Month: Aprel 2018

  • “Ərim “iynə” vururdu, məni o yoluxdurdu” – Bir qadının ürək dağlayan dramı

    Addımlarımın məni itələdiyi yerdə bəndənizi bir nəfər gözləyir. Açığı, heç onun da xəbəri yoxdur ki, mən gəlirəm. Mən onu, o da məni tanımır. İlk dəfə görüşəcəyik. Heç adını da bilmirəm. Bəri başdan deyim ki, öyrənsəm də, əsl adını sizə deməyəcəyəm…
     
    “Noolar, bir saata qədər çatdır”…
     
    Bu dəfə yolumu Respublika QİÇS-lə Mübarizə Mərkəzindən saldım. Məni gözləyən adam da buradadır. Bu barədə bir qədər sonra. Başağrısı olmasın, indi sizə orada ilk gördüyüm epizodu danışım, sonra qəhrəmanımla görüşümüzdən bəhs edərəm; Mərkəzin bağçasında gözümə dizi üstə bükülmüş bir neçə orta yaşlı kişilər dəyir. Biri qollarını qaşıyır, o biri dodağını gəmirir. Biri isə həyətdəki ağacın dibindəki su “şırnağı”nı qurdalaya-qurdalaya telefonla danışır:
     
    – Qurban olum, siqertim kutarıpdı. İmkan varsa, bir saata qədər məyə iki “paçka” “göy Pal-Mall” al gəti. Qərdeşün burden çıxsun, hörmətünnən çıxar. Noolar, çatdır onu…
     
    – …
     
    – Ala, əgüb döyül. Heç narahat olma. “Prosta” mən burdan çıxa bilmirəm. Oğlum da axşam çıxacey işdən. Ona qədər ciyerimiz yanar ki…
     
    – …
     
    – Sağ ol, “brat”, çox sağ ol, atamsan…
     
    Bunlar yaşı qırxı keçmiş bir kişinin telefonla yalvarışıdır. Yəqin, mərkəzdə müalicə alanlardandır. Sizi bilmirəm, onun dediklərini eşidəndə mənim ətim ürpəşdi. Az qaldım, cibimdən bir gilə siqaret uzadım ona. Amma fikrimi dəyişdim. Birdən mənə də “dil-ağız” edər, yalvarar deyə, qorxdum…
     
    Ayaq saxlamadan tini buruluram. Yuxarı qalxıram, ikinci mərtəbədə məni qurumun  monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov qarşılayır. Səbəbi-ziyarətimin məqsədini açıqlayıram. Burada gözlə – deyib otaqdan çıxır. İki-üç dəqiqə sonra geri qayıdır: “Mərkəzin müdiri Esmira xanım otağında sizi gözləyir”.
     
    Göy xalatın içindəki reportyor…
     
    Nə üçün gəldiyimi Esmira xanıma da ətraflı şəkildə izah etdim. Xoş qarşıladı. Amma xəbərdar etdi ki, danışdırmaq çətin olacaq. Çünki əksəriyyəti danışmaq istəmir:
     
    – Bir çarəsini taparıq. Narahat olmayın. Yetər ki, onlarla məni görüşdürün.
     
    – Gəlin belə edək, bu gün bir xanım gəlib. Təzədir. Bir-iki saat ancaq olar. Mən də yenicə xəbər tutmuşam. Heç mən də görməmişəm. Gedək mən də görüm.
     
    Esmira xanım məni stasionar şöbənin müdiri Sevda Əhmədovanın otağına gətirir. Sevda xanımın təklifi ilə göy xalatı əynimə keçirib, iki daşın arasında yaraşırmı, yaraşmırmı deyə, güzgüdə özümə baxıram. Canım yanmasın, göy xalatla ağ gözlük “hisə verilmiş balıq pivəyə yaraşan kimi” yaraşır. Sevda xanımla Esmira Alməmmədova xəstələrin sağlıq cədvəlinə göz gəzdirirlər. Temperatur şkalasına baxırlar. Hazır olduğumu deyirəm.
     
    Uzun dəhlizlə beş-altı addım atıb, bir otağın qapısını açırıq. Gözlərimə ağ-mavi rəngli beşin-üçə otağın işıqlı mənzərəsi açılır.
     
    Hicablı qadın da yoluxub…
     
    Otağın sol tərəfindəki xanım hicablıdır. Deyəsən, o da İİV daşıyıcısıdır. İİV bilirsiniz də nədir, insanın immunçatışmazlığı virusudur. Zaman keçdikçə virusun və orqanizmin mübarizəsi immun sistemin zəiflənməsinə gətirib çıxarır və opportunistik adlanan bir çox infeksiyalara – vərəm, pnevmoniya və sair xəstəliklərə qarşı insanın həssaslığı artır. QİÇS isə yoluxmanın ən axırıncı mərhələsidir. Bağışlayın, bir az elmi oldu. Bu barədə sizə sonra danışaram. Hələlik qayıdım hicablı xanıma. Məni görən kimi başını aşağı salır. Onun vəziyyəti elə də ağır deyil. Həkimlərlə söhbətindən vəziyyəti anlayıram. Mənim üçün “işıq gələn tərəfin” çarpayının sağ tərəfində olduğunu başa düşürəm.
     
    Gülər üzlü, qızdırmalı Gülsüm…
     
    Dediyim kimi, Gülsüm adı şərtidir. Çarpayısında uzanmışdı, həkimləri və məni görcək tez ayaqlarını büküb oturdu. Çəkələklərini ayaqlarına keçirib, qıçlarını cütləşdirdi.
     
    Artıq bugünkü qəhrəmanımı dəqiqləşdirdim. Budəfəki ismi-pünhan qəhrəmanım Gülsümdür.
     
    Mərkəzin direktoru da Gülsümü mənim kimi birinci dəfədir görür. Ona görə də ilk sualı qeydiyyatla bağlı olur:
     
    – Mərkəzimizdə neçə ildir qeydiyyatdasınız?
     
    Gülsüm:
     
    – Keçən ildən. İyul ayında qeydiyyata düşmüşəm, hələ bir il tamam olmayıb (təbəssümünün ştrixlərini dəyişmədən cavab verir).
     
    Telefonumu yoxlayıram, diktofonun “nəbzinin vurduğunu” görüb, ürəyim sakitləşir. Not dəftərçəmə qeydlər edirəm: “Gülsüm, 40 yaş…”.
     
    İİV-ə yoluxmuş tibb bacısı…
     
    Həkimlərin sözü, sualı qurtarandan sonra Gülsümlə üz-üzə qalırıq. Suraxanı rayonundan, Bülbülədən olduğunu deyir. İİV daşıyıcısı olduğunu bir il əvvəl öyrənib. Bir il əvvələ qədər Suraxanıdakı poliklinikalardan birində tibb bacısı işləyirmiş:
     
    “…Amma indi işləmirəm. İİV-ə yoluxduğumu eşidəndə işdən çıxardılar. Qanunla heç bir haqları yox idi. İİV daşıyıcısı olmağımla bağlı cavabların müsbət olduğunu öyrənən kimi baş həkim əmrimi verdi. Daha doğrusu, ərizəmi məcburi yazdırtdı. İndi işsizəm, bir qızım var. Ona və öz boğazıma qardaşım və anam baxır”.
     
    Gülsüm alovlu-alovlu danışır. Təngnəfəs olur. Ara verir, yenə söhbətimizə davam edirik. Deyir ki, 17 il idi ki, həmin xəstəxanada işləyirmiş, ailə qurduğu vaxtdan:
     
    “Bu xəstəlik qanla və cinsi yolla keçir. İşimə heç bir problem yaratmırdı. Kağız-kuğuz işlərində çalışa bilərdim. Amma baş həkim razı olmadı. Dedi ki, səni saxlaya bilmərəm”.
     
    Məni yoldaşım yoluxdurub…
     
    Gülsüm üzünü üzümə dikib danışır. Sanki acılarını yenidən yaşayır və dərdini anlayışla dinləyəcək birini görürmüş kimi həvəslənir. Ani səssizlik çökən kimi sualı mən verirəm:
     
    – Gülsüm,  bayaq dediniz ki, heç bir yoluxduğunuzu ilk dəfə öyrənməyinizdən heç bir il də keçməyib…
     
    – Yoluxduğum haqqında ilk məlumatı ötən ilin mayında almışam.
     
    – Bəs kim yoluxdurub sizi, nədən yoluxubsunuz?
     
    – Yoldaşım yoluxdurub.
     
    – Ailədə neçə nəfərsiniz? İkinizdən başqa İİV daşıyıcısı var?
     
    –  Bir qızım var. On altı yaşındadır. Məktəblidir. Onu da yoxlatdırmışıq, təmiz çıxıb. Ərim türmədədir. Narkotik istifadə etdiyinə görə həbs elədilər. “Silahsaxlama maddəsi” ilə tutuldu. Noyabrın beşində azadlığa çıxacaq. Amma mən onun silah saxladığını görməmişəm. Mənə virusu yoldaşım yoluxdurub (ikinci dəfə təkrarlayır bunu).  Onun da, mənim də qırx yaşımız var.
     
    Gülsüm deyir ki, anasının da onun İİV virusuna yoluxmasından xəbəri var. Həbsxanada olmasına baxmayaraq, ərinə də bu barədə məlumat verib:
     
    “Həbsxanaya yanına gedəndə yoldaşıma dedim ki, mənə də yoluxdurmusan. Heç olmasa, bunu mənə vaxtında deyərdin, işimi bilərdim. İşimdən də olmazdım. Gəlib burada onlardan gizlin yatardım, müalicə alardım. İşdə də bilməzdilər. Anam yoluxduğumu biləndə quruyub qaldı (əsəbi halda gülümsünür). Yazıq arvad əvvəlcə inanmadı. İnanandan sonra iki ay yorğan-döşəyə düşdü. Nə qədər xəstə yatdı. Anaya necə təsir eləməlidir ki? Kim istəyər, övladı bu vəziyyətə düşsün?! Məni yox, kürəkənini günahlandırdı”.
     
    – Qonum-qonşu yoluxduğunuzu bilir?
     
    – Xeyr, heç kim. Bir qızım, bir də anam bilir. Üç nəfərin arasında saxladığımız sirdir. Kənd yeridir, Bülbülədir. Kimə demək olar ki? O saat qonum-qonşu da əlaqəni kəsər.
     
    – Bəs yoluxduğunuzu ona deyəndə qızınızın buna reaksiyası necə oldu?
     
    – Heç nə…(sanki boğazı quruyur, udqunur, əlləri ilə üzünə düşən tellərini arxaya atıb söhbətinə davam edir) Heç vecinə də deyil. On altı yaşı var də. Hələ başa düşmür. Deyir ki, ana dərmanları iç, sağalacaqsan. Səndə heç nə qalmayacaq – deyir.
     
    – Yoldaşınızdan soruşdunuzmu ki, bu mərəz ona hansı yolla yoluxub?
     
    – Onun-bunun iynəsini özünə vurmaqdan keçib. Bir neçə nəfər iynə vuranda bir şprisdən istifadə edirdilər. Bir ara vərəm tutmuşdu. Gedib müalicə aldı. Altı aylıq müalicə götürdü. Mənim tibb bacısı işlədiyim xəstəxanada, sonra burada müalicə olundu. Tez-tez yanına gedib-gəlirdim. Məni buraya – müalicə olunduğu yerə gəlməyə qoymurdu. Deyirdi ki, orada kişilər çoxdur, gəlmə. Bayırda görüşürdük. Onun yoluxduğunu özümdə virus aşkarlananda bilmişəm. İndi də boynuna almır. Deyir ki, məndə elə bir xəstəlik yoxdur. Deyirəm ki, on ildir orada qeydiyyatdasan, necə yəni, boynuna almırsan? Deyir ki, sən hər şeyi ürəyinə salırsan. Ona görə xəstəlik tutur səni.
     
    – Bu özünü təmizə çıxarmaq idi, yoxsa sizə dəstək olmaq?
     
    – Nə bilim. Baş açmaq olur ki?..
     
    Duruxur, əllərini ovuşdurur. Hiss edirəm ki, sual verməyimi gözləyir.
     
    – Bəs yoldaşınıza demisinizmi ki, iynə vurmağı tərgitsin?
     
    – Bu elə vərdişdir ki, tərgidə bilmir. İki il yatır, çıxır yenə də narkotikə qurşanır. Çəkmir, ancaq iynə vurur.
     
    – Bəs iynənin pulunu haradan tapır?
     
    – Özüm işləmişəm, maaş almışam da (hövsələsiz cavab verir). Məktəbdə, xəstəxanada işləyirdim. Gecə gec gəlirdim, iynəsinin pulunu çox vaxt özüm verirdim. Mən verməsəm də o pulu haradansa tapacaqdı. Evdən şey-şüy satırdı. Əşyaları gizlincə götürüb aparıb satırdı. Ya da borca pul götürürdü. Sonra məndən pul alırdı, aparıb verirdi.
     
    Onun danışıqlarından başa düşürəm ki, yoldaşını çox sevir. Bəlkə də dəlicəsinə… Adını ağzına alanda, üzünə düşən saçlarını sığallayır, nəvazişlə şəhadət barmağına dolayır. Gözləri divardakı mavi çalarlara zillənir bir anlıq. Bu dəfə gözlərini mavi rəngdən mən ayırıram. Yoldaşından fərqli olaraq bircə dəfə…:
     
    – Bəs pul tapmayanda nə edirdi sizə?
     
    – Elə dil tökürdü ki… (gülür). Məcbur olub pul verirdin ki, çıxıb getsin. İstəmirdim ki, yalvarsın (qəfil qaşları çatılır). Ona görə də istədiyi məbləği verirdim.
     
    – Pul verməyəndə döyürdümü sizi?
     
    – Yox, döyməyi, söyməyi yoxdu. Evə köməklik edirdi. Yemək bişirirdi, evi yığışdırırdı. Uşağa baxırdı. Dərsdən gələndə yeməyini qızdırırdı. Onlar – narkotik çəkənlərin hamısı təmizkar olur. Hərdən iş tapırdım ona, gedib kiməsə tut çırpırdı. Xalça yuyurdu. Üç-beş manat qazancı olurdu. Ən azından iynəsinin pulunu çıxarırdı. Amma iynəsinə pul çatdırmaq mümkün deyil. Çünki iynəni vurduqca dozasını artırır, ona isə pul çatdırmaq mümkün deyil. Həbsdən çıxandan sonra yenə gəlib aşnaları onu axtarıb tapacaq. Bir il türmə qorxusuna görə onlara qoşulmağa ürək eləmir. Bir ildən sonra həmin qorxu-ürkü hissi çəkilir. Yenə bir yerə yığışırlar.
     
    Ağzına su alıb oturmuş və “ölü” gözlərlə bizə, söhbətimizə qulaq kəsilmiş hicablı xanımı saymasaq, otaqda ikimizik. Hicablı xanımı da qınamıram. Ağrıları onu birtəhər edib. Bayaq Esmira xanıma deyəndə eşitmişdim ki, başqa xəstəlikləri də var. Ona da İİV virusunu yoldaşı yoluxdurub…
     
    “Tanış adam var, aptekə düzəldəcək” arzusu….
     
    Qəhrəmanımla həyat yoldaşı ilə evliliyin ilk çağlarına qayıdırıq. Deyir ki, əri 17 ildir narkotik istifadəçisidir:
     
    “Elə bu il evliliyimizin də on yeddi ili tamam olur. On altı yaşlı qızımız var. O da atasının “içəri” girib çıxmasına öyrəşib. İndi vecinə də deyil. Çox şeylər ona hələ çatmır. Atasının varlığı ilə yoxluğu bilinir ki… Çox vaxt həbsxanada olur. Girib-çıxır. Dördüncü dəfədir ki, tutulub”.
     
    Maraq üçün ailə qurduğu sinif yoldaşı haqqında başqa suallar verməyə başlayıram. Başağrısı oluramsa, üzrlü sayın, adam danışmaq istəyir. Dərdi böyükdür. Öz aramızdır, başqasının həyatını dinləmək, müzakirə etmək həmişə maraqlı olub…
     
    – Gülsüm, yoldaşınızla ailə həyatı qurarkən içdiyini, çəkdiyini bilirdinizmi?
     
    – Təzə evlənən zaman elə deyildi. Bəlkə də mən hiss etməmişəm.
     
    Birdən hicablı xanım söhbətimizi kəsir, soruşur ki, halı nə vaxtdan pisləşib. Gülsüm də bayaqdan azı üç-dörd dəfə təkrarladığı sözləri palata yoldaşına çatdırmaqdan ərinmir:
     
    “Bir həftədir beləyəm. Öyüyürəm, yediyimi qaytarıram. Evdəki işlər də tökülüb qalıb. Qızımı da anamgilə qoyub gəlmişəm ki, ac qalmasın…”.
     
    Söhbətə davam edirik. Soruşuram ki, buradan çıxandan sonra nə edəcək.
     
    – İş tapmışam, sağalan kimi gedib aptekdə işləyəcəyəm. Tanış adam var, o məni aptekinə işə düzəldəcək. Söz verib.
     
    – Sizi işə düzəldəcək adam daşıyıcı olduğunuzu bilir?
     
    – Yox, bilmir. Deyirəm ki, sağalım işə çıxım, yenə halım pisləşir. Bura 51 immunitetlə gəlmişəm. Nədir ki, sağalacam də… Dərmanımı da içəcəyəm, “sarı”nı da, “ağı” da vaxtlı vaxtında, 20 dəqiqə fərqlə içirəm. Buradan çıxan kimi aptekə gedəcəyəm. Yenə başım qarışar. 
     
    Gülsümə və yanaqları ağarmış hicablı xanıma şəfa diləyib, otaqdan çıxıram.
     
    İİV daşıyıcılarının qaldığı hissədən – palataların olduğu bölmədən çıxıram. Arxamca qadın xadimə qapının rəzəsini çəkir… Rəzənin şaqqıltısı qulaqlarımı cingildədir.
     
    Esmira xanımın kabinetində məni başqa bir tanış sima gözləyirmiş. Eldəniz Muradov. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin texniki işlər üzrə şöbə müdiridir. Salamlaşırıq. Eldəniz müəllimi bir neçə dəfə Qlobal Fondun maliyyəsi ilə keçirilən təlimlərdən tanıyıram. Qəhrəmanımla söhbətimin necə keçdiyini xəbər alır. Qısa izahat verirəm. Sonra fürsətdən yararlanıb, 2018-ci il üzrə statistik rəqəmlər barədə soruşuram. Deyir, 2018-ci ildə İİV-ə yoluxma halı  aşkar olunanların ümumi sayı 148-dir. Onlardan 145-i Azərbaycan vətəndaşı, 3-ü isə əcnəbidir:
     
    – Yerli sakinlər arasında qeydiyyata alınmış 145 nəfərdən 98-i, yəni 67,6 faizi kişilər, yerdə qalan 32,4 faizi isə qadınlardır.
     
    Söhbətimizin bu yerində mərkəzin direktoru öz əlavələrini edir. Deyir ki, müalicə metodları, müalicə sistemi Ümumdünya Səhiyyə Təşkilatının müəyyənləşdirdiyi standartlar əsasında həyata keçirilir. Çünki bu prosedurda adi bir səhvin çox böyük mənfi nəticələri ola bilər:
     
    “Evli olan İİV-ə yoluxmuş insanlar barədə bütün addımlar könüllüdür. Məcburi qaydada ancaq məhkəmənin qərarı ilə kimisə gətirib müayinə etdirə bilərlər. Bu, çox nadir hallarda baş verə bilər. İnsanlar özləri başa düşürlər ki, müalicə etdirmək lazımdır. Elə insan var, yaxşılaşanda dərmanları dayandırır. Biz yalnız müalicəyə sövq edə, başa sala bilərik, amma heç bir məcburiyyət ola bilməz. Qanun məcburiyyətə icazə vermir”.
     
    Esmira Alməmmədova qeyd edir ki, ilkin mərhələdə bir neçə test aparılır, diaqnoz qoyulur və həmin anda xəstənin vəziyyətindən asılı olmayaraq müalicəni təklif edirlər:
     
    – Ümumdünya Səhiyyə Təşkilatının əvvəlki sistemi belə idi ki, diaqnoz qoyulurdu, vaxtaşırı müayinələr aparılırdı. İmmunitet zəifləyib kritik həddə çatanda dərmanlar tətbiq olunurdu. Sonradan infeksiyanın yayılmasının qarşısı alına bilmədi. 2006-cı ildən strategiya dəyişdi və virus qanda təyin olunmayana qədər müalicə aparıldı.
     
    – Qadınlar daha çox müalicə olunmağa meyllidir, yoxsa kişilər?
     
    – Qadınlarda dərmanlara aludəlik daha yaxşıdır. Onlar hər gün müvafiq dərmanları qəbul edirlər.
     
    Ani susqunluq yaranır. Eldəniz Muradova baxıram, susqunluğu aradan qaldırmaq üçün sözə başlayır:
     
    “Bizim elə cütlüklərimiz var, ikisindən biri – ər və ya arvad İİV daşıyıcısıdır. Qadın isə hələlik yoluxmayıb. Həmin cütlüklərin hər birinə dərman verilir. Kişi xəstədirsə, qadına da dərman verilir ki, yoluxmasın”.
     
    Müalicə olunmaq dərdi…
     
    Esmira Alməmmədova deyir ki, 2006-cı ildən indiyə qədər cəmi 8 İİV xəstəsi dünyasını dəyişib. Onlardan da biri xərçəng xəstəsi olub:
     
    “Xəstələrdən digəri keçmiş narkoman idi, əvvəl müalicə olundu, sonradan yenə həmin  yola çəkdilər. Ümumilikdə bu şəxslərin ölümü sözügedən virusla əlaqədar deyildi. İnsanlar özləri də səy göstərməli, müalicə götürməlidirlər. Bakıda yaşayan bir qadın müraciət etmişdi. Həkim ginekoloqdur. Doğuşu da özünün işlədiyi müəssisədə həyata keçirib. Müayinə aparıldıqda aydın oldu ki, qadın İİV-ə yoluxub. Həyat yoldaşı narkoman olub. Bilirsiniz, hər bir şəxs öz səhhətinə görə özü məsuliyyət daşıyır, amma uşağa görə dövlət. Ona görə, biz aiddiyyəti orqanlara, ombudsmana müraciət edib, valideynləri İİV daşıyıcısı olan uşaqları müayinə üçün cəlb edirik”.
     
    Esmira xanım faktları, xəstələrlə bağlı acı həyat hekayələrini ard-arda sıralayır:
     
    – Şamaxıda bir qadın var idi. Gəlini və oğlu rəhmətə getmişdi. Bir övladları qalmışdı. Nənə nəvəsinə dərmanı vermirdi.
     
    – Səbəbi nə idi, niyə vermirdi?
     
    – Niyə vermədiklərini heç özümüz də bilmirik.
     
    – Bəs sonra necə oldu?
     
    – Dəfələrlə Şamaxıya gedib, qadını razı salmağa çalışmışıq. Uşaq ağır vəziyyətə düşəndə çarəsizlikdən bizə müraciət etdi. Özü də uşaqlarda müalicə böyüklərə nisbətdə çox yaxşı nəticə verir. Lakin kritik vəziyyətə çatanda dərman da kömək etməyə bilər. Bu baxımdan, valideynlər məsuliyyətsiz davranırlar.
     
    Eldəniz müəllim isə deyir ki, bir İİV daşıyıcısı var, Ağdaşdandır. Adını açıqlamır. Əvvəl özünün bu virusa yoluxduğunu, sonra həyat yoldaşını yoluxdurduğunu deyir:
     
    “Biz onu və həyat yoldaşını qeydiyyata saldıq. Altı aydan bir gəlib yoxlanmalı və dərmanlarını götürməlidirlər. Amma həmin adam yoldaşını nə müayinəyə gətirir, nə də özü içdiyi dərmanları yoldaşına verir. Bu cür hallarla rastlaşırıq. Niyəsini nə biz, nə də özü bilir. Məcbur edə bilmirik. Buna haqqımız və səlahiyyətimiz yoxdur”.
     
    Həmsöhbətlərimlə sağollaşıb, aşağı düşürəm. Həyətə, bayaq siqaret üçün kiməsə telefonda yalvaran şəxsin dayandığı yerə baxıram, həmin adamlar artıq yoxdur, yəqin otaqlarına keçiblər, indi orada sadəcə “şırnaq” ətrafa su səpələyir…
     
    1 saylı şəhər xəstəxanasının girişinə çathaçatda ayağımın altında nəsə xırçıldadı. Diksindim. Ayağımı ehmalca qaldırdım. Bir anlıq gözümün qabağına evdəki qiymətli əşyaları satan Gülsümün həyat yoldaşı, atasının və anasının hansı beşikdə yırğalanmasından xəbərsiz olan on altı yaşlı qızı, iki qutu “göy Pall Mall” üçün kiməsə ağız açan orta yaşlı kişi gəldi… Ətim ürpəşdi. Ayağımın altında sınan bir qarışlıq ləvazimatla bir ömrü xilas etmək də olardı, bir ailəni dağıtmaq da.
     
    Sellofana bükülmüş şprisin qırıqlarını zibil qabına atıb, oradan uzaqlaşdım…






  • Bakıda çıxarışı olmayan torpaqlarla bağlı XƏBƏRDARLIQ – VİDEO

    Bakıda bir çoxları ucuz olsun deyə bələdiyyə sənədi ilə olan torpaqları almağa üstünlük verir. Halbuki, bir çox yerlərdə elə həmin qiymətə çıxarışı olan torpaqlar satılır.

    Ekspertlər bələdiyyə sənədi ilə satılan torpaqların sonradan bir sıra problemlərə səbəb olacağını deyir və buna görə ucuz qiymətə çıxarışı olan torpaqları almağın daha doğru seçim olduğunu düşünürlər.

    Ekspert Nofəl Quliyev Bakının müxtəlif ərazilərində torpağı çıxarışla sotunu 1000-1500 manata satın almağın mümkün oldugunu bildirib.

    Ekspert bildirir ki, istənilən şəxs torpaq alarkən onun çıxarış verilməsi mümkün olmayan ərazilərdə yerləşmədiyinə əmin olmalıdır.

    Məsələn, Türkan qəsəbəsində sotu 1500 manatdan torpaqlar təklif olunur. Ekspertlər bildirirlər ki, çıxarışla torpaq alan şəxsləri heç bir risk gözləmir. Çünki həmin torpaqlar məhz onun mülkiyyəti hesab olunduğundan həm orda ev tikmək üçün icazəni almaq asandır, həm də ərazidə dövlət əhəmiyyətli hansısa infrastruktur layihələri icra edilərsə bazar qiymətinə uyğun torpaq və ya ev sahibinə kompensasiya ödəniləcək.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • 7 jurnalist və operator faciəvi şəkildə öldü – VİDEO

    Əfqanıstanın paytaxtı Kabildə baş verən iki partlayış nəticəsində həlak olanların sayı 29 nəfərə çatıb.

    Median.Az “Ria Novosti” yə istinadən xəbər verir ki, partlayış zamanı 7 jurnalist və operator, o cümlədən “France-Presse” agentliyinin fotomüxbiri Şa Marain, Əfqanıstanın “1TV” telekanalının 2 əməkdaşı həlak olub.

    Terror aktları nəticəsində 50-ə yaxın insan yaralanıb. Partlayışların məsuliyyətini İŞİD qruplaşması öz üzərinə götürüb.

  • “Mənə elə gəlir ki, köhnələr çox paxıldılar” – Röya Ayxan VİDEO

    Əməkdar artist Röya Ayxan Nail Naiboğlunun təqdimatında yayımlanan “Stop” verilişinin qonağı olub

    Median.Az xəbər verir ki, aparıcının niyə Röyadan yaşca və təcrübəcən böyük olan sənətçilər onla qalmaqal edirlər sualına Röya Ayxan belə cavab verib : “Mən balacalara ilişməmişəm heç zaman,böyüklərdə yaxşı tanımayıblar məni,düşünməyiblər heçnə haqqında. Mənə elə gəlir ki, köhnələr çox paxıldılar,hədsiz. Bizim yaşıdlar birtəhər bir birini yola verib dostluq edə bilirlər,bizdə dostluq və hörmət var.Ama bizdən sonra gələnləri başa düşmurəm.Onlarda ikiüzlülüuk,qorxaqlıq var biraz.

  • Sabahdan avtomobillərdə pərdə və jalüzlərin istifadəsinə icazə veriləcək

    Mayın 1-dən yay fəsli ilə əlaqədar avtomobillərə pərdə və plyonkaların vurulmasına icazə veriləcək.

    Bu icazə noyabrın 15-dək qüvvədə olacaq. Nəqliyyat vasitəsinin şüşələrinin görünüşünün məhdudlaşdırılması, şəffaflığın korlanması ilə əlaqədar pərdə, plyonka və digər örtüklərin quraşdırılaraq avtomobilin idarə edilməsi “Yol hərəkəti haqqında” Qanuna edilmiş 1 saylı əlavənin tələbinə əsasən, inzibati məsuliyyət yaradır.

    Lakin isti hava şəraiti ilə əlaqədar may ayının 1-dən noyabr ayının 15-nə qədər idarə edilən avtomobilin, yüngül minik avtomobillərinin arxa və arxa sağ-sol şüşələrinin sənaye üsulu ilə hazırlanmış və standartların tələblərinə uyğun olan “ştorka” və jalüzlərin quraşdırılaraq idarə edilməsinə icazə verilir.

    Standartların tələblərinə uyğun olmayan rəngli, güzgü, xamelyon şüşələrin avtomobillərə quraşdırılaraq idarə edilməsi inzibati məsuliyyət yaradır. Bu tələbləri pozan sürücülər məsuliyyətə cəlb edilərək 150 manat məbləğində cərimələnəcək.

  • Yeni vəzifəyə keçən məmur iş vaxtlarını azaltdı

    “Qaçqınkom”un yeni təyin olunmuş sədri, Rövşən Rzayev unikal addım atıb.

    Media24.Az-ın əldə etdiyi məlumata görə, yeni sədr toplantıda iş günlərində dəyişiklik etdiyini bəyan edib. O, altı günlük iş həftəsini, beş günlük iş həftəsi ilə əvəzləyərək işçilərinə daha bir gün istirahət etməsinə şərait yaradıb.

    Yeni sədrin bu, qərarı işçiləri arasında çox xoş qarşılanıb. Onlar bu, qərardan məmnun olduqlarını və razılıqlarını dilə gətiriblər.

  • Ana dilinə hörmətsizlik edənlər və səhvlərini başa düşənlər – VİDEO

    Space Tv-də yayımlanan “Olar? Olmaz!” verilişində maraqlı anlar yaşanıb.

    Teleaparıcı Amil Xəlil 2 ay öncə hazırladığı verilişdə yanacaq doldurma məntəqələrinin ana dilimizə qarşı hörmətsizliklərini tamaşaçılara təqdim etmişdi.

    Ötən gün verilişinin davamı yayımlanıb. Əksər yanacaqdoldurma məntəqələrinin dəyişikliyi tamaşaçılara təqdim edilib. Amma bir neçə yanacaq doldurma məntəqəsi isə dəyişiklik etməkdən imtina edib. Görünən odur ki, ictimai qınaq onlar üçün vacib sayılmır. Əks halda… Həmin anları təqdim edirik.

    Qeyd edək ki veriliş həftə içi hər gün saat 19:55 dəAmil Xəlilin təqdimatında Space Tv də yayımlanır. Bu axşam “Olar? Olmaz!” verilişində ölkəmizdə satılan keyfiyyətsiz yağlar barədə tamaşaçılara məlumat veriləcək.

  • Yeni nazir komissiya yaratdı

    Azərbaycanda ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi ilə əlaqədar Komissiya yaradılıb.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

    Komissiyanın sədri, nazir Sahil Babayevin sözlərinə görə, məqsəd sadalanan hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödənişin verilməsində şəffaflığı təmin etməkdir.

    Birdəfəlik ödəmələrin verilməsinə başlanılması üçün mexanizm 1 ay ərzində yaradılacaq.

    Prosesi asanlaşdırmaq üçün nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin “Sosial ödənişlər” alt-sistemində “Birdəfəlik ödəmələr” bölməsi və müraciətlərin vahid elektron reyestri yaradılacaq.

    Paralel olaraq, hərbi qulluqçunun ad və soyadını, atasının adını daxil etməklə müvafiq siyahıda olub-olmamasını müəyyən etmək üçün müvafiq sayt yaradılacaq.

    Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı 18 aprel 2018-ci il tarixli Fərmana görə, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat məbləğində birdəfəlik ödəmə veriləcək.

    Vəsaitlərin ödənişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunacaq.

  • Azərbaycanlı ana öz uşaqlarını öldürdü – FOTO + VİDEO

    Rusiyanın Nijni-Novqorod şəhərində dəhşətli hadisə baş verib. Ana öz uşaqlarını xüsusi amansızlıqla öldürüb.

    Median.Az NTV telekanalına istinadla xəbər verir ki, 27 yaşlı Yelena Kərimova kirayə götürdüyü avtomobildə dörd yaşlı qızı Xədicəni və iki yaşlı oğlu Süleymanı boğub.

    Daha sonra o, uşaqların cəsədini şəhərdən kənara çıxararaq, yandırıb.

    Azyaşlıların cəsədlərini köhnə tərəvəz bazasında aşkar ediblər. Qadının tapılması və tutulmasına baş vermiş hadisənin dolayı şahidi olan yerli sakin kömək edib.

    Uşaqların qalıqlarından onların cinsini müəyyən etmək mümkün olmayıb.

    Araşdırmalar zamanı hadisədən əvvəl 27 yaşlı qadının yaxınlıqdakı yanacaqdoldurma məntəqəsindən benzil aldığı müəyyənləşib. O, benzini aldıqdan sonra Semenovsk rayonundakı meşəyə gedib.

    Ancaq mühafizəçilərin onu tuta biləcəyindən qorxan qadın oradan uzaqlaşıb və uzun müddətdir istifadə edilməyən tərəvəz bazasına gəlib.

    Saxlanılandan sonra Nijne-Novqorod sakini olan qadın olanları etiraf edib və bildirib ki, o, boşandıqdan sonra uşaqları böyütməkdən bezdiyi üçün azyaşlıları öldürmək qərarına gəlib.

    İstintaq müəyyən edib ki, qadının maliyyə cəhətdən heç bir problemi olmayıb. O, hər ay avtomobil kirayəsi üçün 40 min rubl xərcləyib və bir müddət əvvəl xaricdəki kurortlardan birinə bilet də alıb.

    Sosial şəbəkədə isə Kərimovanın heç bir qəribə paylaşımı olmayıb. O, uşaqların fotolarını paylaşaraq, onları sevdiyini bildirib.

    “O mənim ürəyimdir, əziz insanımdır. Mənim sevimli qızım. Ona görə mən həmişə ayaqdayam. Mən ona görə yaşayıram. O mənim nəfəsimdir, ağıllı qızımdır”, – Kərimova aprelin 21-də paylaşıb.

    Amansız cinayətlə əlaqədar “Azyaşlıların qətli” ittihamı ilə cinayət işi başlanılıb. Qadını ömürlük həbs cəzası gözləyir./oxu.az

  • “Oğlumu namus üstündə öldürübsə, bağışlayıram”

    Dostunu amansızlıqla öldürməkdə təqsirləndirilən Amal Zülfqarovun cinayət işi üzrə məhkəmə davam edib.
     
    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Elvin Osmanov ifadə verib. O bildirib ki, hadisə baş verən kafedə işləyib.
     
    Hadisə baş verən zaman mətbəxdə olduğunu deyən şahid səs-küy başlayan zaman zala gəldiyini bildirib: “İşdən çıxanda hadisə baş vermişdi. Yaralılardan Tələtin yanında idim. Onları sakitləşdirməyə çalışırdıq. Amal heç kimi yaxına buraxmırdı. Tələt çölə çıxanda onun arxasıca çıxdım. Nə baş verdiyini görmədim”.
     
    Mərhumun anası şahiddən soruşub ki, Amal oğlunu vurmasının səbəbini deyibmi?: “Əgər həqiqətən oğlum namus üstündə öldürülübsə, araşdırılsın. Amalın bacısı, yaxını ilə yazışması varsa, onu bağışlayaram. Amma oğlum günahsız yerə öldürülübsə, 9 il də gözləyərəm ki, iş araşdırılsın. Oğlumu 9 aydır itirmişəm”.
     
    Məhkəmədə təqsirləndirilən şəxsin atası Mahir Zülfüqarov da ifadə verib. O bildirib ki, oğlu Nabrandan gələndən sonra gərgin və fikirli olub: “Danışmırdı, yemək də yemirdi. Elə bir xasiyyəti də var idi ki, sözü olanda danışmırdı. Həmin gecə evə zəng gələndə bildim ki, hadisə baş verib”.
     
    Mahir Zülfüqarov isə söyləyib ki, hadisədən sonra oğlu ilə mərhum arasındakı mübahisə barədə bunları eşidib: “Nabrana gedəndə mərhum Qismət yolda müasir geyimli xanım haqqında xoşagəlməz ifadə işlədib. Oğlum da buna iradını bildirib, deyib ki, bir xanım haqqında bu sözləri işlətmə. Çünki həmin qadın hamımızın yaxını ola bilər”.
     
    Mahir Zülfüqarov qeyd edib ki, oğlu Amal Almaniyada olan bacısının hicaba keçməsini istəyib: “Yanımda olan qızım hicablıdır. Amal namaz qılandan sonra istəyirdi ki, bacısı da hicab bağlasın”.
     
    İttihama görə, Amal Zülfüqarov Xaçmazda istirahət mərkəzində olarkən dostu Qismət Məmmədlinin ona baxmasına irad bildirib. Bu zaman aralarında mübahisə yaranıb. Daha sonra Amal dostu Qismətin onun xaricdə yaşayan bacısı ilə danışdığından şübhələnib və onu öldürmək qərarına gəlib. Qobustanda kafedə olarkən birlikdə domino oynayıblar. Bu zaman arxadan Qismətə yaxınlaşaraq onun boyun və sinə nahiyyələrinə zərbə endirib. Kafedə olanlar Amalı sakitləşdirə bilməyiblər.
     
    Amal yaralı vəziyyətdə olan və yerə yıxılan Qismətin boğazından tutaraq onu boğmağa başlayıb. Kafedə olanfa Tələt Hüseynov və Haldun Nəbizadə onu tutaraq əlindən bıçağı almaq istəyiblər. Amma onlara da bıçaq zərbəsi endirərək yenidən qismətə hücum edib və ürək, boğaz, sinə və qarın nahiyyələrinə bir neçə zərbə də endirib.
     
    Amal Zülfüqarov xüsusi amansızlıq, xuliqanlıq niyyəti ilə köməksiz vəziyyəytdə olan şəxsi öldürməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9 və 221-ci maddələri ilə ittiham irəli sürülüb.
    Xatırladaq ki, Amal Zülfüqarov SOCAR-ın Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarovun qardaşı oğludur.