Category: Siyasət

  • Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrədə səfərdədir

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfərə gedib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava limanında rəsmi şəxslər qarşılayıblar.

  • Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət edib (FOTO)

    Leyla Əliyeva Efiopiya Federativ Demokratik Respublikasında səfərdədir.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Leyla Əliyevanı Efiopiyanın planlaşdırma və inkişaf naziri Fitsum Assefa Adela qarşılayıb.

    Leyla Əliyevanın şərəfinə Efiopiyanın qədim və zəngin mədəniyyətini əks etdirən ənənəvi qəhvə mərasimi təşkil olunub. Tədbir zamanı qonaqlara bu qədim ritualın detalı haqqında məlumat verilib. Mərasimin sonunda qonaqlara əsrarəngiz ətri və özünəməxsus dadı ilə seçilən təzə dəmlənmiş Efiopiya qəhvəsi təqdim olunub.

    Daha sonra Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət edib. Burada onu Efiopiya Federativ Demokratik Respublikasının Baş nazirin ofisinin rəhbəri və kabinet işləri naziri Alemtsehay Paulos qarşılayıb.

    Məlumat verilib ki, Efiopiya Elm Muzeyi 2022-ci ilin oktyabrında ziyarətçilərin istifadəsinə verilib. Yeddi hektar ərazidə inşa olunmuş və 80 faizi yaşıl sahədən ibarət olan muzey iki möhtəşəm binadan ibarətdir. Bu nəhəng muzey kompleksi elmi-tədqiqat mərkəzi kimi fəaliyyət göstərmək, müxtəlif sahələr üzrə həm qədim, həm də müasir texnologiyaları qoruyub saxlamaq və onları gələcək nəsillərə ötürmək məqsədi daşıyır.

    Efiopiyanın Baş naziri Abiy Ahmedin təşəbbüsü ilə inşa edilən kompleksdə elm və texnologiyaya həsr olunan müasir interaktiv eksponatlar, planetarium və günəş panelləri kimi ekoloji cəhətdən təmiz dizayn elementləri yer alır.

    Muzey xüsusilə gənclər arasında innovasiyanı və rəqəmsal bacarıqların inkişafını təşviq etməyi hədəfləyir, texnoloji tədbirlər və konfranslar üçün mühüm mərkəz rolunu oynayır. Uşaqlar və gənclər arasında böyük populyarlıq qazanan muzeyi indiyədək 7 milyon uşaq ziyarət edib. Bu kompleks Efiopiyanın rəqəmsal transformasiya istiqamətindəki səylərinin əsas elementi olmaqla yanaşı, həm müasir elmi, həm də milli irsi uğurla nümayiş etdirir.







  • Ermənistanın reytinqi Azərbaycanla sülh razılaşması sayəsində yüksəldi

    “Fitch Ratings” agentliyi Ermənistanın reytinqini stabildən müsbətə doğru dəyişdirib.

    Məlumatı Ermənistan mediası yayıb.

    Bildirilir ki, “Fitch”in analitikləri 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycanla əldə edilən və qısamüddətli eskalasiya risklərini azaldan sülh razılaşmalarını nəzərə alıblar. Bununla belə, ekspertlər qeyd edirlər ki, qarşıdan gələn parlament seçkisi və konstitusiya dəyişiklikləri ilə bağlı mümkün referendum səbəbindən sülh danışıqlarının başa çatması ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır.

    Baş nazir Nikol Paşinyan artıq reytinqə münasibət bildirib.

    “Bu, Ermənistanın iqtisadi siyasətinin və institusional sabitliyinin qlobal bazarlarda keyfiyyətcə yeni çəki qazandığının ekspertlər tərəfindən təsdiqlənməsi deməkdir. Bu, ölkəmizin iqtisadi dayanıqlığı və siyasi iradəsi nəzərə alınmaqla etimad ərizəsidir”, – deyə o vurğulayıb.

  • Məsafədən iş əmək müqaviləsi ilə tənzimlənəcək

    Əmək funksiyalarının məsafədən (distant) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsi ilə müəyyən ediləcək.

    Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

    Qanuna əsasən, məsafədən (distant) iş əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə (elektron, proqram-texniki, telekommunikasiya vasitələri və s.) müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerlərindən kənarda (işlərin görülməsi (xidmətlərin göstərilməsi) üçün münasib olan digər yerdə) yerinə yetirilməsidir.

  • Bayramlar üst-üstə düşdükdə əmək məzuniyyətinin necə tənzimlənəcəyi məlum oldu

    Qurban və Ramazan bayramları başqa bayramlarla üst-üstə düşəcəyi halda əmək məzuniyyətinin necə tənzimlənəcəyi məlum olub.

    Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

    Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.

    Dəyişikliyə əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən ümumxalq hüzn günü və səsvermə günü də məzuniyyət günləri hesab edilməyəcək və ödənilməyəcək, lakin məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılacaq. Bu halda Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə üst-üstə düşən günlər bir gün hesabı ilə nəzərə alınacaq.

    Qeyd edək ki, gələn il Novruz və Ramazan bayramları üst-üstə düşür.

  • Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq

    Bir sıra hallarda təhsilalan və əcnəbilərlə əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına yol veriləcək.

    Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

    Qanuna əsasən, aşağıdakı hallarda da əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına yol veriləcək:

    təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda;

    əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsi əsasında Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunduqda.

  • Prezidentin yüksək vəzifə verdiyi Əfqan Cəlilov kimdir?

    Xəbər verdiyimiz kimi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Rauf Göyüş oğlu Vəliyev vəzifəsindən azad olunub, yerinə Əfqan Süleyman oğlu Cəlilov təyin edilib. Bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.

    Əfqan Süleyman oğlu Cəlilov 1978-ci ildə anadan olub. 1995-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsi üzrə bakalavr, daha sonra isə qiymət və qiymətin əmələ gəlməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb.

    2002-2005-ci illərdə Milli Bankın Bazar əməliyyatları departamentində çalışıb. 2005-2013-cü illərdə “AGBank” ASC-nin Metodologiya şöbəsinin rəisi, İnkişaf departamentinin direktoru, Maliyyə nəzarəti üzrə baş direktor vəzifəsində işləyib. 2013-cü ildə “AGBank” ASC-də İdarə Heyəti sədrinin müavini təyin edilib. 2016-2020-ci illərdə “AGBank” ASC-də İdarə Heyətinin sədri vəzifəsində işləyib.

    2021-2023-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində olan “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri olub. 2023-cü ilin oktyabrın 30-da RİNN-in tabeliyində olan Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub. Bu təyinatadək isə Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edirdi.

    2013-cü ildə Beynəlxalq Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) tərəfindən Beynəlxalq Maliyyə Hesabatı üzrə diplomla təltif olunub.

    Əfqan Cəlilov Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsin Müşahidə Şurasının üzvü təyin edilib.

  • Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq

    Prezident İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqləyib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, dəyişikliklərin birinci istiqaməti mahiyyəti üzrə təkmilləşdirmə məqsədi daşıyan, habelə, əmək münasibətlərində çevik və sosial yönümlü hüquqi tənzimləmələrin tətbiqini, həmçinin müasir iş şəraitinə uyğun olaraq yeni anlayışların qanunvericiliyə gətirilməsini hədəfləyir.

    İkinci istiqamətdəki dəyişikliklər isə Beynəlxalq Əmək Təşkilatının (BƏT) Konvensiyalarına və beynəlxalq təcrübəyə uyğun olaraq milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədi daşıyır.

    Dəyişikliklərin növbəti istiqaməti isə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərindən irəli gələrək uyğunlaşdırma xarakteri daşıyır.

    Qanunda vurğulanıb ki, Məcəlləyə mahiyyəti üzrə aparılan dəyişikliklər aşağıdakılardır:

    – BƏT-in “Kişi və qadın işçilər – ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” 156 nömrəli Konvensiyasına tələblərindən irəli gələrək Məcəllənin 3-cü maddəsində istifadə edilən anlayışlar sırasına “ailə vəzifələri olan işçi” anlayışı gətirilib.

    – Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014-cü il 10 iyul tarixli 227 nömrəli birgə qərarla bağlanmış “2014-2015-ci illər üçün Baş Kollektiv Saziş”in 2.3-cü bəndində Məcəllədə “minimum əməkhaqqı” anlayışının BƏT-in 131 nömrəli Konvensiyasının 3-cü maddəsində verilən tərifə uyğunlaşdırılması öhdəliyi götürülüb. Bu öhdəlik “minimum əmək haqqı” anlayışının BƏT-in 131 nömrəli Konvensiyasının 3-cü maddəsinə uyğunlaşdırılması məqsədilə yeni redaskiyada verilib.

    – Məcəllənin bir sıra maddələrində (məsələn, 31-ci maddənin 3-cü hissəsi, 47-ci maddənin a) bəndi, 73-cü maddənin 2-ci hissəsi və s.) işçilərin ezamiyyəsi, eləcə də ezamiyyəni qadağan edən hallar barədə norma və qaydalar mövcuddur.

    Bununla yanaşı, əvvəlki Məcəllədə işəgötürənin işçini xidməti tapşırıqların yerinə yetirilməsi zərurəti ilə əlaqədar ezamiyyətə göndərmək hüququ, eləcə də işçinin belə hallarda ezamiyyə xərclərini almaq hüququ öz əksini tapmamışdı.

    Göstərilənlərə əsasən, Məcəllənin 3-cü maddəsində istifadə edilən anlayışlar sırasına “Ezamiyyət” anlayışı gətirilib.

    – Prioritet istiqamət olaraq işçilərin əmək funksiyalarının distant iş formasında yerinə yetirilməsi sahəsi üzrə qanunvericiliyin formalaşdırılması müəyyən etmək, bu xüsusda işçilərin distant iş formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsasının yaradılmasını təmin etmək məqsədilə Məcəllənin 3-cü maddəsinə “Məsafədən (distant) iş” anlayışı gətirilib.

    – Əmək Məcəlləsinin 10-1-ci maddəsinin işləmə mexanizmini tənzimləmək, təcrübədə yaranan anlaşılmazlıqları aradan qaldırmaq məqsədilə çalışma müddətinin uzadılmasının işəgötürənin əmri (sərəncamı) ilə rəsmiləşdirilməsi və bu halda, işçinin əmək müqaviləsinə 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilməsinə və uzadılan müddətə müddətli əmək müqaviləsinin bağlanılmasına yol verilməməsi ilə bağlı tənzimləyici norma əlavə edilib.

    – “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 56.0.2-ci maddəsinə əsasən Məcəllənin bir çox maddələrində “əmək müqaviləsinin ləğv edilməsi” və ya “əmək müqaviləsinə xitam verilməsi” ifadələri eyniləşdirilib.

    – Azərbaycanda Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın təsis edilməsinin hüquqi əsaslarını gücləndirmək məqsədilə Əmək Məcəlləsinə üçtərəfli komissiya ilə bağlı yeni 41-1-ci maddə əlavə olunub.

    – Sözügedən Məcəllənin 47-ci maddəsinə təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda müddətli əmək müqaviləsinin bağlanılmasını müəyyən edən norma əlavə edilib.

    – Sınaq müddətini keçmədiyinə görə işəgötürənin işçini işdən azad edə bilməsi bağlı 70-ci maddəsinə düzəliş edilib.

    – Təcrübədə yaranan problemlər aradan qaldırılması məqsədilə 69-cu və 73-cü maddələrin adında dəyişiklik edilib. Bu maddələrin adından “qayda” sözü çıxarılıb, “Maddə 69. Əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsi” və “Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi” kimi tənzimlənib.

    – Məcəllənin 70-ci maddəsinin “a” bəndinə əsasən müəssisə ləğv edildikdə işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə xitam verilib. Praktikada fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə işçilərlə bağlanılan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı çoxsaylı suallar yaranıb. Qeyd edilən halın tənzimlənməsi məqsədilə 70-ci maddənin “a” bəndi təkmilləşdirilərək müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə xitam verilməsinin əsası kimi verilib.

    – “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 50.1-ci maddəsinə əsasən “həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlara mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq iş (təhsil) yerində orta əmək haqqının ən azı üç misli məbləğində müavinət ödənilir”. Uyğunsuzluğun aradan qaldırılması məqsədilə Məcəllənin 77-ci maddəsinin 7-ci hissəsinin birinci və üçüncü cümlələri dəqiqləşdirilərək Məcəllədə müavinətin orta əmək haqqının azı 3 misli məbləğində verilməsi təmin edilib.

    Sənədə əsasən, işçinin məzuniyyətdə olduğu müddət ərzində aldığı əməkhaqqı sonuncu əməkhaqqından az olmamaqla ödənilməsi ilə bağlı Məcəllənin 117-ci maddəsinə tənzimləmə gətirilib.

    – 120-ci maddə yeni redaksiyada verilərək məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətləri olan işçilərin dairəsi yenilənib.

    – Gender bərabərliyinin təmin edilməsi məqsədilə uşağın doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsi nəzərdə tutulması ilə bağlı 125-ci maddənin 4-cü hissəsində norma müəyyən edilib.

    – Məcəllənin 140-cı maddəsinin 1-ci hissəsinə, eləcə də analoji hal olaraq 177-ci maddəsinin 3-cü hissəsinə 3-1-ci hissə əlavə edilərək məzuniyyət vaxtı üçün orta əmək haqqı hesablanarkən qismən ödənişli sosial məzuniyyətdə və ya işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işlənilməyən və ya tam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunması ilə bağlı tənzimləmə nəzərdə tutulub.

    – Təcrübədə yaranan uyğunsuzluqların aradan qaldırılması məqsədilə Məcəllənin 177-ci maddəsində həmin maddənin 2-ci və 3-cü hissələrində göstərilən hallarda hesablanmış bir günlük əməkhaqqı qismən ödənişli sosial məzuniyyətdə və işəgötürənin təşəbbüsü ilə ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işçinin sonuncu bir günlük əmək haqqından az olduğu halda sonuncu bir günlük əməkhaqqınin tətbiq edilməsi ilə bağlı dəyişiklik edilib.

    – Əməyin mühafizəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə 223-cü maddəyə yeni hissə əlavə edilib.

    Qanuna görə, BƏT-in Konvensiyalarına və beynəlxalq təcrübəyə uyğun olaraq aparılan təkmilləşdirmələr bunlardır:

    – BƏT-in “Kişi və qadın işçilər – ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” 156 nömrəli Konvensiyasının tələblərindən irəli gələrək, “ailə vəzifələri olan işçi”, BƏT-in “İnkişaf etmiş ölkələri xüsusi nəzərə almaqla minimum əmək haqqının müəyyən edilməsi haqqında” (1970) 131 nömrəli Konvensiyasının 3-cü maddəsinə əsasən, “Minimum əmək haqqı” anlayışı Məcəlləyə əlavə edilib.

    – “BƏT-n “Kişi və qadın işçilər – ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” 156 nömrəli Konvensiyasının “Ailə öhdəlikləri olan işçilər: kişi və qadın işçilər üçün bərabər rəftar və imkanlar haqqında” 165 nömrəli Tövsiyəsinin 21-ci bəndinin 3) hissəsini nəzərə alınaraq Əmək Məcəlləsinin 94-cü maddəsi yeni redaksiyada verilib.

    – “Beynəlxalq Əmək Təşkilatının “Analığın mühafizəsi haqqında” 1952-ci il Konvensiyasına (yenidən baxılmış) yenidən baxılması haqqında” 183 nömrəli Konvensiyasının 4-cü maddəsinin 5-ci bəndinə əsasən Məcəlləsinin 125-ci maddəsinə yeni 3-cü hissə əlavə edilib.

    Azərbaycanın qoşulduğu BƏT-in “Ödənişli məzuniyyətlər haqqında” 132 nömrəli Konvensiyasının 12-ci maddəsinə əsasən Məcəllənin 138-ci maddəsinə yeni məzmunda 2-1-ci hissə əlavə edilib.

  • Prezident Rauf Vəliyevi vəzifəsindən azad etdi, yerinə təyinat oldu

    Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Göyüş oğlu Vəliyevi vəzifəsindən azad edib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı dövlət başçısı sərəncam imzalayıb.

    Onun digər sərəncamı ilə Əfqan Süleyman oğlu Cəlilov ASCO-nun sədri təyin edilib.

  • İlham Əliyev İqbal Hüseynovu vəzifəsindən azad etdi

    “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Əli oğlu Hüseynov vəzifəzindən azad edilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

    Qeyd edək ki, İ.Hüseynov müxtəlif vəzifələrdə çalışıb, 2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun iqtisadi məsələlər üzrə rəis müavini, 2010-2026-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini vəzifələrində çalışıb.