Month: May 2018

  • SAXTAKARLIQ: Rəmişin ifası kimi təqdim olunan mahnının əsl müəllifi üzə çıxdı – VİDEO

    Youtube kanalında xalq artisti Rafiq Hüseynovun (Rəmiş) ifası kimi təqdim olunaraq 4 milyona yaxın baxış toplayan “Dilbərim” mahnısının əsl müəllifi tapılıb.

    Median.Az xəbər verir ki, bu saxtakarlığı “Xəzər maqazin” üzə çıxarıb.

    İfa əslində illər 2005-ci ildə vəfat etmiş gitaraçı Rüstəm Quliyevə məxsusdur. Bu saxtakarlığı mərhum musiqiçinin qardaşı oğlu Kamil ifşa edib.

    “Əmimin ifası “Youtube”də Rəmişin şəkli ilə yayılıb və 4 milyondan çox baxılıb. Özü də buna etiraz etmir. Hara gedir bu mahnıdan istifadə edir”.

    Rüstəm Quliyevin Rəmişin adı ilə milyonlarla baxış toplamış “Dilbərim” ifasını bu videodan dinləyə bilərsiz:
    //baku.ws

  • Deputatın general qardaşı işdən çıxarıldı

    Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Rəisi, Gömrük Xidməti General-Mayoru Baba Salayev tutduğu vəzifədən azad olunub.

    Median.Az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Baba Salayevin işdən çıxarılması ilə bağlı müvafiq əmr imzalayıb.Onun yerinə isə Gömrük Xidməti Polkovniki Rəsulov Məsum Eynalı oğlu təyin edilib.

    Dövlət Gömrük Komitəsindən məlumatı təsdiqləyiblər.

    Qeyd edək ki, Baba Salayev millət vəkili Hacı Salayevin qardaşıdır.

  • Tunisə uçan təyyarə Bakıda məcburi eniş etdi

    “Qatar Airways” aviaşirkətinə məxsus hava gəmisinin komandirinin təyyarənin ikinci mühərrikinin dayanması səbəbindən məcburi eniş barədə elanından sonra Bakı vaxtı ilə saat 11:29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda həyəcan siqnalı verilib.

    Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat evrilib.

    Göyərtəsində 137 nəfərin olduğu “Airbus A330” təyyarəsi Dohadan Tunisə aviareys həyata keçirirdi.

    Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri qaldırılmışdır.

    Təyyarə Bakı vaxtı ilə saat 12:16-da uğurlu eniş etmişdir, xəsarət alan yoxdur.

    Heydər Əliyev Beynəlxalq Aeroportu “Qatar Airways” aviaşirkətinin sifarişi ilə sərnişinlərə və ekipaj üzvlərinə bütün lazımi yardımı, eləcə də hava gəmisinə lazımi texniki dəstəyi göstərməyə hazırdır.

    Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ən müasir naviqasiya və yerüstü avadanlıqlarla təchiz olunmuşdur. Bu səbəbdən aviaşirkətlər fors-major vəziyyətlər yarandıqda regionun hava məkanında məhz Bakı hava limanını seçirlər.

  • Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq

    Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 14-16, gündüz 21-26, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində mayın 30-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 17-18 dərəcə isti təşkil edəcək.

    Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.

    Azərbaycanın rayonlarında mayın 30-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz havanın yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturunun gecə 12-17, gündüz 23-28, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

    Tibbi-meteoroloji proqnoza görə, mayın 30-da Abşeron yarımadasında komfort temperatur şəraiti və meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.ox

  • Deputat: Vətəndaşlar deyil, banklar insanların ayağına getməlidir

    Azərbaycanda bank sisteminin sağlamdırılması lazımdır. Çünki 2015-ci ildə yaşanan iki ağır devalvasiyadan sonra ölkədə bank sistemi çökmüş, iflic vəziyyətdədir. Hətta atılan addımlar da tam yetərli deyil.

    Bunu oxu.az-a açıqlamasında iqisadçı millət vəkili Vahid Əhmədov deyib.

    Onun sözlərinə görə, bank sisteminin sağlamlaşdırılması üçün daha ciddi və daha təsirli addımlar atılmalıdır.

    V. Əhmədov xüsusilə dollarla olan kreditlərin ödənilməsində yaşanan problemlərin həllini tapmasının vacibliyini söyləyib:

    “Üç ildir ki, belə bir problem var. Bu məsələ, demək olar ki, hər gün dilə gətirilir. İnsanlar bizdən kömək gözləyir. Ancaq çox təəssüflər olsun ki, bu problem uzana-uzana gedir. Hesab edirəm ki, bu problem artıq həllini tapmalıdır.

    Ümumiyyətlə, 10 minə qədər olan kreditlərin bağışlanılması və ya bu məsələdə vətəndaşlara güzəştə gedilməsi üçün ölkənin maliyyə durumu yetərlidir. Bu, o qədər də böyük vəsait deyil. Yəni, dövlət bunu həll etmək gücündədir.

    Belə demək mümkünsə, bu məsələnin həlli üçün həm dövlət, həm banklar, həm də vətəndaşlar birgə razılaşdırılmış şəkildə hərəkət etməlidir, birlikdə bu problemin həll yolunu tapıb, onun aradan qaldırılmasına çalışmalıdır”.

    Millət vəkili, eyni zamanda, bankların özlərinin də vəziyyətdən çıxış yolu tapmalı olduqlarını dilə gətirib:

    “Banklar faiz dərəcələrini aşağı salmalıdırlar. Ümumiyyətlə, elə bir mexanizm olmalıdır ki, vətəndaşlar deyil, banklar özləri insanların ayağına getməli, onları sərfəli şərtlərlə kredit götürməyə həvəsləndirməlidirlər. Həmçinin, onlar bir sıra layihələrin icrasına cəlb olunaraq, real iqtisadiyyata öz töhfələrini verməlidirlər.

    Demək istədiyim odur ki, hər şeyi dövlətdən gözləmək, dövlətin üzərinə atmaq olmaz. Bu, düzgün yanaşma deyil. Banklar özləri də hərəkətə gəlməlidir. Təbii ki, burada dövlət dəstəyi olmalıdır”.

  • Məhkəmə Akif Çovdarovla bağlı qərar verdi

    Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan hökmdən verdikləri apellyasiya şikayətinə baxılıb.

    Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

    Məhkəmənin qərarı ilə A.Çovdarov və digərlərinin apellyasiya şikayəti təmin edilməyib.

    Qeyd edək ki, ötən il oktyabrın 30-da Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib. A.Çovdarov və onunla birlikdə mühakimə olunanlar Bakı Hərbi Məhkəməsinin hökmündən apellyasiya şikayəti verərək barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

    Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il azadlıqdan məhrum ediliblər. Məhkəmə Akif Çovdarov və digərlərinin rütbəsinin alınması barədə xüsusi qərardad çıxarıb.

    Hökmə görə, Akif Çovdarov və digərlərinə məxsus, üzərinə həbs qoyulmuş əmlakların müsadirə olunması barədə qərar qəbul edilib. Dövlət Təhlükəsizlik Xidmətinin üç milyon manatlıq mülki iddiası, eləcə də, cinayət işi üzrə tanınmış 60 nəfər zərərçəkmişin mülki iddiası təmin olunub.

    Hökmə əsasən, Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova qarşı istintaq orqanı tərəfindən ittiham irəli sürülən Cinayət Məcəlləsinin 181.3.1-ci (quldurluq; mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 181.3.2-ci (quldurluq; külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ittihamdan xaric edilib.

  • Azərbaycanda müəllimlərin attestasiyası ləğv olunur

    Azərbaycanın dövlət ümumtəhsil müəssisələrində müəllimlərin attestasiyası ləğv edilir.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, bununla bağlı Əmək Məcəlləsinin 66-cı (Attestasiya olunmayan işçilər) maddəsinə yeni bənd əlavə edilir.

    Yeni bəndə əsasən, “Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər” attestasiya olunmayacaqlar.

    Qeyd edək ki, digər dəyişikliklə Azərbaycanda müəllimlərin sertifikasiyası təklif olunur.

    Layihə Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

  • Gömrükdə külli miqdarda zinət əşyaları müsadirə olunub

    Dövlət Gömrük Komitəsi (DGK) Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Türkiyədən yük gətirən Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes-Benz Actros” markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücünün üzərində şəxsi yoxlama aparılıb.

    Gömrük Komitəsindən oxu.az-a verilən məlumata görə, yoxlama zamanı, vətəndaşın gödəkçəsinin ciblərində əvvəlcədən gömrük nəzarətinə bəyan olunmayan külli miqdarda zərgərlik məmulatı – 64 cüt sırğa, 55 ədəd bilərzik, səkkiz ədəd üzük, 34 ədəd sancaq, iki ədəd sırğa, kulon və üzük dəsti, 62 ədəd kulon və 130 ədəd boyunbağı aşkar olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Qarabağda canavarlar uşaqları parçaladı

    Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinin Hadrut rayonunda canavarlar uşaqlara hücum edib.

    Median.Az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, hadisə mayın 28-də Mets Taqer və Tumi kəndində baş verib.

    Hadisə nəticəsində 10,4 və 11 yaşlı üç uşaq xəstəxanalıq olub.

    “İki nəfər üzündən və başından, bir uşaq isə ayağından xəsarət alıb. Onların həyati təhlükəsi yoxdur”, – uşaq həkimi Marqaryan deyib.

    O bildirib ki, onlar yaxın günlərdə ayağa qalxacaq.

  • BP Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir

    BP şirkətində Azərbaycanın 2500 vətəndaşı çalışır. Bu, Azərbaycanda əməkdaşlarımızın 95 faizini təşkil edir.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün BP-nin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qəri Cons Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bildirib.

    Qəri Cons BP-nin Azərbaycanla əməkdaşlığından danışıb:

    “Neft və qazın Azərbaycana verdiyi töhfədən məmnunluq duyuruq. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana böyük sərmayələrin qoyulmasının əsasını qoydu.

    Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bu günü görsəydi, fəxr edərdi. Bu, bir cümlə ilə ifadə olunmuş aydın bir fikirdir. BP sizinlə əməkdaşlığı davam etdirmək istəyir”.