Month: Sentyabr 2018

  • Yeni şəxsiyyət vəsiqələri ilə bağlı xəbər – Çipdəki məlumatları oxumaq mümkündür

    Yeni nəsil şəxsiyyət vəsiqəsinin elektron daşıyıçısında (çipində) yerləşdirilən müəyyən məlumatların oxunması mümkündür.

    Məlum olduğu kimi, bu il sentyabrın 1-dən ölkədə yeni nəsil elektron şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılıb. Qanunvericiliyə əsasən, həmin sənəd sahibinin yaşayış yeri, ailə vəziyyəti və hərbi vəzifəsi barədə dəyişə bilən məlumatlar elektron daşıyıcıda (çipdə) yerləşdirilir.

    DİN-dən verilən məlumata görə, şəxsiyyət vəsiqəsinin çipində göstərilən məlumatların oxunması üçün nəzərdə tutulmuş xüsusi fayllar istehsalçı şirkət tərəfindən təqdim olunub. Həmin faylları Daxili İşlər Nazirliyinin (mia.gov.az) və Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin (bpqmi.gov.az) rəsmi internet saytlarında yerləşdirilmiş

    (https://mia.gov.az/?/az/news/view/1237/)

    (http://www.bpqmi.gov.az/?/az/news/view/117/)

    linklərindən yükləyərək istifadəçi təşkilatın (fiziki və hüquqi şəxsin) istifadə etdiyi proqram təminatına inteqrasiya etməklə vəsiqə sahibi barədə məlumatları xüsusi qurğu (çip rider) vasitəsilə oxumaq və zərurət olduqda eksport etmək mümkündür.

  • İlham Əliyev Zakir Qaralovu təltif etdi

    Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

    Müvafiq sərəncamı cümə günü, sentyabrın 28-də dövlət başçısı İlham Əliyev imzalayıb.

    Sərəncamla həmçinin dörd nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, yeddi nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 7 nəfər “Tərəqqi”, 24 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub.

    Qeyd edək ki, 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günüdür.

  • Bakıda gənc oğlanı girov götürdülər – Anasına zəng edib…

    Bakı sakini oğlunun girov götürülməsi ilə bağlı polisə müraciət edib.

    Nizami Rayon Polis İdarəsinə müraciət edən Gülşən Qəribova Naxçıvanski küçəsində yaşadığını və oğlu, 1989-cu il təvəllüdlü Anarın sentyabrın 22-dən itkin düşdüyünü bildirib.

    Qadın şikayət ərizəsində qeyd edib ki, ayın 22-də oğlu Habil və İxtiyar adlı tanışları ilə Gürcüstana getmək adı ilə evdən çıxıb. Lakin o, bir müddət Anardan xəbər ala bilməyib. Nəhayət, sentyabrın 27-də Habil adlı şəxs Gülşən Qəribovaya zəng edərək oğlunu girov saxladıqlarını bildirib. Həmin şəxs Anarın azad edilməsi üçün 5 min manat tələb edib.

    Müraciət əsasında polis tərəfindən araşdırmalara başlanılıb./Publika.az

  • Polis şöbəsindəki ölümə görə mayor həbs edildi

    Azərbaycan Respublikası Baş Prokurorluğu Qazaxda baxş verən ölüm işi ilə bağlı növbəti dəfə məlumat yayıb.

    Qurumun Mətbuat xidmətindən Qaynarinfo-ya daxil olan məlumatda xatırladılıb ki, Elmir Axundovun Qazax rayon Polis Şöbəsində vəfat etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

    Aparılmış istintaqla Kərim Əhmədovun Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dəlalət edən ilkin sübutlar toplandığından o, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    İstintaq zamanı həmçinin, rayon Polis Şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi İlham Süleymanovun Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə şübhələr üçün kifayət qədər əsaslar olduğundan şübhəli şəxs qismində saxlanılıb.

    Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

    Qeyd edək ki, ötən gün Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun Mətbuat xidmətləri Qazax rayon sakininin ölümü ilə bağlı birgə açıqlama yayıb.

    Bildirilib ki, sentyabrın 25-də Qazax rayon Müalicə Diaqnostika Mərkəzindən rayon sakini Elmir Axundovun ölmüş vəziyyətdə təcili-tibbi yardım briqadası tərəfindən xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumat əsasında dərhal rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, E.Axundovun anası sentyabrın 24-də rayon Prokurorluğuna müraciət edərək oğlunun rayon sakini Kərim Əhmədov tərəfindən döyülməsini bildirib. Müraciət əsasında E.Axundovun izahatı alınıb, barəsində məhkəmə-tibbi ekspertizası təyin olunaraq müayinə edilib və döyülmə nəticəsində bədənində xəsarətlər aşkar edilib.

    Eyni zamanda, qeyd edilən tarixdə K.Əhmədov da rayon Polis Şöbəsinə müraciət edərək E.Axundov tərəfindən döyüldüyünü bildirib. Bununla əlaqədar sentyabrın 25-də E.Axundov izahatının alınması məqsədilə rayon Polis Şöbəsinə dəvət edilib və həmin gün saat 22 radələrində səhhətinin pisləşdiyi üçün Təcili-Tibbi Yardım xidmətinə müraciət olunub, həkim briqadası rayon Polis Şöbəsinə gələrək E.Axundovu ölmüş vəziyyətdə rayon Diaqnostika Mərkəzinə aparıb.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

    Cinayət işinin istintaqı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülməklə hər iki qurumun məsul əməkdaşları Qazax rayonuna ezam olunub.

    K.Əhmədov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Bakıda narkotik satışı ilə məşğul olan 2 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Suraxanı RPİ-nin 30-cu polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbə sakini Novruz Hüseynovun həyətyanı sahəsindən 1 kq. 150 qram marixuana və kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

    Bundan başqa, Binəqədi RPİ-nin 6-cı polis bölməsinin əməkdaşları Biləcəri qəsəbə sakini Aynur Həsənovdan heroin aşkar ediblər. Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən əlavə olaraq heroin, psixotrop vasitə- metamfetamin, həmçinin 1 ədəd pnevmatik tapança və tərəzi aşkar edilərək götürülüb.

    Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq gedir.

  • Gürcüstanda dünyasını dəyişən azərbaycanlı tələbənin ölüm səbəbi bilindi – FOTO

    Xəbər verdiyimiz kimi, “Sağlam Düşüncə” Gənclər Təşkilatının İdarə heyətinin üzvü Zeynəb Vəlizadə 21 yaşında vəfat edib.

    Hadisə Gürcüstan Respublikasında baş verib. Belə ki, xanım Vəlizadə qonşu ölkədə keçirilən təlimdə iştirak etmək üçün oraya gedib.

    Ötən gün axşam saatlarında Z.Vəlizadənin vəziyyəti qəfil pisləşib və onun həyatını xilas etmək olmayıb.

    Mərhumun rəfiqəsi Fidan sosial şəbəkədə Zeynəbin zəhərlənərək öldüyünü bildirib.

    Qeyd edək ki, Z. Vəlizadə 1997-ci ildə Sumqayıt şəhərində anadan olub. Bakı Mühəndislik Universitetin (keçmiş “Qafqaz”) tələbəsidir.

    Allah rəhmət eləsin! (sonxeber.az)

    Gürcüstanın Daxili İşlər Nazirliyi isə faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi üzrə cinayət işi açıb. Z.Vəlizadənin meyiti ölüm səbəbinin müəyyən olunması üçün ekspertizaya göndərilib. (report.az)



  • Qobuda “VAZ 21013” 5 yaşlı uşağı vurub öldürüb

    Median.Az xəbər verir ki, sentyabrın 27-i saat 17 radələrində Qobu qəsəbəsində Kürdəmir rayon sakini Zahir Məlikov idarə etdiyi “VAZ-21013” markalı avtomobillə qəsəbə sakini
    Nuran Güləliyevanı (2013-cü il təv.) vurub.

    Nəticədə xəstəxanaya çatdırılan uşaq orada ölüb.

    Abşeron RPİ-də faktla bağlı araşdırma aparılır.

  • DİN əməkdaşları Rusiyada adam öldürən şəxsi saxlayıblar

    Median.Az xəbər verir ki, DİN Baş Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası CM-nin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan RF vətəndaşı Timur Səfərov saxlanılaraq, istintaqa təhvil verilib.

    Araşdırma aparılır.

  • Sabahki mitinqin təşkilatçılarına xəbərdarlıq edildi

    Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) sabah Bakıda keçiriləcək mitinqlə bağlı xəbərdarlıq edib.

    Bu brədə idarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov “report”a açıqlamasında bildirib. O, vurğulayıb ki, bu gün mitinqin təşkilatçıları Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub və onlara xəbərdarlıq edilib.

    General qeyd edib ki, sentyabrın 29-da keçirilməsi nəzərdə tutulan mitinqə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilib: “Təşkilatçılar bildirdilər ki, mitinqdə ancaq Qarabağa dair şüarlar səsləndiriləcəklər.

    Bizim vəzifəmiz təhlükəsizliyi təmin etməkdir. Mitinq iştirakçıları da öz növbəsində qanundan kənar hərəkətlərə yol verməməlidir.

    Bildirmək istəyirəm ki, Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan fərqli şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək.

    Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar”.

    Qeyd edək ki, bir qrup siyasi partiya və ictimai təşkilat 29 sentyabrda “Məhsul” stadionunda mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. BŞİH aksiyanın keçirilməsinə razılıq verib.

  • Gömrükdən ölkəyə poçtla gətirilən telefonlarla bağlı VACİB AÇIQLAMA

    “Azərbaycanda bəzi hallarda yerli poçt idarələri işbazların ölkəyə qeyri-qanuni yollarla mobil telefon idxal etməsinə şərait yaradırlar”.

    Median.Az-in “Report”a istinadla məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşı Fikrət Ələsgərli Qusarda Komitənin jurnalistlər üçün təşkil etdiyi “Gömrük islahatları və Modernləşdirmə” mövzusunda keçirilən seminarda bildirib.

    Onun sözlərinə görə, bu işbazlar bəzən hətta vətəndaşlardan xəbərsiz onların şəxsiyyət vəsiqələrnin nüsxələrini və yaxud insanların şəxsi məlumatlarını əldə edərək qanunsuz yollara əl atırlar: “Onlar anlamır ki, bu yolla ölkə iqtisadiyyatına ziyan vururlar və dövlət büdcəsinə köçürmələrin qarısını alırlar. Üstəlik qeyri-qanuni mobil telefon idxalı ilə bu sahədə fəaliyyət göstərən şirkətlər müflis olurlar.”

    F. Ələsgərli deyib ki, bu kim hallar yalnız mobil telefonlara aid deyil: “Bu gün mobil telefona ölkədə böyük tələbat var. Bunun qarşısını alacağıq, bu işbazlar qeyri-qanuni televizor idxalına başlayacaq. Qeyri-qanuni televizor idxalının qarşısı alınacaq, bu işbazlar qeyri-qanuni soyuducu idxalına başlayacaqlar. Onlar üçün malın önəmi yoxdur. Bu hal Azərbaycanın bütün coğrafi rayonlarını əhatə edir. 4 ay ərzində Gədəbəyin Şınıx kəndindən olan bir qadının adına 4 ədəd “iPhone X” telefonu gətirilib. Mən əminəm ki, bu qadının həmin telefonlardan heç xəbəri yoxdur və o, heç “iPhone X”in nə olduğunu bilmir”.

    DGK rəsmisi qeyri-qanuni idxalın qarşısını alımaq, işbazların fəaliyyətinə son qoymaq üçün mətbuatın bu sahədə daha fəal olmasını və ictimaiyyəti maarifləndirməsini xahiş edib.