Category: Siyasət

  • Paşinyan: Bakı və İrəvan arasında sülh Rusiya ilə münasibətlər üçün yeni imkanlar açacaq

    Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması Rusiya ilə münasibətlərin inkişafı üçün yeni imkanlar açacaq.

    “Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə bildirib.

    Öz növbəsində, Putin qeyd edib ki, Moskva və İrəvan arasında münasibətlər inkişaf edir, qarşılıqlı ticarət dövriyyəsi göstəriciləri isə təshih edilib. O, həmçinin atom enerjisi sahəsində layihələr də daxil olmaqla, energetika sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb.

  • Putin Azərbaycanı təbrik etdi

    Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin liderlərini qarşıdan gələn Yeni il münasibətilə təbrik edib, onlara və vətəndaşlarına xoşbəxtlik, sülh və firavanlıq arzulayıb.

    Putin bunu MDB-nin qeyri-rəsmi sammitində deyib.
     
    “Əziz dostlar, hamınızı qarşıdan gələn Yeni il münasibətilə təbrik etmək istərdim. Sizə və ölkənizin vətəndaşlarına möhkəm cansağlığı, xoşbəxtlik, sülh, rifah və firavanlıq arzulayıram”, – o bildirib.

  • Prezidentin son sərəncamı 76 min aztəminatlı ailəni əhatə edəcək

    Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” 22 dekabr 2025-ci il tarixli Sərəncamı 76 min aztəminatlı ailəni əhatə edəcək, onlara birdəfəlik maddi yardım ödəniləcək.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaynarinfo-ya verilən xəbərə görə, Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” 22 dekabr 2025-ci il tarixli Sərəncamı aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğının növbəti təzahürüdür.

    Bildirilib ki, Sərəncamda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 manat məbləğində birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulur. Sənədə əsasən, bu məqsədlə 15,3 milyon manat vəsait ayrılıb.

    “Sərəncam hazırda ünvanlı sosial yardımla təmin olunan 76 min ailəni (335200 nəfər ailə üzvü) əhatə edəcək və birdəfəlik maddi yardım bayram ərəfəsində onların maddi təminatına dəstək olacaq.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik yardımlar ünvanlı sosial yardım alan ailələrin hesablarına köçürüləcək.

    Ünvanlı sosial yardım proqramı aztəminatlı ailələrin sosial müdafiəsində mühüm önəm kəsb edir. Ödənilən ünvanlı yardımların məbləği davamlı olaraq artır. 2018-2025-ci illər ərzində bu yardımın hər ailəyə düşən orta aylıq məbləği 2,4 dəfə artıb və hazırda 425 manat təşkil edir.

    Ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarının həddi isə qeyd edilən dövrdə 2,2 dəfə artırılaraq 285 manata çatdırılıb və növbəti ildə 300 manata çatdırılması nəzərdə tutulub”, – məlumatda qeyd olunub.

  • Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM

    Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalayıb.

    Sərəncama əsasən, 2025-ci il dekabrın 30-u tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

  • Azərbaycanda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edildi – SƏRƏNCAM

    Azərbaycan Respublikasında 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Sərəncam Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə imzalanıb.

    Qeyd edilib ki, Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi vardır. İpək Yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizin özünəməxsus simasının formalaşmasında qiymətli memarlıq abidələri müstəsna rol oynayıb.

    Azərbaycan şəhərsalma və memarlıq sənətinin bariz nümunələri olub daim yüksək inkişaf səviyyəsinə görə seçilən tarixi şəhərlərimiz ötən dövrlərin memarlıq tendensiyalarına uyğun böyüyüb genişlənməklə bərabər, yerli mədəniyyətin əsas xüsusiyyətlərini qoruyub saxlayıb.

    Bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaralar, məscid, məbəd və türbələr milli memarlığın parlaq ənənələrini əks etdirir. Bədii-memarlıq həllinin kamilliyi baxımından iftixar hissi doğuran dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrindən Möminə xatun türbəsi, Xudafərin körpüsü, “Atəşgah” kompleksi və digər bu kimi misilsiz nümunələr Azərbaycanın memarlığının rəmzlərinə çevrilib.

    UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir sərvətlərimiz – qədim və orta əsrlərin şəhər mədəniyyətini özündə təcəssüm etdirən İçərişəhər və Şirvanşahlar sarayı kompleksi, əzəmətli ruhunu indiyədək qoruyan Qız Qalası, Şəkinin tarixi mərkəzi və Xan sarayı Azərbaycan şəhərsalma və memarlıq sənətinin dünya inciləri sırasında layiqli yer tutan yadigarlarıdır.

    900 illiyi UNESCO çərçivəsində yubileyləri keçirilən böyük şəxsiyyətlər siyahısına daxil olunan qüdrətli sənətkar Əcəmi Naxçıvaninin Azərbaycan və Yaxın Şərq ölkələrinin orta əsrlər memarlığına güclü təsir göstərmiş yaradıcılığı dövrün memarlıq məktəbinin ən yüksək zirvəsidir.

    Azərbaycan şəhərlərinin planlaşdırma quruluşunda və memarlıq tərzində artıq XIX əsrin ortalarına doğru müəyyən dəyişikliklər öz əksini tapmışdır. Sürətlə sənayeləşən Bakı şəhəri Şərq və Qərb memarlığının sintezində qədimliklə müasirliyin vəhdətindəki təkrarsız görkəmini məhz həmin vaxtlardan almağa başlanıb.

    Azərbaycan Respublikasında şəhərsalma və memarlıq fəaliyyətində milli ənənələrdən yaradıcı şəkildə istifadə olunmasına XX əsrdə xüsusi diqqət yetirilib. Bu dövrdə bir sıra şəhərlər yenidən qurulmuş və onların əvvəlki siması dəyişib, bölgələrdə şəhərlərin planlaşdırılması önə çəkilib. İki görkəmli memarın – Mikayıl Hüseynovun və Sadıq Dadaşovun fəaliyyətinin aparıcı yer tutduğu həmin dövr milli ənənələr zəminində yeni memarlıq üslubunun yaradılması ilə səciyyələnir.

    Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər Azərbaycan şəhərsalma və memarlığının inkişafında xüsusi mərhələ təşkil edir. Tarixən təşəkkül tapmış Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması ilə bağlı bu illərdə ulu öndərin təşəbbüsü əsasında vacib qərarlar qəbul edilib, tədbirlər həyata keçirilib, şəhərlərdə memarlıq abidələrinin bərpası üzrə planlı iş aparılıb, memarlıq və şəhərsalma fəaliyyətinin davamlılığını təmin edən institusional təsisatlar qurulub.

    Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra şəhər quruculuğu sahəsindəki yeni təzahürlər ölkədə inşa edilən monumental komplekslərin memarlıq həllində özünü qabarıq büruzə verib. Ötən müddətdə dövrün qabaqcıl yanaşmalarını və milli təcrübələri əks etdirən layihələrin gerçəkləşdirilməsi sayəsində şəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir gücünə malik orijinal nümunələri yaradılıb. Mövcud möhtəşəm binalar sırasına daimi yeniləşmə rəmzi olan Heydər Əliyev Mərkəzi, Alov qüllələri kimi modern üslublu unikal memarlıq abidələrinin və Ağ şəhər kompleksinin əlavə edilməsi ilə paytaxtın mənzərəsi daha da zənginləşib, regionların memarlıq siması xeyli dəyişərək yeni şəkil alıb.

    Bu gün də Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasında paytaxt və regionların tarazlı inkişafının təmin edilməsi və dayanıqlı məskunlaşmanın təşviqi, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluqlar təsbit edilməklə, memarlıq və şəhərsalma fəaliyyətinin prioritet istiqamətləri olaraq müəyyənləşdirilib.

    Ermənistanın işğal etdiyi və otuz il ərzində viran qoyduğu ərazilərimizdə 44 günlük Vətən müharibəsindəki Zəfərin ardınca innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir. Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq qaydada “yaşıl enerji” zonası elan edilmiş bu ərazilərdə 2020-2025-ci illərdə – dünya memarlıq-inşaat təcrübəsində az rast gəlinən qısa bir müddətdə 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədləri hazırlanmış və quruculuq işlərinə başlanılıb. Azərbaycanın mədəniyyət paytaxtı, xalqımızın qürur mənbəyi Şuşa şəhərinin əvvəlki memarlıq mühiti və əsl tarixi siması bərpa edilməklə dirçəldilməsi isə mili iradənin təzahürüdür.

    Ölkəmiz iqlim dəyişmələri və şəhərsalma ilə əlaqədar qlobal çağırışların həllində, innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. BMT‑nin Məskunlaşma Proqramı (“UN-Habitat”) ilə birgə təşəbbüslər və bu çərçivədə memarların bir araya gəldiyi milli şəhərsalma forumları Azərbaycanın beynəlxalq tərəfdaşlarla ortaq fəaliyyətinin uğurlu nümunəsidir. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın dayanıqlı şəhərsalma proseslərində artan rolunu göstərir.

  • Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib

    Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz dekabrın 22-də Azərbaycan Respublikasına səfərə gəlib.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Türkiyənin vitse-prezidenti Cevdet Yılmazı Azərbaycanın baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

  • Arzu Əliyeva “Harmoniya” filminin təqdimat mərasimindən paylaşım edib – FOTO

    Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva rəsmi “Instagram” hesabında baş prodüseri olduğu, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında mövcud olan birgəyaşayış və tolerantlıq ənənələrini əks etdirən “Harmoniya” sənədli filminin təqdimat mərasimindən paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • İlham Əliyevin Sankt-Peterburqa səfər etməməsinin səbəbləri açıqlandı

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının bu gün keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsinin səbəbləri açıqlanıb.

    Prezident Administrasiyasından AZƏRTAC-a bildirilib ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmadığına görə Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının dekabrın 21-də keçirilmiş iclasında iştirak etməyib.

    Dövlətimizin başçısı bu gün MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə isə iş qrafikinin sıxlığına görə iştirak edə bilməyəcək.

    Xatırladaq ki, Azərbaycan Respublikası üzv dövlət kimi MDB-nin rəsmi Zirvə görüşlərində mütəmadi olaraq iştirak edir və MDB çərçivəsində əməkdaşlığa, o cümlədən üzv dövlətlərlə ikitərəfli əlaqələrin inkişafına mühüm əhəmiyyət verir.

    Prezident İlham Əliyev bu il oktyabrın 9-10-da Tacikistanın Düşənbə şəhərində keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. İclas çərçivəsində istər ikitərəfli, istərdə də çoxtərəfli müstəvidə keçirilmiş görüşlər səmərəli olub.

  • İbrahimoviç Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib

    Monteneqro Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç dekabrın 20-də Bakıdakı Zəfər parkını ziyarət edib.

    Ervin İbrahimoviç parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.
    Monteneqro Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç Şəhidlər xiyabanını da ziyarət edib.
    Ervin İbrahimoviç Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

  • ABŞ Azərbaycanla strateji tərəfdaşlığı dərinləşdirməyə hazır olduğunu bəyan edib

    ABŞ sülh və rifahı irəli aparmaq və Cənubi Qafqazın iqtisadi potensialının üzə çıxarılmasını təşviq etmək üçün dəyərli strateji tərəfdaş kimi Azərbaycanla sıx əməkdaşlığı davam etdirməyə hazırdır.

    Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin “X” hesabındakı paylaşımında qeyd edilib.

    “Dünən Vaşinqtonda ABŞ və Azərbaycan hökumətlərinin yüksək vəzifəli nümayəndələri Prezident Trampın iştirakı ilə avqustun 8-də keçirilmiş tarixi Sülh Sammitində imzalanmış Anlaşma Memorandumunun icrasına başlamaq məqsədilə yaradılmış ikitərəfli işçi qrupunun ilk iclasını keçiriblər”, – paylaşımda deyilir.

    Qeyd edilib ki, bu görüş zamanı tərəflər regional bağlantı və ticarətin gücləndirilməsi, süni intellekt və rəqəmsal infrastruktur da daxil olmaqla iqtisadi investisiyalar, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində birgə fəaliyyətləri müzakirə ediblər.

    “ABŞ Prezident Trampın sülh və rifah baxışını irəli aparmaq və Cənubi Qafqazın zəngin iqtisadi potensialını reallaşdırmaq üçün dəyərli strateji tərəfdaşımız Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir”, – səfirlikdən bildirilib.

    Xatırladaq ki, dekabrın 19-da Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun onlayn formatda tam tərkibdə ilk iclası keçirilib. Strateji İşçi Qrupa Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Elnur Məmmədov, ABŞ tərəfdən Dövlət katibinin köməkçisinin müavini Sonata Koulter rəhbərlik edib.