Month: December 2019

  • “Bakıda tikintiyə icazə pulsuzdur” – KOMİTƏDƏN VACİB AÇIQLAMA

    Dövlət Şəhərsalma və Arxitektura Komitəsi obyektlərin tikintisi və istismarına icazələrin alınması prosesini daha da asanlaşdırıb.

    Fed.az-a komitədən verilən məlumata görə, məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi, əlavə vaxt itkisinin qarşısının alınması, şəffaflığın və istifadədə rahatlığın təmin edilməsi üçün “Bir pəncərə” elektron sisteminin əhatə dairəsi genişləndirilir. Bu məqsədlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən elektron portala yeni xidmət növləri əlavə edilməkdədir.

    Sistem vasitəsilə Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikinti obyektləri və anbar binalarının tikintisinə icazəni 15 iş günü müddətində, istismarına icazəni isə 10 gün müddətində əldə etmək mümkündür. Bu növ tikinti obyektləri üçün hər iki icazə pulsuzdur və sifarişçi tərəfindən hər hansı ödənişin edilməsi tələb olunmur.
    Cari ilin fevral ayında istifadəyə verilmiş sistem ilkin mərhələdə yalnız Bakı şəhəri üzrə fəaliyyət göstərsə də, bu gün artıq portalın ölkə üzrə əhatə dairəsi genişləndirilir. Ötən aylar ərzində sistem pilot layihə olaraq Lənkəran iqtisadi rayonu (Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad) üzrə test rejimində uğurla sınaqdan keçirilərək istifadəyə verilib. Ardınca mərhələli şəkildə portala digər rayonlar da inteqrasiya edilərək, onların ümumi sayı 56-ya çatdırılıb.

    Bundan əlavə, dekabr ayından etibarən portal vasitəsilə ekspertizasının keçirilməsi tələb olunan tikinti obyektlərinin də istismarına icazələrin verilməsi üzrə işlərə başlanılıb.

    Portalın təkmilləşdirilməsi nəticəsində istənilən istifadəçi sistemdə şəxsi kabinetə daxil olmadan “kalkulyator” bölümündən tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı baxışın keçirilməsinə görə xidmət haqqını öyrənə bilər. Bunun üçün sistemdə göstərilən xəritədə zonalar üzrə seçim edilir, obyektin sahəsi qeyd olunur və əmsal müəyyənləşərək məbləğ çıxarılır.

    Tikinti sifarişçiləri tələb olunan sənədləri yükləyərək müraciəti tamamlayır və 20 gün müddətində baxış keçirilir. Sistem həmçinin xidmətin göstərilməsi üçün tərəflər arasında müqavilənin elektron formada imzalanmasına imkan verir. Bütün prosedur başa çatdırıldıqdan sonra icazə sənədi də eyni qaydada elektron formada təqdim olunur.

    Hazırda bu xidmətdən yalnız Bakı şəhəri üzrə istifadə edilir. Gələn ildən ölkənin bütün rayonlarının bu xidmətdən də istifadə üçün sistemə qoşulması nəzərdə tutulur.

    Qeyd olunmalıdır ki, təhsil, tibb, mədəniyyət müəssisələri və sosial xidmət kimi layihələndirilən tikinti obyektlərinə görə hesablanan xidmət haqqının məbləğinə 0,5 güzəşt əmsalı (50% güzəşt) tətbiq edilir.

    Komitə sistemin təkmilləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir. 2020-ci ildə “Bir pəncərə” portalı vasitəsi ilə bütün növ obyektlərin tikintisinə də icazələrin alınması mümkün olacaq. Artıq bu istiqamətdə müvafiq yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlıq təşkil edilir və lazımi hazırlıq tədbirləri görülür.

    “Bir pəncərə” elektron müraciət sistemi “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 28 dekabr 2018-ci il tarixli 460 nömrəli Fərmanına uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ASAN Xidmət tərəfindən birgə hazırlanıb. Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında “Tikinti üçün icazə alınması” indikatoru üzrə siyahıda son 2 il ərzində 102 pillə irəliləyərək 59-cu yerdə qərarlaşıb.

  • Səfurə qızının üzünü ilk dəfə göstərdi – FOTO

    “Avroviziya” təmsilçimiz Səfurə Əliyeva ilk dəfə üç yaşlı qızının fotosunu yayıb.

    Median.Az xəbər verir ki, o, qızı Ayişənin fotosunu “Instagram” səhifəsində paylaşıb. Balaca Ayişənin qardaşı İsgəndərə oxşaması diqqət çəkib.

    Xatırladaq ki, Səfurə Əliyeva 2010-ci ildə “Avroviziya” musiqi yarışmasında ölkəmizi təmsil edərək 5-ci yerdə qərarlaşmışdı.

    Qeyd edək ki, Səfurə Əliyeva mərhum Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evlidir. Cütlüyün İsgəndər və Natiq adlı iki oğlu, Ayişə adlı bir qızı var. (oxu.az)

  • Həkimlərə əməkhaqqı bonusla veriləcək – yeni qaydalar

    İcbari tibbi sığorta sistemi tətbiq edildikdən sonra həkimlərə əməkhaqlarının verilməsi qaydalarının hazırlanması artıq yekunlaşıb.

    Median.Az trend-ə istinadən bildirir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.

    Onun sözlərinə görə, hazırda həkimlərə əməkhaqları dərəcələrlə, vahid tarif cədvəli ilə verilir:

    “Biz həmin dərəcəni, tarif cədvəlini saxlamaqla, onun üzərinə sabit bir məbləğ əlavə edirik. Bu, o deməkdir ki, tibbi personal xəstəsinin olub-olmamasından asılı olmayaraq, həmin sabit məbləği alacaq. Onun üzərinə də dəyişən məbləğ, başqa sözlə bonus əlavə olunacaq. Bu bonus da xəstənin sayı ilə bağlı olacaq”.

    Z.Əliyev qeyd edib ki, icbari tibbi sığorta sistminin tətbiqi edildiyi pilot tibb müəssisələrində həkimlərin orta aylıq əməkhaqqı 960 manata çatıb:

    “Bu gün həmin müəssisələrdə cərrahlar hətta bütün vergiləri ödədikdən sonra 3000-6000 manata qədər əməkhaqqı alırlar. Bizim məqsədimiz də odur ki, həkimlərimiz həmişə yüksək əməkhaqqı alsınlar. Bu da maliyyə imkanları ilə bağlıdır. Sistem işlək olduqdan sonra, maliyyə mənbələri artıqca həkimlərin də əməkhaqları davamlı olaraq artacaq. Həkimlərə də bildirmək istəyirəm ki, ilk dövrlərdə müəyyən çətinliklər ola bilər. Amma bunu anlayışla qarşılamaq lazımdır”.

  • В Баку начались аресты после смертельного отравления поддельным алкоголем

    Министерство здравоохранения, Агентство пищевой безопасности Азербайджана и Генпрокуратура распространили совместное заявление по факту массового отравления поддельным алкоголем жителей Баку, сообщает BAKU.WS со ссылкой на Haqqin.az.

    В связи с фактом смерти поступивших 23 и 24 декабря в отделение токсикологии Клинического медицинского центра с диагнозом “тяжелое пероральное отравление метиловым спиртом” жителей Баку Сархана Байрамова и Мустафы Мустафаева было возбуждено уголовное дело по ст. 200.4, 213-1.1 и 314.2 УК. Ведение следствия по делу было поручено Следственному управлению прокуратуры города Баку.

    Выяснилось, что скончавшийся в результате отравления Сархан Байрамов, а также пострадавшие Джалал Гамзаев, Санан Теймуров, Эльвин Теймуров и Нурлан Набиев приняли спиртное с товарным знаком “Chivas Regal 12” в ресторане “Baku Voice Rooms” на улице Кероглу Рагимова в Наримановском районе столицы и ресторане “Baku City” на Тбилисском проспекте в Насиминском районе.

    Скончавшийся в результате отравления Мустафа Мустафаев отравился от того же спиртного в ресторане “Everest” на улице А.Раджабли в Бинагадинском районе.

    Появились подозрения на то, что спиртные напитки с товарным знаком “Chivas Regal 12” были проданы Хаялом Джафаровым по заниженной цене в ресторан “Everest” по поручению заведующего рестораном “Baku City” Физули Алыевым.

    Физули Алыев привлечен к следствию в качестве обвиняемого лица по ст. 213-1.1 и 314.2 УК, а Хаял Джафаров по ст. 200.4 УК. В их отношении избрана мера пресечения в виде ареста.

    Принимаются необходимые следственные меры для полного выявления подозреваемых и привлечения виновных к ответственности.

    Обращаясь к гражданам страны и предпринимателям, Генпрокуратура просит лиц, столкнувшихся с подобными правонарушениями, связаться с прокуратурой города Баку по тел. 498-10-54, либо позвонить в “Call-центр” 1003 Агентства продовольственной безопасности.

  • Çernobılda qəzadan sonra ilk dəfə Yeni il yolkası quruldu – FOTO

    Ukraynanın Pripyat şəhərində Çernobıl atom elektrik stansiyasında (AES) qəzadan sonra ilk dəfə Yeni il yolkası quraşdırılıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bayram ağacı şəhərin mərkəzində “Energetik” mədəniyyət sarayının qarşısında qurulub.

    Şəhərin keçmiş sakinləri ağacı bayram oyuncaqları və özlərinin uşaqlıq şəkilləri ilə bəzəyiblər.

    Pripyat şəhəri Çernobıl AES-dan 3 kilometr aralıda yerləşir. Qəzadan əvvəl burada 47,5 min insan yaşayıb. Radiasiya yüksək səviyyədə olduğundan əhali şəhəri tərk edib.

  • Azərbaycanda tütün, spirtli və enerji içkilərinin aksiz vergisi artırılıb

    “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2019-cu il tarixli Fərmanına uyğun olaraq ölkədə istehsal olunan spirtli içkilər, tütün məmulatları, eləcə də enerji içkilərinə aksiz vergisi dərəcələri dəyişdirilib.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, aksiz dərəcəsi araq, tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litri üçün 2 manatdan 3,2 manata, şampan şərabının hər litri üçün 2,5 manatdan 2,6 manata, şərablar və şərab materiallarının hər litri üçün 0,1 manatdan 0,2 manata, pivə və pivə tərkibli digər içkilərin hər litri üçün 0,2 manat manatdan 0,4 manata artırılıb.
    Digər yüngül spirtli içkilər üzrə aksiz dərəcəsi bir litr üçün 0,4 manat məbləğində müəyyən edilib. Konyak və konyak məhsullarıın hər litri üçün tətbiq edilən 6 manat aksiz dərəcəsi isə 3,2 manata endirilib.

    Tütün məmulatları üzrə aksiz dərəcəsi hər min siqaret, siqarilla və tütün əvəzedici üçün 21 manatdan 31 manata qaldırılıb.

    Enerji içkiləri üzrə aksiz dərəcəsi hər litri üçün 3 manatdan 3,1 manata qaldırılıb.

  • Ağsuda həmkəndlisini ölümlə hədələyən şəxs tutuldu

    Ağsu rayonunda həmkəndlisini odlu silahla hədələyən şəxs saxlanılıb.

    Median.Az xəbər verir ki, ötən gün Ağsu rayon Nuran kənd sakini Mahir Nəcəfov DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və Ağsu Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək həmkəndlisi Zaur Heydərov tərəfindən odlu silahla ölümlə hədələndiyini bildirib.

    Ağsu RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Heydərov saxlanılıb və ona məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman müvafiq sənədləri olmayan ov silahı və 5 ədəd patron aşkar edilərək götürülüb.
    Faktla bağlı Ağsu RPŞ-də araşdırma aparılır.//ölkə.az

  • Mingəçevirdə şirniyyat sexi bağlandı — FOTO

    Mingəçevir şəhərində şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb.

    Median.Az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları şəhərin Mehman Bəkirov küçəsi, Əşya bazarı ərazisi ünvanında fəaliyyət göstərən fiziki şəxs Ömərov Nəsimi Rövşən oğluna məxsus un məmulatları istehsalı sexində reyd keçiriblər.

    Reyd zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi aşkarlanıb. Yoxlama zamanı istifadə edilən xammalların minimum keyfiyyət və təhlükəsizliyini təsdiqləyən sənədlər təqdim olunmayıb.

    Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim edilib. Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Ombudsman 4 saylı cəzaçəkmə müəssisəsində tədbir keçirib

    Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin yetkinlik yaşına çatmayanlar üçün Tərbiyə müəssisəsində və qadın məhkumların cəza çəkdikləri 4 saylı müəssisədə tədbirlər təşkil edib.

    Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlcə Ombudsman Tərbiyə müəssisəsində yetkinlik yaşına çatmayan məhkumlarla görüşüb, onları qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək xoş arzularını bildirib, maarifləndirici söhbətlər apararaq müvafiq tövsiyələrini verib.

    Məhkum uşaqlara bayram sovqatı paylanıldıqdan sonra həmin müəssisənin bir sıra obyektlərinə, o cümlədən yaşayış sahəsinə, tibb-sanitar hissəsinə, sinif otaqlarına, kitabxanaya baxış keçirilib, saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

    Daha sonra qadın məhkumlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində görüş keçirilib və bayram tədbiri davam etdirilib.

    Müvəkkil diqqətə çatdırıb ki, bu günə qədər ölkədə 11 amnistiya aktı qəbul edilib, 65 əfv sərəncamı imzalanıb, nəticədə on minlərlə insan azadlığa qovuşub.

    Onun sözlərinə görə, təsisatın fəaliyyət göstərdiyi müddət ərzində Müvəkkilin vəsatətləri üzrə ümumilikdə 700-dək məhkum, o cümlədən qadınlar, yetkinlik yaşına çatmayanlar, ahıllar və digər məhkumlar əfv edilərək azadlığa buraxılıb. Müvəkkil qanun pozuntularına bir daha yol verilməməsinin vacibliyini qadın məhkumların diqqətinə çatdırıb, onlara sağlam həyat tərzinə qayıtmağı, faydalı əməklə məşğul olmağı tövsiyə edib.

    Tədbir çərçivəsində Müvəkkil müəssisənin bir sıra obyektlərinə, o cümlədən istehsal sahələrinə, gəzinti yerlərinə, kitabxanaya, kluba və digər yerlərə baxış keçirib, bəzi məhkumların müraciətlərini dinləyib, saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələrini verib. Eyni zamanda, körpəsi olan məhkumlar üçün nəzərdə tutulmuş korpusa da baxış keçirilib, onların vəziyyəti diqqətdə saxlanılıb. Ombudsman tərəfindən həmin müəssisələrdəki məhkumlara, o cümlədən körpəsi olan məhkum analara sovqat və bayram hədiyyələri paylanılıb.

  • Nazirlik bu gün daha 36 mənzili şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim etdi – FOTO

    Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Qaradağ rayonunda və Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış 36 mənzil şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əliliyi olan vətəndaşlara təqdim edilib.

    Abşeron rayonunda mənzillərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin sosial cəhətdən həssas qruplardan olan vətəndaşlara xüsusi qayğısı nəticəsində həmin vətəndaşların sosial müdafiəsi tədbirlərinin ildən-ilə gücləndirildiyini vurğulayıb. Bildirib ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin mənzillə təminatı proqramı da uğurla davam etdirilir.

    Nazir müavini qeyd edib ki, ötən il bu kateqoriyadan olan vətəndaşlara nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilmişdisə, 2019-cu ildə bundan 50 faizədək çox olmaqla 934 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub, onlardan artıq böyük əksəriyyəti təqdim edilib. Ümumilikdə indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə verilən mənzil və fərdi evlərin sayı artıq 7400-ə yaxındır.

    A.Kərimov eyni zamanda bu il nazirlik tərəfindən 600 avtomobilin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlara verildiyini, qeyd olunan vətəndaşların indiyədək 6573 minik avtomobili ilə təmin edildiklərini deyib.

    Bu gün nazirlik tərəfindən Abşeron rayonunda mənzillə təmin olunan şəhid ailələrindən biri də Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimovun ailəsidir. Milli Qəhrəmanın ailəsinə üçotaqlı mənzil təqdim edilib.

    Yeni mənzillərlə təmin olunan şəhid ailələri və müharibə əlilləri onların rifah halının yaxşılaşdırılmasına göstərilən yüksək qayğıya, müasir tələblərə cavab verən yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.