Category: Siyasət

  • Xocalının Ballıca kəndində ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsi açılıb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xocalı rayonunun Ballıca kəndində “Accurate Az” MMC-nin ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsinin açılışında iştirak edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Accurate Az” MMC-nin təsisçisi İlkin Abuşov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdilər.

    Bildirildi ki, müəssisə Türkiyə, İsveçrə, Almaniya, İtaliya, Çin və Yaponiyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz olunub. Burada ildə 20 çeşiddə 240 min ədəd ofis mebeli və 4 milyon ədəd mebel aksesuarı istehsal ediləcək. Məhsulların 60 faizi ixraca, 40 faizi daxili bazara yönəldiləcək. Xammaldan hazır məhsula qədər ofis mebeli istehsalının bütün mərhələləri müəssisədə həyata keçiriləcək. Layihənin ümumi dəyəri 20 milyon manat təşkil edir ki, bunun reallaşdırılması üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 7 milyon manat güzəştli kredit verilib. Müəssisə, həmçinin işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün tətbiq olunan güzəşt və stimullardan yararlanıb.

    Müəssisənin fəaliyyətə başlaması Qarabağda mebel istehsalı sahəsinin formalaşmasına, yerli istehsalın genişlənməsi və ixrac potensialının artırılmasına, həmçinin işğaldan azad olunmuş ərazilərdə əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə töhfə verəcək. Hazırda burada 80 nəfər üçün daimi iş yeri yaradılıb, növbəti mərhələlərdə isə 450 daimi iş yerinin yaradılması planlaşdırılır.

    Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanın, özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların cəlbi və əlverişli biznes mühitinin formalaşdırılması dövlətin əsas strateji hədəflərindən biri kimi müəyyənləşdirilib. Bu məqsədlə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azaddırlar. Həmçinin bu ərazilərdə rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri üzrə idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV və gömrük rüsumundan azaddır. Bütün bu tədbirlər sahibkarlığın, sənaye və iqtisadiyyatın inkişafını, həmçinin əhalinin məşğulluğunun artırılmasını təmin edir.

  • Prezident Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışında iştirak edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasının açılışında iştirak edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısına binada yaradılmış şərait barədə məlumat verilib.

    Bildirilib ki, Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsi müasir akademik mühitin formalaşdırılması istiqamətində ardıcıl şəkildə inkişaf edən əsas struktur bölmələrdən biridir. Fakültədə hazırda 20 professor-müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir. Burada ümumilikdə 505 tələbə bakalavriat səviyyəsində 7 ixtisas – iqtisadiyyat, maliyyə, mühasibat uçotu, menecment, dövlət və bələdiyyə idarəetməsi, beynəlxalq ticarət və logistika, turizm işinin təşkili üzrə təhsil alır.

    Yeni akademik məzmunun formalaşdırılması, müasir tədris metodlarının tətbiqi, praktiki bacarıqların inkişafı, innovativ idarəetmə və nəticəyönümlü elmi tədqiqatlar fakültənin fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.

    Tədris binasında 40 auditoriya, kompüter laboratoriyaları, kitabxana, oxu və akt zalları, iclas, inzibati və professor-müəllim otaqları mövcuddur. Müasir universitet konsepsiyasına uyğun dizayn edilərək inşa olunmuş binanın layihələndirilməsi və tikilməsində dayanıqlı inkişaf, inklüzivlik və resurslardan səmərəli istifadə prinsipləri nəzərə alınıb. Bir sözlə, bina tədris, tədqiqat və inzibati fəaliyyətin daha səmərəli şəkildə həyata keçirilməsinə imkan verən geniş və müasir infrastruktura malikdir.

    Yaradılmış şərait fakültənin elmi-pedaqoji potensialının gücləndirilməsinə, tələbələrin bilik və bacarıqlarının inkişafına, əmək bazarının sürətlə dəyişən tələblərinə uyğun iqtisadiyyat və biznes istiqamətli yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına, elmi-tədqiqat və innovativ fəaliyyətlərin genişləndirilməsinə imkan yaradacaq.

    Biznes və iqtisadiyyat fakültəsinin yeni tədris binasının istifadəyə verilməsi universitetdə müasir kampusun formalaşdırılması istiqamətində atılan mühüm addımlardan biri olmaqla yanaşı, Qarabağda və Şərqi Zəngəzurda yüksəksəviyyəli ali təhsil ekosisteminin qurulmasına əhəmiyyətli töhfədir.

    Qeyd edək ki, Prezident İlham Əliyev 2024-2025-ci illər ərzində Qarabağ Universitetində görülən işlərlə tanış olub, universitetin, tələbə yataqxanasının, Klinika binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılış mərasimlərində də iştirak edib.

    Hazırda Qarabağ Universitetində 27 ixtisas üzrə 6 fakültədə 2154 tələbə təhsil alır.

  • Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidentini təbrik etdi

    Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

    “Böyük məmnuniyyətlə xalqımızın adından və öz adımdan Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi çatdırıram. Uca Allah Sizə möhkəm cansağlığı və çoxlu belə xoş günlər nəsib etsin.

    Başa çatmaqda olan ilə nəzər saldıqda, ikitərəfli münasibətlərimizin müsbət inkişafından böyük məmnunluq duyuram. Bu münasibətlər bu ilin fevral və may aylarında ikitərəfli görüşlər keçirmək, həmçinin iyul ayında Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə toplantısında, noyabr ayında Bakıda şanlı Zəfər Gününə həsr olunmuş paradda iştirak etmək məqsədilə gözəl ölkənizə etdiyim səfərlərlə daha da möhkəmlənmişdir.

    Azərbaycana etdiyim hər səfərim zamanı ölkənizin gözəlliyinə və zəngin təbiətinə daha çox heyran oldum, dost və qonaqpərvər qardaş xalqınıza olan məhəbbətim daha da artdı.

    İqtisadi sahədə əməkdaşlığımız da uğurla inkişaf edir və hazırda Azərbaycanın Pakistana 2 milyard dollar məbləğində investisiya yatırması ilə bağlı şərtləri yekunlaşdırırıq. Bu layihə xalqlarımızın həyatını dəyişdirəcək və eyni zamanda qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı təmin edəcəkdir.

    Zati-aliləri, mən Bakıda olarkən “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olmağımı xatırlatmaq istəyirəm. Həmin vaxtdan bəri ölkələrimiz dövlət xidmətlərinin göstərilməsində innovativ və vətəndaşlara yönəlik həllərin təqdim edilməsi, şəffaflığın, səmərəliliyin və institusional bütövlüyün təmin edilməsi məqsədilə İslamabadda “Pakistan Asan Xidmət” mərkəzinin yaradılması üzərində birgə çalışırlar. Aylarla davam edən işlərdən sonra “Pakistan Asan Xidmət” mərkəzi 2026-cı il yanvarın 10-dək hazır olacaq və açılış mərasimi keçiriləcəkdır. Yeni yaradılmış “Pakistan Asan Xidmət” mərkəzi, şübhəsiz ki, xalqlarımızın həyatın bütün sahələri üzrə, o cümlədən səmərəli və müasir dövlət xidmətlərinin göstərilməsindən faydalandıqlarını dünyaya nümayiş etdirəcəklər.

    Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı rifah və tərəqqi diləyirəm.

    Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

  • İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısına binada yaradılacaq şərait barədə məlumat verildi.

    Qeyd edək ki, Qarabağ Universitetinin Mühəndislik fakültəsi müasir texnoloji çağırışlara cavab verən, innovasiya və tətbiqyönümlü mühəndis kadrların hazırlanmasını hədəfləyən əsas akademik struktur bölmələrdən biridir. Fakültədə hazırda 19 professor-müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir. Burada ümumilikdə 314 tələbə təhsil alır.

    Fakültədə bakalavriat səviyyəsində elektrik və elektronika, inşaat, mexatronika və robototexnika, logistika və nəqliyyat texnologiyaları, kompüter mühəndisliyi, data analitika və riyaziyyat daxil olmaqla 7 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Gələcəkdə mühəndislik istiqaməti üzrə yeni ixtisasların açılması nəzərdə tutulur.

    Yeni binanın müasir standartlara uyğun inşa edilərək qısa müddətdə istifadəyə verilməsi planlaşdırılır. Tədris binası keyfiyyətli kadr hazırlığını təmin edən, tələbələrin nəzəri bilik və praktiki bacarıqlarının inkişafına, həmçinin innovativ fəaliyyətlərinin genişləndirilməsinə xidmət edən auditoriyalar, laboratoriyalar, kitabxana, elmi-tədqiqat və innovasiya məkanları ilə təchiz olunacaq.

    Layihənin icrası mühəndislik təhsilinin inkişafına mühüm töhfə verməklə yanaşı, müasir akademik məzmunun və innovativ tədris metodlarının tətbiqini təşviq edən, tələbələrin hərtərəfli inkişafını dəstəkləyən qabaqcıl ali təhsil mühitinin formalaşdırılmasına xidmət göstərəcək.

  • İlham Əliyev Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşüb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşüb.

    Median.Az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.

  • Prezident İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına qəsəbədə görülmüş işlər barədə məlumat verib.

    Təmir işlərinə bu ilin may ayında başlanılmış qəsəbədə hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Onlardan 247-si yararsız, 790-ı isə qismən yararlıdır. Bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur. Artıq 30 evdə təmir işləri başa çatdırılıb. İlkin mərhələdə 30 ailə olmaqla, ümumilikdə 115 sakin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlardan qəsəbəyə – öz dədə-baba yurdlarına qayıdıb.

    Qəsəbədə bir sıra sosial infrastruktur layihələri də icra olunub. Fərdi evlərin yerləşdiyi ərazidə su, elektrik və qaz xətləri yoxlanılıb, iki kilometr yeraltı optik kabel, 510 metr elektrik xətti çəkilib, işıq dirəkləri quraşdırılıb, küçə işıqlandırılması təmin olunub, daxili yollar asfaltlanıb. Eyni zamanda, 60 çarpayılıq 1 nömrəli körpələr evi-uşaq bağçası və 624 şagird yerlik tam orta məktəbdə əsaslı təmir işləri aparılıb.

    Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də bu qəsəbədə olub.

    Dəniz səviyyəsindən 1130 metr hündürlükdə yerləşən və ümumi sahəsi 234 hektar olan Kərkicahan Xankəndi şəhər ərazi vahidində qəsəbədir. 1960-cı illərdə keçmiş vilayətin millətçi erməni rəhbər orqanları qəsəbənin adını yaşayış məntəqələrinin rəsmi siyahısından çıxarıb Xankəndi şəhərinə birləşdirmişdilər. 1991-ci ilin sonunda işğal olunan Kərkicahan 1992-ci ildə ermənilər tərəfindən yandırılmışdı. İşğaldan əvvəl qəsəbədə 355 ailə olmaqla 1796 nəfər azərbaycanlı yaşayırdı. Hazırda qeydiyyatda 674 ailə olmaqla, ümumilikdə 2531 sakin var. Qəsəbə 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

  • Arzu Əliyeva 2 saylı Uşaq Evində keçirilən bayram tədbirindən paylaşım etdi – FOTO

    Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva rəsmi “Instagram” hesabında 2 saylı Uşaq Evində keçirilən bayram tədbirindən paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

    Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

    “Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

    Qazaxıstanda Sizi görkəmli, müasir dövlət xadimi, qlobal miqyaslı təcrübəli və səriştəli siyasətçi kimi tanıyırlar və hörmət edirlər.

    Sizin çoxillik səmərəli ali dövləti fəaliyyətiniz haqlı olaraq Azərbaycanın tarixi nailiyyətləri, suverenliyinin möhkəmlənməsi, beynəlxalq nüfuzunun artması və dinamik sosial-iqtisadi inkişafı dövrü ilə əlaqələndirilir.

    Sizin güclü və müdrik liderliyinizlə qardaş Azərbaycan strateji kursunuzu qətiyyətlə davam etdirərək, bundan sonra da inkişaf və tərəqqi yolunda inamla irəliləyəcəkdir.

    Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının və müttəfiqliyinin gücləndirilməsinə verdiyiniz nəhəng şəxsi töhfənizi yüksək dəyərləndirir, əsrlər boyu davam edən dostluq və qarşılıqlı dəstək ruhunda onların hərtərəfli möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verirəm.

    Əminəm ki, biz birgə səylərimizlə çoxşaxəli dövlətlərarası əlaqələrin bundan sonra da inkişafına yeni təkan verəcək, Qazaxıstan ilə Azərbaycan arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldıracağıq.

    Hörmətli İlham Heydər oğlu, Sizə tükənməz enerji, ailə səadəti və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə rifah və firavanlıq arzulayıram.

  • Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevə məktub ünvanlayaraq onu doğum günü münasibətilə təbrik edib.

    APA xəbər verir ki, məktubda deyilir:

    “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

    Zati-aliləri,

    Gürcüstan hökuməti adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İcazə verin, bu əlamətdar gündə Sizə öz dərin ehtiramımı ifadə edim. Qeyd etmək istərdim ki, Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikası əhəmiyyəti uğurlara nail olmuşdur.

    Gürcüstanı və Azərbaycan Respublikasını tarixi dostluq və sarsılmaz strateji tərəfdaşlıq bir-birinə bağlayır və bu da regionda sabitliyin və rifahın təmin olunmasına öz töhfəsini verir. Mən qətiyyətlə inanıram ki, birgə səylərimiz nəticəsində ölkələrimiz arasında mövcud olan əlaqələr daha da dərinləşəcək və möhkəmlənəcəkdir.

    Möhtərəm cənab Prezident, fürsətdən istifadə edərək, Sizə bir daha öz dərin ehtiramımı izhar edir, möhkəm cansağlığı, rifah və məsuliyyətli fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.”

  • Məhkəmə təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib – FOTO

    Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dekabrın 22-də davam etdirilib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

    İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

    Sədrlik edən Z.Ağayev bildirib ki, məhkəmə iclası təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir.

    Qeyd edilib ki, ötən məhkəmə iclası zamanı fasilə elan olunduğundan təqsirləndirilən David Babayan çıxışını indiki məhkəmə iclasında davam etdirəcək.

    D.Babayan çıxışında ittiham tərəfinin çıxışında bildirdiklərinə əks dəlillər səsləndirib. O, təqsirləndirilən şəxslərin günahsız olduğunu deyib. “Mən özümü heç bir maddə ilə günahkar hesab etmirəm”, – deyə D.Babayan bildirib.

    O, çıxışında müdafiəçilərə və tərcüməçilərə təşəkkür edib.

    Təqsirləndirilən Levon Mnatsakanyan son sözünü rus dilində etmək istədiyini deyib. Ona çıxışını rus dilində etməyə şərait yaradılıb.

    Təqsirləndirilən şəxs deyib: “Qarabağ (qondarma rejimi nəzərdə tutur – red.) Ermənistandan onun təhlükəsizliyinin qarantı kimi çıxış etməyi xahiş etdi və bu dövrdən də təmas xəttində bütün əməliyyatlar Ermənistan Respublikasının baş qərargahı (silahlı qüvvələrin baş qərargahı nəzərdə tutulur – red.) tərəfindən hazırlanmış planlara uyğun aparılırdı. Burada məhkəmə iclasları zamanı qeyd etmişdim ki, mən 1992-ci ildə hərbiyə çağırılmışam. Zabit rütbəmi nəzərə alaraq, məni batalyonun komandir müavini təyin etdilər. Bu vəzifəyə təyin edilmək üçün başqa heç bir şey tələb olunmurdu. Lakin ittiham tərəfi iddia edir ki, məni başqa hansısa parametrlərə görə təyin ediblər”.

    Təqsirləndirilən şəxs müharibədə onlar tərəfdən muzdluların döyüşməsi barədə ittiham tərəfinin dediklərinə də münasibət bildirib: “Bildiyim qədər onlar muzdlu olmayıblar. Onlar hamısı könüllülər idi və onları heç kəs xidmətə cəlb eləməmişdi, onlara pul verilmirdi”.

    L.Mnatsakanyan məhkəmədə onun əleyhinə ifadə vermiş zərərçəkmiş İlham Məmmədovun dedikləri barədə də danışıb (Xatırladaq ki, İ.Məmmədov oktyabrın 2-də keçirilmiş məhkəmə iclası zamanı ifadəsində Ermənistan silahı qüvvələrinin hərbçiləri tərəfindən döyüldüyünü, işgəncələrə məruz qaldığını, onu döyən zabitlər arasında Levon adlı zabitin xüsusi qəddarlıq nümayiş etdirdiyini deyib. Zərərçəkmiş şəxs dövlət ittihamını müdafiə edən prokurorların suallarına cavabında L.Mnatsakanyanı göstərərək qəddarlıq edən şəxsin o olduğunu söyləyib – red.). Deyib ki, İ.Məmmədova işgəncə verilməyib.

    O, 2020-ci ildə 44 günlük müharibə zamanı Şuşakənddə hərbi hücumun planlaşdırılmasında iştirak etməsi barədə ittiham tərəfinin dediklərini də inkar edib, ümumiyyətlə 2020-ci və 2023-cü ildə heç bir hərbi əməliyyatda iştirak etmədiyini söyləyib. Təqsirləndirilən şəxs deyib: “Bəli, mən həqiqətən orada (Şuşakənddə müşavirə keçirilən məktəbdə – red.) olmuşam. Lakin mən çox gec, müşavirə başladıqdan sonra gəlmişəm. Müşavirəyə mənim aidiyyətim yox idi. Mən ora dəvət olunmamışdım. Həmin məktəbdəki kabinetdə mən ətraf kəndlərin mülki müdafiə qərargahlarının rəhbərləri ilə mülki müdafiə ilə bağlı məsələləri müzakirə edirdim. Əhalinin oradan təxliyə olunmasını danışırdıq. Onlar (müşavirə keçirənlər – red.) isə ora gəlmişdilər və xahiş eləmişdilər ki, iki saatlıq müşavirə keçirmək üçün otaq ayrılsın. Sədr isə onlara həmin kabineti təqdim eləmişdi. Yəni, mənim olmamağımdan istifadə edərək işlətdiyim kabineti təqdim eləmişdi. Mən gələn vaxt artıq orada müşavirə keçirilirdi. Həmin otağa daxil oldum və Artur Ağabekyanla kənarda oturdum. Bu, sadəcə, bir təsadüf idi.

    Müşavirədən mənə aydın oldu ki, orada üç ehtiyat batalyonu, bir tank batalyonu, bir artilleriya divizyonu döyüş üçün hazırlanıb. Həmin əməliyyat nəticəsində yol bağlanmalı idi. Hansı ki, orada təchizat işləri görülürdü, yəni hərbiçilər təchizatla təmin edilirdilər. Şuşaya hücum hazırlayan silahlı qüvvələrin məsul şəxsi Samvel Babayan idi. Onlar bütün məsələləri müzakirə etdilər. Həmin əməliyyatın vaxtını müəyyən etdilər və çıxıb getdilər. Vaxtı ertəsi gün saat 5-ə təyin etmişdilər. Təşkilatçılar getdikdən sonra iştirakçılar öz narazılıqlarını bildirməyə başladılar ki, hazırlıq işləri tam həyata keçirilməyib, tam hazır deyillər. Onlara vaxt verilməyib ki, bu əməliyyata normal şəkildə hazırlaşa bilsinlər, bu səbəbdən də iştirakdan imtina edirlər. Mən soruşdum ki, nəyə görə onlar bunu indi deyirlər, müşavirə keçirilən vaxt niyə deməyiblər? Onlardan bir cavab ala bilmədim və onların işinə də qarışmadım. Fikirləşdim ki, bu, onların öz işləridir”.

    Təqsirləndirilən şəxs 2016-cı ildə baş vermiş Aprel döyüşləri barədə danışarkən həmin vaxt “ordu komandanı” (Ermənistan silahlı qüvvələrinin ən böyük birləşməsinin komandiri – red.) olduğunu deyib. O, Aprel döyüşləri ilə bağlı ittiham tərəfinin dəlillərini və zərərçəkmişlərin dediklərini inkar edib, Azərbaycan hərbçilərinin mövqelərinə hücum etmədiklərini deyib.

    Məhkəmə prosesi dekabrın 23-də davam etdiriləcək.

    Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

    Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.