Category: Siyasət

  • Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi dərc olunub (FOTO)

    Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə 9-11 oktyabr 2025-ci il tarixlərində Bakı şəhərində keçirilən “İtkin düşmüş şəxslər məsələsinin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda qəbul edilmiş bəyannamə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc olunub və yayılıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev bununla bağlı BMT Baş katibinə məktub ünvanlayıb.

    O, məktubun və bəyannamənin yer aldığı əlavənin Baş Assambleyası gündəliyinin 31, 69, 71 və 84-cü bəndləri çərçivəsində və Təhlükəsizlik Şurasının sənədi kimi yayılması ilə bağlı müraciət edib.

  • Leyla Əliyeva İlham Əliyevin doğum günü ilə əlaqədar paylaşım edib – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib.

    Median.Az paylaşımı təqdim edir:

  • Mehriban Əliyeva İlham Əliyevi doğum günü münasibətilə təbrik edib – FOTO

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib.

    Paylaşımda deyilir:

    “Ləyaqət, saf niyyət və xeyirxah ürək – Uca Tanrının sözsüz eşitdiyi ali dualardır. Uca Allah Sizi və xalqımızı qorusun!”

  • Prezident İlham Əliyevin doğum günüdür

    Dekabrın 24-ü Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.

    Median.Az xatırladır ki, dövlət başçısının 64 yaşı tamam olur.

    İlham Heydər oğlu Əliyev 1961-ci ildə Bakı şəhərində anadan olub. O, 1967-77-ci illərdə Bakıdakı 6 saylı orta məktəbdə, 1977-82-ci illərdə isə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb.

    MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək “tarix elmləri namizədi” elmi dərəcəsini alıb.

    Dövlət başçımız 1985-90-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi kimi çalışıb. 1991-94-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

    1994-cü ildən 2003-cü ilin avqust ayınadək Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.

    İlham Əliyev 1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

    2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.

    İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkisində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkidə seçicilərin 88.73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkidə isə seçicilərin 84.54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkidə İlham Əliyev seçicilərin 86.02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2024-cü il fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar seçkidə seçicilərin 92.12 faizi İlham Əliyevə səs verib.

    İlham Əliyev Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir. O, 1983-cü ildə Mehriban Əliyeva ilə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı və doqquz nəvəsi var.

    İlham Əliyev Ali Baş Komandan, qalib sərkərdədir. Onun siyasi qətiyyəti, düzgün strategiyası nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edib.

    2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək düşmən təxribatlarına qarşı şanlı Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda “Dəmir yumruq” əməliyyatını həyata keçirib. Bu əməliyyatla tarixi Zəfər çalan şanlı Ordumuz ölkəmizin ərazi bütövlüyünü bərpa edib.

    2023-cü ilin sentyabrın 19-da isə Ordumuzun keçirdiyi antiterror tədbirləri nəticəsində ölkəmizdə separatizmin kökü kəsilib və Azərbaycan dövləti bütün ərazisi üzərində suverenliyini qəti şəkildə təmin edib.

    24 saatdan az müddətdə Ali Baş Komandan İlham Əliyevin qarşıya qoyduğu tapşırıqları uğurla həyata keçirən Ordumuz növbəti misilsiz qəhrəmanlıq nümunəsi göstərərək yenidən tarix yazıb.

    İlham Əliyev bu gün qalib Ali Baş Komandan kimi çıxışlar edir və ölkəyə qarşı olan gücləri Azərbaycanla hesablaşmağa çağırır.

    Dövlət başçısı antiterror əməliyyatından sonra, demək olar ki, ölkənin bütün bölgələrində səfərlərdə olub. İşğaldan azad edilmiş bölgələrimizdə görülən işlərlə tanış olub, onlarla kəndin təməli qoyulub. Hər zaman xalq arasında olan Azərbaycan lideri sakinlərlə görüşlərdə böyük sevgi və hərarətlə qarşılanıb.

    2025-ci il avqustun 8-də isə İlham Əliyev nəinki Azərbaycan, bütün Cənubi Qafqaz üçün vacib olan sənədə imza atıb.

    Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannamə imzalayıblar. Bundan sonra İlham Əliyev, Donald Tramp və Nikol Paşinyanın iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini paraflayıblar.

    Median.Az kollektivi Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayır!

  • Leyla Əliyeva “Mənim dənizlərim, mənim okeanlarım” sərgisini ziyarət edib (FOTO)

    Dekabrın 23-də Bakıda keçirilən “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: müasir alətlər və beynəlxalq əməkdaşlıq” konfransının iştirakçıları Heydər Əliyev Mərkəzində olublar.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva qonaqlarla birgə su ehtiyatlarının qorunmasına çağırış edən “Mənim dənizlərim, mənim okeanlarım” sərgisini ziyarət edib.

    Qeyd edək ki, Heydər Əliyev Fondu və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü ilə təşkil edilən ekspozisiyada müasir rəssamların çirklənmə və həddindən artıq balıq ovundan tutmuş, bioloji müxtəlifliyin itirilməsinə qədər bir sıra qlobal problemləri əks etdirən əsərləri təqdim edilir. Əsərlərdə su həyatın, yenilənmənin və təsəvvürün mənbəyi kimi təsvir olunur.

    Rəssam və heykəltaraşlar, multimedia və çoxsahəli sənətçilər su, iqlim dəyişikliyi, davamlılıq və dəniz biomüxtəlifliyi mövzularına müraciət edərək, bədii işləri vasitəsilə dənizlərimizin, okeanlarımızın və ortaq gələcəyimizin qorunmasına çağırış edirlər.

    Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın İran nümayəndə heyətinin rəhbəri, İran İslam Respublikası Prezidentinin qızı Zəhra Pezeşkianla ikitərəfli görüşü olub.

    Tədbir çərçivəsində qonaqlar tərəfindən Leyla Əliyevaya hədiyyə təqdim olunub. Həmçinin Leyla Əliyeva da qonaqlara hədiyyələr təqdim edib.









  • Pezeşkianın qızı Bakıda Azərbaycan dilində şeir səsləndirdi – Video

    “Uşaqlar yalnız internet istifadəçiləri deyil, gələcəyin memarlarıdır. Gəlin elə bir dünya quraq ki, rəqəmsal mühit təhlükə yox, inkişaf məkanı olsun”.

    Bu sözləri İran İslam Respublikasının nümayəndə heyətinin rəhbəri Zəhra Pezeşkian “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın açılış mərasimində çıxışı zamanı deyib.

    Z.Pezeşkian tədbirdə Azərbaycan dilində çıxış edib və çıxışını Şəhriyarın məşhur “Salam, Heydərbaba” poemasından bir parça ilə yekunlaşdırıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib

    Dekabrın 23-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, İran Prezidenti dövlətimizin başçısını qarşıdan gələn ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb.

    Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

    Məsud Pezeşkian ölkəmizə səfərlərini və dövlətimizin başçısı ilə apardığı müzakirələri məmnunluqla xatırlayıb.

    Telefon söhbət zamanı 2026-ci ildə təmaslar və Azərbaycan-İran dostluq əlaqələrinin gələcək inkişafına dair fikir mübadiləsi aparılıb.

  • İlham Əliyev Ağdamda metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında iştirak edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam Sənaye Parkında “Construction” MMC-nin metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında iştirak edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, “Construction” MMC-nin təsisçisi Nurlan Abbasov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi.

    Bildirildi ki, Sənaye Parkının 1 hektarlıq ərazisində yerləşən müəssisədə istehsal Çin texnologiyası əsasında qurulub. Zavodun metal elektrik dirəkləri üzrə illik istehsal gücü 7 200 ton təşkil edir. Məhsullar həm daxili bazarın tələbatını ödəyəcək, həm də ixrac ediləcək. İnvestisiya həcmi 2.96 milyon manat olan müəssisədə 32 daimi iş yeri yaradılıb. Qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1.2 milyon manat zəmanətli kredit ayrılıb. Bununla yanaşı, müəssisə sənaye parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanıb. Həmçinin texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı təxminən 443 min manat dəyərində ƏDV və gömrük rüsumlarına güzəşt əldə olunub.

    Qeyd edək ki, dövlətimizin başçısının 2021-ci ildə imzaladığı Fərmana əsasən, 190 hektar ərazidə yaradılan Ağdam Sənaye Parkının məqsədi işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir.

    Sahibkarlıq fəaliyyətinin inkişafı üçün burada dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Parkda ümumi investisiyalarının həcmi 312 milyon manatdan çox olan 32 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Sənaye Parkına 142 milyon manat sərmayə yatırılıb, 970-ə yaxın daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir. Sənaye Parkının rezidentləri tərəfindən istehsal olunmuş 945 milyon manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 39.5 milyon manatlıq hissəsi ixrac edilib.

  • Prezident: “Böyük Qayıdış” Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır”

    “Böyük Qayıdış” Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin sakinləri ilə görüşündə deyib.

    Dövlətimizin başçısı qeyd edib ki, bütün keçmiş köçkünlər yavaş-yavaş öz dədə-baba torpaqlarına qayıdırlar, o cümlədən Kərkicahan qəsəbəsinə də keçmiş köçkünlər qayıdıb və bu qayıdış prosesi davam edir.

    Prezident İlham Əliyev keçmiş məcburi köçkünlərə müraciət edərək deyib: “Siz uzun illər çətin şəraitdə, həm fiziki, həm mənəvi əzablar içində yaşamısınız. Artıq buna son qoyuldu və 34 ildən sonra doğma Kərkicahana qayıdırsınız. Böyük xoşbəxtlikdir, həm sizin üçün, həm də xalqımız üçün”.

  • “Xankəndi-1” elektrik yarımstansiyası istismara verildi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində “AzərEnerji” ASC-nin 110/35/10 kV-luq “Xankəndi-1” elektrik yarımstansiyasının açılışında iştirak edib.

    “Azərenerji” ASC-nin idarə heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına həyata keçirilmiş işlər barədə məlumat verib.

    Qeyd edək ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin dayanıqlı elektrik enerjisi təchizatı infrastrukturunun yaradılması ilə bağlı tapşırıqlarına əsasən, Xankəndi şəhərində müasir şəhər şəbəkəsi modelinə uyğun 110/35/10 kilovoltluq qapalı tipli yarımstansiya tikilib. Xankəndi və ətraf ərazilərin ölkə enerjisisteminə qoşulması üçün Şuşa şəhərindən Xankəndiyə çətin dağlıq və meşəlik relyefdən keçməklə 1,8 kilometri yeraltı kabel olan, ümumilikdə 11 kilometrlik yüksəkgərginlikli ötürmə xətti çəkilib. Bu yarımstansiya işğaldan azad edilmiş ərazilərdə 110 kV-luq gərginlik sinfi üzrə tikilmiş ilk qapalı tipli yarımstansiyadır. Burada bütün avadanlıq və qurğular, o cümlədən transformatorlar binanın daxilində yerləşdirilib.

    Bildirilib ki, yarımstansiyada ən müasir mikroprosessor tipli Rəqəmsal İdarəetmə Mərkəzi qurulub. Bu Micro-SCADA sistemi “AzərEnerji” ASC-nin mütəxəssisləri tərəfindən yaradılaraq ilk dəfə məhz Xankəndidə tətbiq olunub. Sistem yüksəkgərginlikli elektrik xətlərinin və avadanlıqların real vaxtda monitorinqi, idarə olunması və hadisələrin izlənməsini təmin edir. Yarımstansiyadan Xankəndi şəhəri, Ağdərə, Xocalı və Xocavənd rayonları etibarlı və dayanıqlı elektrik enerjisi alacaq.

    Dövlətimizin başçısına Qarabağ və Şərqi Zəngəzurda 1000 kilometrədək məsafədə yaradılmış dairəvi elektrik təchizatı sisteminin və istismarının təşkilində innovativ texnologiyaların tətbiqi barədə də məlumat verilib.

    Diqqətə çatdırılıb ki, “AzərEnerji” ASC tərəfindən Qarabağda və Şərqi Zəngəzurda rekord müddətdə – cəmi 5 il ərzində 1000 kilometr uzunluğunda yüksəkgərginlikli ötürmə xətləri çəkilərək 12 yeni yarımstansiya ilə zəncirvari şəkildə əlaqələndirilib, 330 və 110 kV-luq ikipilləli dairəvi elektrik təchizatı yaradılıb. Bunun üçün yeni Cəbrayıl Enerji Qovşağı inşa edilib, “İmişli”, “Ağcabədi” və “Gəncə” yarımstansiyaları tam yenidən qurulub. Bu, Qarabağın və Şərqi Zəngəzurun enerji tarixində ən böyük yenilikdir, belə ki, istənilən istiqamətdə qəza baş verərsə, fasilə yaranmadan digər istiqamətdən avtomatik və dayanıqlı enerji təmin olunacaq.

    Qeyd edək ki, “AzərEnerji” ASC tərəfindən istismarın təşkili üçün tətbiq edilən növbəti innovativ yenilik Qarabağda və Şərqi Zəngəzurdan başlanılmaqla bütün ölkəni əhatə edəcək Rəqəmsal Texnologiyalarla Yarımstansiya və Hava Xətlərinin Monitorinqi və Analizi sistemləridir. Bunun üçün ən müasir rəqəmsal cihaz və qurğular alınıb, yerli gənc mühəndis heyətinin xarici ölkələrdə ixtisasartırma kurslarında iştirakı təmin olunub. Yeni sistem avtomobil və xüsusi təyinatlı dronlar üzərində quraşdırılmış yüksək dəqiqliyə malik kameralar və teplovizorlarla elektrik stansiyası, yarımstansiya və xətlərdə görüntülərin əldə edilməsini, emalını və serverə göndərilməsini, həmçinin lazer texnologiyaları vasitəsilə ölçülərin, məsafələrin və qızma nöqtələrinin müəyyənləşdirilməsini təmin edir, beləliklə, adi gözlə görünməsi mümkün olmayan qəza riskləri aşkarlanır.

    Prezident İlham Əliyevə “AzərEnerji” ASC tərəfindən “Yaşıl enerjiyə keçid” meqalayihələri barədə də məlumat verildi. Qeyd edildi ki, ölkənin ən böyük yarımstansiyası — 500 kV-luq “Nəvahi” yarımstansiyasında işlər tamamlanıb, “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə qoşulması və Səngəçal terminalının elektrikləşdirilməsi üçün Cəbrayılda 330, Səngəçalda isə 220 kV-luq yarımstansiyaların tikintisi yekunlaşıb. Azərbaycanda bərpaolunan enerji mənbələrinin dinamik inkişafı üçün Batareya Enerji Saxlanc sistemlərinin yaradılması sürətlə davam edir. MDB məkanında gücünə və tutumuna görə ən böyük Batareya Saxlanc sistemləri olan bu enerji obyektləri “Abşeron” və “Ağdaş” yarımstansiyalarının ərazilərində qurulur. Ölkədə yeni yaradılan 2 QVt bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasını asanlaşdırmaq və enerji sisteminin dayanıqlılığını gücləndirmək məqsədilə Geniş Ərazi Monitorinq və Geniş Ərazi İdarəetmə sistemləri tətbiq edilir.