Month: June 2019

  • “Evlənərkən qızın yaşını dəqiq bilmirdim” – 14 yaşlı qızla evlənib cinsi əlaqəyə girdi – Azərbaycanda şok

    Yevlax rayonunda yeniyetmə qızla cinsi əlaqəyə girən şəxsə cinayət işi açılıb.

    Median.Az News24.az-a istinadən bildirir ki, polisə Yevlax rayon sakini olan Talışlı Simran İmran oğlunun yetkinlik yaşına çatmayan şəxsə cinsi əlaqədə olması ilə bağlı məlumat daxil olub. Faktla bağlı Yevlax Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 152.1-ci, yəni on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddəsi ilə iş açılıb.

    Onun 14 yaşlı Tamilla (şərti adı) ilə evləndiyi də müəyyənləşib. S.Talışlı evlənərkən qızın yaşını dəqiq bilmədiyini, törətdiyi əməlin cnayət olmasından xəbərsiz olduğunu, qıza qarşı hər hansı zorakılıq etmədiyini deyib.

    Araşdırma aparılır.

    Qeyd edək ki, məlum hadisəyə görə təqsirləndirilən şəxsi 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

  • Azərbaycanda universitetdə hava çatışmazlığı – Tələbə qızlar xəstəxanalıq oldu

    Lənkəran Dövlət Universitetində yeddi tələbə qız halı pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.

    Median.Az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, Lənkəran Dövlət Universitetinin qiyabi təhsil alan tələbələri – 21 yaşlı Şabran sakini Ədilə Samir qızı Cəlilova, onun həmyaşıdı Bərdə sakini Ülviyyə Mübariz qızı Ağazadə, 20 yaşlı İmişli sakini Qumral Cahangir qızı Əzizzadə, 20 yaşlı Cəlilabad sakini Aygün Füzuli qızı İbrahimova, 19 yaşlı Biləsuvar sakini Ləman Səfər qızı Rzazadə və 21 yaşlı Yardımlı sakini Ulduz Elçin qızı Kərimli təcili tibbi yardım və müəllimlərin maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

    Bakı sakini 1997-ci il təvəllüdlü İlahə Namiq qızı Nəzərova isə evə getdikdən sonra halı pisləşib və xəstəxanaya müraciət edib. Tələbələrdən biri Reanimasiya Şöbəsinə yerləşdirilib. Digərlərinin isə vəziyyəti normaldır.

    Hadisə sessiya zamanı baş verib. Ehtimala görə, otaq şəraitində yaranan hava çatışmazlığı nəticəsində tələbələrin halı pisləşib.

    Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır.

  • Azərbaycan gimnastları Avropa Oyunlarında 5-ci olub

    Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında batut gimnastikası yarışlarına start verilib.

    Medoan.Az-ın report-a istinadən məlumatına görə, Azərbaycan təmsilçiləri Ruslan Ağamirov və İlya Qrişunin kişilərin sinxron hərəkətlərində qüvvələrini sınayıblar.

    Gimnastlarımız 47,900 xalla 5-ci yeri tutublar. Yarışın qalibi adını isə polşalılar Lukaş Yavorski və Artur Zakrşevski qazanıb. Onların çıxışı 51,450 xalla qiymətləndirilib.

  • Şirməmməd Hüseynovla vida mərasimi sabah Təzəpir məscidində keçiriləcək

    Şirməmməd Hüseynov bu gün 19:00 radələrində evində vəfat edib.

    Median.Az-ın məlumatına görə, bu barədə APA -ya onun nəvəsi Toğrul Əliyev məlumat verib.

    O bildirib ki, mərhumla vida mərasimi sabah saat 13:00-da Təzəpir məscidində keçiriləcək.

    Ş.Hüseynovun dəfn ediləcəyi yer hələlik dəqiqləşdirilməyib.

  • Mehriban Əliyeva: Əsas hədəf dövlət xidmətlərini əlçatan və rahat etməkdir

    Xəbər verdiyimiz kimi, Heydər Əliyev Mərkəzində Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb.

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edib.

    Mehriban Əliyeva forumda çıxış edib.

    Birinci vitse-prezident bildirib ki, bu tədbirin paytaxtımızda keçirilməsini Azərbaycanın dövlət xidmətləri sahəsində əldə etdiyi nailiyyətlərin dəyərləndirilməsi hesab etmək olar.

    “Bu il keçirilən tədbirin mövzusu bütün xalqlar üçün mühüm əhəmiyyət kəsb edir. Bu, dünyanın müxtəlif yerlərindən gəlmiş, qərar qəbul edən yüksək rütbəli şəxslər üçün təcrübələrini bölüşmək, çağırışları müzakirə etmək və BMT-nin 2030-cu il gündəliyinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün faydalı platformadır. Bu prosesdə dövlət qurumlarının xalqımıza yüksək keyfiyyətli xidmətlər göstərmək və innovativ dəyişikliklərdə iştirak etmək bacarığı xüsusi rol oynayır. Bu baxımdan, mən fürsətdən istifadə edərək, bu gün sizinlə səmərəli dövlət qulluğu sistemi sahəsində Azərbaycanın uğurları ilə bölüşmək istərdim”.

    Azərbaycanın Birinci vitse-prezidenti vurğulayıb ki, əsas hədəf və məqsəd yeni xidmətlərin insanlara yönəlməsi və vətəndaşların keçmişdə üzləşdiyi çətinliklərin aradan qaldırılmasından, dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan və səmərəli etməkdən ibarətdir. “Vahid pəncərə” prinsipi əsasında dövlət xidmətlərinin göstərilməsi ideyasının bu cür ərsəyə gəldiyini qeyd edən Mehriban Əliyeva ASAN adının Azərbaycan dilində, mənaca, həmçinin “asan” olduğunu vurğulayaraq deyib:

    “ASAN xidmət” Azərbaycan Prezidentinin təşəbbüsü ilə genişmiqyaslı dövlət idarəçiliyi islahatlarının bir hissəsi kimi 2012-ci ildə təsis edildi. Xalq isə dərhal bu islahatları alqışladı. “ASAN xidmət” Bakıda kiçik pilot layihə ilə fəaliyyətə başladı. Həmin vaxt xalqın tələbatlarına şəffaf, əlçatan, səmərəli və rahat şəkildə cavab vermək məqsədilə bir neçə dövlət xidmətləri göstərən qurum bir binaya toplaşdı. ASAN dərhal əhali arasında o qədər populyarlaşdı ki, biz, bu uğurun davamı olaraq, göstərilən xidmətlərin sayını və növünü çoxaltmaq fikrinə gəldik və “ASAN xidmət” Azərbaycanın rayonlarında da açılmağa başlandı”.

    Nisbətən az müddət ərzində “ASAN xidmət”in insanların tələbatlarını həll etməkdə dövlət xidmətləri sahəsində yeni mədəniyyəti təqdim edən milli brendə çevrildiyini deyən Birinci vitse-prezident hazırda 10 “ASAN xidmət”in rayonlarda, 5 “ASAN xidmət”in isə Bakıda fəaliyyət göstərdiyini bildirib. Planda bu ilin sonuna qədər əlavə 5 “ASAN xidmət”in rayonlarda, ikisinin isə Bakıda açmaq olduğunu diqqətə çatdıran Mehriban Əliyeva deyib:

    “Görülmüş işlərin həcmi baxımından sizə bir rəqəmi təqdim edəcəyəm. 2013-cü ildən etibarən ASAN mərkəzlərində ölkə üzrə 30 milyondan artıq ərizəyə baxılmışdır. Bu gün həmin mərkəzlərdə 320 dövlət və özəl xidmət göstərilir. 12 müxtəlif dövlət qurumu və bir qrup özəl şirkətlər bir bina daxilində “ASAN xidmət”də təmsil olunurlar. Çox qısa müddət ərzində “ASAN xidmət” dövlət ilə vətəndaş arasında münasibətlərdə mərkəzi yeri tutdu”.

    “Vətəndaş rəyinin daimi monitorinqi bu layihənin uzun perspektivdə uğuruna xidmət edir”, – deyən Birinci vitse-prezident bu uğurun digər səbəbinin gənclərimizin fəal və geniş şəkildə iştirakı ilə bağlı olduğunu söyləyib. Mehriban Əliyeva qeyd edib ki, 2013-cü ildən başlayaraq 19 mindən artıq könüllü ASAN-ın işində iştirak edib. Onlardan 1100 nəfərinin müxtəlif “ASAN xidmət”lərdə tam ştatlı işlə təmin olunduğunu vurğulayan Birinci vitse-prezident qeyd edib:

    “Biz istedadlı, yüksək motivasiyalı və yaradıcı gənclərimizin ölkənin müasirləşməsində necə yaxından iştirak etməsini görməkdən fərəh hissi duyuruq. Müsbət təcrübəmiz beynəlxalq ictimaiyyətin də diqqətini cəlb etmişdir və 2015-ci ildə “ASAN xidmət” dövlət xidmətlərinin təchizatının təkmilləşdirilməsi kateqoriyasında BMT tərəfindən mükafata layiq görülmüşdür. Bizim ASAN ilə bağlı olan təcrübəmizin daha geniş regionda ən yaxşı təcrübə kimi izlənilməsinə görə fərəhlənirik”.

    Mehriban Əliyeva vurğulayıb ki, bu ilin əvvəlində birinci bənzər mərkəz Kabildə açılıb, Əfqanıstandan olan 100-dən çox ekspertə ASAN tərəfindən təlim keçirilib. Birinci vitse-prezident yaxşı təcrübələrimizi başqa ölkələrlə paylaşmağı davam etdirməyə hazır olduğumuzu bildirdi, bu günədək ASAN-la müxtəlif ölkələr və beynəlxalq təşkilatlar arasında 10 anlaşma memorandumunun imzalandığını vurğuladı.

    Mehriban Əliyeva qeyd edib ki, biz bununla kifayətlənmirik və dövlət xidmətlərinin keyfiyyətini təkmilləşdirməyə davam edirik. İnsanlara proaktiv elektron xidmətlərin göstərilməsi üçün Asan my-gov portalının yaradıldığını, bununla da vətəndaşların, həmçinin onlayn xidmətdən yararlandığını diqqətə çatdıran Birinci vitse-prezident 2016-cı ildə ölkəmizdə ASAN-ın uğur hekayəsinin davamı olaraq ABAD adı altında digər sosialyönümlü xidmətin fəaliyyətə başladığını xatırladıb. ABAD Azərbaycanın regionlarında kiçik ailə təsərrüfatı bizneslərinə yardım etmək və kiçik sahibkarlığı inkişaf etdirmək məqsədini daşıyan publik hüquqi şəxsdir. Bu layihənin reallaşmasında məqsədin ölkənin sosial və iqtisadi inkişafına vətəndaşların daha fəal və yaradıcı şəkildə cəlb edilməsi olduğunu, 400-ə yaxın üzvü olan ABAD-ın regionlarda işsizlik məsələsinin həlli üçün mühüm bir vasitəyə çevrildiyini bildirən Mehriban Əliyeva deyib:

    “Bu, vətəndaşlarımızın faydalanması üçün dövlət xidmətləri sahəsində islahatların aparılması üzrə Azərbaycanın təcrübəsinə dair kiçik bir xülasə idi. Müntəzəm paylanıla və araşdırıla bilən digər çoxsaylı nümunə və təcrübələrin mövcud olduğuna əminəm. Məhz buna görə Azərbaycan bilavasitə bu forumun nəticəsi olaraq Dövlət Xidmətlərinin Təchizi üzrə Müəssisələrin ASAN Assosiasiyasının yaradılması təşəbbüsünü irəli sürmüşdür. Ümid edirəm ki, bu yeni assosiasiya dövlət xidmətlərinin səmərəli təchizi üçün ekspertlər arasında dialoqu təşviq etmək məqsədi daşıyan əhəmiyyətli beynəlxalq bir alətə çevriləcəkdir. Bu, sözügedən sahədə bütün mövcud yaxşı təcrübələrdən istifadə etmək istəyində olanlara yardım edə bilər.

    Əziz dostlar, bir daha Azərbaycana xoş gəlmisiniz. Mən hamınıza maraqlı və faydalı müzakirələr, forumun işinə böyük uğurlar arzu edirəm. Nəhayət, sizi Bakıda qaldığınız müddətdə boş vaxt tapıb bizim gözəl şəhərimizi kəşf etməyə və ənənəvi Azərbaycan qonaqpərvərliyindən həzz almağa dəvət edirəm”.

  • Gürcüstan parlamentinin binası qarşısında növbəti etiraz aksiyası keçirilir

    Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti etiraz aksiyası keçirilir.

    Median.Az report-a istinadən xəbər verir ki, hava şəraiti ilə əlaqədar aksiya təyin olunduğu vaxtdan bir saat gec başlayıb.

    Aksiya təşkilatçıları hakim Gürcü Arzusu Partiyasının 2020-ci ildə parlament seçkilərinin proporsional qayda üzrə keçirilməsi barədə bugünkü qərarını müsbət qiymətləndiriblər.

    Beşinci gündür davam edən aksiyanın tələbləri dəyişməz qalıb. Aksiyaçılar daxili işlər naziri Giorgi Qaxarianın istefası və iyunun 20-də Tbilisidə keçirilən etiraz aksiyası zamanı saxlanılan 305 nəfərin azadlığa buraxılmasını tələb edirlər.

    Qeyd edək ki, proporsional seçki sisteminə keçid etirazçıların tələblərindən biri olub.

  • Şəkidə taxıl sahələrində başlayan yanğın yaşayış evlərinə keçib

    Şəki rayonunda taxıl sahələrində başlayan yanğın yaşayış evlərinə keçib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu gün günorta saatlarında rayonun Aydınbulaq kəndi ərazisində taxıl sahələrində güclü yanğın baş verib.

    Yanğın küləyin təsiri ilə güclənərək evlərə keçib və 3 evə ziyan dəyib. Yanğın nəticəsində 33 yaşlı Tural Nəmişov yanıq xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Əraziyə Şəki, Oğuz və Yevlax rayonlarının dövlət yanğından mühafizə hissələrinin 5 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

    Yanğın söndürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • SON DƏQİQƏ: Ziya Bünyadov prospektində QƏZA: Yol bağlandı – FOTO

    Ziya Bünyadov prospektində metronun Koroğlu stansiyasına yaxın hissədə zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

    Bakı Nqəliyyat Agentliyindən verilən məlumata görə, qəza səbəbindən hazırda Böyük Şor qovşağından 20 yanvar dairəsi istiqamətində tıxac yaranıb.//Baku.ws

  • Azərbaycanın Avropa Oyunlarında medallarının sayı 11-ə çatdı

    Azərbaycanın medal qazanmağa sonuncu namizədi Uşanqi Kokauri həlledici görüşdə büdrəyib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bununla da Azərbaycan cüdoçuları II Avropa Oyunlarının fərdi yarışlarında mübarizəni başa vurub.

    Komandamız fərdi yarışlarda beş medal – bir gümüş və dörd bürünc medal qazanıb. Cüdo hələ ki Azərbaycana Minskdə ən çox medal qazandıran idman növüdür.

    Qeyd edək ki, sabah cüdo millimiz qarışıq komanda yarışlarına qatılacaq. Komandamızın rəqibi Fransa cüdoçuları olacaq.

  • Elmar Qasımov: İdmançılarımız özlərini pis apardılar

    Bürünc medal qazanmağımı yaxşı nəticə kimi qiymətləndirirəm. Burda üçüncü yeri tutmağım belə, məni növbəti yarışlara həvəsləndirir. Bu yarışa 5-6 ay idi ki, hazırlaşırdıq. Fikrimcə, hazırlığımız boşa getmədi.

    Median.Az oxu.az-a istinadən verdiyi xəbərə görə, bunu bu gün II Avropa Oyunlarında bürünc medal qazanmış cüdoçu Elmar Qasımov deyib.

    Azərbaycana 10-cu medalı qazandıran Elmar Qasımov uzun müddətdən sonra medal qazandığına görə sevindiyini bildirib:

    “Üçüncü yer uğrundakı rəqibim o qədər də güclü idmançı deyil. Düzdür, arada medal qazanır. Amma onu həmişə məğlub etmişəm. Bu dəfə nisbətən çətin oldu. Çünki Olimpiadaya az qaldığından, hamı burda var gücü ilə yarışır.

    Əslində bürünc medalı yüksək qiymətləndirməyim son üç il ərzində medal qazana bilməməyimlə bağlıdır. Keçirdiyim psixoloji gərginlik medal qazanmağıma imkan vermirdi. Olimpiadadan sonra çox gərgin olmuşdum. İndi bunun üzərində çalışıram ki, böyük turnirlər zamanı gərginlik yaşamayım”.

    Daha sonra o, Rüstəm Orucov və Hidayət Heydərova zarafatla söz atıb:

    “73 kq-dan qızıl medal gözləyirdik. Mənim fikrimcə, 73 kq-dakı idmançılarımız özlərini pis apardılar”.