Month: Mart 2018

  • Bakıda müəllim şagirdi təhqir etdi, şagird cavab qaytarmadığı üçün döyüldü – FOTO

    Biləcəri sürücülük məktəbində təhsil alan Məhəmməd Mütəllimov döyülüb.

    Median.Az xəbər verir ki, şagirdin döyülməsinə səbəb, müəllimin onu təhqir etməsidir. Belə ki, Yusif adlı müəllim onu küçə söyüşü ilə təhqir edib, Məhəmməd isə ona cavab qaytarmayıb.

    Bu səbəbdən məktəbin digər şagirdləri onu ələ salıb, təhqir ediblər. Hər şey də bundan sonra başlayıb.

    Hazırda əməliyyat edilən Məhəmmədin anası Səriyyə Mütəllimova minval.info-ya məsələni ətraflı danışıb:

    “Müəllim küçə söyüşündən istifadə edərək oğlumu təhqir edib. Mən də oğluma tapşırmışam ki, atanı söysələr də cavab qaytarma. Ona görə də oğlum cavab qaytarmayıb.

    Bundan sonra 3 nəfər Kənan, Süleyman və Taleh adlı məktəbin şagirdləri oğluma deyiblər ki, “Sən o söyüşə cavab qaytarmadın. Deməli ona layiqsən”. Buna görə də, dava düşüb. O üç nəfər birləşib oğlumu döyüblər. Nəyləsə vurub, ayağını sındırıblar. Hazırda “Baku City Hospital”-dayıq. Oğlumun ayağını əməliyyat edəcəklər”.

    Daha ətraflı məlumat dərc ediləcək.

  • Şəkidə ana ölümü baş verib – xəstə yaxınları həkim səhlənkarlığını iddia edirlər (FOTO)

    Şəki Şəhər Şəki şəhər Regional Perinatal Mərkəzdə ana ölümü faktı qeydə alınıb.

    Baku.ws-ə xəstə yaxınları tərəfindən daxil olan məlumata görə, 28.03.2018 tarixində mərkəzin direktoru Azad Novruzov Məcidinski və baş həkim Saniyə Bəyməmmədova tərəfindən xəstə Məmmədova Türkan İlham qızı qeysəriyyə əməliyyatı olunub. Əməliyyatdan 2 saat sonra xəstədə qanaxma baş verib. Belə ki, əməliyyat zamanı xəstənin aorta damarızədələnib. Xəstə yaxınlarının məlumatına görə, pasiyentin qanaxması dayanmadığına səbəbindən yenidən əməliyyata alınıb. Yaxınları xəstənin həkim səhləkarlığı ucbatından dünyasını dəyişdiyini iddia edirlər. Bakıdan həkim briqadası gəldikdən sonra xəstə 3-cü dəfə əməliyyat olunub. Ancaq bunun bir faydası olmayıb.

    Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirdi ki, xəstənin 5-ci hamiləliyi və 2-ci doğuşu olub. Xəstədə kəskin böyrək çatışmazlığı qeydə alınıb. O, bildirib ki, bu ölümün səbəbinin diaqnozu deyil, ilkin nəticəsidir.

    “Hər ölüm hadisəsi Səhiyyə Nazirliyi tərəfindən ciddi araşdırılır. Bu hadisə də Məhkəmə Tibbi Ekspertiza tərəfindən ciddi araşdırılacaq”, – deyə Səhiyyə Nazirliyinin rəsmisi qeyd edib.  




  • Güclü külək nəticəsində yollara dəyən ziyan açıqlandı

    Ötən gündən etibarən ölkə ərazisində müşahidə olunan qeyri-sabit və küləkli hava nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib.

    Median.Az “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə istinadən xəbər verir ki, Bakı şəhərinin küçə və prospektlərində, o cümlədən respublikanın avtomobil yollarında quraşdırılmış yol nişanları və məlumatverici lövhələr küləyin təsirindən aşıb.

    Yol təsərrüfatına ən böyük ziyan Bakı Dairəvi-1 avtomobil yolunda, İnşaatçılar prospekti “Statistika dairəsi” və Bakı Olimpiya stadionunun yaxınlığında quraşdırılmış məlumat lövhələri aşması ilə dəyib. Ümumilikdə, ilkin hesablamalara görə, burda dəymiş ziyanın məbləği 25 min manata yaxındır.

    Bundan başqa, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 18-ci kmdə, paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən keçən hissəsində 2 yük maşını güclü küləyin yaratdığı təhlükəli vəziyyət səbəbindən idarəetmədən çıxaraq aşıb.

    Onlardan birinin qeydiyyat nişanı Gürcüstana, digərinin isə Türkiyəyə məxsusdur. “Scania” və “Iveco” markalı hər iki yük maşını Bakıdan Qazax istiqamətində hərəkət edərkən sol yanı üstündə aşıb və bu istiqamətdə yol ayrıcında quraşdırılmış 100 paqon-metrə yaxın əyri-xətli dəmir tirləri və 2 ədəd işıq dirəyini sıradan çıxarıb. Nəticədə yol təsərrüfatına 10 min manata yaxın ziyan dəyib.

    Dəymiş ziyanla bağlı faktlar aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.

  • Bakıda yeniyetmə ehtiyatsızlıqdan qardaşını öldürdü

    Martın 30-da Xəzər rayonunun Binə qəsəbəsində yaşayan yeniyetmə evlərinin həyətində ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə qardaşı, 20 yaşlı Rəhim Rəhimovun baş və qarın nahiyəsinə xəsarət yetirib. Nəticədə R.Rəhimov aldığı yaralardan ölüb.

    Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerində baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.

    Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

  • Güclü külək Bakıda üç yük maşınını aşırdı – VİDEO

    Ötən gün müşahidə olunan güclü külək Bakının girişində üç yük avtomobilini aşırıb.

    Sahil qəsəbəsində “Scania” və “Iveco” markalı iki yük maşını Bakıdan Qazax istiqamətində hərəkət edərkən sol yanı üstündə aşıb və bu istiqamətdə hərəkətə ciddi maneə yaradıb.

    Bundan əlavə “Hundai” markalı yük maşını da güclü külək nəticəsində idarəetməni itirib və yolun kənarında olan dərəyə yuvarlanıb.

    Qəzalar nəticəsində bir nəfərin xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilir./oxu.az

  • Venesuelanın Azərbaycanda səfirliyi açılıb

    Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasında Səfirliyi açılıb.

    Məlumata görə, nazirliyin Dövlət Protokol İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Venesuela səfirliyinin müvəqqəti işlər vəkili Pedro Argenis Sançes Floresi qəbul edib.

    Görüşdə Venesuelanın xarici işlər naziri Jorje Arreaza Monzerratın xarici işlər naziri Elmar Məmmədyarova Bakıda səfirliyin açılması və Pedro Argenis Sançes Floresin müvəqqəti işlər vəkili təyin olunması barədə məktubu təqdim edilib.

    P.Mirzəzadə Venesuelanın Azərbaycanda səfirliyinin açılması barədə qərarın alqışlandığını qeyd edərək bunun ölkələr arasında əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.

    Görüşdə Qoşulmama Hərəkatının aprelin 3-6-da Bakıda keçiriləcək iclasına hazırlıq, Qoşulmama Hərəkatında sədrliyin 2019-cu ildə Venesueladan Azərbaycana keçməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

  • Rusiya Ermənistanı silahlandırmağa davam edir

    Rusiya 2018-ci ildə yeni 100 milyon dollarlıq müqavilə ilə Ermənistana silah tədarük etməyə başlayacaq.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ArmHiTec sərgisində jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktor müavini Vladimir Drojjov deyib.

    “Yeni silah və hərbi texnikanın tədarükü 2018-ci ildə nəzərdə tutulub”, – V.Drojjov deyib.

    Kredit üzrə müvafiq müqavilə 2017-ci ilin oktyabrın 24-də imzalanıb. Razılığı əsasən Ermənistana Rusiya istehsalı olan hərbi texnika və silah tədarük ediləcək. Kredit illik 3%lə 15 il müddətinə verilib. Müqaviləyə görə, Yerevan kredit vəsaitindən 2018-2022-ci illər ərzində istifadə etməlidir.

  • Bakıda vəzifəli şəxsin oğlu ağır qəza törədib – FOTO + VİDEO

    Bakının Nəsimi rayonunda işıqforun qırmızı işığından keçən sürücü qəza törədib.

    Median.Az Report-a istinadən xəbər verir ki, “10-LJ-600” dövlət qeydiyyat nişanlı BMW markalı avtomobili idarə edən 1984-cü il təvəllüdlü Adıgözəlov Elvin Nüsrət oğlu Rəşid Behbudov küçəsində yüksək sürətlə hərəkət olarkən, işıqforun qırmızı işığından keçib.

    Nəticədə onun 28 May küçəsindən gələn Əsgərov Elvin Əsgər oğlunun idarə etdiyi “Nissan Sunny” markalı avtomobil onun maşınına çırpılıb.

    BMW-də olan sərnişinlərdən biri ağır xəsarət alıb. Hadisə şahidlərinin sözlərinə görə, BMW-nin sürücüsü E.Adıgözəlov sərxoş vəziyyətdə olub.

    O, yol polislərinin “saxla!” əmrinə tabe olmayıb.

    Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

    E.Adıgözəlovun Dövlət Gömrük Komitəsində vəzifə sahibi olan Nüsrət Adıgözəlovun oğlu olduğu bildirilir.

    Həmin şəxs bir neçə ay öncə sərxoş vəziyyətdə Heydər Əliyev prospektində avtoxuliqanlıq edib.

    O, Yol Patrul Xidmətinin qanuni “saxla!” əmrinə tabe olmayaraq şəhər ərazisində təhlükəli manevrlərə yol verib və saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub.

    Sürücü məhkəmənin qərarına əsasən, 15 gün müddətinə həbs edilib.

    E.Adıgözəlovun Heydər Əliyev prospektində etdiyi avtoxuliqanlığın görüntüləri:












  • Aparıcı xəbər saytlarında virus aşkarlandı

    “Kasperski laboratoriyası” anti-virus şirkətinin mütəxəssisləri bir sıra aparıcı xəbər saytlarında təhlükəli kod aşkarlayıb.

    Bu barədə şirkətin internet səhifəsində məlumat yayılıb.

    Adı açıqlanmayan xəbər saytlarının baş səhifəsində yer alan virusu, davranış analizi sistemi hesabına ifşa etmək mümkün olub.

    Virusun tərtibatına görə, istifadəçi sayta daxil olan zaman, qabaqcadan yazılmış skript onu “İnternet Explorer” brauzeri ilə (“VBScript Godmode” eksploytunun köməkliyi) ilə haker serverlərinə yönləndirir.

    “Əsas modul ilk versiyaları hələ 2014-cü ildə yayılan, kifayət qədər tanınmış “Buhtrap” bank sistemlərinin troyanıdır. O kibercinayətkara virusa yoluxmuş sistemə tam nəzarət etmək imkanı yaradır.” deyə məlumatda qeyd olunur.

    Bəyanata görə, virtual dələduzların başlıca hədəfi, hüquq şəxslərin hesablarından iri məbləğlərdə pul oğurlamaqdır.

    “Kasperski” adı açıqlanmayan xəbər saytlarında yüzlərlə yoluxdurma cəhdi qeydə alıb. Əsas hücumlar Rusiya, istifadəçilərinə hədəflənib, habelə bundan başqa Qazaxıstan və Ukrayna xəbər oxucularının kompüter sistemlərinə də hücumlar qeydə alınıb.

  • Azərbaycanlıların soyqırımından 100 il ötür

    Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 100 il ötür.

    1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnib.

    Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.

    Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər.

    Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib.

    Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub. 1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb.

    Həmin gündən başlayaraq 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

    Bu gün 31 mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçiriləcək.