Month: June 2020

  • Xüsusi karantin günlərində “ASAN xidmət” və “ASAN Kommunal” fəaliyyət göstərəcək

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək qeyd olunan ərazilərdə məhdudiyyətlər tətbiq olunacaq.

    Median.Az Trend-ə istinadən bildirir ki, məhdudiyyətlərin tətbiq edildiyi müddətdə vətəndaşlar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin xidmətlərindən yararlana biləcəklər. Lakin Nazirlər Kabinetinin müvafiq Qərarı ilə məhdud sayda əməkdaşların işə çıxmasının təmin edilməsi məqsədi ilə 1 saylı Bakı “ASAN xidmət” və 2 saylı Bakı “ASAN Kommunal” mərkəzlərində sənəd qəbulu həyata keçirilməyəcək. Həmin mərkəzlərdə
    sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən vətəndaşlar isə mərkəzlərə yaxınlaşaraq sənədlərini əldə edə bilərlər.

    Müvafiq xidmətlərlə əlaqədar sənəd qəbulu üçün digər mərkəzlərə müəyyən edilmiş qaydada müraciət etmək mümkündür. Belə ki, 27 aprel tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu “ASAN xidmət” mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.

    “ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür.

    Səyyar ASAN xidmətin fəaliyyətində də bir sıra məhdudiyyətlər tətbiq olunacaq. Belə ki, xidmət göstərilən məntəqələr məhdudiyyətlərin tətbiq olunduğu əraziyə aid olduğu üçün Səyyar ASAN xidmət Qaradağ rayonunun Qobustan qəsəbəsində, Xırdalan və Lənkəranda 21 iyun 2020-ci il tarixindən fəaliyyət göstərməyəcək.

    Səyyar ASAN xidmətin fəaliyyət göstərdiyi digər məntəqələr barədə ətraflı məlumatı müvafiq link vasitəsi ilə əldə etmək olar: https://bit.ly/2YJz4c9

  • Uşaqlarda koronavirusun əsas simptomları açıqlandı

    Uşaqlarda koronavirusun əsas əlamətləri hərarət, ishal və qusmadır. Alimlər Qərbi Çində dörd xəstəxanada araşdırma apardıqdan sonra bu nəticəyə gəliblər.

    Median.Az oxu.az-a istinadən bildirir ki, onların tədqiqatları “PLoS Medicine” nəşrində dərc olunub.

    COVID-19-a yoluxan uşaqların 76 faizi qızdırmadan əziyyət çəkir (yoluxan böyüklərdə bu əlamətə xəstələrin 50 faizdən az hissəsində rast gəlinir). Bundan əlavə, yoluxmuş uşaqların 62 faizində güclü öskürək aşkarlanıb, digər 12 faizində isə ishal və qusma müşahidə edilib.

    Alimlər onu da qeyd edirlər ki, yetkinlik yaşına çatmayanlarda ağciyər problemi daha sonralar özünü göstərir.

    Əvvəllər koronavirusa yoluxan bir çox uşaqda iltihab halları müşahidə edilirdi. Həkimlərin dediklərinə görə, bu simptom “Kavasaki” xəstəliyinə bənzəyir.

    Sonradan sübut edildi ki, COVID-19 fonunda uşaqlarda ölümcül “sitokin fırtınası” (bədənin toxumalarına ziyan verən iltihab) inkişaf edə bilər.

  • Şagirdlərin monitorinqi “Virtual məktəb” portalı vasitəsilə aparılacaq

    Şagirdlərin biliklərinin monitorinqi “Virtual məktəb”də aparılacaq.

    Təhsil Nazirliyindən verilən məlumata görə, monitorinq məqsədi ilə “Virtual məktəb” portalına Azərbaycan və rus bölmələri olmaqla II-VIII və X siniflər üzrə yeni test tapşırıqları hazırlanaraq əlavə olunub.

    Məqsəd şagirdlərin müxtəlif fənlər üzrə bilik və bacarıqlarının monitorinqinin aparılmasıdır.

    Test tapşırıqları 20 iyun tarixindən etibarən 14 gün müddətində aktiv olacaq. Test tapşırıqlarını yerinə yetirmək üçün portalda “Teams> General” bölməsində müvafiq olaraq “Testlər” altbölməsinə daxil olmaq lazımdır.

    Monitorinqdə iştirak şagirdlərə tədris ili ərzində öyrəndiklərini yoxlamaq, müəllimlərə isə növbəti il üçün zəruri tədbirlər hazırlamaq imkanı verəcək:

    “Monitorinqdə daha çox şagirdin iştirakı daha aydın mənzərənin alınması deməkdir. Bu səbəbdən bütün maraqlı tərəflərin (şagirdlər, müəllimlər, valideynlər, məktəb rəhbərləri) prosesə ciddi yanaşacağına ümid edirik”.

  • Bakıda iş yerlərində pilləli iş prinsipi tətbiq edilə bilər – VİDEO

    Şəhərdə tıxac, ictimai nəqliyatda sıxlıq əsasən günün pik saatlarına, insanların səhər işə getdiyi, axşam işdən qayıtdığı vaxtlara təsadüf edir. Bu isə pandemiya dövründə xüsusən ictimai nəqliyatda insanlar arasındakı sosial məsafəni qorumağa imkan vermir. Bu və digər amilləri nəzərə alaraq, iş saatının pilləli tətbiqi təklif edilir.

    Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında geniş süjet yayımlanıb.

    Bakı Nəqliyyat Agentliyinin bir neçə il əvvəl iş saatlarının dəyişdirilməsi ilə bağlı irəli sürdüyü təklif mövcud pandemiya şəraitində yenidən gündəmə gəlib.

    Mais Ağayev – BNA -nın mətbuat katibi: “Pilləli iş rejiminin təşkil olunmasının bir sıra üstünlükləri var. Bu üstünlüklər sırasında pik saatlarda ictimai nəqliyatın sıxlığının azalması, sərnişin sıxlığının azalması, yəni işçilərin toplu şəkildə daxil olub çıxması azalır. Bu da movcud pandemiya şəraitində fiziki təmasın aradan qaldırılması baxımından olduqca vacibdir”.

    Ekspertlərin sözlərinə görə, əgər belə bir təklif reallaşarsa, yollarda yaşanan tıxac probleminin 20-30%-ni həll etmək mümkün olar.

    Azər Allahverənov – Ekspert: “Bu təcrübədə artıq sınaqdan çıxmışdı. Yadınızdadırsa, Azərbaycanda beynəlxalq turnirlər keçirilən zaman iş qrafiklərinin dəyişdirilməsi ilə bağlı təklif tətbiq edilmişdi. Və nəticə etibarilə bu üsul bizim yollarda nəqliyyat vasitələrinin intensivliyinin azalmasına və tıxacın miqyasının azalmasına səbəb olmuşdu”.

    Bəs bu təklif qəbul olunacağı təqdirdə, işin başlama və bitmə saatları necə təşkil olunmalıdır?

    Vüqar Bayramov – Milli Məclisin üzvü: “Məsələn bəzi Avropa ölkələrində işçilər hətta saat 7-də işə başlayıb – daha tez işi başa çatıdırırlar. O baxımdan təbii ki, müddət olaraq bu işçinin işdə qalma müddətinə təsir etməyəcək. Əslində bu bir tərəfdən tıxacın qarşısını alacaq, eyni zamanda pandemiya dövründə yoluxma sayına təsir göstərə bilər. Çünki bu zaman artıq ünsiyyət azalacaq”.

    BNA-nın mətbuat katibi Mais Ağayev deyir ki, marşrut xətlərinin normal fəaliyyətinin təşkili üçün iş saatlarının dəyişdirilməsi ilə yanaşı, yollarda xüsusi avtobus zolaqlarına da ehtiyac var.

    Mais Ağayev – BNA-nın mətbuat katibi: “BNA tərəfindən 21 küçə və prospektdə xüsus hərəkət zolaqlarının təşkili ilə bağlı təkliflər irəli sürülüb. Və əgər biz həm pilləli iş rejiminin tətbiqinə nail olarıqsa, həm xüsusi hərəkət zolaqlarının tətbiqinə nail olarıqsa, bu zaman ictimai nəqliyatda bu gün rastlaşdıgımız bir çox çətinliklər var ki, onların da birdəfəlik aradan qalxmasına nail olacağıq”.

    Təkliflər hökumətə təqdim olunub və hazırda müvafiq qurumlarla müzakirə mərhələsindədir.

  • Robert Köçəryan azadlığa buraxılıb

    Ermənistanın sabiq prezidenti Robert Köçəryan azadlığa buraxılıb və o, artıq evindədir.

    Median.Az APA-ya istinadən bildirir ki, bunu sabiq prezidentin vəkillərindən biri olan Aram Orbelyan deyib.

    “İyunun 19-da girov ödənildi və Köçəryan sərbəst buraxıldı”, – deyə vəkil vurğulayıb.

    Qeyd edək ki, Ermənistan Apelyasiya Məhkəməsi R. Köçəryanın 2 milyard dram müqabilində azadlığa buraxılması barədə qərar qəbul edib.

    Xatırladaq ki, 2018-ci il iyulun 26-da Ermənistan İstintaq Xidməti 2008-ci il martın 1-də keçirilmiş aksiyanın dağıdılması ilə əlaqədar başladılmış cinayət işi çərçivəsində R. Köçəryana qarşı konstitusiya quruluşunun pozulmasına dair ittiham irəli sürüb. Bir gün sonra keçmiş prezident həbs olunub. Bu ilin mayında R. Köçəryan Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin zaminliyi ilə azadlığa buraxılıb. Bundan sonra Ermənistanın Apelyasiya Məhkəməsi keçmiş prezident R. Köçəryanın həbsi ilə bağlı qərar qəbul edib. O həmçinin böyük məbləğdə rüşvət almaqda ittiham edilir.

  • Yanvar-may ayları ərzində Azərbaycanda ət istehsalının həcmi açıqlanıb

    2020-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz artaraq 207,5 min ton təşkil edib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, hesabat dövründə süd istehsalı 1,6 faiz artaraq 859,4 min ton, yumurta istehsalı 9,3 faiz artaraq 836,3 milyon ədəd, yun istehsalı 0,1 faiz artaraq 12,2 min ton və barama istehsalı 9,7 dəfə artaraq 18,3 ton olub.

    Ümumilikdə isə 2020-ci ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2 milyard 165,1 milyon manat təşkil edib ki, onun da 1 milyard 721,9 milyon manatı heyvandarlıq, 443,2 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

    Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,6 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,2 faiz, bitkiçilik məhsulları üzrə isə 5,3 faiz artıb.

  • ABŞ-ın Yaponiyadakı aviabazasında hərbçilər koronavirusa yoluxub

    Yaponiyanın şimalındakı Aomori prefekturasında ABŞ-a məxsus Misava aviabazasında bir neçə hərbçi koronavirusa yoluxub.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə aviabazanın “Facebook” səhifəsində bildirilib.

    Virusa yoluxan hərbçilərin sayı açıqlanmır. Yoluxma iyunun 15-də bazaya gələn hərbçilər arasında qeydə alınıb.

    Bir neçə gün əvvəl həmin aviabazada daha bir neçə pilotun yoluxduğu qeyd olunmuşdu.

  • TƏBİB-dən Gürcüstanda yoluxmanın az olması ilə bağlı AÇIQLAMA

    “Çarpayı sayı çox olsa da, hətta orta simptomlu xəstələrin müalicəsi belə ən azı iki həftə çəkir”.
     
    Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
     
    Y. Qarayeva deyib ki, hər gün 400-500 aktiv xəstənin olması ehtimalı nəzərə alınaraq addım atılır: “Bu, öncədən düşünülüb və çarpayı sayı ilə bağlı problem yoxdur”.
     
    Gürcüstanda yoluxmanın az olmasına gəlincə, TƏBİB-in şöbə müdiri qeyd edib ki, hər həftə müxtəlif ölkələrlə təcrübə mübadiləsi aparılır: “Elə qayda yoxdur ki, bir ölkədə qəbul edilsin, biz tətbiq etməyək. Burada əsas vətəndaş məsuliyyətidir. Eyni zamanda əhali sıxlığı məsələsini də nəzərə almaq lazımdır. Hər ölkənin öz təcrübəsi var”. (APA)

  • Baş infeksionistdən çağırış: “Vətəndaşlar dövlətin qərarlarına dəstək olmazsa, çətinliklər qaçılmaz olacaq”

    Ölkə ərazisində koronavirus pandemiyası ilə mübarizə çərçivəsində bir sıra qərarlar qəbul olunub. Qəbul edilən qərarlar vətəndaşlar arasında COVID-19-a yoluxma hallarının azaldılması məqsədilə həyata keçirilir. Belə ki, ötən iki həftə ərzində həftəsonları müvafiq olaraq iki günlük sərt karantin rejimi tətbiq edilib. Mütəxəssislər verilən qərar nəticəsində ölkədə yoluxma sayının azalmasını müşahidə edib.

    Median.Az Oxu.Az-a istinadən xəbər verir ki, bütün tədbirlərə baxmayaraq, vətəndaşlar arasında karantin qaydalarına riayət etməyənlərin də sayı az deyil. Təəssüf doğuran məqamlardan biri də karantin qaydalarını pozan, qoruyucu vasitələrdən istifadə etməyən tibb işçilərinin, digər səlahiyyətli şəxslərin də olmasıdır.

    Bu gün qəbul olunan qərarların tətbiq olunma zəruriliyini hər bir vətəndaş başa düşməli və dəstək olmalıdır. Ekspertlər, mütəxəssislər məhdudiyyətlərin tətbiq olunma müddətinin mövcud vəziyyətdə ən uyğun qərar olduğunu düşünürlər.

    Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev redaksiyamıza açıqlamasında bildirib:

    “Vətəndaşlar arasında artıq koronavirus infeksiyasına inanmayanların qaldığını düşünmürəm. Bəzi vətəndaşlarımız bu qərarlara subyektiv yanaşırlar. Mən onları başa düşürəm. Amma pandemiya ilə mübarizə çərçivəsində qəbul edilən qərarlar ayrı-ayrı şəxslər tərəfindən fərdi qaydada təyin edilmir. Bu qərarlar mütəxəssislərdən ibarət kollegiya tərəfindən qəbul edilir. Operativ qərargahın üzvləri mütəmadi olaraq ölkədəki vəziyyəti analiz edirlər. Onun nəticəsində də növbəti qərarlar qəbul edilir”.

    C.İsayev onu da əlavə edib ki, məhdudiyyətlərin tətbiq olunması ölkədəki mövcud vəziyyətdə adekvat qərardır:

    “Bütün dünyada, o cümlədən də Azərbaycanda yeni yoluxma hallarının artması müşahidə olunur. Hökumət maksimum çalışır ki, insanlar arasında təması minimuma endirməklə, yoluxma hallarının artmasının qarşısını alsın. Daha əvvəl havanın temperaturu artdıqca epidemiyanın yayılmasının azalacağı proqnoz olunurdu. Lakin bununla yanaşı, onu da qeyd etmişdik ki, COVID-19 respirator infeksiya olsa da, yeni virusdur. Yeni virus olması ilə bərabər, hava-damcı infeksiyası kimi onun gedişatının hansı istiqamətə olacağını təxmin etmək çətindir.

    Bununla mübarizənin yolu insanların ünsiyyətinin minimuma endirilməsi, qoruyucu vasitələrdən istifadə, karantin tədbirlərinə riayət etməkdir. Vətəndaşlar bu qaydalara maksimum əməl etməlidir ki, yoluxmalar artmasın. Əks təqdirdə, xəstəxanalar bu yükü qaldırmaqda çətinlik çəkər, reanimasiya şöbələrində, çarpayı fondunda müəyyən problemlərlə qarşılaşa bilərik. Bu günə qədər digər ölkələrlə müqayisədə Azərbaycanda səhiyyə sistemi stabil olaraq xəstələrin müalicəsinə nəzarət edə bilir. Lakin vətəndaşlar dövlətin qəbul etdiyi qərarlara dəstək olmazsa, çətinliklər də qaçılmaz ola bilər. Biz birlikdə güclü olub, çətin günləri arxada qoya bilərik”.

    Xatirladaq ki, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən iyunun 21-i saat 00:00-dan iyulun 5-I səhər saat 06:00-a qədər ciddi karantin rejiminin tətbiq olunmasına qərar verilib.

  • Azərbaycana yayın daxil olacağı vaxt açıqlandı

    Bu il yay fəsli Azərbaycana iyunun 21-i saat 01:43:42-də daxil olacaq.

    Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AZXEBER.COM-a verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirəcək (Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur).

    Həmin gün ən uzun gündüz və ən qısa gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə olacaq.