Month: March 2019

  • Ana 15 yaşlı qızını əxlaqsızlığa vadar etdi, ata kəmərlə döydü – VİDEO

    ATV-də yayımlanan “BizimləSən” verilişində 17 yaşlı qızın danışdıqları qan dondurub.

    O, 15 yaşında anası tərəfindən əxlaqsızlığa məcbur edildiyini etiraf edib:

    “Mən gecə yatanda anam məni durğuzub öz müdiri ilə evə göndərirdi. O hadisədən sonra Bakıya qaçdım. Təkbaşına Bayıla gəlmişdim. Həmin axşam polislər məni tutub evə gətirdi”.

    Yeniyetmə qız anasının hiyləsi nəticəsində atası tərəfindən də zorakılığa məruz qaldığını əlavə edib:

    “Anam atamı öyrədirdi. O da bizi maşın kəməri ilə döyürdü. Belimə bıçaq, qayçı atırdı”.

    //Baku.ws

  • Tahir İmanov kanalları tənqid etdi: “Ölkə başçısı ilə dialoqumuza, geniş yer ayırmadılar”

    “Planet Parni iz Baku” KVN teatrı 19, 20, 21 və 22 apreldə “Nataşa, mı prişla” adlı konsertlə onları sevənlərin hüzuruna gələcək.

    Oxu.Az bu münasibətlə teatrın bədii rəhbəri, rejissor və aktyor Tahir İmanovdan müsahibə alıb.

    Lakin konsertlə bağlı suallarımıza keçməzdən əvvəl son günlər “Planet Parni iz Baku” ətrafında gedən söhbətlərə toxunmaq qərarına gəldik.

    – Ölkə prezidenti İlham Əliyev bu yaxınlarda mədəniyyət nümayəndələri ilə görüş keçirdi. Siz də ölkə başçısı ilə görüşənlər arasında idiniz. Orada prezidentə telekanalların sizə olan qadağasından danışdınız. Bu görüşdən sonra dəyişən nə olub?

    – Açığı, hələ cənab prezidentlə görüşümüzdən əvvəl bizə bir neçə dəfə “İctimai” TV-nin rəhbəri Balaş Qasımov zəng edib və konsertlərimizi efirə verməyi təklif edib. Sadəcə, son dörd ildə məmurların bizə təzyiqini nəzərə alaraq, mən ona dedim ki, lazım deyil.

    İstəmədim ki, bizim üzləşdiyimiz çətin anlarla o da üzləşsin. Çünki o vaxtlar Balaş Qasımov “İctimai” TV-yə yenicə rəhbər təyin olunmuşdu. Telekanalın işləri onun başından aşırdı. Həmin problemlərlə yanaşı, bizim də problemlərimizi çəkməyini özümüz istəmədik. Amma təklifinə görə Balaş qardaşıma minnətdaram. O, çox böyük cəsarət göstərdi.

    Elə cənab prezidentlə görüşdən dərhal sonra bizimlə əlaqə saxlayan da Balaş Qasımov oldu. İndi konsertlərimiz bu telekanalda göstərilir. Bundan sonra ARB telekanalından təklif gəldi.

    Telekanal rəhbərliyi ilə görüşüm əsnasında məlum oldu ki, sən demə, bu illər ərzində ARB-də bizə qadağa olmayıb. Uzun sözün qısası, layihələrimizi hazırda bu iki telekanal göstərir.

    ATV-dən isə “Beşinci Element” verilişində çəkilmək təklif olunmuşdu. Soruşdum ki, orada nədən danışacağıq? Dedilər ki, sizin fəaliyyətinizdən. Mən də dedim ki, mənim fəaliyyətim sizin telekanalda işıqlandırılmırsa, nədən danışa bilərik ki?

    Məsələn, istənilən müğənninin fəaliyyətindən ATV-də bəhs edilir. Amma “Planet Parni iz Baku”nun konsertindən heç bir parça da göstərilmir. Belə başa düşdüm ki, ATV bunu hesabat üçün etmək istəyir ki, biz onlara efir verdik. Halbuki bizim davamız odur ki, bütün konsertlərimiz, filmlərimiz efir üzü görsün.

    “Xəzər” TV, ümumiyyətlə, bizə yaxın gəlmir. Ölkə başçısı ilə dialoqumuza, demək olar ki, geniş yer ayırmadılar. “Lider” TV-də isə bizə əvvəldən qadağa var.

    “Space” TV də öz ampluasında qalır. Mən heç o telekanala qayıtmaq da istəmirəm. Çünki bu telekanal əvvəlcə “Planet Parni iz Baku”ya öz borcunu ödəməlidir. 2012-ci ildə ölkə başçısının ehtiyat fondundan Azərbaycan serialları üçün ayrılmış pullardan bizə gəlib çatmayıb. O vaxt bizə “Bir kəndin sevinci” serialını çəkdirdilər, amma pulumuzu vermədilər. Dedilər ki, pulumuz yoxdur. Bu telekanal indiyədək bizə həmin pulu borcludur. Özü də bu borc devalvasiyadan əvvəlki kursladır.

    – Təxminən borc nə qədər məbləğ təşkil edir?

    – Təxminən 70 min. Bizə ilk qadağanı da məhz “Space” telekanalı qoyub. O vaxt telekanalın rəhbəri Vaqif Mustafayev öz mövqeyini açıq-aydın bildirsəydi, başqalarının fikri ilə oturub-durmasaydı, heç bu gün belə xırda problem də işıq üzü görməzdi.

    Bir şeyi də qeyd edim ki, həm ATV, həm də “Xəzər” telekanalları prezidentlə görüşdən əvvəl bizi təhqir edirdi. Sən demə, biz səviyyəsizik, tamaşalarımızın duzu yoxdur. Bu, onların mövqeyidir. Amma cənab prezidentin mövqeyini gördünüz. Tamamilə ayrı-ayrı mövqelərdir.

    Onlar öz verilişlərində bizi sifarişlə təhqir edirdilər. Bu dörd ildə bizim çəkdiklərimizi Allah heç kimə göstərməsin. Hamı başımıza KVN-çi çıxmışdı. Deyirdilər, bunu belə etməlisiniz, müasir yumor aktyorları ilə ayaqlaşmalısınız. Onlara başa sala bilmirdim ki, biz zirvədəyik, ordan aşağı düşüb kiminləsə ayaqlaşmalı deyilik…

    Bizə təhqirlər ölkə başçısı konsertlərimizə baxmağa gələndə dayanırdı. Onda telekanallar, aktyor və aktrisalar üçün biz hamıdan yaxşı idik. Onda bizə nəsə deməyə heç kimin hünəri çatmırdı. Bu dörd ildə biz dözdük, mübarizə apardıq və sonda qalib gəldik.

    – Xatırlayıram ki, “Space” telekanalı vaxtilə “Məhəllə” və “Məhəllə 2” filmlərini göstərirdi. Monitorinq aparmısınızmı ki, qadağadan sonra bu telekanal həmin filmləri göstərir?

    – Bizim icazəmiz olmadan heç bir layihəmizi efirdə göstərə bilməzlər. Çünki burada müəllif hüquqları var. Heç biz buna razı olmarıq ki, göstərilək. Çünki “Space”in daha böyük layihələri var: hind kinoları (gülür). Ona görə də mən inanmıram ki, onlarda “Məhəllə” üçün yer tapılsın.

    – Martın 3-də “Məhəllə 3”ün böyük təqdimatını uğurla keçirdiniz. Aprelin 19-dan isə dörd günlük “Nataşa, mı prişla” “Planet Parni iz Baku” KVN teatrının solo konserti olacaq. Arada məsafə az deyil? Yəni konserti bir qədər arxa tarixə atmaq olmazdımı?

    – Bu, o baxımdan problemdir ki, özümüz özümüzə rəqib olmuşuq. Heç ən dəhşətli yuxumda da görməzdim ki, “Məhəllə 3” “Planet Parni iz Baku”nun konsertinə rəqib olar (gülür). Prodüser kimi deyirəm ki, iki böyük layihəni paralel olaraq aparmaq çox çətindir. Tamaşaçı elə bilir ki, camaatı güldürdülər, çıxdılar, getdilər… Belə deyil. Bunun elə hazırlıq mərhələsini götürsən, böyük insan qüvvəsinin əziyyətini görərsən.

    Prodüserlər, reklam işinə baxanlar, monitorlara, bilbordlara, posterlərə cavabdeh şəxslər, Heydər Əliyev Sarayı ilə müqavilə bağlayan digər şəxslər – hamı işləyir. Bunların hamısı paralel şəkildə həyata keçirilir. Hələ mən sponsorlarla olan söhbətlərdən danışmıram. Şəxsən bu, mənim üçün aldadıcı bir prosesdir.

    Çox şirkət deyir ki, siz qadağa altındasınız deyə biz sizə sponsorluq edə bilmərik. Ona yalnız televiziyalarda qadağada olduğumuzu başa salanadək vaxtımız gedir, səhhətimiz pozulur. Ona görə də hər gün Allahıma dua edirəm ki, məni bu cür alçaldıcı proseslərdən uzaq etsin.

    Yaradıcı insan ancaq yaradıcı işlə məşğul olmalıdır. Mən həm ssenari müəllifləri ilə, həm prodüserlərlə, həm də aktyorlarla işləyirəm. Evə gələndə isə ailəvi işləri görməyə gücüm də qalmır.

    Yeri gəlmişkən, onu da deyim ki, ola bilsin ki, konsertimiz dörd yox, beş günlük olsun. Çünki biletlər tükənmək üzrədir. Camaatın tələbatını nəzərə alaraq, aprelin 23-də də konsert verə bilərik.

    – Ümumiyyətlə, siz təqdimatınızı kinoteatrlarda yox, Heydər Əliyev Sarayında edirsiniz. Bunun özəl səbəbi varmı?

    – Bu, ilk növbədə tələbatla bağlıdır. İkincisi, filmin adı artıq hər şeyi deyir. “Məhəllə” artıq brendə çevrilib. “Parni iz Baku” deyəndə “Məhəllə”, “Məhəllə” deyəndə “Parni iz Baku” yada düşür.

    Məsələn, Tahir və Cabir İmanovların kim olduğunu soruşsalar, dərhal deyəcəklər ki, Eliş və Roşkadır. O biri obrazlar artıq ikinci dərəcəlidir. Hardasa Eliş-Roşkaya Ağanatiq obrazı rəqib ola bilər.

    Vaxt olub ki, camaat kassaya gələndə soruşurdu ki, bilmirsiniz, “Məhəllə” olacaq, ya yox? Yəni sırf “Məhəllə”yə görə gəlirdilər. Məhz belə tələbata görə, qrupumuz qərar verdi ki, mütləq təqdimat Heydər Əliyev Sarayında olmalıdır. Tarixə nəzər salsaq, “Məhəllə”nin birinci və ikinci hissələrinin təqdimatı da məhz bu məkanda baş tutub. O vaxt kinoteatrlar da yox idi.

    – Ola bilərmi ki, “Məhəllə 3”də qaldırılan problemlərin ssenari ardıcıllığı konsertdəki “Məhəllə”də davam etdirilsin?

    – Apreldə digər məhəlləmizin sakinlərinin macəralarından söhbət açacağıq. O da Rusiyada yaşayan bizim soydaşlarımızdan gedir. Bu, el arasında “Fedot” kimi tanınan Fəxrəddin, mənim yeni yaratdığım obraz Əlövsət və Bəhram Bağırzadənin canlandırdığı Familin sərgüzəştləri barədə olacaq. Daha dəqiq desəm, el arasında bu üç personaja “Nataşa, tı prişol” deyirlər (gülür).

    Biz artıq qərara gəldik ki, həmin Nataşanı göstərək. Çünki iki ildir, Fedot deyir ki, Nataşa, tı prişol? İndi həmin qəhrəmanlar Rusiyaya – Nataşanın hərisinə gedir. Azərbaycanlılar Nataşanın qaldığı daxmada onun valideynlərindən həri istəyəcəklər. Bu necə olacaq? Gəlib, görərsiniz. Qabaqcadan deyə bilərəm ki, çox gülməli olacaq.

    – Nataşa “Planet Parni iz Baku”nun əməkdaşı olacaq, yoxsa kənardan bir aktrisa dəvət ediləcək?

    – Yox, kənardan bir nəfər olacaq. Açığı, bizdə bu rola uyğun Marina Litvinenko var. Lakin Fedotun “Tvar” dediyi bu xanımı artıq biz Bəhrama calamışıq. O, Bəhramın oynadığı Famil obrazının həyat yoldaşıdır. Bu bir il ərzində bizdə çoxlu maraqlı hadisələr olub. Misal üçün, robot Sofiyanın Azərbaycana gəlməsi mühüm bir hadisədir və biz bu hadisədən yan keçə bilməzdik. Siz bu hadisəni də görəcəksiniz.

    “WhatsApp”larda tufanla bağlı yayılan səs ismarıclarından da yan keçə bilməzdik. Bir sözlə, hansı hadisə baş veribsə, o, yumor, satira çərçivəsində öz əksini bizim konsertdə tapacaq. Bu bizim tamaşaçı qarşısında hesabat konsertimiz, imtahanımızdır.

    Biz ötən il dörd günlük konsertin anşlaqına nail olmuşuq. Sosial şəbəkələr, bilbordlar vasitəsilə bunu bacarmışıq.

    – “Nataşa, tı prişol” və ya konsertin indiki adı ilə götürsək, “Nataşa, mı prişla”nın filminin çəkilməsi necə, gələcək planlarda var?

    – Mənim çox yaralı yerimə toxundunuz. Fedot obrazını mən fikirləşəndə və dörd nəfərdən ibarət ssenari qrupumuza deyəndə, onlar buna etiraz etdilər. Dedilər ki, əvvəl buna oxşar obraz canlandırmışıq. Amma üç ildən sonra uşaqlara sübut edə bildim ki, heç vaxt bu obrazlar dəbdən düşmür, əksinə, sevilir. Belə oldu, üç dəqiqəlik sınaq kimi səhnə qurduq.

    Təsəvvür edin ki, bu üç dəqiqəlik səhnəyə heç böyük layihələrimizdə belə güclü alqışlar səslənməmişdi. Yəni bu Fedot obrazı çox sevildi. Hətta Rusiyada restoranları olan məşhur Novikov bu səhnəni götürüb sosial şəbəkədəki profilində paylaşmışdı.

    Həmin ərəfədə yeni konsertimizə hazırlaşırdıq. Konsertin adı da belə olmalı idi: “Formula 1, 2, bizimki”. Amma Novikovun “Instagram”dakı paylaşımını gördükdən sonra Moskvadan ssenari qrupuna zəng edib dedim ki, təcili konsertin adını dəyişin.

    Bizə böyük səhnə lazım idi. Hətta təyyarə götürüb onun içində çəkilmək ideyası da vardı. Bəli, gələcək üçün bizim bu obrazlarla bağlı çox ciddi planlarımız var. Düşünürəm ki, bu dəfə də uğurlu olacaq. Bu konsertdə Rusiya və Azərbaycan xalqlarının dostluğunu, mədəni əlaqələrini də göstərəcəyik.

    – Fedot sizin tanışlarınız içərisində varmı?

    – İnanın mənə, həm Cabirin, həm Bəhramın, həm də mənim oynadığım obrazların üçü də real həyatda var. Bizim o insanlara heç bir iradımız yoxdur. Əksinə, təklifimiz var ki, əgər siz Rusiyada otuz ildən çox yaşayırsınızsa, bu ölkənin vətəndaşlığını daşıyırsınızsa, azdan-çoxdan bu dili öyrənin. 

    Bizdə Marina Litvinenko, Yana Nikitina azərbaycanca təmiz danışır. Necə ki biz başqa millətlərdən azərbaycanca danışmağı tələb edirik, siz də yaşadığınız ölkənin dilini bilməlisiniz. Dili bilməmələri bir yana, şəhərlərin adlarını da düz tələffüz etmirlər.

    Şəhərin adı “Peterbruq”, “Murmanskı” deyil, “Peterburq”, “Murmansk”dır. İstənilən insan yaşadığı ölkənin qanunlarına tabe olmalıdır. Bundan başqa, onlara sözümüz yoxdur. Şəxsən mən fəxr edirəm ki, onlar xarici ölkədə yaşaya, biznes, ailə həyatı qura bilirlərsə, deməli, şəxsiyyət kimi formalaşıblar. Əsas odur ki, ölkəmizin adını batırmasınlar.

    1992-ci ildə Moskvaya “Parni iz Baku”nun konsertinə gedəndə valideynlərimdən xeyir-dua aldım. Atam və anamdan xeyir-dua aldıqdan sonra babam Süleyman Ələsgərovun yaşadığı Bəstəkarlar Evinə gəldim. Təbii ki, nənəm buna etiraz etdi. Amma babam dedi ki, əgər valideynlərin icazə veribsə, mənim buna heç bir etirazım yoxdur.

    Sadəcə, mənə dedi ki, özünü elə apar ki, nə ailəmizə, nə də millətimizə söz gəlsin. Bax, bu nəsihəti özümə o vaxtdan həyatımın düsturu kimi seçdim.

    – Konsertlərinizi bölgələrdə keçirmək kimi planınız varmı? Yoxsa fikirləşirsiniz ki, hələ bölgə əhalisi sizin yumoru anlamaq gücündə deyil?

    – Yox, belə düşünmürük. Əksinə, bilirik ki, onlar bizim yumorumuzu ən yüksək səviyyədə qəbul edir. Bizim böyük aktyorlarımız məhz bölgələrdən çıxıb…

    Təbii ki, bölgələrdə konsert verməyi istərdik. Amma hazırda nə belə dəvət, nə də dəstək almışıq.

    Dəvət olsa, bölgədə də konsert verməyə hazırıq.

  • Əməliyyatdan narazı olan qadın prezidentə müraciət etdi – VİDEO

    Bir neçə ay bundan əvvəl qadın xəstəliyilə bağlı müalicə alan və əməliyyat olunan qadın səhhətinin yaxşılaşmadığından şikayətlənib.

    Median.Az xəbər verir ki, bu barədə “İnstagram” səhifələrində narazı xəstə video müraciət edib. O, müraciətində əlinin hər yerdən üzüldüyünü və ölkə başçısına müraciət etdiyini bildirib.

    “Mən “Baku Medical Plaza”da həkim İlahə Quliyeva tərəfindən əməliyyat olundum. Əməliyyatdan sonra özümü yaxşı hiss etmədim. Dedim ya pulumu qaytatın, ya da yeni əməliyyat edin. Həkim mənə kobud cavab verdi”, – deyə qadın bildirib.

    Xəstə qeyd edib ki, daha sonra Səhiyyə Nazirliyilə də əlaqə saxlayıb. Lakin nazirlikdən bildiriblər ki, həkim xəstəni normaya uyğun əməliyyat edib. Əməliyyat zamanı heç bir səhv olmayıb.

    “İki aydan sonra məktubun cavabı gəldi ki, əməliyyat uğurlu olub. Heç bir tibbi ekspertiza etmədilər. Məni heç bir müayinə etmədən bu cavabı verdilər”, – deyə qadın bildirib.

    Məsələ ilə əlaqədar “Baku Medical Plaza”nın ginekoloq həkimi İlahə Quliyeva ilə əlaqə saxladıq. Məlum oldu ki, şikayətçi qadın problemi ilə bağlı əməliyyat olunub.

    İlahə Quliyeva Baku.ws-ə açıqlamasında bildirib ki, onu ittiham edən qadının heç bir əsası yoxdur.

    “Tam şər və böhtan atır. Bununla bağlı Səhiyyə Nazirliyinə də şikayət etmişdi. Nazirlikdən araşdırdılar və qadının haqsız olduğunu bildirdilər. Onun xəstəlik tarixi var, araşdırdılar, nəticə çıxartdılar. Mən daha açıq danışa bilmirəm. Əməliyyat uğurlu keçib. Sadəcə şantaj edir”, – deyə İlahə Quliyeva bildirib.

    Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən Baku.ws-ə bildirildi ki, əgər məktuba cavab verilibsə, bu mütləq araşdırmalar nəticəsində yazılıb.

    “Şikayət araşdırılandan sonra cavab verilib. Araşdırmalar zamanı həmin qadının özünə ehtiyac olmur. Xəstəxanada toplanan analizlərə görə, nəticə əldə olunur. Ümumiyyətlə arayış xəstəlik sənədlərinə əsasən toplana bilər. Xəstəlik barədə sənədə əsasən rəy verilə bilər. Konkret bu xanıma gəldikdə isə onun şikayəti varsa, hüquq-mühafizə orqanlarına şikayət edə bilər”, – deyə açıqlamada bildirilib.

  • Gömrükdə vətəndaş döyülüb? – VİDEO

    Azərbaycanda gömrük keçid məntəqəsində vətəndaş döyülüb.

    Median.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində məlumat verilib.

    Bildirlir ki, gömrük işçiləri narazı vətəndaşı Biləsuvar Gömrük Məntəqəsindən çıxarmağa çalışırlar. Lakin vətəndaş otaqdan çıxmaq istəmədikdə ona qarşı güc tətbiq edirlər. Hadisənin görüntüləri yayılıb.

    Məsələ ilə əlaqədar Dövlət Gömrük Komitəsilə əlaqə saxladıq. Qurumdan Baku.ws-ə bildirdilər ki, bununla bağlı məsələ araşdırılır.

    “Araşdırma aparılır və araşdırmalardan sonra açıqlama veriləcək”, – deyə bildirilib.

  • Hasarın üstünə çıxan şəxs intihara cəhd etdi

    Yevlax şəhərində 1 nəfər hasarın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

    Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Aran Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

    Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

  • Ramiz Əzizbəylinin səhhəti ilə bağlı SON XƏBƏR: “Ağrılarım var…”

    Bir müddət öncə əməliyyat olunan xalq artisti Ramiz Əzizbəyli səhhətindən danışıb.

    Median.Az xəbər verir ki, lent.az-a açıqlama verən R.Əzizbəyli hazırda özünü yaxşı hiss etmədiyini deyib:

    “Bildiyiniz kimi, əməliyyat olunmuşam. İndi də həkimlər gedib-gəlirlər. Mənimlə maraqlanırlar. Amma ağrılarım var. Ağrıdığım üçün telefonlara da çox cavab verə bilmirəm. Jurnalistlər məni yığır, suallar verirlər, onların suallarına da cavab vermirəm”.

    Qeyd edək ki, xalq artistinin ayağında qanqrenə yarandığı üçün dekabrın 27-də ayaq barmağı amputasiya olunub.

  • Anasına itkin qardaşının əvəzindən 25 il məktub yazan qızın kədərli həyat HEKAYƏSİ – VİDEO

    O, xəstə anasının yaşaması üçün onu müharibədə itkin düşən qardaşının sağ olmasına inandırıb.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Gəncə şəhər sakini Ellada İbrahimovadan gedir.

    Ellada İbrahimova düz 25 il itkin əsgərin adından anasına məktublar yazıb. Əməlinin doğru olmasına bəzən özü də şübhə edib. Amma anasını son nəfəsinə qədər əsgər oğlunun qayıdacağı ümidi ilə yaşadıb.

    Belə ki, 1993-cü ilin oktyabrında hərbi xidmətə yollanan 18 yaşlı Azər Ələkbərov cəmi 4 ay sonra hərbi əməliyyatlar zamanı itkin düşür.

    Bu xəbərin anası Cəmilə Hüseynovaya çox pis təsir edəcəyini başa düşən Ellada İbrahimova əsgər qardaşının adından anasına məktub yazmaq qərarına gəlir. Amma əvvəlcə özünü bu işə hazırlayır.

    Ellada İbrahimova anasının şübhələrini öldürmək üçün həm məktubların evə çatması, həm də oxunması zamanı mümkün olan hər şeyi edir. Müharibədən sonrakı dövrdə oğlunun yenə qayıtmaması ananın şübhələrini artırır. Bu dəfə isə bacı başqa yola əl atır.

    Bir neçə dəfə davranışının doğru olub-olmadığı ilə bağlı şübhəyə düşən bacı anasına əsl həqiqəti demək istəyib. Ancaq son anda bundan çəkinib.

    Ancaq bütün bunları edərkən Ellada İbrahimova qardaşının qayıdacağına, zəng edəcəyinə, məktub yazacağına olan inamını özü də itirməyib. Hər dəfə evin yanında maşın dayananda boylanıb ki, bəlkə bu dəfə gələn qardaşıdır.

    İndi əsgər intizarı ilə gözlərini yuman ananın vəfatından bir il ötür. Ancaq Ellada İbrahimova elə özü də anası kimi Azərin qayıdacağına olan inamını itirmir.

  • В Баку автомобиль врезался в опору моста – ВИДЕО

    Ночью в Баку произошло ДТП.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, авария произошла под «папанинским мостом».

    Автомобиль марки «Нива» с номером государственной регистрации 99 ND 056 выехал под мостом на встречную полосу и врезался в опору.

    На место происшествия прибыли сотрудники дорожно-патрульной службы. В результате аварии на дороге образовалась пробка.

    Видео ДТП появилось в социальных сетях.

  • Bakıda əks yola çıxan “Niva” səkiyə çırpıldı – VİDEO

    Gecə saatlarında paytaxtda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    Qəza Bakının Papanin körpüsü adlanan ərazisində baş verib.

    Körpünün alt keçidində əks yola çıxan 99-ND-056 dövlət nömrə nişanlı, “Niva” markalı avtomobil səkiyə çırpılıb.

    Hadisə yerinə yol-patrul xidmətinin əməkdaşları gəlib. Qəzadan sonra yolda tıxac yaranıb.

    Hadisənin görüntüləri sosial şəbəkədə yayımlanıb.

  • Prezident “Diqlas”da zərərçəkənlərə 3 milyon manat pul ayırdı

    Prezident İlham Əliyev “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında” sərəncam imzalayıb.

    Sərəncamla Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 81Q ünvanında yerləşən ticarət mərkəzində fəaliyyət göstərən və 2019-cu il martın 26-da həmin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.

    İqtisadiyyat Nazirliyinə zərər çəkmiş sahibkarlara bu sərəncama əsasən ayrılmış vəsait hesabına maddi yardım göstərilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç gün müddətində təsdiq etmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək, Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.