Month: January 2020

  • Kimsəsiz küçələr, boş marketlər, maskalı insanlar – Uhandan SON FOTOLAR

    Xəbər verdiyimiz kimi, Çinin Uhan şəhərindən yayılmağa başlayan yeni növ koronavirus səbəbindən ölənlərin sayı 107 nəfərə, virusa yoluxanların sayı isə 4515 nəfərə yüksəlib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, virusun yarasadan və ya ilandan yoluxma ehtimalı üzərində dayanan mütəxəssislər xəstəliyin sürətlə yayılması səbəbindən insanları ehtiyatlı olmağa çağırıb. Hətta Uhan şəhərinə giriş-çıxış tamamilə dayandırılaraq karantin elan olunub, bir çox ölkələr isə Çinə uçuşları qadağan edib. Virusun yayılmağa başladığı Uhanda küçələr kimsəsiz, xəstəxanalar dolu, marketlər isə boş qalıb. Yaranan mənzərə qorxulu filmlərdəki vahiməli səhnələri xatırladır.

    Uhan şəhərindən ən son fotoları təqdim edirik:

  • Rusiyada deputat və həyat yoldaşı öldürülüb

    Rusiya Federasiyası Rostov Vilayəti Qanunvericilik Şurasının deputatı, Kaliniçenko adına dənli bitkilər Ümumrusiya Elmi-Tədqiqat İnstitutunun direktoru Andrey Alabuşev və həyat yoldaşı Olqa Alabuşevanın evində meyiti tapılıb.

    Median.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, meyitlərin üzərində çoxsaylı kəsik yaraları olub.

    İlkin ehtimala görə, deputat və həyat yoldaşı qarət məqsədilə qətlə yetirilib.

    Hüquq-mühafizə orqanları araşdırma aparır.

  • Bakı şəhər BPİ ötən il baş vermiş bəzi dəhşətli qəzaların görüntülərini yaydı – VİDEO

    Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov vətəndaşlara müraciət ünvanlayıb.

    İdarənin “Facebook” hesabı vasitəsilə video yayımlayan qurum rəsmisi paytaxtda hərəkətin etibarlı təhlükəsizliyi istiqamətində kompleks maarifləndirmə tədbirlərin genişləndirilməsinin diqqət mərkəzində olduğunu vurğulayıb:

    “Yeni dövrün çağırış və təhdidləri, yol-qəza hadisələrinin faktlar üzrə təhlilləri göstərir ki, yollarda hərəkət iştirakçılarının məsuliyyəti əsas şərtlərdən biridir. Bunu nəzərə alaraq, ötən il qeydə alının hər bir yol-qəza hadisəsi faktlar üzrə ayırı-ayırılıqda nəzərdən keçirilib.

    Qabaqlayıcı profilaktik tədbirlərin səmərəli təşkil edilməsi, yeni məzmunda təbliğat və təşviqatın yaxşılaşdırılması üçün cəmiyyətin hər bir üzvünün fəallığı tələb olunur. Bu tələb, hər bir hərəkət iştirakçısının məsuliyyətdən, qanunlara ehtiramından, başqalarının hüquq və vəzifələrinə rəğbətindən asılıdır.

    Şərh etmədən bir sıra yol-qəza hadisələri ilə bağlı “Təhlükəsiz Şəhər” kameralarının qeydə aldığı faktları diqqətə çatdırırıq. Görünən odur ki, tərəflərin yol hərəkəti qaydalarına ehtiyatsız münasibəti, piyada səhlənkarlığı, sürücü diqqətsizliyi hadisələrin baş verməsinə real zəmin yaradır”.

    V. Əsədov qeyd edib ki, real, montaj olunmadan qeydə alınan hadisələr – sürət həddinin aşılması, hərəkət istiqamətində diqqətsizlik, qarşı hərəkət zolağına çıxma, təyin olunmayan yerlərdən hərəkət, yol ayrıclarında, yol kəsişmələrində tələblərin pozulması və digər xətalar insan təlafatı, xəsarət və əmlakın zədələnməsi ilə nəticələnir.

  • Çində təhsil alan azərbaycanlı tələbə: Doğmalarımı yoluxdurmamaq üçün…

    Xəbər verdiyimiz kimi, Çin Xalq Respublikasında koronavirusun yayıldığı Uhan şəhərində 7 azərbaycanlı yaşayır, onlardan 4-ü tələbədir. Hazırda Çin hökuməti tərəfindən sözügedən bölgədə karantin rejimi tətbiq olunduğundan onların ölkədən çıxışına məhdudiyyət qoyulub və yaxın zamanda təxliyyə olunması gözlənilir.

    Sözügedən 4 tələbədən biri Çinin Hubey əyalətinin Uhan şəhərindəki universitetlərin birində magistr pilləsində Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində təhsil alan Tural (təhlükəsizlik baxımından soyadını qeyd etmək istəməyib) “Qafqazinfo”ya müraciə edib.

    Onun sözlərinə görə, koronovirus barədə ilk məlumat dekabrın 30-da yayılıb. Həmin tarixdən bu barədə xəbərlər mütəmadi olaraq sosial şəbəkələrdə yayılsa da, bu, tədris prosesinə və adi həyat axarına mane olmayıb:

    “24 yanvarda Çində Yeni il qeyd olunur və əhalinin böyük əksəriyyəti öz doğma evlərinə qayıdır və ailələri ilə birgə bayram edir. Buna görə də, adətən kampusda yeməkxanaların böyük hissəsi və digər satış obyektləri bağlanır. Birinci semestr rəsmi olaraq bizim universitetdə 7 yanvarda başa çatıb və həmin tarixdən tətil başlayır. Universitetdə növbəti semestrin fevral ayının ortalarında başlaması nəzərdə tutulurdu, lakin hazırkı vəziyyəti nəzərə alsaq bu vaxtın dəyişəcəyi istisna deyil. Hazırda universitet tərəfindən Çini tərk etmiş tələbələrə rəsmi xəbərdarlıq verilmədən geri qayıtmamaq tövsiyə olunur”.

    Tural bildirib ki, Uhan şəhərində yanvarın 23-ü yerli vaxtla 10:00-dan etibarən karantin elan olunub:

    “Bu tarixə qədər şəhərdə yaşayan azərbaycanlıların bəziləri şəhəri tərk edə bilib. Hazırda məndə olan məlumata görə, Uhanda 6 vətəndaşımız var. Şəhərə giriş-çıxış bağlıdır, ictimai nəqliyyat çalışmır. Hətta şəhərdaxili rayonlar da təcrid olunub, bu da virus yayılmasının qarşısının alınması üçündür. Hazırda evlərdə və yataqxanalarda qalmaq tövsiyə edilir, bayıra çıxanda isə maskalardan istifadə məcburidir. Virus yayılmasının qarşısını almaq üçün müxtəlif növdə maskalar satışda mövcuddur, lakin müəyyən yerlərdə qıtlıq müşahidə olunur.

    Kampusda marketlər hazırda qısa iş qrafikində çalışır, cəmi 4 saat. Qaldığım kampusda 2 yeməkxana fəaliyyətini davam etdirir və ora həm yerli əhali, həm də xarici tələbələr gəlir. Onu da qeyd edim ki, kampusa da giriş-çıxış tələbə kartı ilə mümkündür, karantindən əvvəl isə sərbəst rejim tətbiq olunurdu

    Özümü normal hiss edirəm, yaxşıyam. Hər gün kampusda qidalanıram. Hər gün hərarətimi yoxlayıram, ancaq hələ ki, müayinə etməyiblər”.

    Tələbə bildirib ki, 24 yanvar tarixindən səfirliklə sıx və birbaşa əlaqədədirlər. Hazırda Uhanda yaşayan vətəndaşlarımızın təxliyyə məsələsi Çinin dövlət qurumları ilə müzakirə olunur və bu sahədə işlər hələ davam edir:

    “Böyük ehtimal Uhanı tərk etsək, digər şəhərdə məcburi karantində qalmalı olacağıq. Əgər belə olmasa belə bu proseduru Azərbaycanda keçmək lazımdır. Sosial şəbəkələrdə Uhandan olan həmvətənlərin ölkəyə buraxılmaması barədə bəzi şərhləri anlayışla qəbul edirəm. Burada əsas məsələ səhiyyəmizə olan etibarın aşağı səviyyədə olmasıdır. Onu da qeyd edim ki, doğmalarımı, dostlarımı və təmasda ola biləcəyim digər şəxsləri yoluxdurmamaq üçün hazırda Azərbaycana qayıtmaq niyyətində deyiləm.

    Xatırlatmaq istərdim ki, koronavirusun hərarətdən başqa baş ağrısı, ürəkbulanması və digər simptomların olması da mümkündür. Son günlərdə adıçəkilən simptomlar olmayan şəxslərdə belə koronavirus aşkar olunub. Bunu nəzərə alaraq, karantin proseduru və şəraiti barədə Səhiyyə Nazirliyinin rəsmi saytda aydın şəkildə məlumatın yerləşdirilməsində ehtiyac var. Bu həmçinin Çində təhsil alan və çalışan azərbaycanlılar və onların ailələri, yaxınları üçün də mühüm məlumatdır.

    Fürsətdən istifadə edərək cənab Prezident İlham Əliyevdən məsələni şəxsi nəzarətə götürməsi Çində təhsil alan tələbələrin qısa müddətdə təxliyyə olunması və yüksək təhlükəsizlik şəraitində karantində saxlanılması barədə müvafiq dövlət qurumlarına göstəriş verməsini xahiş edirəm”.

  • Manatın sabaha MƏZƏNNƏSİ

    Yanvarın 29-na manatın məzənnəsi açıqlanıb.

    Mərkəzi Bankdan verilən məlumata görə, 29.01.2020-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.

    Qeyd edək ki, 2019-cu il yanvarın 28-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

  • Yol polisinin 7 dəfə dönmə əməliyyatı aparmasının səbəbi açıqlanıb – RƏSMİ

    DİN Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin “Bakıda yol polisi sürücülərə belə tələ qurur” başlığı ilə sosial şəbəkələrdə yayılmış videogörüntülərlə bağlı aparılmış xidməti araşdırmanın nəticəsi barədə məlumatı açıqlayıb.

    “Report”a daxil olan məlumatda deyilir:

    “Bakıda yol polisi sürücülərə belə tələ qurur” başlığı ilə sosial şəbəkələrdə yayılmış görüntülərlə bağlı aparılmış xidməti araşdırma nəticəsində müəyyən edilib ki, 17.01.2020-ci il tarixdə saat 10:50 radələrində paytaxtın Qaradağ rayonu ərazisində, “Sədərək” ticarət mərkəzinin yaxınlığındakı dairəyə yaxınlaşan “Hyundai Tucson” markalı, 99-SE-113 dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq nömrə nişanının palçıqlı olması səbəbindən yaxşı görünmədiyi üçün həmin ərazidə xidmət aparan BDYPİ-nin Ekoloji nəzarət üzrə YPX bölüyünün əməkdaşları tərəfindən saxlanılıb, lakin sürücü işlədiyi yerə çatdığını və avtomobili işlədiyi obyektin yanındakı yuma məntəqəsinə verəcəyini bildirərək məsuliyyətə cəlb edilməməsini xahiş edib. Sürücü verdiyi şifahi izahatında YPX inspektorlarının məsələyə anlaşıqlı yanaşaraq ona xəbərdarlıq etdiklərini bildirib və bu görüntülərə görə kiminsə xəyali şərhinə əsaslanıb əməkdaşlar haqqında intizam tədbirlərinin görülməməsini xahiş etməklə məsələnin araşdırılmadan ictimailəşdirilməsini ədalətsiz yanaşma kimi qiymətləndirib.

    Qeyd olunan avtomobilin sürücüsü özü haqqında məlumatların mətbuat vasitəsilə açıqlanmasının əleyhinə olduğunu bildirsə də, məsələnin ictimailəşməsi və saxlanılan şəxsin həqiqətən də onun olması faktının təsdiqlənməsinin vacibliyi diqqətinə çatdırıldıqdan sonra o, ad və soyadının çəkilməməsi şərti ilə idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları barədə məlumatın ictimailəşməsinə razılıq verib.

    Araşdırma zamanı eləcə də müəyyən edilib ki, həmin patrul avtomobilini idarə edən YPX inspektoru tərəfindən xidmət müddətində, yəni 8 saat ərzində həmin dairədə 7 dəfə dönmə əməliyyatı aparılıb, lakin qeyd olunan “Hyundai Tucson” markalı avtomobildən başqa hər hansı nəqliyyat vasitəsi saxlanılmayıb”.

  • Koronavirusun yayılmasının pik həddi nə vaxt olacaq?

    Çində koronavirusun yayılmasının pik həddi 7-10 gündən sonra baş verəcək.

    Rg.ru-nun məlumatına görə, Çinin Səhiyyə Komitəsi bu barədə xəbər yayıb.

    Son məlumatlara görə, hazırda dünyada koronavirusla bağlı 4.474 diaqnoz təsdiqlənib, 107 xəstə ölüb, 63 nəfər sağalıb.

    Həmçinin, Taylandda (8), Avstraliyada (5), Sinqapurda (5), Tayvanda (5), ABŞ-da (5), Yaponiyada (4), Malayziyada (4), Cənubi Koreyada (4), Fransada (3), Vyetnamda (2), Kambocada, Kanadada, Almaniyada, Kot d’İvuarda, Nepalda, Şri-Lankada (hər birində bir xəstə) yoluxma halları qeydə alınıb.

  • Bakıda taksi sürücüsünün başından vurub maşınını əlindən aldılar

    Yanvarın 27-də Bakının Yasamal rayonunda taksi sürücüsü soyğunçuluğun qurbanı olub.

    Bu barədə Oxu.Az-a Rayon Polis Şöbəsindən məlumat daxil olub.

    Saat 04:00-radələrində Abbas Mirzə Şərifzadə küçəsində “Chevrolet Aveo” markalı avtomobilin sürücüsü, 31 yaşlı Xəqani Səfərov sərnişin kimi avtomobilinə minən iki naməlum şəxs tərəfindən hücuma məruz qalıb.

    Hücum edənlərdən biri H.Səfərovu yumruqla başından vurub, nəticədə, o huşunu itirib.

    Sonra cinayətkarlar taksi sürücüsünü maşından sürüyüb çıxararaq avtomobilini oğurlayıblar.

    Cinayət 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırılır.

    Hələlik faktla bağlı həbs olunanlar yoxdur.

  • Azərbaycana qanunsuz yolla pul keçirmək istəyən şəxs tutuldu

    Rusiyadan Azərbaycana qanunsuz yolla pul keçirmək istəyən şəxs saxlanılıb.

    Bu barədə “YamalPro” xəbər yayıb.

    Məlumata görə, artıq Sverdlovsk Nəqliyyat Prokurorluğu nağd pul vəsaitlərinin qaçaqmalçılığında ittiham olunan Yamal sakini barəsində ittiham aktını təsdiqləyib.

    Nəqliyyat prokurorluğunun versiyasına görə, təqsirləndirilən şəxs “Koltsov” Hava Limanının beynəlxalq terminalında olarkən Azərbaycan Respublikasına aparılan üç milyon rubldan (82200 AZN) çox nağd pulun deklarasiyasını həyata keçirməyib, bu isə gömrük sərhəddindən pul vəsaitlərinin qanunsuz keçirilməsi sayılır.

    Müsadirə olunan pul cinayət işində maddi sübut kimi tanınıb və gömrükdə müvəqqəti saxlama kameralarına yerləşdirilib. Əgər xaricə qanunsuz pul ixracında onun təqsiri sübut olunarsa, bütün məbləğ dövlət büdcəsinə keçəcək.

    Bundan əlavə, təqsirləndirilən şəxsi qanunsuz köçürülmüş pul məbləğinin üçdən on mislinədək miqdarında cərimə gözləyir.

    Cinayət işinə Yekaterinburqun Oktyabrski Rayon Məhkəməsi baxacaq.

  • Məşhur meyxanaçının ürəkdağlayan görüntüləri: Bir ildir ki, yataq xəstəsidir – VİDEO

    ARB TV-də yayımlanan “Elgizlə İzlə” sosial-ictimai proqramında məşhur meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhəti ilə bağlı urəkdağlayan videomaterial yayımlanıb.

    Yataq xəstəsi olan 2017-ci ildə beyninə qan sızan meyxanaçı müsahibə verməkdə çətinlik çəkdiyindən Ağakərimin oğlu atasının səhhətindən söz açıb:

    “2017-ci ildən xəstədir, 2019-cu ildən isə yataq xəstəsi olub. Bu zamana qədər o bizə baxıb. İndi də bizim borcumuzdur ki, ona baxaq. İnşallah, sağalar”.

    Qeyd edək ki, meyxanaçı Ağakərimin ayaqları tutulmuşdu. Maddi imkanları çatmadığı üçün ailəsi meyxanaçını xəstəxanadan çıxarmaq məcburiyyətində olduğunu açıqlamışdı. Daha sonra sənətçinin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürmüşdü.