Month: May 2020

  • Bakı-Sumqayıt istiqamətində xəttə əlavə qatarlar buraxılacaq

    Bakı-Sumqayıt istiqamətində xəttə əlavə qatarlar buraxılacaq.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə bu gün “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) qurumun sədri Cavid Qurbanovun rəhbərliyi ilə videokonfrans şəklində keçirilən kollegiya iclasında deyilib.

    İclasda pandemiya dövründə ADY-nin müxtəlif strukturlarının fəaliyyətinə dair hesabatlar dinlənilib. Bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, mayın 4-dən xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar Bakı-Xırdalan-Sumqayıt istiqamətində sərnişin sıxlığı müşahidə olunur. Sərnişin tələbatının artdığını nəzərə alaraq, həmin marşrut üzrə əlavə qatarların xəttə buraxılmasına qərar verilib.

    İclasda ilin sonunadək icrası nəzərdə tutulan vacib məsələlər müzakirə olunub, konkret tədbirlər müəyyənləşdirilib.

  • Əli Əsədov kənd torpaqları ilə bağlı qərarda dəyişiklik etdi

    Nazirlər Kabineti “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nda dəyişiklik edib.

    Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

    Qərarla torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi barədə qərarın aidiyyəti üzrə göndərilməsi müəyyənləşib.

    Dəyişikliyə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi barədə qəbul edilmiş qərar kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə bağlı olduqda, bu barədə zəruri məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq, “Elektron kənd təsərrüfatı” informasiya sisteminə daxil ediləcək.

    Qeyd edək ki, bundan əvvəl torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi barədə qəbul edilmiş qərar kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə bağlı olduqda, bu barədə zəruri məlumatların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 dekabr tarixli 408 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemindən (EKTİS) istifadə Qaydaları”nın tələblərinə əsasən, EKTİS-ə daxil edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təmin edilirdi.

  • Əməkdar jurnalist vəfat etdi – FOTO

    Lerik rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar jurnalist Həmzə Vəliməmmədov vəfat edib.

    “Report”un məlumatına görə, Vəliməmmədov Həmzə Ruhulla oğlu 1938-ci ildə Lerik rayonunun Təlbəyəq kəndində anadan olub. 1957-ci ildə orta məktəbi, 1959-cu ildə pedaqoji texnikumu, 1966-cı ildə isə Azərbaycan Pedaqoji İnstitutunu bitirib.

    Lerik rayonunun kəndlərində müəllim və məktəb direktoru, 1966-cı ildən isə Lerik rayonunda çıxan “Bolluq uğrunda” (indiki “Lerik”) qəzetində şöbə müdiri işləyib. 1970-1972-ci illərdə Bakı Ali Partiya Məktəbinin Jurnalistika şöbəsində təhsilini davam etdirib.

    Sonrakı illərdə Lerik Rayon Partiya Komitəsinin təlimatçısı, rayon qəzetinin redaktoru, təhsil şöbəsinin, mədəniyyət və turizm şöbəsinin müdiri vəzifələrində çalışıb. Rayon Ağsaqqallar Şurasının sədri olub.

    Publisist yazıları keçmiş İttifaqın və respublikanın nüfuzlu mətbu orqanlarında dərc edilib, radioda səsləndirilib. 1983-cü ildə “Qızıl qələm” mükafatına, 1990-cı ildə isə respublikanın Əməkdar jurnalisti fəxri adına layiq görülüb. Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.

    Təcrübəli jurnalistin 2010-cu və 2011-ci illərdə “İllərdən qalan izlər”, “Şərəflə yaşanmış ömür” və “Elin unudulmaz oğlu” kitabları çapdan çıxıb. 10 övlad atası, 17 nəvə babası olub.

    Qeyd edək ki, H.Vəliməmmədovun övladları dövlət qulluğunda məsul vəzifələrdə çalışır. O, Lerik Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədovanın atasıdır.

    Mərhumun dəfn mərasiminə hazırlıq görülür.


  • Bərdədə üç yaşlı uşaq su quyusuna düşərək öldü

    Bərdə rayonunda bədbəxt hadisə baş verib.

    “Report”un məlumatına görə, hadisə Çələbilər kəndində qeydə alınıb.

    Belə ki, Bərdə rayon sakini, 2017-ci il təvəllüdlü Səlimzadə Xaliq Şəmistan oğlu su quyusuna düşərək ölüb.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Mayın 31-dək təhsil müəssisələrində iş rejimi müəyyənləşib

    Təhsil naziri Ceyhun Bayramov koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə tətbiq edilən xüsusi iş (əmək) rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli, 163 nömrəli Qərarının, 16 mart 2020-ci il tarixli 1/384 nömrəli və 2 may 2020-ci il 10/541 nömrəli məktublarında verilən tapşırıqların icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5 bəndini rəhbər tutaraq əmr imzalayıb.

    APA-nın əldə etdiyi məlumata görə, əmrdə deyilir:

    1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadlarının qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin 31 may 2020-ci 00:00-a qədər uzadılması nəzərə alınaraq, 4-31 may tarixlərində Təhsil Nazirliyi Aparatının Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda yerləşən strukturuna daxil olan qurumlarının, strukturuna daxil olmayan tabeliyindəki qurumlarının, Peşə Təhsili üzrə Dövlət Agentliyinin və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasının ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun fəaliyyətinin təmin edilməsi məqsədilə hər bir qurum üzrə işçi sayının 30 faizə (rəhbər şəxsləri və onların mülahizəsinə əsasən zəruri hesab edilən əməkdaşların cəmi) qədəri işə cəlb olunsun.

    2. Bu əmrin 1-ci bəndində qeyd olunan rayon və şəhərlər istisna olmaqla digər Təhsil Nazirliyinin strukturuna daxil olan qurumlara, strukturuna daxil olmayan tabeliyindəki qurumlara işə cəlb olunmalı əməkdaş sayı məhdudiyyəti tətbiq edilməsin.

    3. Bu əmrin 1-ci bəndində qeyd olunan şəhər və rayonda yerləşən qurumlarda rəhbər şəxslərin mülahizəsinə əsasən, iş yerində işə cəlb olunması zəruri hesab edilən əməkdaşlar müəyyən edilərkən aşağıdakı hallar nəzərə alınsın:

    3.1. öhdəsində azyaşlı (7 yaşınadək) uşağı olan, yaşlılara və tibbi yardıma ehtiyacı olan şəxslərə qulluq edən əməkdaşlar işə cəlb olunmasın;

    3.2. yaşı 60-dan yuxarı olan əməkdaşlar işə cəlb edilməsin;

    3.3. şəxsi nəqliyyat vasitəsi olan əməkdaşların işə cəlb olunmasına üstünlük verilsin.

    4. Nazirliyin Aparatının struktur bölmə rəhbərliyi və Nazirliyə tabe olan Bakı şəhərində yerləşən qurumların səlahiyyətli şəxsləri işə cəlb olunan əməkdaşlarının siyahısını hər gün Nazirliyin İnsan Resursları Şöbəsinə (hr@edu.gov.az) təqdim etsinlər.

    5. Maliyyə Şöbəsinə tapşırılsın ki, işə cəlb olunmayan əməkdaşların əmək haqqının ödənilməsi üçün zəruri tədbirləri həyata keçirsin.

    6. Bu əmrin 1-ci bəndində qeyd olunan qurumların rəhbərlərinə tapşırılsın ki, işə cəlb olunmayan əməkdaşların əmək haqqının ödənilməsi üçün zəruri tədbirləri həyata keçirsin.

    7. İnsan Resursları Şöbəsinə tapşırılsın ki, xüsusi karantin dövründə işə cəlb olunan əməkdaşlara cəlb olunduqları günlər üçün il ərzində əlavə istirahət günlərinin verilməsini təmin etsin.

    8. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə və Təhsil Nazirliyinin rəhbər şəxslərinə tapşırılsın ki, işə cəlb olunması zəruri hesab edilməyən əməkdaşların məsafədən işləmək imkanlarını müəyyən etsinlər və bunun üçün tələb olunan şəraitin (texnoloji əlaqə platformalarının müəyyən edilməsi, onların sazlanması və s.) yaradılmasını təmin etsinlər.

    9. Əmək fəaliyyətini iş yerində yerinə yetirən işçilərə münasibətdə aşağıdakılar nəzərə alınsın:

    9.1. iclasların, görüşlərin və müzakirələrin fiziki ünsiyyət yaratmadan texnoloji avadanlıqlar vasitəsi ilə keçirilməsinə üstünlük verilsin;

    9.2. sənədlərə vizaların toplanması halları istisna olmaqla, əməkdaşlar arasında sənəd və məlumat mübadiləsi elektron poçt və telefon rabitəsi vasitəsilə həyata keçirilsin;

    9.3. əməkdaşların və onların üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq, öskürək, nəfəs darlığı, burun axıntısı və digər bu kimi hallar olduğu təqdirdə həmin əməkdaşların işə cəlb olunmasl dərhal dayandırılsın və müvafiq tədbirlər görülsün;

    9.4. əməkdaşlardan şəxsi gigiyena qaydalarına riayət olunması tələb olunsun;

    9.5. əməkdaşlardan koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə tətbiq edilən xüsusi rejimin qaydalarına əməl olunması tələb olunsun.

    10. Əmrin 1-ci bəndində qeyd olunan qurumlarda və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşların qəbulu 2020-ci il mayın 31-dək dayandırılsın.

    11. 2020-ci mayın 31-dək vətəndaş müraciətlərinin qəbulu Telefon Məlumat Mərkəzi (146-1) və office@edu.gov.az elektron poçt ünvanı vasitəsilə təmin edilsin.

    12. İnformasiya şöbəsi bu əmrin aidiyyəti struktur bölmələrə çatdırılmasını təmin etsin.

    13. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

  • В Азербайджане зарегистрировано 76 новых случаев заражения COVID-19

    За последние сутки в Азербайджане зафиксировано 76 новых случаев инфицирования коронавирусом (COVID-19).

    Об этом на брифинге оперативного штаба при Кабинете министров 5 мая сказала завотделом Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Ягут Гараева.

    По ее словам, 28 человек выздоровели и выписаны из больниц особого режима.

    “В целом на данный момент в Азербайджане подтверждено 2 060 случаев заражения коронавирусом. 1 508 человек вылечились, 26 – скончались, 526 пациентов проходят лечение.

    Состояние 21 из них оценивается как тяжелое, 27 – средней степени тяжести, остальных – как стабильное”, – сообщила Я.Гараева.

  • Azərbaycanda daha 76 nəfərdə koronavirus aşkarlandı – RƏSMİ

    “Azərbaycanda 76 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

    O qeyd edib ki, 28 nəfər müalicə olunaraq, koronavirusdan sağalıb və evə buraxılıb:

    “526 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağırdır”.

    “27 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”, – deyə o vurğulayıb.

  • Bu ölkə koronavirusdan ölüm sayına görə İtaliyanı keçdi

    Böyük Britaniya koronavirusdan ölüm hallarına görə İtaltiyanı geridə qoyaraq Avropada birinci oldu. Bu barədə “Independent” Milli Statistika Xidmətinin (ONS) məlumatlarına əsasən xəbər verib.

    Bildirilir ki, koronavirusun yayılmağa başladığı vaxtdan bəri Britaniyada 32,3 min ölüm qeydə alınıb. Vəziyyətin ən ağır olduğu İtaliyada isə təxminən 29 min ölüm hadisəsi qeydə alınıb.

    ONS-un məlumatına görə, Britaniyada yoluxanlardan 19,6 mini xəstəxanalarda, 5,9 min nəfəri isə internatlarda və qocalar evində, təxminən 1,3 min nəfər evində, 301 nəfər isə hospisdə ölüb.

    Qeyd olunur ki, bundan əvvəl Britaniya Səhiyyə Nazirliyinin verdiyi statistikada yalnız xəstəxanalardakı ölümlər nəzərə alınıb.

  • Bakıda orta maaş 1 000 manata yaxınlaşıb

    Bakı Şəhər Statistika İdarəsi paytaxt üzrə orta aylıq nominal əməkhaqqını açıqlayıb.

    Bu ilin yanvar-fevral aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 20,6% artaraq 958 manat təşkil edib.

  • “Rayonda doğum şöbəsi bağlı olduğuna görə, uşaq avtomobildə dünyaya gəldi”

    Bizimyol.info redaksiyasına şikayət daxil olub.Rayon sakini Əliyev Muxtar bildirib ki,Ağdaş xəstəxanasının doğum şöbəsi xəstə qəbul edə bilmir.

    Buna görə də doğuşa gələn qadınlar ətraf rayonların (Ucar, Zərdab, Göyçay, Mingəçevir şəhəri) xəstəxanalarına göndərilir. Bu isə müəyyən problemlərə səbəb olur.

    “Bir neçə gün əvvəl yaxın qohumum xəstəxanaya çatdırıla bilmədiyinə görə, uşağı avtomobildə dünyaya gətirib.Koronavirus pandemiyası ilə əlaqədar bu virusa tutulan şəxslərin müalicəsi üçün Ağdaş Rayon Mərkəzi Xəstəxanası regional karantin xəstəxanası elan edilib. Bu səbəbdən hazırda xəstəxana digər heç bir xəstə qəbul etmir. Doğuş, yaxud təcili cərrahiyyə zərurəti yaranan pasiyentlər isə ətraf rayonların xəstəxanalarına göndərilir: “Bu isə bir çox hallarda problemlərə səbəb olur. Xüsusilə doğuş və cərrahi əməliyyatlarla bağlı bəzən təcili müdaxilə zərurəti yaranan xəstələr olur ki, vaxtında müdaxilə edilməzsə, insanın ölümü ilə nəticələnməsi mümkündür. Hər birimizin ailəsi bu cür vəziyyətlə qarşılaşa bilər”. Ağdaş sakini əlaqədar qurumları bu məsələ ilə bağlı müvafiq qərar verməyə çağırıb. “Əlbəttə, virusun yayılmaması və epidemiya təhlükəsi altında olanların müalicəsi üçün xəstəxana izolyasiya edilib. Ancaq digər insanların həyat və sağlamlığı üçün təhlükə yaranmaması üçün müəyyən addımlar atmaq olar. Məsələn xəstəxana binasında ayrı giriş-çıxışları olan doğum şöbəsi və cərrahiyə şöbəsinin hazırkı vəziyyətdə fəaliyyətə başlamasını mümkün hesab etmək olar. Yəqin ki, aidiyyatı qurumlar bununla bağlı araşdırma aparsalar, problemin həlli istiqamətində müsbət addımlar atıla bilər”.

    Şikayət əsasında sorğu göndərdiyimiz TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirdi ki, pandemiya ilə əlaqədar olaraq xəstəxana regional karantin xəstəxanası elan edilib, elə əhalinin öz sağlamlığı naminə o əraziyə digər xəstələrin aparılması düzgün olmazdı. Xəstəxananı bu məsələdə ittiham etmək olmaz. Sakinlər bir müddət qonşu rayonlara və ya digər xəstəxanalara müraciət etməlidirlər”.

    Qeyd edək ki, bu müddətdə rayonlar arası gediş- gəlişin də bağlanması problemlər yaratmışdı. Amma yol polisləri mütləq xəstəliklə bağlı müraciətlərə obyektiv yanaşma sərgiləmişdilər.Ağdaş sakinləri bütün əhali kimi bir qədər səbr edib, pandemiyanın bitəcəyi dövrü gözləməlidirlər.