Month: Sentyabr 2018

  • Bakıda mənzillərdən oğurluq edən 2 qadın saxlanılıb

    Median.Az xəbər verir ki, Sabunçu RPİ 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də Bakıxanov qəsəbəsindəki evlərin birindən 1800 manat oğurlayan İmişli rayon sakini N.Xasməmmədova saxlanılıb.

    Bundan başqa, Nəsimi RPİ 20-ci polis şöbəsinin əməkdaşları tərəfindən avqustun 14-də rayon ərazisindəki evlərin birindən 430 manat oğurlayan Yevlax rayon sakini F.Abdullayeva saxlanılıb.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

  • Evli qadın sevgilisi ilə birgə taksi çağırdı, əri gəldi

    Kolumbiyada evli qadın və onun sevgilisi “Uber” taksisi sifariş verib, sürücünün qadının əri olduğunu gördükdə təlaşa düşüblər.

    Bu barədə “El Espectador” nəşri yazır.

    Nəşrin məlumatına əsasən, Eymi adlı qadın və onun sevgilisi Xesus Barrios bir ildən çox öz münasibətlərini gizlədiblər.

    Çərşənbə axşamı Eymi və Xesus Santa-Marta şəhərində görüşüblər və yerli motellərdən birinə gediblər.

    Cütlük bilməyib ki, Eyminin əri dostunun avtomobilini götürüb və sonuncunun “Uber”də sürücü hesabından istifadə edib. Sevgililər sürücünün Leonardo adlı şəxs olduğu barədə bildiriş alıblar, və onun əvəzinə Eyminin ərini görəndə çox təəccübləniblər.

    Yerli KİV yazır ki, Eymi və əri bir-birlərini qadının maşına əyləşməsindən sonra tanıyıblar.

    Şahidlər hadisə barədə müxtəlif versiyalar danışırlar. Bəzi şahidlərin sözlərinə görə, hər üç şəxs maşından çıxıblar və kişilər küçədə dalaşmağa başlayıblar. Eymi isə onları ayırmağa çalışıb.

    Digərləri isə bildirirlər ki, qadın və onun sevgilisi maşından çıxıb qaçıblar.

  • Külli miqdarda narkotiklə tutulan Nardaran sakini 9 il cəza alıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Seyfulla Bədəlovun (1957-ci il təv.) CM-nin 234.4.3-cü (qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə və saxlama) və 237.2.3-cü (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, bu il iyunun 4-də Sabunçu RPİ 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Seyfulla Bədəlov saxlanılıb. Onun Nardaran qəsəbəsində yerləşən evinin həyətinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilən 171 ədəd çətənə kolu və 6 kq. 245 qram marixuana aşkar olunaraq götürülüb.

    Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkini özü əkdiyini və həmin çətənə yarpaqlarını yığaraq qurutduğunu bildirib.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

  • Aşura günü qan verənlərdə QİÇS və sifilis aşkarlandı

    Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə «Aşura günü” qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə keçirilən könüllü qanvermə aksiyalarında toplanılan qanların infeksiyalara görə müayinəsi aparılıb.

    Median.Az Səhiyyə Nazirliyi Mətbuat Xidmətinə istinadən xəbər verir ki, müayinələr B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının kliniki laboratoriyasında IFA (imunoferment ) metodu ilə həyata keçirilir.

    Qanlar 4 infeksiyaya görə (HIV; HBsAg; HCV; Sifilis) yoxlanılır. Müayinələrdə skrining keçirilir və infeksiya baxımından şübhəli olan qanlar barəsində müvafiq müəssisələrə məlumat verilir.

    Müayinələr zamanı sifilislə şübhəli olan şəxslər barədə Dəri zöhrəvi Dispanserinə; Hepatitə şübhəli şəxslər barəsində Gigiyena və Epidemiologiya Mərkəzinə; QİÇS-lə bağlı Respublika QİÇS Mərkəzinə məlumat verilir və həmin şəxslər təkrar müayinələrə dəvət olunur.

    İnfeksiya baxımından şübhəli qanlar müvafiq qaydalara uyğun olaraq zərərsizləşdirilir.

    Aşura günü qan verən 5 min 539 nəfərin qanı müvafiq qaydada yoxlanılıb. 1 nəfərdə QİÇS, 96 nəfərdə Hepatit B, 116 nəfərdə Hepatit C, 76 nəfərdə sifilis aşkarlanıb.

  • Nazirlikdən Bakıda karton evdə yaşayan ailə ilə bağlı açıqlama – FOTO

    Bakı şəhəri Biləcəri qəsəbəsində, dəmiryolu xəttinin yaxınlığında qeydiyyatsız yaşayan, Tərtər rayonu, Buruc kənd sakini Tacəddin Məmmədovun ailəsinin maddi durumunun çətin olması ilə bağlı yayılan müraciətlə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşları ailənin yaşadığı yerə gediblər.

    Bu barədə Yeniavaz.com saytına nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib.

    F. Talıblı deyib ki, şəraiti olmayan tikilidə yaşayan ailə başçısı Tacəddin Məmmədov “Azərbaycan Dəmir Yolları” QSC-də Biləcəri 2 nömrəli işarəvermə və rabitə sahəsində işləyir: “Ailənin 3 övladı məktəbli ləvazimatlarının olmaması səbəbindən məktəbə getmirdilər.

    Uşaqların hər birinə Heydər Əliyev Fondu tərəfindən hədiyyə edilən zəruri ləvazimatları olan məktəbli çantaları təqdim edilib. Nazirlik əməkdaşları ailəyə ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün elekton qaydada müraciət etmələri tövsiyə olunub.

    Ünvanlı dövlət sosial yardımın təyin olunması üçün tələb olunan prosedurlar izah olunub. Ailənin digər əməkqabiliyyətli üzvü Xəyalə İsmayılova dəmiryolu ərazisində yaşadığı və buna görə övladlarını nəzarətsiz qoya bilmədiyinə görə təklif olunan vakant işlərdən imtina edib. Bununla belə ev şəraitində çalışmaq imkanı nəzərə alınaraq özünüməşğulluq proqramına cəlb edilməsi üçün rayon məşğulluq mərkəzinə dəvət olunub”.

  • Bakıda İLK DƏFƏ – Sərnişin avtobuslarını qadın sürücülər idarə edəcək – FOTO

    Bakıda ilk dəfə olaraq sərnişin avtobuslarına qadın sürücülər dəvət olunacaq.

    “Xaliq Faiqoğlu” MMC ilk dəfə olaraq ictimai nəqliyyatda sürücü kimi işləmək istəyən xanımları əməkdaşlığa dəvət edir.

    Daim yeniliklərə açıq olan şirkət Bakı şəhərində, xüsusi ilə şəhərin mərkəzi hissələrində sərnişindaşıma fəaliyyəti göstərən avtobuslarda qadın sürücülərin də işləməsini arzulayır və bu məqsədlə zərif cinsin nümayəndələrini işə dəvət edir.

    “D” sürücülük kateqoriyası olan və avtobus sürücüsü kimi işləmək istəyən qadınlar info@safa.az e-mail ünvanına cv yollaya və ya Mir Cəlal küçəsi 1D ünvanında yerləşən ofisimizə birbaşa müraciət edə bilər.

    Nəzərinizə çatdırmaq istəyirik ki, yeni sürücülər üçün müvafiq təcrübə proqramları təşkil ediləcək. İşə qəbul ediləcək qadın sürücülər 8 saatlıq iş rejimində fəaliyyət göstərəcək və “EURO 5” standartlı müasir avtobusları idarə edəcək.

    Qeyd edək ki, bir çox ölkələrdə, eləcə də qonşu dövlətlərdə ictimai nəqliyyat sistemində qadın sürücülər kifayət qədərdir.//baku.ws

  • Yevlaxda “KİA” piyadanı vurub

    Median.Az xəbər verir ki, sentyabrın 27-də Yevlax şəhəri ərazisində Mingəçevir şəhər sakini Elvin İbrahimov idarə etdiyi “KİA” markalı avtomobillə şəhər sakini Baloğlan Həşimovu vurub.

    Nəticədə piyada Mərkəzi Rayon Xəstəxanasında ölüb.

    Yevlax RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Bakıda uşağa qarşı soyğunçuluq edən Abşeron sakini saxlanılıb

    Median.Az xəbər verir ki, Yasamal rayonu ərazisində azyaşlının mobil telefonunun əlindən alınması barədə DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət daxil olub.

    Araşdırmaya başlayan Yasamal RPİ 29-cu polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Kamil Məmmədovu saxlayıblar.

    Məlum olub ki, o Abşeron rayon sakini O.Kərimlinin Zərdabi küçəsində saxladığı “Mercedes” markalı avtomobilində olan azyaşlı oğluna zor tətbiq edərək, mobil telefonunu əlindən alıb və hadisə yerindən qaçıb.

    Yasamal RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Nazirliyin vəzifəli əməkdaşları həbs edildi – RƏSMİ

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli əməkdaşları həbs edilib.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydığı birgə açıqlamada bildirilib.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin vəzifəli şəxslərinin yaşa görə müavinətlərin təyini üçün vətəndaşlardan rüşvət tələb etmələri ilə bağlı Baş Prokurorluğa daxil olmuş vətəndaş müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz tədbirlər görülüb.

    Keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Fondun Sumqayıt şəhər Şöbəsinin Sosial Yardım və Müavinətlər sektorunun baş məsləhətçisi vəzifəsində işləyən Elnur Quliyevin xidməti otağına baxış keçirilərkən ayrı-ayrı şəxslərin adlarına tərtib edilmiş sosial müavinət kartı və müavinət işləri aşkar edilərək götürülüb.

    Aparılmış birgə araşdırmalarla E.Quliyevin xidməti vəzifəsinin icrası ilə əlaqədar yaşa görə müavinətin həcminin daha artıq məbləğdə hesablanaraq verilməsinə görə müavinəti alacaq tərəflə əvvəlcədən aralarında olan razılaşma əsasında vətəndaşın bank kartını bankomata daxil edib kart hesabına köçürülmüş 1800 manat məbləğində birdəfəlik müavinət məbləğinin 600 manatını nağdlaşdırmasına, bununla da rüşvət kimi birbaşa yolla əldə etdiyi həmin pulun 300 manatını özünə götürməklə, qalan hissəsini qabaqcadan aralarında olan cinayətkar sövdələşməyə uyğun olaraq işlədiyi sektorun müdiri Vidadi Eyvazova verməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

    Cinayət işinin istintaqı gedişində toplanmış ilkin sübutlar əsasında Elnur Quliyev və Vidadi Eyvazova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Bakıda xarabalığı xatırladan məktəb: Görənlər dəhşətə gəlir (FOTOLAR)

    Novxanıda yerləşən musiqi məktəbinin görüntüləri görənləri dəhşətə gətirir.

    Bu barədə azxeber.com-a müraciət edən vətəndaşlardan biri məlumat verib. Məlumata görə, məcburi köçkünlərin də yaşadığı bu xarabalıqda Laçın rayonuna aid musiqi məktəbi də fəaliyyət göstərir.

    Görüntülərdən də göründüyü kimi, qəzalı vəziyyətdə olan sözügedən məktəbdə təhsildən danışmaq olmaz.