Month: Sentyabr 2018

  • İcazəsiz balıq ovlayanlar saxlanılıb

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti, Su Nəqliyyatında Polis İdarəsi əməkdaşları ilə birgə Zığ qəsəbəsi istiqamətində “Vulf” adası yaxınlığında keçirdikləri reyd zamanı icazəsiz balıq ovlayan şəxslər saxlanılıb.

    ETSN-dən verilən məlumata görə, araşdırma zamanı ov edən şəxslərin Bakı şəhər sakinləri Telman Məmmədov və Aslan Quliyev olduğu müəyyən edilib, onlardan müxtəlif növ balıqlar, ov alətləri və rezin qayıq götürülüb.

    Balıq ehtiyatlarına vurulan ziyan hesablanaraq brakonyerlər barəsində, ümumilikdə, 1463 manat məbləğində iddia qaldırılıb.

    Dəyən ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırılır.

  • Şəkidə “Chevrolet” ağaça çırpılıb, bir nəfər ölüb

    Median.Az xəbər verir ki, sentyabrın 28-i saat 14 radələrində İncə kəndi ərazisində Şahmir Qalayçıyev idarə etdiyi “Chevrolet” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

    Nəticədə sərnişini, arvadı Lali Qalayçıyeva hadisə yerində ölüb, digər sərnişini isə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

    Şəki ŞRPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Boşanma ilə ofis işi arasında əlaqə aşkarlandı

    İsveçli sosioloqlar belə bir nəticəyə gəliblər ki, böyük kollektivlə görülən ofis işi boşanmaya səbəb olur.

    Bununla bağlı məlumatlar “Sciencemag” jurnalında dərc olunub.

    Alimlər 1981-2002-ci illər arasında Danimarkada nikaha daxil olan ailəvi cütlüklər üzərində analiz aparıblar. Qeyd edilib ki, bu ölkə təsadüfi seçilməyib: Danimarka Skandinaviya ölkələri arasında boşanma səviyyəsinə görə liderdir.

    Araşdırmaların nəticəsində müəyyən edilib ki, qarşı cinslə çoxlu ünsiyyət qurmalı olan şəxslər daha çox boşanır. Kişilərdə bu rəqəm 15 faiz, qadınlarda 10 faizdir.

    Bir müddət öncə amerikalı alimlər bildirmişdilər ki, ofis işi insan beynində balansın pozulmasına səbəb olur. Bundan qorunmaq üçün imkan daxilində daha çox gəzmək və təbiətdə olmaq məsləhət görülüb.

  • Məktəblərdə tibb işçiləri fəaliyyət göstərir? – AÇIQLAMA

    Bir neçə gün əvvəl Bakıdakı məktəblərin birində ikinci sinif uşağı yemək yeyərkən qəfil halı pisləşib. Onun həyatını xilas etmək mümkün olmayıb.

    Bu fakt məktəblərdə zəruri hallarda köməyə gələcək tibb işçilərinin varlığı məsələsini yenidən gündəmə gətirib.

    Təhsil müəssisələrində tibb işçiləri və psixoloqlar varmı?

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, şagirdlərə tibbi xidmət pulsuz göstərilir:

    “Ümumi təhsil müəssisələrində tibb xidməti Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli, 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları”na əsasən həyata keçirilir.

    Belə ki, müvafiq Qaydaya uyğun olaraq, ümumi təhsil müəssisələrinin binasında müvafiq yerlərdə tibb otağı ayrılıb. Həmin otaqlar zəruri avadanlıqlarla təmin edilib. Məktəblərdə tibbi xidmət işi isə yerli poliklinikalar tərəfindən təyin edilmiş tibb bacısı və ya həkim tərəfindən yerinə yetirilir”.

    İdarədən qeyd edilib ki, BŞTİ-nin tabeliyində olan təhsil müəssisələri tibb məntəqəsi ilə təmin edilib:

    “Təhsil müəssisələrinə təyin edilmiş tibb bacısı və ya həkimin işinə yerli poliklinikalar tərəfindən nəzarət edilir. Eyni zamanda, məktəb direktorları tibb bacısı və ya həkimlərlə, həmçinin yerli poliklinikalarla sıx əlaqəli işləyir”.

    Təhsil üzrə ekspert Nadir İsrafilov bildirib ki, məktəblərdə tibb işçiləri və tibb məntəqələri ilə bağlı çatışmazlıqlar var:

    “Onların həlli istiqamətində görülən işlər az deyil. Orta məktəblərdə psixoloq çatışmazlığı ilə bağlı məsələ də gündəmdədir. Bununla belə, bir məqama da diqqət yetirilməlidir ki, məktəbdə psixoloji xidmətin təşkili digər təhsil xidmətləri ilə müqayisədə, nisbətən yeni sahədir. Əsasən, 90-cı illərdən etibarən ilk olaraq Bakı məktəblərini əhatə edən psixoloji xidmət sahəsi qeyri-ixtisas və ya belə desək, digər fənn müəllimlərinin qısamüddətli ixtisasartırma yolu ilə yenidən hazırlanmış kadrların ümidinə buraxılmışdı və bu mənada, onları peşəkar psixoloq hesab etmək, həmin psixoloqlardan aktiv və səmərəli fəaliyyət gözləmək sadəlövhlük olardı”.

    Ekspert bildirib ki, hər məktəbdə bir psixoloq ştatı var:

    “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinə təkcə son iki tədris ili ərzində (2016-2017-ci və 2017-2018-ci tədris ili) 50 psixoloq müsabiqə əsasında işə qəbul olunub, ehtiyat kadrlar bazası yaradılıb.

    Belə bir problem regiondakı məktəblərlə bağlıdır ki, bu istiqamətdə də müəyyən işlər görülür və çox ehtimal ki, stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Məktəblərdə tibb işçiləri və tibb məntəqələri ilə bağlı vəziyyət, demək olar ki, eynidir”.

  • Baş nazir qərar verdi: Bu sənədlər 75 ildən sonra açılacaq

    “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamə”yə dəyişiklik edilib.

    Bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

    Qərara əsasən, tərkibində dövlət sirri olan arxiv sənədlərindən istifadəyə onların məxfiləşdirildiyi gündən məxfi məlumatlar üçün 10 ildən, tam məxfi məlumatlar üçün 20 ildən, xüsusi əhəmiyyətli məlumatlar üçün 30 ildən, məxfilik dərəcəsindən asılı olmayaraq, şəxsin kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların əməkdaşı olmasını və ya bu orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən, yaxud əməkdaşlıq etmiş şəxslərin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar üçün 75 ildən sonra icazə verilir.

    Həmin müddətlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın rəyi ilə uzadıla bilər.

    Eyni zamanda, vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsaslar aradan qalxdığı və ya dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və ya təşkilatın rəhbəri yoxlamanın nəticəsi ilə razı olmadığı hallarda onun təşəbbüsü ilə təkrar yoxlama keçirilə bilər.

  • Polşa erməni manyakı ekstradisiya edəcək

    Belçika polisi tərəfindən axtarışa verilən erməni manyak Qayk Terteryan bu günlərdə Polşada tapılıb.

    Terteryan “xüsusi axtarışda olan şəxslər” siyahısında olub.

    Məlumatlara görə, onun 2011-2012-ci ildə Ostend şəhərində beş zorlama faktında adı çəkilir. Ölkə məhkəməsi onu 15 il müddətinə azadlıqdan məhrum edib.

    Polşada saxlanılan Terteryanı barmaq izləri ələ verib. O, yaxın vaxtlarda ekstradisiya ediləcək.

  • “Facebook”a haker hücumu: 50 milyon akkaunt təhlükədə

    “Facebook” sosial şəbəkəsinə kiber hücum olub.

    Hücum 50 milyondan çox istifadəçiyə problem yaradıb.

    Sosial şəbəkənin təhlükəsizlik bölməsinin rəhbəri Qay Rozen bildirib ki, hakerlər “View As” funksiyası ilə bağlı kodda olan boşluqdan yararlanıblar.

    Nəticədə hakerlər istifadəçilərə login və şifrəni hər dəfə daxil etmədən səhifəyə girmək imkanı verən “Access tokens” markerlərini oğurlayıblar.

    Bu üzdən sosial şəbəkənin rəhbərliyi 90 milyon səhifənin şifrələrini dəyişmək məcburiyyətində qalıb. Həmçinin müvəqqəti olaraq “View As” funksiyası deaktiv olunub.

  • Ronaldu: Onu zorlamamışam

    “Yuventus”un portuqaliyalı legioneri Kriştianu Ronaldu zorlama ittihamlarına münasibət bildirib.

    Аutbolçu Instagram-da canlı yayımda ABŞ vətəndaşı Ketrin Mayorqanın iddialarını yalan adlandırıb.

    O, həmin adamı zorlamadığını bildirib.

    “O qadın adımdan istifadə edərək məşhurlaşmaq istəyir. Belə hallar işimin bir hissədir”, – deyə o vurğulayıb.

    Qeyd edək ki, K. Mayorqa 2009-cu ildə Las-Veqasda Ronaldu tərəfindən zorlandığını iddia edir.

  • Ramil Usubov polis rəisini işdən çıxardı

    Daxili işlər naziri Ramil Usubov polis rəisini işdən çıxarıb.

    Median.Az-ın Unikal.org-a istinadən məlumatına görə, nazir Ramil Usubov Tərtər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rauf Məcidovun işdən azad edilməsi ilə bağlı əmr imzalayıb.

    Məlumatı Tərtər Rayon Polis Şöbəsindən təsdiqləyiblər.

    Şöbədən bildirilib ki, hazırda rəis vəzifəsini polis polkovniki İlqar Fərəcov icra edir.

  • Sumqayıtda silsilə oğurluqlar törədən şəxslər tutulub

    Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-dən sentyabrın 5-dək olan müddətdə, şəhər ərazisindəki 6 evdən inşaat materialları və məişət əşyaları oğurlayan Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Cavid Şirməmmədov saxlanılıb.

    Bundan başqa, Sumqayıt ŞPİ 4-cü polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 24-dən avqustun 31-dək olan müddətdə, şəhər ərazisindəki 1 evdən 2 ədəd qızıl diş, 1 avtomobildən maqnitofon, səsgücləndiricilər, videoqeydiyyat qurğusu, 1 mağazadan spirtli içki və tütün məmulatı oğurlayan Köhnə Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mahmud Orucovu saxlayıblar.

    Sumqayıt ŞPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işləri başlanılıb.