini müəyyənləşdirmiş, mənfi maqnitomüqavimətin əmələ gəlməsinin yeni mexanizmini aşkar etmişdir.

    Akademik Firudin Haşımzadənin araşdırmalarının nəticələri ölkəmizdə və onun hüdudlarından kənarda nəşr edilən 150-dən çox elmi əsərdə və bir monoqrafiyada öz əksini tapmışdır. Alimin rəhbərliyi altında fizika sahəsində 11 elmlər doktoru, 22 fəlsəfə doktoru hazırlanmışdır. O, bir sıra mötəbər beynəlxalq elmi simpozium və konfranslarda çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil etmişdir.

    Firudin Haşımzadənin pedaqoji fəaliyyəti də təqdirəlayiq olmuşdur. Onun 30 ildən artıq bir dövrdə Bakı Dövlət Universitetində nəzəri fizika və bərk cisim nəzəriyyəsi elmi istiqamətləri üzrə oxuduğu mühazirələr təhsil ictimaiyyətinin rəğbətini qazanmışdır.

    Akademik Firudin Haşımzadənin elmi, elmi-təşkilati və pedaqoji fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1986-cı ildə “Antiferromaqnitlərin optik spektroskopiyası”na dair işlər silsiləsinə görə Elm və Texnika sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatına, 2015-ci ildə Azərbaycan elminin inkişafında xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

    Tanınmış alim, pedaqoq, elm təşkilatçısı və səmimi insan Firudin Məmməd Əli oğlu Haşımzadənin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

    Allah rəhmət eləsin!

  • İlham Əliyev Zakir Qaralovu təltif etdi

    Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

    Müvafiq sərəncamı cümə günü, sentyabrın 28-də dövlət başçısı İlham Əliyev imzalayıb.

    Sərəncamla həmçinin dörd nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, yeddi nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 7 nəfər “Tərəqqi”, 24 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub.

    Qeyd edək ki, 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günüdür.