Month: February 2020

  • MSK lider namizədin şikayətini təmin etmədi

    Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 16 saylı Yasamal üçüncü seçki dairəsindən namizəd Erkin Qədirlinin müraciətinə baxılıb.

    “Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

    Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü həmin dairə üzrə 1, 4, 11, 13, 21, 27, 28 və 29 saylı seçki məntəqələrində qanun pozuntularının olduğunu iddia edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı heç bir seçki məntəqəsində qanun pozuntusu aşkar edilməyib”.

    MSK namizədin müraciətinin təmin edilməməsi və DSK-nın qərarının qüvvədə saxlanılması məsələsini müzakirəyə çıxarıb və qəbul edib.

    Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Erkin Qədirlidir.

  • Azərbaycan-Türkiyə sənədləri imzalandı

    Fevralın 25-də Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

    “Report” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının səkkizinci iclasının Protokolu”nu imzalayıblar.

    “Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumu (DEİK) arasında əməkdaşlığa dair 2020-2021-ci illəri əhatə edən Fəaliyyət Planı”nı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev və Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun rəhbəri Nail Olpak imzalayıblar.

    “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi arasında inteqrasiya olunmuş xidmətlər mərkəzinin və dövlət xidmətlərinin rəqəmsallaşdırılması üçün texniki infrastrukturun yaradılması haqqında Anlaşma Memorandumu”nu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koç imzalayıblar.

    “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkiyə Radio Televiziya Qurumu arasında əməkdaşlıq Protokolu”nu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və Türkiyə Radio Televiziya Qurumunun baş direktoru İbrahim Eren imzalayıblar.

    “2013-cü il noyabrın 13-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”ə Əlavə Protokol”u Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev və Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsinin rəisi Mehmet Aktaş imzalayıblar.

    “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur nazirinin müavini Adil Karaismailoğlu imzalayıblar.

    “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”ni Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyə Respublikasının Ticarət naziri xanım Ruhsar Pekcan imzalayıblar.

    “2012-ci il sentyabrın 11-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrasına dair 2020-2022-ci illər üzrə Fəaliyyət Planı”nı Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyə Respublikasının Ticarət naziri xanım Ruhsar Pekcan imzalayıblar.

    “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Türkiyə Rəqabət Qurumu arasında rəqabət siyasəti sahəsində əməkdaşlıq Protokolu”nu Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyə Respublikasının Ticarət naziri xanım Ruhsar Pekcan imzalayıblar.

    “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov və Türkiyə Respublikasının Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu imzalayıblar.

    “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqqında Saziş”i Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər naziri Fatih Dönmez imzalayıblar.

    “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi-maliyyə əməkdaşlığı haqqında Saziş”i Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov və Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar imzalayıblar.

    “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında maliyyə yardımının tətbiqi haqqında Protokol”u Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov və Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar imzalayıblar.

    “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı vizadan azadetmə haqqında Saziş”i Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu imzalayıblar.

  • Məzahir Pənahov Erkin Qədirlini “çoxbilmiş” adlandırdı

    Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 16 saylı Yasamal İkinci Seçki Dairəsi üzrə lider namizəd Erkin Qədirlinin müraciətinə baxılıb.

    Median.Az-ın oxu.az-a istinadən xəbərinə görə, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

    Erkin Qədirli şikayətində bildirib ki, həmin dairənin səkkiz məntəqəsində seçicilərin iradəsini müəyyələnləşdirməyə imkan verməyən hallar aşkarlanıb.

    “Erkin Qədirli bildirir ki, səkkiz məntəqənin nəticələri etibarsız sayılsın”, – deyə Arifə Muxtarova əlavə edib.

    MSK sədri Məzahir Pənahov isə bildirib ki, Erkin Qədirli çoxbilmişdir:

    “O bilir ki, dairə üzrə lider namizəddir, amma deyir ki, bəzi məntəqələrin nəticələri etibarsız sayılsın. O, çoxbilmişdir, bilir ki, bu, nəticəyə təsir etməyəcək”.

    MSK qərara alıb ki, Erkin Qədirlinin müraciəti təmin edilməsin.

  • İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın şərəfinə ziyafət verdi – FOTO

    Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə ziyafət verilib.

    Bu barədə AZƏRTAC xəbər yayıb.

  • Azərbaycanda DƏHŞƏT – Ana övladını boğduqdan sonra intihar etdi

    Kürdəmir rayonunun Şuşun kəndində yaşamış 32 yaşlı Leyla Cəfərova bir yaş altı aylıq oğlunu boğaraq öldürdükdən sonra intihar edib. Hazırda istintaq bu versiyaya əsaslanır.

    Median.Az xəbər verir ki, bu barədə “oxu.az”a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

    Qeyd edək ki, Şuşun kəndində ana və uşağın müəmmalı ölümü bir çox suallar doğurub.

    Faciə fevralın 22-nə keçən gecə baş verib. Səhəri gün kənd ərazisindəki quyudan L.Cəfərovanın, evdən isə bir yaş altı aylıq oğlu Hilalın meyiti tapılıb.

    Ana və uşağın cəsədlərində zorakılıqla öldürülmə əlamətləri olmayıb. Hadisə yerinə gələn kriminalistlər L.Cəfərovanın əlində ölümcül olmayan kiçik kəsik tapıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları quyunu qazaraq altındakı vinil val qırığı aşkar ediblər. Qadının suya yıxıldığı zaman ona dəyərək yaralandığı güman edilir.

    Hüquq-mühafizə orqanlarının əməkdaşları qətlin mümkünlüyünü istisna etməsələr də, indiyə qədər faktla bağlı heç kim tutulmayıb.

    L.Cəfərovanın əri Orxan Qəmbərov ilkin dindirilmə zamanı hadisə baş verdiyi vaxt yuxuda olduğunu və buna görə nə baş verdiyini bilmədiyini deyib.
    Onun sözlərinə görə, yuxudan oyadaraq həyat yoldaşı və uşağının öldüyünü deyiblər.

    Eyni zamanda, uşağın boğularaq öldüyü müəyyən edilib. O gecə ana və oğlu yerdə döşəkdə yatıblar.

    İstintaq uşağın qəzanın qurbanı olma ehtimalını da istisna etmir. Ana yuxuda olan zaman yerində çevrilərək uşağın boğulmasına səbəb ola bilər.

    Hazırda heç kim bunu təsdiqləyə və ya inkar edə bilmir.

    İstintaqın məlumatına görə, uşağın ölümündən sonra L.Cəfərova özünü dayaz quyuda boğaraq intihar edib.

    İlkin məlumatlara görə, qadını intihara məcbur edən səbəb ailə münasibətləri də ola bilər. L.Cəfərovanın boşanmasından sonra valideynləri və qardaşının ailəsi ilə eyni evdə yaşadığı məlum olub. Onun gəlinləri ilə münasibətləri gərginləşib.

    Daha bir kiçik detal da var: gəlinlərinin yeganə uşağı bir müddət əvvəl vəfat edib.

    Rayon prokurorluğu faktla bağlı araşdırmaları davam etdirir.

  • Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

    Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 23-də keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.

    DİM-dən verilən məlumata görə, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    İmtahanda iştirakı nəzərdə tutulan 15738 bakalavrdan 183 nəfəri imtahana gəlməyib. 3 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub. İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 95 bal olub.

    Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar.

    Bakalavrlar 2020-ci ilin iyunun 8-dən 18-dək olan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun proqramı və ixtisaslaşmaları seçib təsdiq etməlidirlər. İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcəkdir).

    Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanından “məqbul” alanlar ixtisaslaşma seçiminə buraxılırlar.

    Qeyd edək ki, imtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya komissiyası yaradılıb. Bakalavrlar Apelyasiya komissiyasına 26-27 fevral 2020-ci il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər. Apelyasiya komissiyası DİM-in Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

    İmtahan nəticələri yaxın vaxtlarda DİM-in saytına da yerləşdiriləcək.

  • MSK 10 məntəqənin “üstündən xətt çəkdi”

    19 saylı Nərimanov Birinci Seçki Dairəsi üzrə 10 məntəqəsinin nəticələri etibarsız hesab olunub.

    Mərkəzi Seçki Komissiyasının iclasında bu barədə qərar verilib.

    Qərar namizədlər Şəmsəddin Allahverdiyev, İsa Qəmbər və digərlərinin şikayəti əsasında çıxarılıb.

    MSK qərara alıb ki, həmin dairənin 1, 2, 4, 13, 19, 21, 22, 29, 30, 34 saylı seçki məntəqələrinin nəticələri etibarsız sayılsın.

    Qeyd edək ki, Nərimanov Birinci Seçki Dairəsinin lider namizədi Hikmət Məmmədovdur.

  • İranlı deputat da koronavirusa yoluxdu

    İranlı millət vəkili Mahmud Sadıqi də koronavirusa yoluxub.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə deputat özü Tvitter səhifəsində açıqlama yayıb:

    “Covid-19 analizlərim pozitiv çıxdı. Bu mesajı bu dünyada yaşamaq ümidim az olduğu vəziyyətdə ikən yazıram”.

    Xatırladaq ki, İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi də koronavirusa yoluxub. Ölkədə virusdan dünyasını dəyişənlərin sayı 15 nəfərdir. 95 nəfərdə isə koronavirusa yoluxma halı qeydə alınıb.

  • Bakıda yaşayış binası yanır

    Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın başlayıb.

    Yanğın Bakının Əhmədli qəsəbəsi, Q.Məmmədov küçəsi 5 ünvanında qeydə alınıb.

    Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva faktı təsdiqləyib.

    Onun sözlərinə görə, yanğın sözügedən ünvanda yerləşən yaşayış binasının altıncı mərtəbəsində qeydə alınıb:

    “Yanğın binanın altıncı mərtəbəsində başlayıb. FHN-in çağrı mərkəzinə daxil olan zəng əsasında dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri əraziyə cəlb edilib. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir”.

  • İrandan qayıdan 23 Azərbaycan vətəndaşı xəstəxanaya yerləşdirildi

    Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumat yayıb.

    Məlumatda deyilir:

    “İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərində olan 23 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin müayinə zamanı iki nəfərin hərarəti normadan bir qədər yüksək olub.

    Səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək.

    Qeyd edək ki, yuxarıda qeyd olunanların əksəriyyəti İrana ziyarətə gedənlərdir.

    Ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edirik”.