Month: May 2018

  • Nazir küçədə 5 min tapıb qaytaran məktəblini təltif etdi

    Təhsil naziri Ceyhun Bayramov Tovuz rayonu Əyyublu kənd tam orta məktəbinin vııı sinif şagirdi Abbasov İdrisi örnək davranış nümayiş etdirdiyinə görə Təhsil Nazirliyinin təşəkkürnaməsi ilə təltif edib.

    Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat yayıb. O, bildirib ki, planşet və kitablar hədiyyə edilib.

  • Bakıda qayda pozan sürücülər – “Range Rover”lə səkiyə çıxdı, yolu kəsdi (FOTO)

    Bakıda piyada keçidində, səkidə avtomobil saxlayan sürücülər kameraya tuş gəlib. 

    Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev sosial şəbəkədə paylaşıb. 

    Kadrlardan göründüyü kimi şəhərin mərkəzi küçələrində insanların sıx olduğu küçələrdə sürücülər qadağan olunmuş ərazilərdə avtomobili park edir. Həm piyadaların, həm də əlill şəxslər üçün quraşdırılmış pandusların üzərində park edilən maşınlar ciddi narahatlıq doğurur. 

    Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununa əsasən nəqliyyat vasitəsi piyada keçidlərinə ən azı 5 metr məsafədə dayana bilər. Ancaq təqdim etdiyimiz fotolarda sürücülər aşkar şəkildə qaydaları kobud şəkildə pozub. 

    Güman edirik ki, qaydalara məhəl qoymayan bu cür sürücülərlə bağlı DYP tərəfindən lazımi tədbirlər görüləcək. /baku.ws

  • Bakıda bazarlarda təhlükəli yağlar satışdadır – Şok araşdırma (VİDEO)

    Space Tv-nin efirində yayımlanan “Olar? Olmaz!” verilişində bu dəfə də ölkədə satılan yağlarla bağlı proqram tamaşaçılara təqdim edilib. 

    Teleaparıcı Amil Xəlil ölkədə satılan yağların təhlükəsindən və təbii yağları saxta yağlardan ayırmağın yollarından danışıb. Azad istehlakçılar birliyinin sədri Eyyub Hüseynov da açıqlama verərək dəhşətli faktların üstünü açıb.

    Onun sözlərinə görə, hazırda bazarda kifayət qədər saxta və insan səhhəti üçün təhlükəli hesab edilən yağlar satılmaqdadır. Alıcların bu məsələdə diqqətli olması xüsusi olaraq qeyd edilib. Daha sonra teleaparıcı Amil Xəlil marketlərə üz tutub. Təbii yağları sadə üsulla saxta və keyfiyyətsiz yağlardan ayırmağın yollarını tamaşaçılara əyani olaraq göstərib. 

  • Dima Bilan azərbaycanlı oliqarxın qızının toyunda – FOTO + VIDEO

    Rusiyalı müğənni Dima Bilan, Brilliant Dadaşova, İlham Kərimli və Röya Əliyeva İstanbulda yaşayan azərbaycanlı oliqarxın qızının toyunda səhnə alıblar.

    Toy məclisində Türkiyənin məşhur sənətçiləri də iştirak ediblər.

    Əcnəbilərin də qonaq qismində iştirak etdiyi toyda yalnız Azərbaycan milli rəqsləri təqdim olunub. İlham Kərimov və Röya Əliyeva məhz bu məqsədlə Bakıdan dəvət olunublar.

    Türkiyənin ən bahalı otellərindən biri olan “Ciragan Palace Kempinski Istanbul”da düzənlənən möhtəşəm məclisində qonaqlar arasında oliqarxlar çoxluq təşkil edib.

    Qeyd edək ki, müəyyən səbəblərdən toy sahibinin adı açıqlanmır./baku.ws

  • Daha bir küçədə hərəkət məhdudlaşdırılır

    May ayının 1-dən 2-nə keçən gecədən etibarən Təbriz küçəsinin Ceyhun Hacıbəyli və Firdovsi Məmmədov küçələri arasında yerləşən hissəsində (520 m) avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq.

    “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən baku.ws-ə verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

    Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun laternativ yollardan istifadə etmələri tövsiyə olunur.

  • Azərbaycanda yeni medal təsis edildi

    Azərbaycanda yeni medal təsis edilib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

    Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq qəbul edilib.

  • Bakıda 33 yaşlı qadının FACİƏVİ SONU – TƏFƏRRÜAT

    Bakıda dəhşətli intihar hadisəsi baş verib.

    Nərimanov rayonu Ağa Nemətulla küçəsində yaşayan 1985-ci il təvəllüdlü Abdullayeva Şəfəq Yunis qızı özünü Babək prospekti 11 ünvanında yerləşən onmərtəbəli binanın 9-cu mərtəbəsindən atıb. O, hadisə yerindəcə keçinib.

    Bildirilir ki, hadisənin baş verdiyi ev 33 yaşlı Şəfəqin bibisi qızına məxsusdur. Subay olan Şəfər Abdullayeva anası ilə birgə bibisi qızıgilə qonaq gəlib. Daha sonra isə onlar birgə mağazaya getməyi planlaşdırırmış. Bibisi qızı yemək hazırlayarkən Ş.Abdullayev özünü qəfil eyvandan atıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır./lent.az

  • Əli Mirəliyev: Siz gedin gecə klublarında kişilərlə görüşən kişilərin dərdini çəkin! – FOTO

    Müğənni Əli Mirəliyev rəqqasə Simona Amir və onun rəfiqələri ilə gecə klubunda yayılan səmimi fotoları ilə gündəmə gəlib. 

    69 yaşlı ifaçının qızlarla sarmaş-dolaş görüntüləri izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

    Qınaq atəşinə tutulan müğənninin reaksiyası qalmaqala: “Mən bəyəm qocayam, qızlarla görüşə bilmərəm? Siz gedin gecə klublarında kişilərlə görüşən kişilərin dərdini çəkin!”


    /baku.ws

  • Bakıda körpələr evində qalmaqallı video – ərzaqlar daşınır – VİDEO

    Müğənni Rəqsanənin qızı Aysun İnstagram-da qalmaqallı video paylaşıb.

    Video Bakıda yerləşən 1 saylı körpələr evində çəkilib. Kadrlardan göründüyü kimi körpələr evinə gələn ərzaq məhsulları maşına doldurularaq harasa aparılır.

    Aysun şəxsi hesabında paylaşıdığı videoya bunları yazıb: “Bu mənzərə ilə artıq bir neçə dəfədir ki, qarşılaşıram. Bura 1 saylı körpələr evinin həyətidir. Bu videonu çəkməkdə məqsədim odur ki, hər dəfə bura xeyli bazarlıqlar- geyimlər, yeməklər, şirniyyatlar, qoyun ətləri, bir sözlə hər şey gəlir. Kimə gəlir? Oradakı körpələrə! Amma o uşaqlar bunların 10 faizini görür. Niyə?! Çünki 1 gün sonra o bazarlıqlar maşınlara doldurulur və harasa gedir. Sadəcə mənə bir vətəndaş olaraq çox maraqlıdır… O bazarlıqları siz hara aparırsız? Düşünürəm ki, cavabı hər kəs bilir. Amma yenə də biz soruşaq görək hara gedir? Bəlkə də açıqlaması var”.

    Baku.ws məsələ ilə bağlı 1 saylı körpələr evinə zəng edib. Özünü katibə kimi təqdim edən xanım işçi videodan məlumatsız olduğunu və məsələni araşdıracaqlarını bildirib.

  • Hərbi vəziyyət rejimini pozanları ağır cəzalar gözləyir: Parlament “hə” dedi

    “Hərbi vəziyyət haqqında” qanunun tələblərinə əsasən bir neçə qanunverici aktlarında dəyişiklik edilib.

    Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif edilir ki, 33.1.6-cı maddəyə “fövqəladə şəraitdə” sözlərindən sonra, “yaxud hərbi vəziyyət dövründə” sözləri əlavə edilsin.89.3-cü və 89.6-cı maddələrə “Fövqəladə” sözündən sonra “və ya hərbi” sözləri əlavə edilsin.

    Həmçinin Məcəllədə aşağıdakı dəyişikliklər də qeyd olunub.

    517-2.1. Xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir.

    517-2.2. Nəqliyyat vasitələrinin hərəkətinə qoyulmuş məhdudiyyətin pozulmasına görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

    517-2.3. Rabitədən istifadə üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar otuz manatdan altmış manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

    517-2.4. Gündəlik tələbat mallarının, o cümlədən ərzaq və sənaye məhsullarının əldə olunmasına (satışına) tətbiq edilmiş xüsusi qaydaların pozulmasına görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar otuz manatdan altmış manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

    517-2.5. Karantin tələblərinin, icbari sanitariya-gigiyena, epidemiya əleyhinə və baytarlıq tədbirlərinin pozulmasına görə fiziki şəxslər əlli manatdan doxsan manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.

    517-2.6. Hərbi vəziyyətin elan olunduğu ərazidə (ərazilərdə) tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin, habelə yaşayış və ya olduğu yeri seçmək hüququna qoyulmuş məhdudiyyətin pozulmasına görə yüz manat məbləğində cərimə edilir.

    517-2.7. Şəxslərin xüsusi icazə vərəqələrinin və şəxsiyyətini təsdiq edən sənədlərinin yoxlanılmasına, qanunda nəzərdə tutulmuş əsaslarla onların şəxsi əşyalarına, mənzillərinə və nəqliyyat vasitələrinə baxış keçirilməsinə maneçilik törədilməsinə görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində cərimə edilir.

    517-2.8. Hərbi vəziyyət rejimini pozmaqda şübhə edilən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlara məxsus bina və otaqların, nəqliyyat vasitələrinin yoxlanılmasına maneçilik törədilməsinə görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

    517-2.9. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatların keçirildiyi xüsusi iş rejiminə əməl olunmamasına görə vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.

    517-2.10. Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi üçün tətbiq edilmiş xüsusi qaydaların pozulmasına görə yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

    517-2.11. Müdafiə ehtiyaclarının yerinə yetirilməsini təmin etmək məqsədi ilə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatların güc və əmək ehtiyatlarının (resurslarının) səfərbər olunmasına, səfərbərlik planlarına (tapşırıqlarına) uyğun olaraq onların istehsalat fəaliyyətinin növünün və ya iş rejiminin dəyişdirilməsinə maneçilik törədilməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

    517-2.12. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatların fəaliyyətinin tətil və ya digər üsullarla dayandırılmasının qadağan edilməsi ilə bağlı tələbin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min beş yüz manatadək məbləğdə cərimə edilir.

    517-2.13. Yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qoyulmuş qadağa və ya məhdudiyyətə əməl olunmamasına görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla otuz günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

    517-2.14. Silah, döyüş sursatı, xüsusi vasitələr, zəhərli və ya partlayıcı maddələrin satışı ilə bağlı qoyulmuş məhdudiyyətə və ya qadağaya, yaxud narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları və ya tərkibində güclü təsirə malik olan maddələr olan dərman preparatlarının, spirtli içkilərin dövriyyəsi üzrə müəyyən edilmiş xüsusi rejimə əməl olunmamasına, habelə fiziki şəxslərdən odlu və soyuq silahın, döyüş sursatının, zəhərləyici və ya partlayıcı maddələrin, hüquqi şəxslərdən isə həmçinin təlim hərbi texnikasının və radioaktiv maddələrin müvəqqəti götürülməsinə maneçilik törədilməsinə görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər dörd min beş yüz manatdan altı min beş yüz manatadək məbləğdə cərimə edilir.

    517-2.15. Hərbi vəziyyətin elan olunduğu ərazidə (ərazilərdə) tətbiq edilmiş kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejiminə əməl etməməyə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

    517-2.16. Hərbi vəziyyət dövründə stasionar və ya müvəqqəti yaşayış yerlərində məskunlaşdırılması şərtilə əhalinin, təsərrüfat və sosial təyinatlı obyektlərin, maddi və mədəni sərvətlərin təhlükəsiz rayonlara təxliyə olunmasına (köçürülməsinə) maneçilik törətməyə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

    Qanun layihələrinə dəyişikliklər səsə qoyularaq qəbul edilib./oxu.az