Month: Sentyabr 2018

  • Regionlarda oğurluğa görə 11 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Kəpəz RPİ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, ötən il sentyabrın 25-dən bu il avqustun 18-dək olan müddətdə 4 evdən pul, qızıl və məişət əşyaları oğurlayan Gəncə şəhər sakini Asim Məhərrəmovu saxlayıblar.

    Bundan başqa, Kəpəz RPİ-nin əməkdaşları tərəfindən sentyabrın 15-də həyətyanı sahədən 63 ev quşu oğurlayan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Mərdanov saxlanılıb, Sabirabad RPŞ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da evdən pul və qızıl sırğa oğurlayan rayon sakini Gülmirzə Nuriyev saxlanılıb, Hacıqabul RPŞ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 27-də dəmir yolu stansiyasından 832 manat dəyərində 16 ədəd beton bağlayan metal kəmər və 480 manat dəyərində poladdan hazırlanmış ehtiyat hissələrini oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Rəhman Qoçəliyev saxlanılıb, Bərdə RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 24-də Samux rayon sakini Mehman Musayevin 5 baş camışı otlaq sahədən oğurlayan Ağdam rayon sakini Rövşən Aslanov, Bərdə rayon sakinləri Rasim Əliyev və Hafiz Qurbanovu saxlayıblar, Bərdə RPŞ əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində sentyabrın 28-də Alpoud kəndində yerləşən bazarda Tərtər rayon sakini Ziyəddin Muradovun cibindən 1170 manat oğurlayan Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Namiq Bəkirov saxlanılıb, Füzuli RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 1-dən bu il sentyabrın 28-dək olan müddətdə Haramı düzü ərazisidən Beyləqan şəhər sakini Əsəd Novruzova məxsus fermadan 12 baş qoyun və 3 baş keçi oğurlayan rayon sakini Vüqar Əliyev saxlanılıb, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən sentyabrın 27-də şəhər ərazisindəki kafedə Gəncə şəhər sakini Ş.Məmmədovanın 2850 manatını oğurlayan həmyerlisi Elzurum Babayev saxlanılıb, Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən sentyabrın 16-da evdən pul və qızıl-zinət əşyaları oğurlayan şəhər sakini Asiman Allahverdiyev saxlanılıb.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

  • Son dəqiqə : Azərbaycanda siqaretin qiyməti bahalaşdı

    Azərbaycanda siqaret və tütün məmulatlarının qiyməti bahalaşıb.

    Paytaxt Bakıda günün ikinci yarısından etibarən marketlərdə siqaret və tütün məmulatlarının qiymətində ciddi şəkildə artım hiss olunub.

    Belə ki, 2 manata qədər olan siqaretlər 10 qəpik, 2 manatdan yuxarı olan siqaretlər isə 20 qəpik bahalaşıb.//avropa.info

  • Bakıda piyadanı vurub qaçan sürücü saxlanılıb

    Median.Az xəbər verir ki, Nizami RPİ 24-cü polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 26-da paytaxt sakini Afiq Bayramovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən “VAZ-2107” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Həsən Quliyev saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Narkoloji Mərkəzdə yanğınla bağlı məhkəmədə zərərçəkmiş: Xəstələrə yüksək doza vurmuşdular

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər – Mərkəzin direktoru Telman Məmmədhəsənov, qurumun təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə iclası davam etdirilib.

    Median.Az Trend-ə istnadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkmiş Fərid Dadaşov məhkəmə qərarı ilə Mərkəzdə müalicə aldığını deyib: “Gecə yanğın başlayanda mühafizəçi Amid qapıları döyməyə başladı. Mən yuxudan oyanıb çölə qaçdım. Sanki xəstələrə yüksək doza vurmuşdular. Siqaret çəkməyə icazə vermirdilər, amma mən gizlin çəkirdim. Hadisə zamanı Məhəmmədi orada gördüm, lakin sonra yoxa çıxdı. Təqsirləndirilən şəxslərdən tələbim və şikayətim yoxdur”.

    Hakim bildirib ki, 54 zərərçəkmişdən 31 nəfəri dindirilməyib.

    Təqsirləndirilən M.Məmmədov hadisənin baş verdiyi 15-ci korpusda müalicə alan və sağ qalmış şəxslərin də dindirilməsini istəyib.

    Hakim deyib ki, həmin şəxslər növbəti iclaslarda ifadə verəcəklər.

    Məhkəmənin növbəti iclası oktyabrın 5-nə təyin edilib.

    Qeyd edək ki, bu ilin martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

    Görülən tədbirlərlə Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib.

    M.Məmmədov Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.

    Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev saxlanılıb və barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    Məlumata görə, şöbə müdiri A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb.

  • Bakıda avtomobil qaçıran paytaxt sakini saxlanılıb

    Median.Az xəbər verir ki, Nizami RPİ 23-cü və Sabunçu RPİ 42-ci polis bölmələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 25-də vətəndaşı Müsamir Qasımova məxsus “VAZ-2106” markalı avtomobili qaçıran Bakı şəhər sakini Həbib Hüseynov paytaxt ərazisində avtomobillə birgə saxlanılıb.

    Nizami RPİ İstintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb.

  • Bakının bu prospektlərinə giriş məhdudlaşdırlır

    Aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq şəhər istiqamətindən Babək prospektinə giriş qısa müddətə məhdudlaşdırılır.

    Median.Az-ın “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə istinadən verdiyi xəbərə görə, məhdudlaşma sentyabrın 29-dan 30-na keçən gecədən etibarən və prospekt boyunca hissə-hissə tətbiq ediləcək.

    “Yarana biləcək müvəqqəti narahatlığa görə, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edir”, – məlumatda qeyd olunub.

  • Azərbaycanda uşaq ensiklopediyasında biabırçı səhv – Dünyada 7 materik var imiş… – FOTO

    Azərbaycanda uşaqlar üçün çap edilən ensiklopediyada materiklərin sayı 6 deyil, 7 göstərilib.

    Median.Az-ın Trend-ə istinadən məlumatına görə, hazırda da kitab dükanlarında satılan, 400 səhifəlik “Bunları bilmək istəyirəm!” adlı illüstrasiyalı intellektual ensiklopediya 2013-cü ildə “Turan Evi” nəşriyyatı tərəfindən hazırlanıb. Ensiklopediyanın arxa üzündə isə “Şərq-qərb” nəşriyyatının adı qeyd edilib.

    Adıçəkilən ensiklopediyada materiklər haqqında belə məlumat verilib: ”Materik böyük quru sahədir. Bizim planetdə cəmi yeddi materik və ya kontinent var: Afrika, Antarktida, Avropa, Asiya, Avstraliya, Cənubi Amerika, Şimali Amerika”.

    “Şərq-qərb” nəşriyyatından bildirilib ki, onlar bu kitabda yazılan məlumatlara görə məsuliyyət daşımırlar. Çünki onlar yalnız “Turan evi” tərəfindən hazırlanmış vəsaiti nəşriyyatın mətbəəsində nəşr ediblər.

    Məsələ ilə bağlı “Turan evi” nəşriyyatı ilə əlaqə saxlamaq cəhdləri uğursuz olub.

    Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstututunun direktor müavini Məhərrəm Həsənov isə bildirib ki, kitabda materiklərlə bağlı verilən məlumat səhvdir və bu məlumatlar uşaqları caşdırır:

    “Planetdə 7 deyil, 6 materik var və son illər ərzində də dünya elmi tərəfindən yeni materik kəşf edilməyib. Kitabda materik və qitələr bir-biri ilə qarışdırılıb. Hazırda planetdə Afrika, Antarktida, Avstraliya, Cənubi Amerika, Şimali Amerika və Avrasiya materikləri var. Ensiklopediyada materik kimi qeyd edilən Avropa və Asiya isə qitədir. Ümumilikdə Avropa, Asiya, Amerika, Avstraliya, Afrika və Antarktida planetdəki qitələrin adlarıdır. Yaxşı olardı ki, nəşriyyatlar coğrafi məlumatların səhv getməməsi üçün bizimlə məsləhətləşsinlər. Biz onlara yardım etməyə hazırıq. Bu əməkdaşlıq həm də onların xeyrinə olar, çünki belə olduqda onların da vəsaitlərində səhv məlumatlar getməz”.

  • Enerji içkiləri ilə bağlı ÇAĞIRIŞ: TƏHLÜKƏLİDİR!!! – VİDEO

    Zaman zaman enerji içkilərinin insan orqanizmininə zərərli təsiri barədə müxtəlif iddialar ortaya atılır. Bu günlərdə Goranboyda 8-ci sinif şagirdinin “hell” içkisindən ölməsi ilə bağlı xəbərlərin yayılması ajiotajı daha da qızışdırıb. Təsadüfi deyil ki, bir çox avropa ölkələri enerji içkilərinin istifadəsinə tam qadağa qoyub. Məsələyə Qida Təhlükəsizliyi Agentliyi münasibət bildirib.

    Gənclərin əksəriyyəti, xüsusi ilə də 18 yaşına çatmayan yeniyetmələr mütəmadi olaraq enerji içkilərindən geniş istifadə edirlər. Onlar bu içkilərindən tez tez istifadə etmələrini yorğunluğu götürməsi və insanı daha gümrah etməsi ilə əsaslandırırlar. Ancaq mütəxəssislər bildirir ki, enerji içkşlərşndə olan maddələr onun təlqin etdiyi şüarlarla uzlaşmır. Son olaraq Goranboyda 8-ci sinif şagirdinin hell enerji içkisindən ölməsi ilə bağlı iddialar məsələnin ictimaiyyətdə geniş müzakirə mövzusuna çevirib. Sonradan iddiaların təkzib olunmasına baxmayaraq mövzu aktuallığı daha da artıb.

    Qeyd edək ki, insan orqanizminə ciddi zərərləri olduğuna görə Fransa, Danimarka, Norveç və Uruqvayda enerji içkilərinin satışı tam qadağan edilib. Almaniyada isə 2009-cu ildə enerji içkilərində kokain aşkarlandığına görə bir birmənalı qadağa tətbiq edilib.Küveytdə isə 16 və 21 yaşlı iki şəxsin məhz enerji içkisindən ölməsi təsdiqləndiyi üçün qadağan edilib. bir çox ölkələrdə isə bu bu içkilərin satışında yaş məhdudiyyəti var. Belə ki, Böyük Britaniyada,Litva və Latviyada içkilərin 16 yaşından aşağı şəxslərə satılması qadağandır.

    İstər Gornaboyda baş verən hadisə, istərsə də dünya təcrübəsi Qida Təhlükəsizliyi Agentliyinin bu məsələyə daha həssas yanaşmasını tələb edir. Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisi Günel Məlikzadə bildirir ki, enerji içkilərinin tərkibində olan 3 maddə hər bir şəxs üçün həkim tərəfindən təyin olunan müəyyən normadan artıq olarsa insan sağlamlığında ciddi fəsadlara səbəb ola bilər.

    Agentliyin nümayəndəsi bildirir ki, hər bir enerji içkisinin üzərində istehlakçıların başa düşə biləcəyi bir dildə onun tərkibi haqqında məlumat olmalıdır. Ancaq biz ölkədə satışda olan bəzi hell içkisi qablarının üzərində bunu görə bilmirik.

    Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi onu da bildirir ki, xüsusilə məktəblilər üçün bu içkidən istifadə etmək ümumiyyətlə yolverilməzdir. Amma gəl gör ki bizdə satışda olan bu içkilərin üzərində heç yaş məhdudiyyətini göstərən xəbərdarlıq da yoxdur.

    Hazırda ictimaiyyət tərəfindən adı daha çox hallanan hell enerji içkilərinin Azərbayacn nümayəndəliyindən bildirirlər ki, satışda olan üzərində yalnız macar dilində yazı olan içkilərin onlara aidiyyatı yoxdur. Azərbaycanda olan rəsmi distrubuterin gətirmiş olduğu bütün hell enerji içkilərininn üzərində Azərbaycan dilində məlumat yerləşdirilib. Bu içkilər bütün beynəlxalq qida təhlükəsizliyi standartlarına cavab verir. O ki qaldı yaşla bağlı məhdudiyyət məsələsinə nümayəndəlikdə hesab edirlər ki, uşaqlara istifadəsi tövsiyyə edilməməsi ilə bağlı qutunun üzərindəki xəbərdarlıq bu tələbə cavab verir. Yəni uşaq yaşı yerli qanunvericilikdə əksini tapıb.//xezerxeber.az

  • ZİBİLƏ DÜŞƏN İT – İtin başı görün harda qaldı… – VİDEO

    Qaradağ rayonunun buta qəsəbəsində maraqlı bir hadisə olub. Deməli, itin başı boş yağ qutusuna girib. Sakinlərin müdaxiləsindən sonra heyvanın başını qutudan çıxarmaq mümkün olub. Əslində, bu hadisə itin başına ərazidə zibil qutusunun olmaması səbəbindən gəlib. İndi görün buranın sakinləri nə çəkirlər…!?

    İtin başı boş yağ qabının içərisində sıxışıb qalıb.

    Sakinlər itin həyatını xilas etməyə çalışırlar. Əllərində qayçı dəmir qutunu kəsirlər.

    Görüntülər paytaxtın Qaradağ rayonu Buta qəsəbəsində sakinlər tərəfindən qeydə alınıb. Yaxınlıqda yaşayan sakinlər deyirlər ki, ərazidə zibil qabı olmadığından məişət tullantıları yolun kənarına atılır. Nəticədə evlərin yaxınlığına çoxlu sayda sahibsiz itlər yığışır. Elə bu hadisə də itlər zibillliyə yığışan zaman olub.

    Sakinlər bildirirlər ki, zibil qabları olmadığından tullantıları yolun kənarına atmaq məcburiyyətində qalırlar.

    Sakinlər deyirlər ki, zibilliyə yığışan itlər bir neçə dəfə ərazidən keçən insanları dişləyib.

    Məsələ ilə bağlı Qaradağ rayon İcra hakimiyyətinin Buta qəsəbəsi üzrə nümayəndəliyinə müraciət etsək də, iş vaxtı olmasına baxmayaraq, qurumdan heç kimi tapa bilmədik.

  • Prezident nekroloq imzaladı

    Azərbaycan Prezidenti İlham Əliyev tanınmış fizik Firudin Məmməd Əli oğlu Haşımzadənin vəfatı ilə əlaqədar nekroloq imzalayıb.

    Nekroloqda deyilir:

    Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış fizik, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Firudin Məmməd Əli oğlu Haşımzadə 2018-ci il sentyabrın 28-də ömrünün 83-cü ilində vəfat etmişdir.

    Firudin Haşımzadə 1935-ci il dekabr ayının 7-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1952–1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində ali təhsil almışdır. 1957¬-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına daxil olaraq təhsilini SSRİ Elmlər Akademiyasının A.F.İoffe adına Leninqrad Fizika-Texnika İnstitutunda davam etdirmişdir.

    Əmək fəaliyyətinə 1961-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda kiçik elmi işçi kimi başlayan Firudin Haşımzadə burada 1963–1968-ci illərdə böyük elmi işçi, 1968–1987-ci illərdə “Yarımkeçiricilər” laboratoriyasının müdiri, 1987–1993-cü illərdə “Güclü anizotrop kristallar fizikası” şöbəsinin rəhbəri olmuşdur. O, 1993–1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun direktor müavini, 1994–2000-ci illərdə direktoru işləmiş, 2001-ci ildən ömrünün sonunadək baş elmi işçi vəzifəsində çalışmışdır.

    Firudin Haşımzadə 1962-ci ildə namizədlik, 1972-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1974-cü ildə professor elmi adını almışdır. O, 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir.

    Akademik Firudin Haşımzadə səmərəli elmi fəaliyyəti ilə respublikamızda yarımkeçiricilər nəzəriyyəsi sahəsində elmi məktəbin bünövrəsini qoyanlardan biri kimi müasir fizika elminin inkişafına böyük töhfələr vermişdir. Firudin Haşımzadənin bərk cisim nəzəriyyəsi sahəsində araşdırmaları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Alim Keyn tipli yarımkeçiricilərin və yarımmetalların kinetik, optik və maqnit xassələrinin nəzəriyyəsini yaratmış, aşağı ölçülü kvant sistemlərində yükdaşıyıcıların enerji spektrini müəyyənləşdirmiş, mənfi maqnitomüqavimətin əmələ gəlməsinin yeni mexanizmini aşkar etmişdir.

    Akademik Firudin Haşımzadənin araşdırmalarının nəticələri ölkəmizdə və onun hüdudlarından kənarda nəşr edilən 150-dən çox elmi əsərdə və bir monoqrafiyada öz əksini tapmışdır. Alimin rəhbərliyi altında fizika sahəsində 11 elmlər doktoru, 22 fəlsəfə doktoru hazırlanmışdır. O, bir sıra mötəbər beynəlxalq elmi simpozium və konfranslarda çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil etmişdir.

    Firudin Haşımzadənin pedaqoji fəaliyyəti də təqdirəlayiq olmuşdur. Onun 30 ildən artıq bir dövrdə Bakı Dövlət Universitetində nəzəri fizika və bərk cisim nəzəriyyəsi elmi istiqamətləri üzrə oxuduğu mühazirələr təhsil ictimaiyyətinin rəğbətini qazanmışdır.

    Akademik Firudin Haşımzadənin elmi, elmi-təşkilati və pedaqoji fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1986-cı ildə “Antiferromaqnitlərin optik spektroskopiyası”na dair işlər silsiləsinə görə Elm və Texnika sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatına, 2015-ci ildə Azərbaycan elminin inkişafında xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

    Tanınmış alim, pedaqoq, elm təşkilatçısı və səmimi insan Firudin Məmməd Əli oğlu Haşımzadənin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

    Allah rəhmət eləsin!