Category: Siyasət

  • İlham Əliyev estoniyalı həmkarına məktub göndərdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Estoniya Respublikasının Prezidenti Alar Karisə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

    “Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.

    İnanıram ki, Azərbaycan-Estoniya dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

    Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Estoniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

  • Baş prokuror Tbilisidə Ulu Öndərin abidəsini ziyarət edib – FOTO

    Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti gürcüstanlı həmkarı Giorgi Qvarakidzenin dəvəti ilə fevralın 23-də Tbilisi şəhərinə işgüzar səfərə gəlib.

    AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Tbilisidə Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə əklil qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

    Azərbaycanın Baş prokurorunu gürcü həmkarı Giorgi Qvarakidze, Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev və digər rəsmi şəxslər müşayiət ediblər.

    Baş prokuror, həmçinin ölkəmizin Gürcüstandakı səfirliyində görüş keçirib.

  • Prezident BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyası üzrə səlahiyyətli orqanları müəyyən etdi

    Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının “Kibercinayətkarlığa qarşı” Konvensiyasının Azərbaycan Respublikasının müvafiq bəyanatları və qeyd-şərtləri ilə təsdiq edilməsi haqqında Qanunu imzalayıb.

    Qanuna əsasən, Konvensiya çərçivəsində kibercinayətlərlə bağlı qarşılıqlı hüquqi yardım barədə sorğuların qəbulu, icrası və ya belə sorğuların icraya məsul olan orqanlara göndərilməsi, kibercinayətkarlığın qarşısının alınması məqsədilə digər iştirakçı dövlətlərə konkret tədbirlərin hazırlanmasında və həyata keçirilməsində yardımın göstərilməsi səlahiyyətləri, həmçinin belə yardımı təmin etmək üçün günün iyirmi dörd saatı, həftənin yeddi günü fəaliyyət göstərən (24/7) əlaqə mərkəzi funksiyaları Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən, ekstradisiya və ya müvəqqəti həbsə dair sorğuların göndərilməsi və qəbul edilməsi Ədliyyə Nazirliyi tərəfindən həyata keçiriləcək.

    Qeyd edək ki, dünya birliyinin çoxillik gərgin əməyinin nəticəsi olaraq BMT-nin “Kibercinayətkarlığa qarşı Konvensiyası”nın yekun layihəsinin hazırlanması prosesində Azərbaycan xüsusilə fəal iştirak edib.

    Dövlət Təhlükəsizliyi Xidməti, Xarici İşlər Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və digər dövlət qurumlarının nümayəndələrinin də daxil olduğu nümayəndə heyəti çoxtərəfli danışıqlarda konstruktiv və prinsipial mövqe nümayiş etdirərək sənədin mətninin formalaşdırılmasına substantiv töhfə verib.

    “Kibercinayətkarlığa qarşı” Konvensiya 24 dekabr 2024-cü il tarixində BMT Baş Assambleyasında qəbul olunub.

    Konvensiya kibercinayətkarlıqla mübarizə üzrə qlobal səviyyədə vahid, hüquqi cəhətdən məcburedici beynəlxalq çərçivə formalaşdıran ilk sənəddir.

    Konvensiyanın ratifikasiyası təhlükəsizlik və hüquq-mühafizə orqanlarının fəaliyyətini gücləndirəcək. Sənəd elektron sübutlarla beynəlxalq hüquqi prosedurları tənzimləyir, transmilli istintaqların effektivliyini artırır. Təxirəsalınmaz beynəlxalq əməkdaşlıq mexanizmləri kibercinayətlərə operativ reaksiya verilməsinə imkan yaradır.

  • Prezident minimum əməkhaqqı ilə bağlı qanunda dəyişikliyi TƏSDİQLƏDİ

    Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Dəyişikliklə minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılması təsdiqlənib.

    Qanuna əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.

    Dövlət başçısı “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 354-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman imzalayıb.

  • Azərbaycanda bəzi avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir

    Raritet (nadir) avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad ediləcək.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

    İndiyə qədər qüvvədə olan qaydalara əsasən mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş avtonəqliyyat vasitələri raritet (nadir) avtonəqliyyat vasitələri hesab edilir. Dəyişikliyə əsasən raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi aşağıdakı şərtlər çərçivəsində tənzimlənəcək:

    – idxalının müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında həyata keçirilməsi;

    – idxal olunan raritet avtonəqliyyat vasitələrinin sayının şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) çox olmaması.

    Raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi onların idxalçılarının xərclərinin azalmasına imkan yaradacaq.

  • Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Sərəncama əsasən, 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996-2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2026-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

    Eyni zamanda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2026-cı il aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

  • “AzerGold”un bəzi əməkdaşları TƏLTİF OLUNDULAR

    Prezident İlham Əliyev “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Sərəncama əsasən, Azərbaycanda dağ-mədən sənayesinin inkişafı, o cümlədən metal yataqlarının kəşfiyyatı, işlənməsi, hasilatı və emalı sahəsində xüsusi xidmətləri olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:

    Caniyev İbrahim Mustafa oğlu

    Hüseynov Fuad Camal oğlu

    Xələfov Sadiq Miri oğlu

    İsmayılov Tofiq Köçəri oğlu

    Quliyev Emil Ehtiram oğlu

    Məmmədəliyev Dadaş Şixməmməd oğlu

    Məmmədov Ələsgər Ağamehdi oğlu

    Talıbov Zəka Famil oğlu.

  • Səməd Vurğunun 120 illik yubileyi qeyd ediləcək

    Prezident İlham Əliyev Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Qeyd edək ki, 2026-cı ildə iyirminci əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun (Səməd Yusif oğlu Vəkilovun) 120 illiyi tamam olur.

    Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan görkəmli sənətkardır. Çoxşaxəli fəaliyyətinin qayəsində azərbaycançılıq amalı dayanan şair nəğməkarı olduğu Odlar diyarını alovlu məhəbbətlə tərənnüm etmişdir. Onun dillər əzbərinə çevrilmiş “Azərbaycan” şeiri hər bir azərbaycanlının ürəyindəki Vətən sevgisinin poetik ifadəsidir. Böyük söz ustası ana dilinin saflığı uğrunda dönmədən mübarizə aparmış, xalq yaradıcılığının tükənməz xəzinəsindən bəhrələnməklə bu dilin bütün məna gözəlliklərini özündə əks etdirən, dərin bəşəri-ictimai məzmuna malik qiymətli əsərlər ərsəyə gətirmişdir. Səməd Vurğunun milli poeziyanı yüksəklərə qaldıran romantik və fəlsəfi məzmunlu bənzərsiz lirikası Azərbaycan ədəbiyyatının qızıl fonduna daxildir. Keçmişə ehtiram və gələcəyə inam aşılayan Vurğun dramaturgiyası Azərbaycanın teatr sənəti tarixində xüsusi səhifə təşkil edir. Səməd Vurğunun novator keyfiyyətlərlə zəngin bədii irsi bir məktəb kimi müasir Azərbaycan poeziyasına güclü təsir göstərmişdir və bu gün də gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişməsində əhəmiyyətli rol oynayır.

  • Azərbaycan Prezidenti Bruney sultanına məktub göndərdi

    Azərbaycan Prezidenti İlham Əliyev Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiaha təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

    “Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    Dostluq və qarşılıqlı hörmət üzərində qurulmuş Azərbaycan-Bruney münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

    Bu xoş fürsətdən istifadə edərək Sizi və dost xalqınızı müqəddəs Ramazan ayının başlaması münasibətilə də səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Bruney-Darüssalama daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

  • İlham Əliyev Yaponiya imperatorunu təbrik etdi

    Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Naruhitoya təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

    “Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

    Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Yaponiya xalqına daim firavanlıq və rifah diləyirəm”.