Category: Siyasət

  • Azərbaycanda partiyalardan birində süni intellektə yüksək vəzifə verildi

    Azərbaycanda siyasi fəaliyyət sahəsində diqqətçəkən bir yenilik qeydə alınıb.

    Median.Az Modern.az-a istinadla bildirir ki, Vəhdət Partiyası ölkədə ilk dəfə olaraq partiya sədrinin birinci müavini vəzifəsinin funksiyalarını süni intellekt əsaslı qadın modelə həvalə edib.

    Partiyadan verilən açıqlamaya görə, bu təşəbbüs idarəetmədə rəqəmsallaşmanın tətbiqi, qərarların daha operativ və analitik əsaslarla verilməsi, həmçinin innovativ siyasi yanaşmanın formalaşdırılması məqsədi daşıyır.

    Yeni AI-model partiya fəaliyyətinə dair məlumatların emalı, siyasi proseslərin analizi, kommunikasiya strategiyalarının hazırlanması və qərarvermə proseslərinə dəstək funksiyalarını icra edəcək.

    Vəhdət Partiyasının rəhbərliyi bu addımın siyasi idarəetmədə innovasiya mədəniyyətini gücləndirəcəyi və gələcəkdə digər qurumlar üçün də nümunə ola biləcəyi qənaətindədir.

  • Alyona Əliyeva “Azərbaycan dili” platformasının təqdimat mərasimindən paylaşım edib (Video)

    Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva dekabrın 28-də Azərbaycan Dillər Universitetində keçirilən “Azərbaycan dili” platformasının təqdimat mərasimində iştirak edib. Bununla bağlı layihənin ideya müəllifi və rəhbəri Alyona Əliyeva rəsmi “Instagram” hesabında paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Parkdakı ilk palıd ağacını Prezident əkdi – Fotolar+Video

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva bu gün “Bakı Ağ Şəhər”də olublar.

    Median.Az xəbər verir ki, onlar Palıd meydanı parkında ilk palıd ağacını əkiblər.

    Qeyd edək ki, parkda çox sayda palıd, çinar, zeytun, ağcaqayın, maqnoliya, palma və digər mövsümi ağacların əkilməsi planlaşdırılır.

  • Azərbaycanda icra hakimiyyətləri LƏĞV EDİLİR? – AÇIQLAMA

    “Türkiyə və bir sıra Avropa ölkələrində bələdiyyələrin icra hakimiyyətlərində mühüm rol oynaması idarəetmədə səmərəliliyi artırır. Bu modelin Azərbaycanda da tətbiqi mümkün olsa da, əsas maneə mərkəzləşmiş idarəetmə sistemindən imtina ilə bağlı siyasi iradənin olub-olmamasıdır”.
     
    Median.Az xəbər verir ki, bu fikirləri iqtisadçı Asif İbrahimov Konkret.az-a açıqlamasında bildirib.
     
    Onun sözlərinə görə, Azərbaycanda idarəetmədə əsas problemlərdən biri üfüqi və şaquli məsuliyyətin düzgün bölüşdürülməməsidir. Eyni və ya oxşar funksiyaları yerinə yetirən qurumların həddən artıq çox olması həm büdcə yükünü artırır, həm də rüşvət və korrupsiya risklərini yüksəldir:
     
    “Azərbaycanda bir-birini təkrarlayan, oxşar funksiyalar həyata keçirən qurumlar çoxdur. Bu strukturların bir hissəsi ləğv edilməli, bir hissəsi isə birləşdirilməlidir. Bu addım həm dövlət xərclərini azaldar, həm də korrupsiya mənbələrinin aradan qaldırılmasına xidmət edər”.
     
    İqtisadçı qeyd edib ki, hazırkı sistemdə icra hakimiyyətləri, icra nümayəndəlikləri və bələdiyyələr paralel fəaliyyət göstərir ki, bu da idarəetmədə səmərəsizlik yaradır. Halbuki Azərbaycan Avropa Şurasına üzv olarkən hakimiyyətin əks-mərkəzləşdirilməsi ilə bağlı öhdəliklər götürmüşdü.
     
    Asif İbrahimovun sözlərinə görə, bələdiyyə institutu Azərbaycanda formal xarakter alıb:
     
    “Bələdiyyələr faktiki olaraq zibil pulu və torpaq vergisi yığımı ilə məşğuldur. Halbuki əvvəllər onların özünü maliyyələşdirmə imkanları vardı – torpaq satışı, yerli təbii resurslardan əldə olunan gəlirlər, otel rüsumları, reklam lövhələrindən daxilolmalar və s. Sonradan qanunvericiliyə edilən dəyişikliklərlə bu səlahiyyətlər məhdudlaşdırıldı”.
     
    O, bildirib ki, Almaniya, Fransa və İngiltərə kimi ölkələrdə, eləcə də Türkiyə modelində yerli özünüidarəetmə orqanları real səlahiyyətlərə malikdir. Azərbaycanda da Türkiyə idarəetmə sisteminin fundamental elementlərini tətbiq etmək mümkündür.
     
    İqtisadçının fikrincə, rayon icra hakimiyyətləri artıq köhnəlmiş idarəetmə modelidir və funksional baxımdan effektsiz qurumlara çevrilib:
     
    “Bu gün icra hakimiyyətlərinin əsas funksiyaları tədbirlərin təşkili və seçkilər zamanı səfərbərlikdir. Bir sıra səlahiyyətlər, o cümlədən yerli idarəetmə ilə bağlı öhdəliklər bələdiyyələrə verilə bilər. Bu da idarəetməni sadələşdirər və daha çevik sistem yaradılar”.
     
    Asif İbrahimov hesab edir ki, bələdiyyələrin gücləndirilməsi və icra hakimiyyətlərinin səlahiyyətlərinin azaldılması Azərbaycanda idarəetmədə boşluqların aradan qaldırılması üçün əsas addımlardan biri ola bilər.ola bilər.

  • Rusiya XİN: “Moskva Bakı ilə əlaqələri genişləndirmək niyyətindədir”

    “Rusiya 2026-cı ildə ikitərəfli münasibətlərin bütün gündəliyi üzrə Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir”.

    Median.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi nazir müavini Mixail Qaluzin və Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev arasında keçirilən görüşdən sonra yaydığı bəyanatda bildirib.

    “Görüş zamanı Rusiya-Azərbaycan əməkdaşlığının son bir ildəki nəticələri ümumiləşdirilib. 22 fevral 2022-ci ildə Moskvada imzalanmış Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannaməyə və iki liderin 9 oktyabrda Düşənbədə keçirilən görüşündə əldə edilən razılaşmalara uyğun olaraq ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə qarşılıqlı sadiqlik təsdiqlənib. Bu kontekstdə, qarşıdan gələn 2026-cı ildə Rusiya-Azərbaycan münasibətlərinin bütün gündəliyi üzrə əlaqələrin genişləndirilməsi ilə bağlı ortaq niyyət ifadə edilib”, – deyə bəyanatda qeyd olunub.//oxu.az

  • Mahmud Abbas Prezident İlham Əliyevi təbrik edib

    Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

    “Hörmətli cənab Prezident.

    Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi çatdırır, Zati-alinizə uzun ömür, xoşbəxtlik və davamlı uğurlar arzulayıram.

    Eyni zamanda, Sizi Yeni – 2026-cı il münasibətilə də təbrik edirəm. Uca Allahdan Yeni ilin və qarşıdakı illərin Sizə, xalqınıza və bütün xalqlara səadət, xeyir-bərəkət, sülh və müvəffəqiyyət gətirməsini arzu edirəm.

    Zati-aliləri, qardaşlıq salamlarımı qəbul etməyinizi xahiş edirəm”.

  • Nazir Agentliyə yeni rəis müavini təyin etdi

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində yeni təyinat olub.
     
    Median.Az qaynarinfo-ya istinadla bildirir ki, nazir  Kəmaləddin Heydərovun müvafiq əmri ilə Bəxtiyar Tağıyev sözügedən Agentlikdə rəis müavini təyin edilib. 
     
    Buna qədər Bəxtiyar Tağıyev bu Agentliyin tərkibindəki Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi vəzifəsində çalışıb.
     
    Xatırladaq ki, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovdur.

  • Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilir

    Türkiyə və Ermənistanın diplomatik, xidməti və xüsusi pasport sahibləri 1 yanvar 2026-cı il tarixindən etibarən ödənişsiz olaraq e-viza ala biləcəklər.

    Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, bu qərar iki ölkə arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr arasında əldə olunmuş razılıq çərçivəsində və qarşılıqlı əsasda qəbul edilib.

  • Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib

    Dekabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, qonağı Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova və rəssam Emil Əziz qarşılayıblar.

    Muzeyin ziyarət edilməsi zamanı Leyla Əliyeva, ilk növbədə, Emil Əzizin hazırda muzeydə nümayiş olunan “Naxış və siluet” adlı fərdi sərgisi ilə tanış olub. Sərgi rəssamın Azərbaycan xalçaçılığının zəngin irsini, ənənəvi naxışları müasir bədii dildə yenidən təsvir etdiyi təxminən 50 əsərini birləşdirir. Qarabağ atlarının təsvirləri və siluetin hərəkəti, gücü və zərifliyi xalça motivlərinin ritmi və quruluşu ilə mükəmməl şəkildə birləşdirilən qadın portretləri əsərlərdə xüsusi yer alıb. Sərginin yanvarın 12-nə qədər davam edəcəyi qeyd edilib.

    Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanın Əməkdar rəssamı Faiq Əhmədin “Faiq Əhməd: 2011-24-cü illər” adlı retrospektiv sərgisinə baxıb. Sərgi müəllifin yaradıcılığının əsas mərhələlərini əhatə edir və ənənəvi Azərbaycan xalçaçılığına innovativ yanaşmasını nümayiş etdirir. Burada klassik toxuculuq müasir bədii düşüncə, fəlsəfə və aktual vizual təcrübələrlə birləşir. Vurğulanıb ki, Faiq Əhmədin əsərləri dünyanın aparıcı muzeylərində və kolleksiyalarında geniş şəkildə təmsil olunur və beynəlxalq səviyyədə tanınır.

    O, həmçinin görkəmli rəssam, alim, tədqiqatçı və Azərbaycan Milli Xalça Muzeyinin təsisçisi Lətif Kərimova həsr olunmuş sərgi ilə tanış olub. Leyla Əliyevaya məlumat verilib ki, 2026-cı ildə Azərbaycan xalçaşünaslıq elmi məktəbinin formalaşmasında və xalçanın milli mədəniyyətin həyati bir fenomeni kimi institutlaşmasında mühüm rol oynamış Lətif Kərimovun anadan olmasının 120 ili tamam olur.

    Lətif Kərimov Azərbaycanın Xalq rəssamı, dövlət və beynəlxalq mükafatlar laureatı, fundamental elmi əsərlərin müəllifi, bir çoxu milli incəsənətdə əfsanəvi olan unikal xalça kompozisiyaları və dizaynlarının yaradıcısıdır. Leyla Əliyeva Lətif Kərimovun müəllifi olduğu xalçalarla, onun orijinal eskizləri ilə, eləcə də arxiv materialları ilə tanış olub.

    Bundan əlavə, Leyla Əliyeva muzeyin III mərtəbəsində yenilənmiş sərgi ilə tanış olub, burada müasir müəllif xalçaları və dekorativ-tətbiqi sənət əsərləri nümayiş olunur. Sərgidə iştirak edən rəssamlar arasında Eldar Mikayılzadə, Eldar Hacıyev, Samirə Allahverdiyeva, Çingiz Babayev, Tariel Bəşirov, Ali Pariyab və müasir Azərbaycan xalçaçılığının digər ustaları var.

    Üçüncü mərtəbədəki yenilənmiş sərgidə əvvəllər nümayiş olunmamış əsərlər də təqdim olunur. Unikal xalça nümunələri ilə yanaşı, burada 1970-ci və 1980-ci illərin keramika, ağacoyma, batik, qobelen, bədii şüşə və digər dekorativ-tətbiqi sənət sahələrində nadir əsərlər də nümayiş olunur.

    Leyla Əliyevanın bu mədəniyyət ocağını ziyarət etməsi Azərbaycan Milli Xalça Muzeyinin milli xalça sənətinin qorunması, öyrənilməsi və təbliğində, eləcə də tarixi irsi müasir bədii proseslərlə birləşdirən bir mərkəz kimi mühüm rolunu nümayiş etdirir.

  • İlham Əliyev Türkiyə ilə təhsil sahəsində əməkdaşlıqla bağlı sənədi TƏSDİQLƏDİ

    Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol təsdiq edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Qeyd edək ki, sənəd 2025-ci il sentyabrın 23-də Bakı şəhərində imzalanıb.