Category: Siyasət

  • İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib

    Fevralın 19-da Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində “Sülh Şurası”nın ilk iclası keçirilib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak edib.
    Əvvəlcə birgə foto çəkdirildi.
    ABŞ Prezidenti Donald Tramp tədbirdə çıxış etdi.
    Prezidentliyi dövründə 8 münaqişəyə son qoyduğunu deyən Donald Tramp vurğuladı ki, iki çox vacib ölkə arasında sülh əldə edib və bunu heç vaxt unutmayacaq. ABŞ Prezidenti Azərbaycan və Ermənistan liderlərinə regionda yaranan sülhə görə təşəkkür edərək dedi: “Orada sonda əyləşən cənabı (Prezident İlham Əliyevi – red.) görürük. O gülümsəyir. Siz 30 ildən sonra sülh şəraitində yaşamağı öyrənirsiniz, elə deyilmi? 30 il müharibə gedib və biz onun öhdəsindən gəldik. Sizə çox minnətdaram, əla iş gördünüz. Siz dostumsunuz, ofisimə gəldiniz, dediniz, mən 22 il, hətta 23 il mübarizə apardım. Bax, onunla. Onun həmkarı isə dedi: “Mən də yeddi ildir rəhbərəm. Onunla mübarizə aparmışam”. Biz isə 24 saatın içərisində işi yerinə yetirdik. Çox yaxşı sülh alındı. Düşünürəm ki, onlar artıq dostdur. Mən bəlkə bunu söyləməli deyiləm. Fikrimcə, onlar artıq dostdur, elə deyilmi? Qalxın ayağa. Bunlar möhkəm iradəli insanlardır. Elə bilirsiniz asan idi? Yox, asan deyildi. İki sərt insandır, amma yaxşı insanlardır. Oval ofisdə idik. Onlar ikisi də gəldi. Biri otağın bir tərəfində, digəri o biri tərəfində. Masa arxasında iki gözəl oturacaq var idi. Biri otağın bir yerində, digəri başqa yerində. Dedim onlara bəlkə bir-birinizə yaxın gələsiniz. Onlar bir az tərəddüd etdilər. Otuz iki il idi bir-birilərini məhv edirdilər. Dedim, bir-birinizə yaxın dayanın. Bir saat keçdi və onlar yan-yana oturdular. Razılaşma əldə etdik. Bir-birinin əlini sıxdılar, imzaladılar. Biz iki mühüm ölkə ilə sülhün əldə olunmasına imkan yaratdıq, heç vaxt unutmaram. Yavaş başladılar, sonra isə qəti addımlar atdılar. Siz özünüzlə çox fərəhlənə bilərsiniz. Gözəl hadisədir. Təşəkkür edirəm. Baxın. Otuz iki il… Sağ olun, çox sağ olun”.
    Sonra digər dövlətlərin nümayəndələrinin çıxışları dinlənildi.
    İclasın sonunda Sülh Şurasının maliyyə intizamı və şəffaflığı prinsipləri haqqında qətnaməsi imzalandı.

  • İlham Əliyev Sülh Şurasının ilk iclası çərçivəsində Donald Trampla söhbətləşib – Video

    ABŞ-nin paytaxtı Vaşinqtonda Sülh Şurasının ilk iclası keçirilir.

    Prezident İlham Əliyev Sülh Şurasının ilk iclası çərçivəsində ABŞ Prezidenti Donald Trampla söhbətləşib

  • İlham Əliyev Vaşinqtonda Paşinyanla ayaqüstü söhbət edib – Video

    Prezident İlham Əliyev Vaşinqtonda Ermənistan Baş naziri Nikol Paşinyanla ayaqüstü söhbət edib.

    APA xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

    Kadrlardan görünür ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də söhbətə qoşulub.

    Qeyd edək ki, Vaşinqtonda Sülh Şurasının ilk iclası keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak edir.

  • “Azərbaycan və Ermənistan artıq dostlaşıblar” – Tramp

    Biz, həqiqətən yaxşı iş görürük və bizimlə olan liderlərdən bəziləri mənə çox kömək etdi.

    Bu sözləri ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının Vaşinqtonda keçirilən ilk iclasında deyib.

    Tramp prezidentliyi dövründə 8 münaqişəyə son qoyduğunu deyib: “Düşünürəm ki, doqquzuncu da gələcək. Düşünürdük, o, ən asanı olacaq, amma daha çətin oldu. Amma müharibə ilə nəyin asan, nəyin çətin olduğunu heç vaxt bilmirsən. Bizim əla münasibətlərimiz olub və mən bir çox insanla dostlaşmışam. Burada olduğunuz üçün minnətdaram. Bunlar əla insanlardır. Bunlar əla liderlərdir”.

    Tramp İlham Əliyev və Paşinyan haqqında isə bunları deyib:

    “Otuz illik mübarizə və hər şeyi həll etdik. Çox sağ olun. Bu, əla bir şey idi. Düşünürəm ki, onlar dostlaşıblar. Bunu deməliyəmmi, bilmirəm, amma düşünürəm ki, bu belədir.”

  • Prezident İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edir

    Vaşinqtonda Sülh Şurasının ilk iclası keçirilir.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak edir.

  • Leyla Əliyeva Tiranada “Hannah və Rosafa” uşaq evini və “Mother Teresa” Universitet Xəstəxana Mərkəzini ziyarət edib – FOTO

    Leyla Əliyeva Tiranada fəaliyyət göstərən “Hannah və Rosafa” uşaq evini ziyarət edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, uşaq evi valideyn himayəsindən məhrum olan və ya sosial təhlükə mühitində yaşayan azyaşlılar üçün nəzərdə tutulmuş dövlət müəssisəsidir.

    Qeyd olunub ki, qurumun fəaliyyəti xüsusilə 0-6 yaş arası uşaqların mühafizəsi, tərbiyəsi və onlara hərtərəfli qayğının göstərilməsi istiqamətinə yönəlib.

    Bildirilib ki, müəssisədə uşaqlar erkən inkişaf dövründə ehtiyac duyduqları psixoloji dəstək, tibbi xidmət və mənəvi qayğı ilə əhatə olunurlar.

    Sonra Leyla Əliyeva “Mother Teresa” Universitet Xəstəxana Mərkəzi ilə tanış olub.

    Diqqətə çatdırılıb ki, mərkəz bütün Albaniyada, o cümlədən Tiranada əsas dövlət universitet xəstəxanasıdır. Burada xəstələrə ixtisaslı kadrlar tərəfindən ən qabaqcıl texnologiyalardan istifadə olunmaqla yüksəksəviyyəli tibbi xidmətlər göstərilir.

    Qeyd olunub ki, ölkənin əsas onkoloji xidməti burada cəmlənərək, xəstələrə şüa, kimyaterapiya və mürəkkəb cərrahi müalicə imkanları təqdim edilir.

    Mərkəzdə hər bir uşağın sağlamlığına həssaslıqla yanaşılır, onların müalicə prosesi şəfqətli yanaşma və rəngarəng mühitlə dəstəklənir.











  • Leyla Əliyeva Tiranada Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb – FOTO

    Leyla Əliyeva Tiranada Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Prezident Bayram Beqay Albaniya baş nazirinin iqamətgahında açılan sərginin iki xalq arasında münasibətlərin inkişafında mühüm mərhələ olduğunu qeyd edib.

    Leyla Əliyeva Azərbaycan və Albaniya arasında münasibətlərin təməlinin formal protokollardan kənara çıxdığını vurğulayıb.

    Görüşdə logistik çətinliklərin aradan qaldırılması mövzusuna toxunulub. Bakı-Tirana birbaşa aviareyslərinin işə salınmasının zəruriliyi vurğulanıb.

    Albaniyada ildə 300 günəşli günün olması nəzərə alınaraq, ölkədə ilboyu turizm və ekoturizm konsepsiyalarının inkişafı, həmçinin Albaniya, Monteneqro və Kosovonu birləşdirən ortaq marşrutların yaradılması müzakirə edilib.

    Bildirilib ki, iqtisadi sahədə, xüsusilə turizm sektorunda Azərbaycan investisiyalarına böyük maraq göstərilir. Qeyd olunub ki, Azərbaycanın Monteneqroda icra etdiyi uğurlu layihələr Albaniya sahillərində nəinki təkrarlanacaq, hətta daha böyük nəticələr verəcək. Söhbət zamanı iki ölkənin liderlərinin siyasi iradəsinin konkret addımlarla – viza rejiminin ləğvi və diplomatik təmsilçiliyin gücləndirilməsi ilə təsdiqini tapdığı bildirilib.

    Sonra Albaniya Prezidenti baş nazirin iqamətgahında nümayiş olunan MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi ilə tanış olub.

  • Azərbaycan bəzi ölkələrin vətəndaşları üçün viza tələbini LƏĞV ETDİ

    Vətəndaşların səyahət imkanlarının asanlaşdırılması və ölkələr arasında əlaqələrin gücləndirilməsi məqsədilə Səudiyyə Ərəbistanı Krallığının, Oman Sultanlığının, Küveyt Dövlətinin və Bəhreyn Krallığının ümumvətəndaş pasportlarına malik olan vətəndaşlarının 2026-cı ilin 15 fevral tarixindən 2027-ci ilin 15 fevral tarixinədək Azərbaycan Respublikasının ərazisinə daxil olması üçün viza tələbi ləğv edilib.

    Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

    Yeni qaydaların qüvvədə olduğu dövr ərzində müvafiq ölkə vətəndaşları Azərbaycana üç dəfə vizasız gələ və hər girişdə 30 günədək qala bilərlər. Ölkə ərazisinə turizmdən fərqli məqsədlər ilə gəlmək və ya burada uzun müddət qalmaq niyyətində olan sadalanan ölkə vətəndaşları qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq viza əldə etdikdən sonra Azərbaycana gələ bilərlər.

    Həmçinin Səudiyyə Ərəbistanı Krallığının, Oman Sultanlığının, Küveyt Dövlətinin, Bəhreyn Krallığının və Qətər Dövlətinin aidiyyəti dövlət qurumları tərəfindən rəsmiləşdirilmiş etibarlıq müddəti ən azı 6 ay olan müvəqqəti və ya daimi yaşayış icazələrinə malik üçüncü ölkə vətəndaşları üçün müvafiq müddət çərçivəsində bir girişli 30 günlük turizm məqsədli vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında əldə edilməsi imkanı yaradılıb.

    Xatırladaq ki, Azərbaycan ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilərin Miqrasiya Məcəlləsinin tələblərinə müvafiq qaydada olduğu yer üzrə qeydiyyata alınması zəruridir. Həmçinin qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğu təqdirdə əcnəbilər ölkə ərazisində müvəqqəti olma müddətləri bitənədək bu müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “miqrasiya xidmətləri” işçi pəncərəsi vasitəsilə fiziki qaydada və ya Xidmətin rəsmi internet səhifəsinin “Elektron xidmətlər” bölməsinə keçid etməklə elektron qaydada Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.

    Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına və ya İctimaiyyətlə Əlaqələr İdarəsinə – pr@migration.gov.az maili vasitəsilə müraciət edə bilərsiniz.

  • Alyona Əliyeva Ramazan ayının başlaması münasibətilə paylaşım etdi (FOTO)

    Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Ramazan ayının başlaması münasibətilə paylaşım edib.

    Paylaşımda deyilir:

    “Ramazan ayının gəlişi mübarək olsun. Allah bu müqəddəs ayda tutduğunuz orucları və etdiyiniz duaları qəbul etsin”.

  • Avropalı komissar Azərbaycana gələcək

    Avropa Komissiyasının Genişlənmə üzrə komissarı Marta Kos bu il Azərbaycana səfər etməyi planlaşdırır.

    Bu barədə Avropa Komissiyasının məlumatında deyilir.

    “Komissar Kos bu yaxınlarda Davosda və daha sonra Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə görüşüb. Komissarın bu il həm Azərbaycana, həm də Ermənistana səfər etmək niyyətində olduğunu təsdiqləyə bilərik. Bu səfərlər təsdiqləndikdən sonra onlar haqqında məlumat Komissarın təqvimində dərc olunacaq”, – deyə Avropa Komissiyasının məlumatında qeyd olunur.